"Sədərək kəndi müharibələr illərində"

 

Hacı Tofiq Seyidzadənin "Sədərək kəndi müharibələr illərində" adlı 53-cü kitabı işıq üzü görüb. Bu kitab müəllifin on illik zəhməti bahasına başa gəlib. Kitabda müəllif qeyd edir ki, 1941-45-ci BVM-də Azərbaycandan 600 minə yaxın igid iştirak edib. Onlardan 300 min nəfəri geri qayıtmayıb. Beş il ərzində Azərbaycan döyüşçüləri Moskva, Leninqrad, Pribaltika ölkələri, Kiyev, Xarkov, İrkutsk, Uzaq Sibir, Novosibirskədək bütün döyüşlərdə rus torpağını canı, qanıyla qorumuşlar. Bəzi rusların özləri evlərindən çıxmadıqları halda azərbaycanlılar onları qəhrəmanlıqla qorumuşlar. Bütün bunlarla yanaşı Bakı Qızıl Ordunu beş il müddətinə yanacaqla təmin etdi. Lakin bütün Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıq və Bakının dəyərli xidmətləri qiymətləndirilmədi, Bakı "Qəhrəman şəhər" adına layiq görülmədi. Bunun əvəzində isə bu gün ata-babalarının canı-qanıyla qoruduğu torpaqlarda Azərbaycan övladlarının Rusiyanın torpağında belə yaşamağa imkan verilmir. Rusiyanın şəhərlərində azərbaycanlılara qarşı qanlı cinayətlər törədilir və işgəncə verilir. Budurmu xalqımızın rus xalqına etdiyi yaxşılıqlar, xidmətlər? Ata-babalarımız rus torpağını qəhrəmanlıqla qoruduqları halda bu gün onların övladları, nəvələri rus torpağında işgəncəyə məruz qalırlar...

Müəllif yazır ki, Naxçıvan MR-dən BVM-də 29 min 24 əsgər göndərilib. Bugünədək MR-də 500 nəfər müharibə iştirakçısı cərgəmizdədir. Onlardan 500-dən çox müharibə iştirakçısı keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunublar. Əgər Azərbaycan üzrə müharibədə 43 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülübsə, onlardan elə üç nəfəri - mayor Nəcəfqulu Rəfiyev, Abbas Quliyev, kapitan Qəzənfər Əkbərov naxçıvanlılardır və bir nəfər - Akim Abbasov müharibədən general rütbəsi ilə Vətənə dönüb.

Hacı Tofiq Seyidzadə 35 illik pedaqoji fəaliyyəti dövründən bugünədək BVM iştirakçılarından 462 Sədərək övladlarını Rusiyaxarici ölkə arxivlərindən araşdırıb, üzə çıxarıb. Onlardan bu günədək 462 döyüşçüdən 91 nəfər xariciRusiya torpaqlarında itkin düşmüş sədərəkli övladından heç bir xəbər olmayıb. 2008-ci ilin yanvar ayından Rusiya şəhər arxivlərindən başlayaraq 91 nəfər döyüşçü barədə, hansı hissədə döyüşüb, hansı şəhərdəki döyüşdə həlak olub və hansı qəbiristanlıqda dəfn edilməsi barədə müəllif ətraflı məlumat toplayıb.

Xatırladaq ki, kitabda BVM-də Sədərəkdən olan döyüşçülərdən 85 nəfəri Böyük Vətən müharibəsinin 1-ci, 2-ci və 3-cü dərəcəli ordeni, 73 nəfər isə müxtəlif ordenmedallarla, arxa cəbhədə çalışanların isə 173 nəfəri arxa cəbhə medalı ilə təltif olunmaları haqqında müəllif məlumat verir. Onlardan başqa döyüşçülərdən bir gündə döyüşdə iki dəfə "Qırmızı ulduz" ordeni ilə təltif olunanlar da var.

Daha sonra döyüşçülərdən Zəfər Qədimov, Cabbar Nəbiyev, Cəbrayıl Bayramov döyüşdə 2 dəfə, Rza Axundov, İsmayıl İsmayılov, Sultan Yaqubovun da aldıqları məlum olub. Stalinqradın, Leninqradın, Moskvanın, Kenizberqin, Berlinin alınmasına medalı ilə Cəfər Cəfərov, Müzəffər Əsədov, Həmo Abdullayev, Sultan Yaqubov, Mahmud İsmayılov da layiq görülüblər. Yaponiyanın azad edilməsinə görə medalı ilə Hüseyn Əliyev təltif olunub. Böyük Vətən müharibəsində göstərdikləri igidliyə görə döyüşçülərimizdən Məmməd Əhmədov, Novruz Əhmədov, Cəlil Mustafayev, Qasım Qasımov (iki dəfə), Cabbar Nəbiyev, Zeynal Əliyev, Əkbər Nəcəfov, Məmməd Kazımov, Həmo Abdullayev, Qurban Əliyev, Sultan Yaqubov, Həsən Məmmədov, Hüseyn Səlimov, Abbas Qasımov, SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif olunublar.

Müəllif daha sonra qeyd edir ki, "Qafqazın müdafiəsinə görə" medalına Şükür Şahverdiyev, İsmayıl Həsənov, Cəbrayıl Bayramov, Abbas Vəliyev layiq görülüblər. Müharibədə iştirak edən 462 nəfər sədərəkli övladının 31 nəfəri nişanlı oğlan olub, Böyük Vətən müharibəsindən dönməyən 241 nəfərdən 91 nəfər döyüşçünün övladları yetim qalıb, qayıdan 199 nəfərdən 67 nəfəri ən ağır dərəcəli əlil olub. Müharibənin 4 ili sədərəklilər üçün 4 əsrə bərabər olub. Çünki 4 il ərzində qızlarımız nişanlılarını itirmiş, bəziləri isə qəmdən-kədərdən nişanlılarının yolunu gözləyərək qarımışlar. Analar ərlərini, bacılar qardaşlarını tarlada əvəz edərək gecəli-gündüzlü taxıl əkib becərmiş, övladlarını saxlamaq üçün min bir əziyyət çəkmişlər, möhnətdən söz almış körpələrin üzü ana ürəyinə dağ vurmuşdur.

Bu gün Sədərəkdə Böyük Vətən Müharibəsində döyüşənlərin üç nəfəri, arxa cəbhədə çalışanların isə 91 nəfəri cərgəmizdədir.

Kitabda Abasqulu bəy Şadlinski haqqında xatirələr də çözələnir.

Abasqulu Şadlinskinin rəhbərlik etdiyi "Qırmızı Tabor" könüllü dəstəsində 70 nəfər sədərəkli döyüşçü iştirak edib. Abasqulu bəy Şadlinskinin dəstəsində döyüşən Bayramov Cəlil Məşədi Qədim oğlunun söylədiklərindən: "Abasqulu bəy deyirdi: "Mənim əziz əsgərlərim, mehriban döyüşçülər. Durun ayağa, əgər kim torpaq üçün, ailə üçün vuruşursa, qorxmayın, o əsgərə güllə dəyməz. Biz öz torpağımızı ermənidən təmizləyəcəyik. Bizim işimiz haqq işidir".

Bayramov Cəlil Məşədi Qədim oğlu daha sonra nəql edirdi ki, "biz çoxlu erməni əsiri tutub gətirirdik ştaba...".

Müəllif bildirir ki, "Qırmızı Tabor" dəstəsinin fəal üzvü, bu dəstədə "Qirmizi Bayraq" ordeni ilə təltif edilmiş üç nəfərdən biri, Naxçıvanın indiki Sədərək rayonunun Sədərək kəndində öz mərdliyi ilə tanınan milis starşinası Hüseynov Qasım Qulamhüseyn oğlunun dediklərindən: "Abasqulu bəy Kərbəlayı bəy ilə görüşə getməzdən əvvəl Sədərəyə gələrdi, dostu Bayram Mehralı oğlu Səfərovun evində "Qırmızı Tabor"un Sədərəkdə olan döyüşçüləri ilə görüşərdi və Kərbəlayı bəyin görüşünə tək gedəcəyini açıqlayardı.

Abasqulu bəyin "Qırmızı Tabor"unda olan azərbaycanlı döyüşçülər çox cəsarətlə, mübarizə aparmışlar (460 döyüşçü - o cümlədən, Sədərək kəndində öz mərdliyi ilə tanınan Qasım kişi, Tatoğlu Həbib, Dayı Süleyman (Abbasov Süleyman)və onlarla başqa sədərəklilər).

Onun döyüşçüsü olmuş Həsənov Zellabdın qeyd edir ki, "Abasqulu bəy böyük şəxsiyyət idi. Sədərəkliləri göz bəbəyi kimi qoruyardı. Hər kəsə öz qiymətini verərdi. Döyüşlərdə nə olurdusa döyüşçülərlə bərabər problemləri həll edərdi. O, çox siyasətcil rəhbər idi".

Bütün Azərbaycan oğulları Abasqulu bəyi hər an, hər dəqiqə göz bəbəyi kimi qoruyardı. Sədərəyə gəldikdə isə o, bu torpağı ana yurdu kimi sevirdi. Abasqulu bəy haqqında çox şeylər demək olar. O, həqiqətən böyük sərkərdə, səriştəli komandir, döyüş taktikasını gözəl bilən əsl ziyalı idi.

Sədərək kəndi 1918-ci ildə ən ağır vəziyyətdə yaşamışdır. Mütləq azadlıq görməyib.

Alim tədqiqatçıların apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Sədərək qədim yaşayış yerinin eneolittunc dövrünə (e.ə. VI-III minilliklər) aid olduğu tarixi var. Tarixə nəzər salsaq görərik ki, Sədərək çox işgəncələrə məruz qalıb, var-dövlətləri ermənilər tərəfindən talan edilib.

Müəllif göstərir ki, 1828-ci il Türkmənçay müqaviləsi bağlanandan az sonra əhalinin narazılıqları başlamışdır. Həmin ilin sentyabr-oktyabr aylarında bütün İrəvan əyalətinin kəndlərində Naxçıvanda ermənilərin bu torpaqlara köçürülməsinə qarşı etirazlar hökm sürürdü. Sədərək kənd əhalisinin də bu zaman vəziyyəti pisləşmiş, öz el-obasını tərk edib İrana qaçmağa məcbur olmuşdular.

Müəllif xatırladır ki, 1918-ci il, 1921-1923, 1930-1937, 1941-1945, 1953 və nəhayət 1988-ci illəri yada salsaq görərik ki, doğrudan da Sədərək həmişə ermənilərin təcavüzünə məruz qaldığı üçün çox acınacaqlı vəziyyətdə qalıb və mütləq rahat nəfəs ala bilməyib. 1918-ci ildə ermənilərin Naxçıvan qəzasının Yayçı və Aşağı Aza kəndlərində, Şərurda, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbul və Sədərək kəndlərində ermənilər çoxlu qırğın törətmişlər.

Naxçıvan qəzasında 22 nəfər müsəlman qadın və kişi ermənilər tərəfindən qətlə yetirilmişdir. 1918-ci ildə erməni hücumlarının nəticəsi Sədərəyə ağır zərbə vurmuşdur. Belə ki, Sədərək sakini belə ağır vəziyyətdə qonşu İrana üz tutmuş, bütün var-dövlətləri ermənilər tərəfindən talan edilmişdir.

Nəcəf Universitetinin məzunu olmuş Şeyx Rza Rzayev xatirəsində yazır: "Sədərəklilərin İrana qaçdıqları zaman mən Arazdan keçən sədərəklilərin çoxunun (kişi, qadın və uşaqların) məhv olmasını gözümlə görmüşəm. Mən özüm Arazdan keçməzdən əvvəl həyat yoldaşımla bərabər sahibsiz qalmış bələkdə olan iki körpəni (bir oğlanbir qız) götürüb İrana apardım. Onları özümə övladlığa götürdüm (Şeyx Rzanın övladı yox idi). Oğlanı Novruz, qızı isə Zöhrə adlandırdım. Novruz BVM-də həlak olub, qız isə ailə qurdu, ev-eşik, övlad sahibi oldu".

Xatırladım ki, həmin qızın törəmələrindən bu gün də Sədərəkdə yaşayanlar var.

Soyqırımdan sonra sədərəklilər çox əzab-əziyyətdən sonra özlərinə var-dövlət toplayaraq çətin həyat şəraiti yaşamışlar.

Kitabda eyni zamanda qeyd edilir ki, qədim oğuz yurdu Sədərək çox qədim və məşəqqətli bir tarixə malikdir. Ancaq daim mübariz olııb, öz igidləri ilə həmişə döyüşlərdən üzü çıxıb. Hacı Tofiq Seyidzadə apardığı tədqiqatlar nətəcəsində müəyyənləşdirib ki, Sədərəkdə 24 kənddən biri Kərki kəndi olub. Bu kəndlərin tarixi, mənbələrdə 1728-ci il göstərilir. O zaman Sədərəkdə 878 ailə olııb ki, ondan 29-u Kərki sakinləri olub. Kərki kəndi Cəfərli, Yelpin, Çanaqçı, Qədili, Asnı, Genişlik, Kalafaağıl, Palantökən, Əmioğlu, Günnüt, Çivə, Daş Xırman, Qozulca kəndləri ilə yanaşıdır. Lakin zaman-zaman bu kəndlərin çoxu yer üzündən siliniblər. Kərki isə inkişaf etdirilərək böyük kəndə çevrilib. 1990-cı ilədək Sədərəyin ayrılmaz hissəsi olan Kərkidə 1000 hektara yaxın torpaq sahəsi olub. 1990-cı ilin 22 avqust tarixində Sədərək kəndi rayona çevriləndə Kərki bu inzibati ərazinin tərkibinə verilib. 1990-cı ilə qədər Kərki və Sədərək Şərur rayonunun tərkibində olmuşdur.

Kərki 1988-ci ildən erməni təcavüzünə məruz qalanda Sədərəyin igid oğulları doğma Kərkini qəhrəmanlıqla qorudular. Ermənilər 1990-cı ilin 17 yanvarında Kərki kəndinə güclü hücuma keçdilər. Sədərəyin könüllü dəstə üzvləri Kərki kəndini 3 gün müdafiə edərək qorudular. 3 gündən sonra isə rus hərbçilərinin əli ilə alınıb ermənilərə verildi. Yəni, rus komandiri hiylə işlədib "biz Kərkini qoruyacağıq" kəlmələri ilə döyüşçülərimizi aldadaraq kəndin boşaltmasına nail oldular.

Kitabda qeyd olunur ki, "Muxtar Respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üzərinə düşmüşdür. Sədərək Naxçıvanın qeyrət qalasıdır. Sədərəklilər həm döyüşkən, həm torpaq sevən, həm də zəhmətə qatlaşan insanlardır". Heydər Əliyev.

Sədərək kəndi 1990-cı ildə ermənilər tərəfindən qəfilət hücuma məruz qalıb. Belə ki, 1990-1993-cü illərdə ermənilərin

14 hücumu zamanı Sədərək 109 şəhid versə də, düşmənə bir qarış torpaq vermədi.

"Sədərək kəndi müharibələr illərində" kitabında bildirlir ki, 1992-ci ilin 18 mayı Sədərəyin tarixində ən ağır, faciəli günlərdən biri kimi tarixdə qalacaq. Həmin gün döyüşlərdə sədərəklilər döyüşdə son güllələrinə qədər vuruşmuş, Sədərək kənd məktəbinin 10 məzunu şəhid olmuşdur. Həmin gün Şərur, Babək, Culfa və Naxçıvan şəhəri üçün 23 şəhid itkisi ilə tarixdə "yaşayir".

Sədərəklilər qəhrəmanlıq göstərərək əzəmətli Ucubiz dağı ermənilər tərəfındən alınanda sədərəklilər kənddə mitinq keçirdilər, hamını bir olmağa, torpaq uğrunda mübarizəyə çağırışlar oldu. Bu çağırışın nəticəsi o oldu ki, Ucubiz dağı sabahkı gün düşməndən geri alındı.

1992-ci ilin 18 mayında Sədərəyin "Mil" yüksəkliyi uğrunda gedən döyüşlərdə 50 nəfər döyüşçü şəhid olub, 80 igidimiz ağır yaralanıb, 500-dən çox ev dağıdılıb, 1400 adam müvəqqəti olaraq isti yurdlarını tərk edib, müvəqqəti olaraq yaxılıqdakı meşədə qurduqları çadırlara sığınmışlar. Mil yüksəkliyində gedən döyüşlərdə son güllələrinə qədər döyüşmüş və 17 əsgər igidimiz postda əsir düşmüş, verilmiş işgəncə nəticəsində həlak olmuş, 10 gün cəsədləri postda qalmışdır.

Hacı Tofiq Seyidzadə ürək açıqlığı ilə bildirir ki, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü, Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin və müxtəlif təşkilatların köməyi ilə şəhid olmuş döyüşçülərin nəşləri geri alınıb, doğma Sədərək torpağında dəfn edilibdir.

Kitabın sonunda müəllif açıqlayır: "Ürəyimizi qəmli, kədərli, gözlərimizi yaşlı, nəmli edən, bizə vətənsiz yaşamağı öyrədən müqəddəs şəhidlərimizin yoxluğuna inanmırıq. Biz azərbaycanlılar, bütün müsəlman dünyası bizə Xocalı müsibəti, Şuşa, Ağdam, Füzuli, Xankəndi, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı itkiləri kimi ağır dərdlər verən, tarix boyu torpağımıza göz dikən məkirli namərd düşmənin vəhşiliklərini, qəddarlığını unutmamalıyıq. Daxilimizdəki "sapı özümüzdən olan baltalar" xəyanətini bağışlamamalıyıq. Əgər bunları unutsaq, tarix bizi bağışlamaz. Əgər bunları unutsaq, müqəddəs şəhid ruhları bizi bağışlamaz".

İlahi, bu milləti namərd xəyanətindən, torpaq ağrısından, didərginlik taleyindən xilas et!

İnanırıq ki, bütün bu haqsızlıqlara görə düşmən öz layiqli cəzasını alacaq!

Xatırladım ki, Hacı Tofiq Seyidzadə 4 avqust 2014-cü ildə "Azərbaycan KİVİHİ sədrinin qərarı ilə Mədəniyyət və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "Ustad sənətkar" adlı media mükafatının laureatı olub. O, Beynəlxalq Uluslararası Araşdırmalar Akademiyasının "Fəxri professoru" adına layiq görülüb. 2009-cu ildə H.T.Seyidzadə "Qızıl qələm" mükafatının laureatl olub. 2011-ci ilin 17 fevralında Türk Dünyası Araşdırmaları Uluslarası Elmlər Akademiyası tərəfindən H.T.Seyidov "Fəxri Professor" adına layiq görülüb.

20 aprel 2011-ci ildə " Əsrin ziyalıları Xeyriyyə İctimai Birliyinin "İlin alimi-ilin ziyalısı" Fəxri diplomu ilə təltif olunub. 26 mart 2012-ci ildə AJNKİV-nin "Xalqın nüfuzlu ziyalısı" fəxri diplomuna layiq görülüb. Azərbaycan Respublikası "Avropa Kitab Nəşr Evi" komissiyasının qərarı ilə Hacı Tofiq Seyidzadə "Qızıl medal" ilə təltif olunub.

13 may 2013 də "Milli Dəyərlərimizin qorunması" təşkilatı tərəfindən Mətbuat günü münasibəti ilə "Fəxri jurnalist", Ağa Musa Nağıyev diplomu və "İdeal Sülhün təbliği" fondu tərəfindən "Qalib Sultan" diplomu ilə təltif olunub.

 

Ədalət.-2014.-23 oktyabr.-S.6.