LƏYAQƏT SİMFONİYASI
(Sadıq
Murtuzayevin "İnsan amili: həyat və zaman" kitabı
("Apastroff"çap evi, Bakı -2014) ilə bağlı
düşüncələrim)
"Əzizim
Ramizə!
Yarım əsrdən
çox bir zaman kəsiyində (!-R.M) sədaqətinə,
böyük səmimiyyətinə güvəndiyim Ramizə ərmağan
edirəm".
Sadıq Murtuzayev
30.07.2014
"İnsan amili: həyat və zaman" kitabını Sadıq müəllim bu yay Goradildəki bağ evinin dəniz havalı, səpsərin kölgəli, sözün əsl mənasında cənnət bir guşəsində bağışladı mənə.
Kitabın üz qabığındakı dağ çayının gümüşü sularının üstünə süzülən şəfəqlərə heyranlıqla baxdım, xəyallar məni uzaq-yaxın Qafqaz dağlarının əzəmətli oylaqlarına apardı desəm, inanın. Həmən o çaylaq daşlarının həndəvərində çox balaca görünən damları ağ, qırmızı evlərə baxıb köks ötürdüm, bu bürkülü yay günündə orada olan adamlara paxıllığım tutdu...
Kitabın poliqrafiq tərtibinə söz yox.
Kitabın redaktoru-fəlsəfə professoru Rafiq Əliyevin rəyi, şair Vahid Əzizin, bioqrafiq romanlar müəllifi Məmməd Əfşanın kitabla bağlı təəssüratları da bu kitaba daxil edilmişdir.
Səhv etmirəmsə, bu ilin avqust ayının axırlarında Sadıq müəllimlə telefonlaşdıq, onun ilk sözü: Hə, Ramiz, kitabı oxudunmu? - oldu.
- Yox, Sadıq müəllim, - dedim, - tələsmədən, yavaş-yavaş oxuyuram, adam təbiətin bir mənzərəsindən - bahar yağışlarından sonra göyqurşağından, payız meşələrinin əsrarəngiz rənglərindən doya bilmədiyi kimi mən də bu kitabın sehirli-sirli dalğalarına qərq olmuşam, heç istəmirəm ki, tez oxuyub qurtarım...
Həvəslə, həyəcanla (həm də əlimdə qələm, diqqətlə) oxuyub başa çıxdığım bu sanballı kitab barədə nəsə yazmaq həvəsi bürüdü məni. Əslində indiki vaxtda, kitab nəşrinin bolluğunda vacib, gərəkli kitablar haqqında geniş, təhlili yazılara az rast gəlirəm.
Dünya dəyişib, zövqlər qütbləşib, münasibətlərdə səmimiyyət qəhətə çıxıb, tapşırıqlı, sifarişli yazılara üstünlük verildiyindən bir sıra istedadlı müəlliflərin, nikbin, ümidli əhval-ruhiyyəsi əriyib, yoxa çıxıb, elə bil..
Bununla belə, Sadıq müəllimin bu maraqlı (vacib, gərəkli!) kitabı barədə fikir söyləmək məsuliyyətini boynuma götürmək istəyi məni yazı masası arxasında əyləşdirə bildi.
Mən niyə bayaqdan bəri bu kitab barədə az qala tərifnamə deyirəm, nədədir bu kitabın dəyəri, hörmətli müəllif bu kitabı zəhmət çəkib yazıb nəşr etdirməklə bizlərə nə demək istəyib, məqsədi nədir, kitabın elmi-fəlsəfi-həyati qiymətini hansı meyarlarla təyin etmək olar, görəsən...
Mən bəri başdan cəsarətlə deyə bilərəm ki, bu kitab insan ləyaqətinin cilvəli simfoniyasıdır, müxtəlif vaxt, zaman müstəvisində şəxsiyyətlərin, ümumiyyətlə bəşər övladlarının gözəgörünməz mənəvi varlığının geniş, sərhəddi bilinməz çalarlarından bəhs edən real həyat fəlsəfəsidir. Bir sözlə, Sadıq müəllim hafizəsinin etibarığına, dəqiqliyinə, insani münasibətlərinin ədalətliyinə, mükəmməl elmi, dini-əxlaqi, ictimai-siyasi biliyinə, fərdi intellektinə, üfüqlərə sığmaz dünyagörüşünə və ən əsası qərəzsiz, aydın, səmimi duyğularına istinad edərək insan amili kimi çətin, mürəkkəb bir fəlsəfi araşdırmanın öhdəsindən yaradıcı bir hünərlə gəlməyi bacarmışdır. Bəşər övladının gizli-sehirli mənəvi dünyasının fırtınalı, dalğalı (bəzi hallarda tutqun, qaranlıq), kədərli, sevincli görünən çalarlarını ustalıqla açan müəllif yeri gəldikcə Məhəmməd Peyğəmbərdən, "Qurani-Kərim"dən, tarixi şəxsiyyətlərdən, adlı-sanlı hökmdarlardan, klassik və müasir elm və sənət xadimlərindən, xalq ədəbiyyatından, lap elə yaxından-uzaqdan tanıdığı insanlardan misallar gətirməklə, bu və ya digər problemlər barədə özünün şəxsi dəsti-xəttini, qənaətini möhkəmləndirməyə nail ola bilmişdir.
Mən də bu fədakar müəllifin yeni (Sadiq müəllifin xeyli sayda kitab müəllifi olduğunu bilirik) kitabı haqqında müəyyən şərti bölgülər əsasında fikir söyləmək qənaətinə gəldim:
Həzrəti Məhəmmədin mübarək şəxsiyyətinin və Qurani-Kərimin işığında.
Kitabdan sitat:
"...Tanrının "insan" adlı möcüzəsinin dərinliyinə heç bir böyük filosof, psixoloq, yazıçı və ictimai-siyasi xadim vara bilməmişlər.
Elə bu
yerdə dahi filosof Fridrix Nitsşedən bir deyim:
"Ah!
Yerlərlə göylər arasında elə şeylər var
ki, onları ancaq şairlər duya bilmişlər..."
Yenə
ulu Peyğəmbərimizin möhtəşəm və ali şəxsiyyətinin üfüqlərinə
doğru qanadlanaq.
Peyğəmbərimiz
buyurmuşdur:
"Mən
ancaq gözəl əxlaqi ikmal (tamamlamaq, bitirmək mənasında-R.M)
etmək üçün göndərildim..."
İlahi
Yaradan bənzərsiz Peyğəmbərimizə cismani və
hatili gözəlliklərin harmonik, bölünməz, silinməz,
mükəmməl, tam vəhdətini bəxş etdiyindəndir
ki, neçə-neçə yüzilliklərdir bizlər bu
ülvi möcüzənin səcdəsindəyik və bu bəxtiyarlıqdan
doya bilmirik...
Hörmətli
müəllif türk dünyasının ilahiyyatçı
alimlərindən üzü bəri xalq şairimiz Zəlimxan
Yaqubadək müdriklərin istəkli Peyğəmbərimizin
əxlaqi varlığının tərənnümü ilə
bağlı yazdıqlarına müraciət edərək bir
daha göstərir ki, bu uca şəxsiyyət qüdrət, cəsarət,
həqiqət, şəriət, təriqət rəmzidir,
kamil bir reallığın təcəssümüdür.
Deməli,
hörmətli Sadıq müəllm Məhəmməd
Peyğəmbərimizin həyəcanlı və
işıqlı həyatını, onun müqəddəs kəlamlarını,
hədislərini oxuyub, öyrənib, bilir və insan amilindən
bəhs edəndə bildiyindən misallar çəkir,
şüurumuza nur çiləyir.
Sadıq
müəllim müsəlman dünyasının ali kitabını-kitablar kitabı "Qurani-Kərim"i
az qala din xadimi tək bilir, bu göylərdən enmiş Allah
kitabının hikmətlərindən yeri gəldikcə misal
çəkir. Sabahkı günlərinə inam
hissilə yaşayan, ən dar ayaqla belə ümidini itirməyən,
ən ağır anlarda qollarını göylərə
qaldırıb imdad diləyən insana təsəlli
üçün "Qurani-Kərim"in "Bəqərə"
surəsindəki aşağıdakı ayədən
güclü bir söz, fikir tapmaq mümkündürmü
görəsən? (çətin!)
"Allah insanların dostudur, onları qaranlıqdan
aydınlığa çıxarır".
Əgər
mən Peyğəmbərimizə və müqəddəs
kitabımıza istinadən müəllifin bu kitabda çəkdiyi
misallardan geniş bəhs edəsi olsaydım, onda az qala əlavə bir kitabça bağlamaq
olardı.
Beləliklə, hörmətli müəllifin ulu
Peyğəmbərimizin müdrik kəlam və hədislərindən,
"Qurani-Kərim"in ecazkar hikmətlərindən istifadə
edib qələmə aldığı qiymətli sətirlər
qaranlıq gecədə Göy qübbəsini şəfəqlərə
qərq edən ulduz səltənətinə bənzəyir
desəm, daha doğru olar.
Dostlar,
tarixi şəxsiyyətlər, insan ensklopediyası
Kitabdan
sitat:
-
"Allah səninlə düşmən olanları da sənə
dost edə bilər".
"Qurani-Kərim"in
müntəhimə surəsindən)
- Dost
anlayışı ikinci "mən" deməkdir.
(Sadıq
Murtuzayev)
O da məlumdur
ki, planetimizin dahi övladları dostluq, ünsiyyət, nifrət,
düşmənçilik, və s. bu kimi anlayışlar barədə
çox müdrik kəlamlar demiş və insanları
ünsiyyətə, dostluğa, birliyə səsləmişlər.
Mənə elə gəlir ki, dostluğu istedadlı
adamlar bacara bilər. Və mən şəxsən dostluğa
inananların sırasındayam.
Sadıq müəllim ömrünü, həyatını
dostsuz təsəvvür edən kişilərdən deyil.
Onun məşhur Azərbaycan şairi cənnətlik
Əliağa Kürçaylı ilə dostluğuna,
qardaşlığına dair çox maraqlı dastan yazıb
yaratmaq olar.
Şəxsən
mənim də yaxından-uzaqdan tanıdığım
yazıçı Gəray Fəzlinin, raykom katibləri
işləmiş Nağı Axundovun, Rəşid Mahmudovun,
akademik Mirabbas Aslanovun və digər şəxslərin
işıqlı xatirələri kitabda yad edilir.
Uzun illər respublikanın hüquq-mühafizə
orqanlarında rəhbər vəzifələrdə
alnıaçıq, üzüağ işləmiş Hacı
Mir Abdulla İbrahimov barədə Sadıq müəllimin
yazdıqları səmimidir, inandırıcıdır. Və müəllifin bu
kişidən söhbət salarkən dediyi "nadir insani
keyfiyyətlərilə qürur duyduğum" sözləri
nə gözəl, nə ali
ehtiramdır...
Sadıq
müəllim az qala yarım əsr müddətində rəhbər
vəzifələrdə çalışıb, ərazisinə,
əhalisinin sayına, iqtisadi potensialına, kadr ehtiyatına və
digər üstün cəhətlərinə görə fərqlənən
dörd rayonda-Zaqatala, Abşeron, Şəki və Ağdamda
rayon partiya komitələrinin birinci katibi vəzifəsində
ləyaqətlə işləməyi, özünün
yaradıcı imkanlarını reallaşdırmağı
bacarıb, əhalinin qüvvəsini qarşıda duran təsərrüfat
məsələlərinin həllinə, ideoloji işlərin,
mədəni quruculuq sahələrinin inkişafına səfərbər
edə bilib, təşəbbüskar, yenilikçi, tələbkar
rəhbər işçi kimi nüfuz qazanıb. Bütün bu dediklərim danlmaz faktdır,
reallıqdır.
Və təbiidir ki, rəhbər vəzifələrdə
çalışanların ətrafı adətən həmişə
tünlük olar.
Rəsmi
tədbirlər öz yerində, xudmani məclislərə,
istirahət yerlərinə, qonaqlıqlara, ad günlərinə
və s. və i. a. dəvətlərin sayı-hesabı bilinməz.
Telefonlar
gecə-gündüz barbar bağırar...
Mən də
belə zəngləri çox eşitmişəm,
qonaqlıqlara dəvətləri çox görmüşəm...
Şükür
Allaha ki, indi belə bir "təhlükədən"
uzağam, pensiyaçı adamla ünsiyyət saxlayan, zəngləşən,
hal-əhval tutan rəhmətlik Molla Cuma demişkən, ya bir
olar, ya iki...
Belə təmannalı,
məqsədli münasibətlər məni heç təəccübləndirmir,
qəti narahat etmir, heç vecimə də deyil, olub-qalan
dostlar var olsun!
Kiçik
bir haşiyə:
Mərkəzi partiya aparatında
çalışdığım vaxtlar idi. Günlərin bir
günündə iş otağımın telefonuna
rayonların birindən zəng gəldi, tanış
səs deyildi.
- Kimsiniz?
- deyə soruşdum. Məlum
oldu ki, zəng edən filan rayonun xalq nəzarəti komitəsinin
sədri filankəs filankəsovdur.
Salam-əleykümdən
sonra ona dedim ki, buyurun nə sözünüz var, eşidirəm.
O isə
qayıtdı ki, əşi bu gecə sizi yuxuda
görmüşəm, narahat oldum, zəng etdim ki,
görüm nə var, nə yox...
Dedim ki,
narahat olmayın, hər şey qaydasındadır və s.
Maraq üçün həmin rayonda idarə müdiri işləyən
ailəvi dostuma zəng çaldım, yuxu məsələsini
ona danışdım.
Dostum dedi
ki, ay Ramiz müəllim, buralarda söhbət gəzir ki, siz
bizim rayona birinci katib gəlirsiniz, ona görə də filankəsin
yuxusuna girmisiniz...
Hər ikimiz qəh-qəh çəkib doyunca
güldük.
İndi şükürlər olsun ki, heç kəsin yuxusuna
girmirəm, ta heç kəs məni yuxuda görmür...
Sadıq
müəllimi yəqin ki, yuxuda görənlər çox
olub, onunla dostluğa, ünsiyyətə can atanlar karvan-karvan
ötüb keçiblər...
O
karvanlardan kimlər qala bilibsə, salam
olsun o kəslərə...
Kitabda elə belə, nəzəri fikir söyləmək,
sitatlar gətirməklə kifayətlənmir Sadıq müəllim. Faktlar, hadisələr
müəllifin yaddaş xəzinəsində hazırdır və
filan məsələ ilə "bağlı xatirələrim
yadıma düşdü" - deyib olmuş əhvalatlardan elə
danışır ki, oxuduqca oxuyursan...
Sonda belə
bir qənaətə gəlmək olar ki, Sadıq müəllimin
ən böyük qazancı, kapitalı onun dostlarıdır!
Bir
çağırış SSRİ Ali Sovetinə, dəfələrlə
Azərbaycan parlamentinə deputat seçilmiş, rəhbər
partiya işçisi kimi, necə deyərlər, həmişə
üzdə olmuş Sadıq müəllimin ölkə rəhbərləri
ilə, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət
cəngavərləri ilə ünsiyyəti təbii ki,
çox olub. Sadıq müəllim yeri gələndə
belə şəxsiyyətlər barədə obyektiv, qərəzsiz,
ədalətli fikir söyləmək cəsarətini də
bu kitabda gizlətməmişdir.
Sovetlər
dövründə Kreml rəhbərləri ilə
döyüşən, respublikanın, millətinin mənafeyini
qorumaq naminə " SSPİ-yə istənilən axmaq rəhbərlik
edə bilər" - deyən Nikita Xruşşov kimi
boşboğazlarla "kəllə-kəlləyə" gəlmiş
Azərbaycan rəhbərlərinin - akademik İmam Mustafayevin
və akademik Vəli Axundovun işıqlı obrazları bu
kitabda hörmətlə yad edilmişdir.
Kifayət qədər ziddiyyətli şəxsiyyət və
sərt rəhbər olmuş Mir Cəfər Bağırovun həyat
səhifələrindən bəzi epizodlar da bu kitabda yerini
tapa bilmişdir.
Ümumilli
liderimiz unudulmaz Heydər Əliyevin rəhbərliyi altında
çalışmış Sadıq Murtuzayev yazır:
"Heydər Əliyevin qüdrətli rəhbər fenomeni
kimi nüfuz qazanmasında ilk növbədə onun
özünəinam (!) hissinin son dərəcədə
yüksək olması ilə bağlıdır.
Heydər Əlirza oğlu Əliyev haqqında yazılan
saysız-hesabsız kitablar, ucaldılan abidələr, həyat
və fəaliyyətinə həsr olunmuş muzeylər, mərkəzlər,
parklar onun qeyri-adiliyinə dəlalət edir.
Onun qüdrətli şəxsiyyət və siyasi xadim
olması tarixi həqiqətdir. Azərbaycan
Respublikasının şöhrətlənməsində bu
insanın fövqəladə qüdrətinin böyük rol
oynadığına şübhə etmək
qeyri-mümkündür". Ümumxalq məhəbbəti
qazanmış böyük rəhbərimiz haqqında
prinsipial və aydın mövqe bildirmiş Sadiq müəllimin
belə sərrast və real fikrinə, tarixi həqiqətinə
söz ola bilməz.
Kitabda Sovet ittifaqı dövründə neft-qaz sənayesinin
məşhur təşkilatçı rəhbərlərindən-SSRİ-i
naziri olmuş Sabit Bağırovun, Sosialist Əməyi Qəhrəmanı
akademik Fərman Salmanovun adları hörmətlə çəkilir,
xatirələri yad edilir.
Bununla yanaşı, keçən əsrin 80-90-cı illərində
Azərbaycana bir müddət rəhbərlik etmiş
ayrı-ayrı şəxslərin, o cümlədən
Ə.Vəzirovun, A.Mütəllibovun qətiyyətsizliyi, səriştəsizliyi
kitabda qeyd olunur.
Rayonlarda işlədiyi illərdə həmişə
qonaq-qarası olmuş Sadıq müəllimin
yaddaqalmış xatirələri bu kitabın IV bölməsində
"Müdrik və baməzə şəxslərlə
bağlı maraqlı əhvalatlar" başlığı
altında verilmişdir.
Bir vaxtlar
Qarabağda Məşədi Abbas Rzayevi tanımayan adam tapılmazdı. Mən də
o kişini görmüşdüm, Ağdam şəhərində
küçələrimiz qonşuydu.
Onun haqqında xeyli baməzə söhbətlər gəzərdi,
xatirələr danışılardı. Sadıq
müəlim də Məşədi Abbasla bağlı
olmuş əhvalatları bir daha bu kitabda yada salır.
Kiçik
bir haşiyə:
Məşədi Abbas Rzayev Sovet dövrünün inqilabçılar
nəslinə mənsub olan şəxslərdən biri
olmuşdu, Mir Cəfər Bağırovla sıx əlaqəsi,
yaxından dostluğu, tanışlığı vardı. Onu
ölümdən qurtarmışdı. Sonralar iş elə
gətirir ki, Məşədi Abbas Şimali Qafqazda kimsəsiz
bir qadına təcavüz etdiyinə görə yaramaz bir nəfəri
baltalayıb qətlə yetirir, ona 10 il
iş kəsirlər. Bu hadisədən xəbər
tutan Mir Cəfər Bağırov dustaq həyatı
yaşayan (cəmi 6 ay) Məşədi Abbasa
tapşırıq verir və bu tapşırığı məsuliyyətlə
icra edən Məşədi Abbas bəraət qazanır.
Mir Cəfər
Bağırovun göstərişi ilə onu kommunist
partiyası şuralarına bərpa edirlər, sonra Şuşa Dairə İcraiyyə Komitəsinin
sədri vəzifəsinə göndərirlər.
1943-cü ildə Məşədi Abbas Rzayev Ağdam
Şəhər Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə
seçilir.
O, Ağdam camaatının böyük hörmətini
qazanmış, nüfuz sahibi olmuşdu.
Ağdam Dövlət Dram Teatrının ilk binası,
Şahbulaq daş karxanası, istirahət parkları, su kəmərləri,
bir sıra mədəni-məişət obyektləri onun
adı ilə bağlıdır. 1954-cü ildə 76 yaşında vəfat
etmiş Məşədi Abbasın əbədiləşdirilmiş,
Ağdamın mərkəzi küçələrdən birinə
onun adı verilmişdi...
Respublikamızın
məşhur sənət adamlarından Nəsibə xanım
Zeynalova, Lütfəli Abdullayev, şair və nasirlərdən
Bəxtiyar Vahabzadə, Osman Sarıvəlli, Süleyman
Rüstəm, Əbülhəsənlə bağlı
maraqlı əhvalatlar kitabda əksini tapmışdır. Rəşid
Behbudovun, Bülbülün, Niyazinin, Mustafa bəy
Topçubaşovun bizlərə məlum olmayan vərdişini,
xaraketrini, fərdi xüsusiyyətlərini bu kitabdan öyrənmək
mümkündür.
Kitabda "Rəhbər şəxsin əməl etməli
olduğu 104 vacib şərt" başlığı ilə
qələmə alınmış tövsiyələr uzun illərin,
çoxsahəli təcübənin, həyat həqiqətlərinin
diktəsidir, desək, çox düz olar.
Bir
neçə misal:
- "Rəhbər üçün ən vacib şərtlərdən
biri onun paklığıdır.
Əgər
əlin çirkaba bulaşıbsa, heç vaxt xalqın
gözündə ucala bilməzsən";
-
"Müdrik rəhbər qüvvələri parçalamaq
yox, birləşdirmək yolunu seçməlidir";
-
"Ağıllı rəhbər startı müəyyən
edə bildiyi halda, finalı da dəqiq görməyi
bacarmalıdır" və s. və i.a.
Sadıq müəllim bu oxunaqlı kitabında
insanlıq tarixində ad qoymuş, neçə-neçə əzəmətli
şəxsiyyətin həyatından, kəlamlarından
misallar çəkərək oxucunun biliklərini zənginləşdirməyi
unutmur.
İsa
Peyğəmbər, dahi Nizami, Çingiz xan, Əmir Teymur,
Konfutsi, Mark Troyan, Napoleon, Şeyx Şamil, Tomas Cefferson, Lev
Tolstoy, Anton Çexov, Məmməd Səid Ordubadi kimi məşhurlardan
tutarlı faktlar, ibrət götürüləsi əhvalatlar,
deyimlər bizləri düşüncələr dəryasının
qoynuna atır...
Bu xatırlamalar bir daha ona dəlalət edir ki, Sadıq
Murtuzayev ciddi mütaliəçidir, bilikli adamdır və
üstəlik maqnit yaddaşa sahib bir şəxsiyyətdir.
Və bu
yerdə ingilis filosofu Frensis Bekonun məşhur bir fikri
yadıma düşdü: "Bilənlər
güclüdür." Bir misal da Latın müdriklərindən:
"Doseno Discimuz" (öyrədəndə öyrənirəm)".
Kitabda dostluğa, təmiz, saf insani münasibətlərə
dönə-dönə qayıdan Sadıq müəllimin
özü dostluqda sədaqətlidir.
Qüdrətli
şairimiz Rəsul Rzanın sərrast dediyi
"Mən insanam, ünsiyyətsiz ölərəm"
misrası bəlkə də bu maraqlı şəxsiyyətin
həyat devizidir.
Onu
yaşadan, ömrünü uzadan, minbir çalarlı, mənalı
həyatının üfüqlərini görünməz edən
insanlarla daima təmasda olması, ətrafında həmişə
dostların, doğmaların səsini eşitməsindədir,
məncə...
Burasını
da heyranlıqla qeyd etməyi vacib bilirəm ki, dörd rayonda rəhbər
vəzifədə çalışmış bu möhkəm
kişinin həyatında Ağdamda işlədiyi illər
görünür ki, daha cəlbedici, daha yaradıcı, daha
ünsiyyətli və daha səmərəli
olduğundandır ki, elə indinin özündə də
Ağdam camaatı ilə sız əlaqədədir,
ağdamlıların toyundan, yasından qalmaz.
Məşhur
fermer Əli Abbasov, Əməkdar Müəllim Səlim
Əzimov, Əməkdar Jurnalist Bəbir Hüseynov, Hacı
İslam Əliyev, Əməkdar Mədəniyyət
işçisi Rafiq Rüstəmov... Sadıq
müəllimin ətrafındadırlar.
KİTABIN
BAŞ QƏHRƏMANI
Kitabdan
sitat:
"Bütün ömrünüz boyu məramınız
insanları nadanlıqdan kamilliyə, cahillikdən aqilliyə,
yalandan həqiqətə, namərdlikdən mərdliyə, xəbislikdən
saflığa, təkəbbürdən təvazökarlığa
istiqamətləndirmək olub." (müəllifi Məmməd
Əfşan-yazıçı-publisist)
Məmməd Əfşan haqlıdır.
Sadıq
müəllim kitabında bizlərə (bəlkə də
hamıya yox) bəlli olan "kişilik", "sədaqət",
"səbr", "ümid", "xəyanət",
"yaltaqlıq", "yalan", "qorxu",
"haram", "yerlibazlıq", "qəzəb",
"tamah", "xəsislik" və s. bu kimi
anlayışlara aydınlıq gətirir və fikrini faktlarla
təsdiqləyir.
Əgər
qələm götürüb Sadıq Murtuzayevin həyat və
yaradıcılığı (məhz yaradıb-qurmaq
sevdası) barədə kitab yazan olsa (eşidirsənmi, Məmməd
Əfşan?), SSRİ Ali Sovetinin deputatı olmuş, dəfələrlə
Azərbaycan parlamentinə seçilmiş, uzun illər rayon
partiya komitələrinin I katibi işləmiş,
saysız-hesabsız iclaslarda, qurultay və konfranslarda, müxtəlif
yığıncaqlarda və s. tədbirlərdə fəal
iştirak etmiş, həmişə camaatla sıx ünsiyyətdə
olmuş bu şəxsiyyət haqqında neçə-neçə
kitab bağlamaq olar.
Sadıq Murtuzayevin hələ 36 yaşında-
1963-cü ildə Abşeron Rayon Partiya Komitəsinin I katibi vəzifəsinə
seçilib işə başlayaraq Bakı və Sumqayıt
sakinlərini kənd təsərrüfatı məhsulları
ilə təmin edilməsində gərgin fəaliyyəti
özü bir kitab mövzusudur.
Şəkidə intensiv heyvandarlıq komplekslərinin
yaradılması, bağçılığın yenidən
qurulması və inkişafı, taxıl sahələrini
genişləndirilməsi Sadıq müəllimin adı ilə
bağlıdır. O da yadımdadır ki, Şəki-Qax magistral yolunun hər
iki tərəfindəki yaşıl örpəkli alma bağları hər il payız gələndə
cənnətə dönərdi, budaqlarda ulduz-ulduz yanan almalar
yoldan ötənə gəl-gəl deyərdi.
Kitabdan
sitat:
"2200 hektaradək sahədə (Daşüz adlanan ərazidəki
çöllükdə) bütün respublikanın valeh edən
bağçılıq təsərrüfatı
yaradıldı.
Hətta unudulmaz Heydər Əliyev Şəkidə olarkən
şəxsən özü burada ağac əkmiş, təsərrüfat
barədə gözəl sözlər söyləmişdi.
Sonralar...
dağıdıcı qüvvələr Azərbaycanda yeganə
və tayı-bərabəri olmayan bu nadir təsərrüfatı
da məhv etdilər..."
Sadıq müəllimin Ağdam həyatı da yaddaqalan
yaradıcı təşəbbüslərlə əlamətdardır,
yüksəlişə, tərəqqiyə xidmət edən
hadisələrlə zəngindir.
Ergi
düzünün kəşf olunması Abdal-Gülablı
yaylağının tikintisi, Şahbulaq seyrangahı, tarixin
muzeylərin yaradılması, kəhrizlərin bərpası,
iqtisadi-mədəni tədbirlərin intişar
tapması Ağdamın əzəmətini daha da
artırmışdı.
"İnsan amili: həyat və zaman"
kitabının dili sadə və oxunaqlıdır. Oxuyanda
yorulmursan, bir tilişkənli sözə, ağır ifadəyə,
mücərrəd, dolaşıq cümləyə rast gəlmək
qeyri-mümkündür. Orası da məlumdur
ki, Sadıq müəllim filoloqdur, fəlsəfə doktorudur.
Bununla belə, kitabın şirin dili müəllifin Azərbaycan
dilinin qrammatik qayda-qanununu, orfoqrafiya lüğətini mükəmməl
bilməsindən irəli gəlmir, məncə.
Bu su təki axıb gedən doğma dil müəllifin
obrazlı təfəkkürünün, ədəbi-bədii
düşüncə tərzinin, hər sözə, hər kəlməyə
məsuliyyətlə, (qənaətlə!), hörmətlə
yanaşma hissinin bəhrəsidir, şübhəsiz.
Bəs
haqqında söhbət açdığım bu kitabın
baş qəhrəmanı kim ola, görəsən.
Məncə,
bu kitabın fəlsəfəsi müəllifin həyat yolu ilə,
qayə və məramı ilə üzvi şəkildə
bağlıdır, kitabın baş qəhrəmanı müəllifin
özüdür:
Sadıq Nəbi
oğlu Murtuzayevdir.
Ədalət.-2014.-25 oktyabr.-S.8-9.