Şair Hacı
İnsan Mənzərələri
"Məkanım
Qazaxdı, öz adım Hacı,
Həyatım zəhərdi,
talehim acı.
Bu ikicə misra
demək olar ki, şair Hacının mənzərəsinə
işıq salır. İşıq düşən yerdə
hər nə var açıqca görünür, işıq
düşməyən yer qaranlıq olur, rənglər,
formalar yoxa çıxır. Mən molbert arxasında oturub bu
işıqlı, nurlu kişinin portret mənzərəsini
işlədiyim zaman, politramda rənglərin özü belə
bu nurlu kişinin işığından nur aldı,
işığın üstünə işıq
düşdü, kölgənin üstünə kölgə...
Yaşı səksəni haqlamış Güllü anam portretə xeyli tamaşa edib, (baxmayaraq gözləri çox zəifləyib )oğul, bu çəkdiyin şəkil şair Hacıya oxşayır. - dedi.
- Düz tapmısan ay ciji , - deyib bir az sorğu-suala tutdum anamı". O dünyası gözlə olsun" - deyib, anam şair Haıcının kəlməkeşli taleyindən, səxavətindən, mərdliyindən, əslindən, nəslindən... Bir sözlə möhtəşəm Qaracayevlərin igid babalarından, İncə dərəsində, Qazaxda, ətraf bölgələrdə necə şan-şöhrət sahibi olmalarından söhbət açdı.
Uşaqlıq illərim gözümün önünə gəldi. Şair Hacı o zamanlar kəndə gələndə, (erkən yaşlarındn ömrünün sonunacan Ağstafa şəhərində yaşayıb) bütün camaat pişvazına gələrdi, məclislər qurulardı, erkəklər kəsilərdi. Dillərdə əfsanəyə çevrilən bu kişiyə "Şair" təxəllüsünü ellər, obalar özləri yaraşdırmışdılar. Şair Hacı mənim tanıdığım, eşitdiyim ilk şair idi. Hələ o zamanlar, yəni uşaq təfəkkürümlə şairin bir az Allah, bir az peyğəmbər olduğunu zənn edirdim. Ucaboylu, mehriban çöhrəli, sinəsi sazlı, dili avazlı bu kişinin neçə-neçə məşəqqətli, zülümlü yolların keçmələrindən necə keçməsindən isə xəbərim yox idi...
Qaracayev Hacı 1906-cı ildə Qazax mahalının Qaymaqlı kəndində imkanlı kəndli ailəsində anadan olub. Sovet işğalı zamanı kəndin imkanlı, hörmətli adamı olan atasının var-dövləyi, əkin sahələri, dəyirmanı, bağı-bağçası əlindən alınıb, qardaşları, İsrafil və Abdulla isə " Xalq düşmanı" adlandırılaraq bolşeviklər tərəfindən güllələnib. Uşaqlıq illəri firavan keçən şairin, gənclik illəri amansızlıqlarla, məşəqqətlərlə üz-üzə gəlib. Şair Hacı dini təhsil alıb. Şeirlərinin birində bildirir ki, on iki dil bilir və istifadə edir. Olduqca istedadlı olan şair, uşaq yaşlarından şeir yazıb, saz çalmağı bacarırmış.
Şərəfli, ancaq çox məşəqqətli ömür yaşamış Saza-sözə vergili bu insan onun boyuna biçilmiş bu yükü, dizinə ölçülmüş daşlı, kəsəkli yolu və Allahın əmanəti, olan saf ruhunu son nəfəsinə qədər kişi kimi yaşadıb, Allaha və dünyaya borcunu ləyaqətlə verib,1976-cı ildə doğulub boya başa çatdığı İncəli torpağına qayıtdı. Beşiyi olan Qaymaqlı kəndinin qucağında əbədiyyətə qovuşdu.
Dövrünün bütün mükəmməl söz-saz adamları ilə dost olub, sazıyla, sözüylə yaddaşlara min naxış çəkmişdir. S.Vurğun, O. Sarıvəlli, H.Arif kimi böyük ustadlarla yaxından tanış olub, onlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Beləliklə, uzun-uzadı yazmaqdansa, onun portret mənzərəsinin və qazamatda olarkən dövrünün tanınmış el şairi Borsunlu Məzahir Daşqınla necə tanış olmasını işıqlandıran mənzərələrindən sizə bir-iki etüd ciza bilsəm, bu maraqlı insanın ömür mənzərələri ilə sizi az da olsa tanış etmiş olaram.
1952-ci ildə Məzahir Daşqın Montin düşərgəsinə gətirilir. O, tanış-bilişlərlə görüşəndən sonra düşərgəni gəzməyə çıxır. Baraqlardan birinin yanından keçərkən saz səsi eşidir. O, bu səsədən diksinmiş kimi olur və yanındakılara deyir:
- Mən çoxdandır ki, saz səsinə həsrətəm, sevdiyim sazın səsini eşitməmişəm. Gedək bir az qulaq asaq, keçmiş günlərimizi yada salaq.
Daşqının düşərgəyə gəlməsi hər yana yayılmışdı. Bu adı eşidən şair Nacı demişdi:
-Tanış olub yoxlarıq, görək o haranın şairidir?
Daşqın içəri girir, hamı ilə salamlaşır, ona göstərilən yerdə oturur, uca boylu bir kişinin çaldığı saz havalarına diqqətlə qulaq asır. Ətrafdakıların saz çalana münasibətindən Daşqın yəqin edir ki, o burada xüsusi hörmətə malik adamdır.
Hacı Daşqının bu adam olduğunu verilən işarələrdən başa düşür. Lakin özünü o yerə qoymayıb, qonaqla səmimi görüşür, ona " Xoş gəlmisən "- deyib ehtiram göstərir. Qısa söhbətdən sonra Hacı telli sazı bağrına basıb söz deməyə başlayır:
Bu gün
bu məclisə bir adam gəlib,
O yurddan,
bu yurda köçəndir, nədir?
Başqa
bir nəzərlə baxır hər üzə,
Yaxşını yamandan seçəndir, nədir?
Daşqın o saat başa düşür ki, daş onun
bağçasına atılır, bu sözlər onun
ünvanına deyilir. Daşqın fürsəti əldən verməyib odur
ki, deyir:
- A
şair Hacı, məni bağışla, lap yaralı yerimə
toxundun, mənim də sinəmdə bir neçə söz
var, icazə versəydin deyərdim.
Hacı
da, ətrafındakılar da bir ağızdan dillənirlər:
-Buyurun,
buyurun, indi də söz sizindi, dinləyirik.
Daşqın
sazı sinəsinə basdı, onu nəvazişlə
oxşadı və dedi:
Mehri məhəbbətdən
yaranan gündən,
Arifi nadandan seçirəm gündə.
Yığıb
barxanamı dünya evindən,
Mənzildən-mənzilə köçürəm
gündə.
Hacı
deyir:
Siz sorun əslini,
eyləsin bəyan,
Yersiz qəribdirsə, saxlarıq mehman.
Taçırdır,
tüccardır, yoxsa bəzirgan,
Karvanı bu yoldan keçəndir, nədir?
Daşqın görür ki, qarşısındakı
şair sənətdən halı adamdır, onun
cavabını verməsə pisikəcəkdir. Odur ki, deyir:
Özüm
də təəccübəm dostlar bir işə,
Məni görən düşür bəzən təşvişə.
Cahankeş
dərvişən, etmişəm peşə,
Sirat körpüsündən keçirəm gündə.
Qarşısındakının haləti şair
Hacıya təsir edir. Buna görə də özünü təqdim
etməyi vacib bilir. Odur ki, deyir:
Şair
Hacı heyran qalıb bu hala,
Bu kəskin zəkaya, dərya kamala.
Görən
hansı dərdə olub mübtəla,
Tənəzzül şərbətin içəndir, nədir?
Daşqın
alır görək nə deyir:
Hələ
ki, tənəzzül Daşqına yoldur,
Dünənki, hökmdar bugünkü quldur.
Fələk
öyrədibdir, qədəhi doldur,
Hicran şərabından içirəm gündə.
Şair
Hacı deyir:
-Qardaş,
çox gözəl sözlər dedin. İndi
mən başqa şeir də oxumaq istəyirəm. Qoy yoldaşlar qulaq assınlar, istəsən sən
də ürəyindən keçənləri deyə bilərsən.
Şair Hacı bununla həmin adamın
Daşqın olub- olmadığını yəqin etmək istəyuirdi.
Hacı
deyir:
Ey dilavər
daldalanma indi bu meydanə gəl,
Aç mətahı, tök bazara, mərdsənsə, mərdanə
gəl.
Gəzsən
əyər məşriq ilə ta məğribin arasın,
Rast gəlməzsən mənim kimi inan kövhər kanə,
gəl.
Daşqın
deyir:
Adəm
oğlu, sataşma sən hər yetən insana, gəl,
Nahaq yerdən öz başını salma sən tufana, gəl.
Qılınc
çalıb, at oynadan bəzən olur piyada,
Məhmizləmə köhlənini, çıxarma
cövlana, gəl.
Hacı
deyir:
Tanımırsan,
Zal oğluyam, lam eylərəm qəddini,
Sənə bir toy tutaram ki, yanılarsan şəddini.
Çəkib
məşhər ayağına bildirərəm həddini,
Vəz eyləmə əfsanədən kükrəmiş
aslana, gəl.
Daşqın
deyir:
Arifsənsə
dərin düşün danışarkən hər
sözü,
Sən özünü tərif etmə, qoy bəyənsin
el gözü.
Tərəqqinin
tənəzzülü var, gecənin gündüzü,
Bel bağlama nə fələyə, nə çərxi-dövrana,
gəl.
Hacı
deyir:
Şair
Hacı Qazaxlıdır, ona tay olmaz hərə,
Danışanda həqq danışar, eşit, öyrən
bir kərə.
Istəmirəm
səni çəkən ərəsəti - məşhərə,
Dayan, indi
başlayıram təcnisi- divanə ,gəl.
Daşqın
deyir:
Mən
Borsunlu Məzahirəm, əslən Qarabağlıyam,
Vay o gündən qeyzə gələm, dərya kimi
çağlıyam.
Təbidarsan,
eşq əhlisən, istəmirəm bağlıyam,
Yaxşı olar gətirmə sən Daşqını
tuğyana, gəl.
Bu müdrik cavab şair Hacını da, ora
toplaşanları da valeh edir. Hacı əmin olur ki,
bu həqiqətən Borsunlu Məzahərdir.
Şair
Hacı deyir:
Üzü
dönmüş qara baxtın əlindən,
Dilimdə tükənməz hekayətim var.
Fələyin
əlindən almışam yara,
Həqqin dərgahına şikayətim var.
Daşqın
deyir:
Abı-atəş,
xaki-baddan dünyadə,
Yaranmış insanam, ülviyyətim var.
Fərhad
çeşməsindən içmişəm badə,
Başımda eşqindən qiyamətim var.
Hacı
deyir:
Borsunlu Məzahir
deyəndə ellər,
Ah çəkib
könüllər, qovrulur dillər.
Səni
görmək üçün çox uzun illər,
Ürəyimdə yatan bir həsrətim var.
Daşqın
deyir:
Dolandım
dünyanı mən başdan-başa,
Bir dastan bağladım hər dağa, daşa.
İndidə ölümlə gəzirəm qoşa.
Dost-düşman tanımaz qiyafətim var.
Hacı
geyir:
Daşqın
kimdir, indi gözlərim, tanı,
Ellər şairidir o, kövhərkanı.
Sənə
qurban olsun Hacının canı,
Bağışla,
Məzahir, qəbahətim var.
Daşqın
deyir:
Daşqına
əzizdir namusla vicdan,
Ona lazım deyil nə şöhrət, nə şan.
Nə qədər
eyləsə fələk imtahan,
Ölüncə qaçmaram, dəyanətim var.
Şair Hacı ilə Daşqın bir daha səmimi
görüşürlər. Onlar bir müddət
bir yerdə qalırlar və onların elə burdaca
başlayan dostluqları ömürlərinin sonunacan davam edir.
Bilmirəm,
bu xırdaca etüdlərlə el şairi, dünya deyilən
fanidə adını, sözünü, insanlığın
uca məqamına yetib, sənət aləminə "Şair
Hacı"adını möhürləmiş bu nurani,pirahi
kişinin mənzərəsini özünə oxşada
bildimmi?
Beləliklə, möhtərəm oxucular, şairin bir
müxəmməsi ilə sizlərlə vidalaşıram.
QAYMAQLIDA
Aşiq
Ədhəm,olub keçib belə canlar
Qaymaqlıda,
Molla baba, Zərgər Musa... mərd insanlar Qaymaqlıda.
Molla Nəbi
çəkib gedib çox dövranlar Qaymaqlıda,
Sudya oğlu Mustafa tək hökmüranlar Qaymaqlıda.
Babakişi
iki dəfə sibirdən qandallı qaçıb,
Sudya Əhməddən olanlar ad qazanıb, süfrə
açıb.
Sirəc
ilə Qara Həbi düşman qırıb, qanlar salıb,
Lalaşanın oğlu Yusif nərə çəksə
dağlar uçub.
Qılınc vurub, at oynadan, ox atanlar Qaymaxlıda.
Palaz Məmməd,
Yekə Mahmud var qoydu ad aldı getdi,
Bayram oğlu İsə təkcə
qılıncını çaldı getdi.
Süleyman da asdı, kəsdi, axırda qocaldı getdi,
Fani dünya neçə dəfə doldu, həm boşaldı getdi.
Eyyub oğlu Məmməd kimi pəhləvanlar qaymaxlıda.
İsrafil, Abdulla, Səməd hər üçü gələndə coşa,
Həsrətin ellər çəkərdi görüb, etməyə tamaşa.
Bir
baxanlar istəyirdi bir daha baxsın Dadaşa,
Heyif mənzil gödək oldu ömürlər tez
çatdı başa.
Köçüb gedir, gəlib qonur qəhramanlar
Qaymaxlıda.
Gülsüm
ilə Kafıya olub mahalda dünya gözəli,
Yaldaş Sənəm şallı imiş camalda dünya
gözəli.
Hanı
Zöhrə, Totan, Söylü xəyalda dünya gözəli,
Totu Sənəm,
Gülxar xanım kamalda dünya gözəli.
Pərilər çox olub, çoxdu yenə onlar
Qaymaxlıda.
İsgəndər
oğlu Əhmədin axtarsan var yüz dastanı,
Qaraçı oğlu Loymənin olub şairlik
nişanı.
Aşıq
Əhməd kimi usta, söz deyib, saz çalan hanı,
Tahirin adı, şöhrəti gəzib, dolanır
dünyanı.
Hacıdan qabaq çox olub söz qoşanlar
Qaymaxlıda.
Şair, Aşıq Əhməd Ərəbovun
müraciətinə cavab olaraq yazılıb. Təxminən
1963-cü il yanvar ayı.
Ədalət.-2014.-25 oktyabr.-S.10.