AXIRINCIDAN ƏVVƏLKİ AŞIRIM
Ruhun şad olsun, Fərman Kərimzadə!
BAXIŞ
BUCAĞI
Yenə
köhnə havaları üstümə kökləmişəmg
yenə sizi köhnə günlərimə
çəkib aparacamg yenə öz nostalji
duyğularımla, düşüncələrimlə kövrəldəcəm
sizləri. Əgər gücüm çatsa hətta sıramızdakı ən
kövrək qəlbliləri ağladacam,
əgər bacarsam...
Əgər bacarsam, o günləri çəkib gətirəcəm sizin ayağınıza... əgər bacarsam, o anları yaşadacam sizlərə də... əgər bacarsam, özüm də əriyib qarışacam o anlara, özüm də ölüb-itəcəm ki, bu nostalji duyğulardan, bu nostalji yaşamlardan sizləri xilas edim, əgər bacarsam...
Hə, bizim yaşıdların ən çox oxuduğu əsərlərdən biri də "Qarlı aşırım" olub. Sonra onun filminə də baxmışıq - "Axırıncı aşırım"ı deyirəm. Hətta bu filmdə yer alan nəhəng aktyorların bu gözəl əsərə verdiyi həyat həmin obrazların bir çox sözlərini, fikirlərini dilimizin əzbəri edib. Yeri gələndə bir-birimizə demişik ki, "topun yox, tüfəngin yox". Və yaxud söyləmişik ki, "götür möhürü, iştampiri, keç bizim tərəfə", "Abasqulu bəyin nazıyla çox oynayırsan aa, Kərbəlayi" və sair, ilaxır...
Bəli, həmin o, yaddaşıma ilişib qalan və gözümün qabağında olan kadrları bir-bir dəyişdikcə mənə elə gəlir ki, mən özüm də bir-bir üzü geriyə günbəgün qayıdıram. Qayıdıram ki, əvvəldən başlayım. O yerdən başlayım ki, orda hər şey tamam fərqli idi. Lap birbaşa desəm, orda hər şey göz yaşı kimi dupduru, bulaq suyu kimi şəffaf, şəlalə səsi kimi şaqraq idi. Və orda hər kəs öz nəğməsini oxuyur, öz mahnısını oynayırdı. Daha indiki toylarımız kimi bir havaya bütün şadlıq evi oynamırdı. Həyat gülüylə, çiçəyiylə, barıyla, bəhəriylə, sevinciylə, kədəriylə o qədər rəngarəng, o qədər sarmaşıq kimi bir-birinə sarılmış vəziyyətdə idi ki, yaşamağa vaxt çatmırdı, sevinməyə vaxt çatmırdı, əylənməyə vaxt çatmırdı. Belə idi orda həyat . Amma indi onun əksidi. İndi bizim ən çox varımız, ən çox varidatımız, ən böyük xəzinəmiz ölü vaxt, heç nəyə sərf edə bilmədiyimiz, eləcə gözgörəsi öldürdüyümüz vaxt!.. Mən hərdən özümü bu məqamda, bu yerdə vaxt qatili də sayıram. Bu da səbəbsiz deyil. Belə ki, elə duruma gəlib çatmışam ki, bir növü əlimiz boş qalıb. Qulpundan yapışmağa elə bir iş yoxdu ki, özünü ona həsr edəsən... ağac dibi belləyəsən, gül becərəsən... divar hörəsən,... çəpər çəkəsən, daha nələr, nələr. Yəni torpaq xışmalayasan... dağ çaylarına bənd atasan... bulaqların suyunu ovuclayasan. Və dizini bulağın başından qaldıranda bir ürək dolusu "oxqay!" deyəsən...
Bütün bunlar yenə nostaljidi. Və bütün bunlar yenə keçmişin, uşaqlığımın bir səhifəsidi. Və mən bu səhifələrin hər birində özümü görməyə artıq adət etmişəm. Sağa-sola çevrildikcə hiss edirəm ki, özüm də çevrilirəm. Təbii ki, ruha. Bəlkə də elə artıq çevrildiyim ruhdu sizinlə danışan, sizin görüşünüzə gələn. Nə bilmək olar. Amma bir onu bilirəm ki, insan özünü kökləyəndə, özünü həsr edəndə istədiyi varlığa çevrilmək daxilən mümkündü. Kimisi qurd olmaq istəyir, kimisi ilan, kimisi canavar, kimisi də mələk. Bütün bu istəklər də ən çox nəfsdən qaynaqlanır... ən çox xislətdən qidalanır. Yəqin siz də ətrafınızda canavar da görürsünüz, ilan da, qurd da, mələk də. Görmürsünüzsə, gözlərinizi açıb yaxşı baxın. Qarşınızda əyləşənə də baxın, sağınızda, solunuza dolaşana da. Onda bu maskalı, bu cilidli insan sayılanlar sizə öz həqiqi simasında görünəcək.
Hə, mən yaşadığım hər günün fərqinə varmağa çalışıram. İstəyirəm ki, bugünün dünəndən nə iləsə yaxşı bir cəhətlə, lap iynə boyu olsa da, yenə fərqlənsin. Amma mənim çalışmağımın, istəməyimin əksinə olaraq hər gün dünənim üçün daha çox darıxıram, daha çox göynəyirəm, daha çox təəssüflənirəm. Ola bilsin ki, burda yaş da öz sözünü deyir... ola bilsin ki, həyatın sıxıntıları da nəyisə diktə edir... ola bilsin ki, sabaha öləziyən ümid də günahkardı. Amma hər nədisə, bu bir gerçəkdi. Bir məşhur mahnıda deyildiyi kimi, "ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". Təəssüf ki, hələ heç kimin keçən günlərini qaytaran olmayıb. Ona görə də bu günün fonunda pıçıldayıram:
Mən ilk dəfə -
leyləklərin yuvası
dağılanda ağladım...
gözlərimə qaşıq qan-
sağılanda ağladım...
Mən ilk dəfə -
əkdiyim bir şitili
qurd kəsəndə ağladım
içimdən iniltili
meh əsəndə ağladım...
Mən ilk dəfə -
əl boyda bir qəzetdə
şeirim çıxdı, ağladım
daddığım bu ləzzət də -
sevinc, sıxdı ağladım!.
Mən ilk dəfə -
özümü anladıqca
güldüyümə ağladım!
niyə ağladığımı
bildiyimə ağladım.
***
Son günlər həmin o nostalji hisslər məni o qədər yükləyir ki, evdə-eşikdə, dost-tanış yanında özümə yer tapa bilmirəm. Dünənə qədər yanımdan ayrılıb getmək istəmədiyim dostla da ayaqüstü söhbət edirəm. Onlar da mənə bir az şübhəli baxırlar. Amma neyləyim ki, mən onlara içimdəki sızıltıları nə demirəm, nə açıb göstərmirəm. Çünki bu sızıltılar get-gedə güclənir, çoxalır. Hətta bir anda elə bir güclü ağrıya çevrildi ki, dözə bilmədim, həkimə üz tutdum. Sağ olsun, baxdı, yoxladı və mərhum şairimiz Əli Kərim demiş, bir "salam əleyküm!" dedi. Hər şey məlum oldu. Deməli, zülmlərimə dözməyən ürək indi öz üzünü göstərməyə, sadə şəkildə desəm, buynuz çıxarmağa başladı. Sanki dedi ki, bəsdi, dayan, dur. Məni də gör, mənimlə də hesablaş. Bil ki, mən də bir güc sahibiyəm, mən də istədiyimi eləyə bilərəm...
Hə, mən bu deyilənlərin hamısını sakit bir şəkildə, hətta başımı aşağı salıb axıra kimi dinlədim. Ürək haqlı idi. Mən onunla çox amansız davranmışdım. Onu bir sevgi yuvası kimi istiyə, soyuğa, hicrana, vüsala, sözə-söhbətə tuş gətirmişdim. Bütün bunlar da onu qəlpə-qəlpə qoparmış, damla-damla əritmişdi. Hətta xəlbir kimi çox hissləri, duyğuları ələyib özü də yaman günə qalmışdı...
İndi bax bu yerdə, bu məqamda ürəyə etiraz etmək gücümün olmadığına tam əmin oldum və bu əminlik hissi ilə də kağızın, qələmin qulpundan yapışdım.
Həkim zaman ayırıb
Mənə vaxt təyin etdi...
O zamanın içində -
Çox zaman gəlib getdi.
Xatirələr danışdı
Xatirələr dipdiri...
Ömrün hüceyrəsidi -
Bil ki, onun hər
biri...
İndi
həkim önündə
Bir an susub qalıram...
Ürəyimə zülümün-
Cəzasını alıram...
Arxada qalan ömür
Üyünən yarma, darı...
O dəndən bircəciyi-
Göyərib, bitə barı!
***
Hər yaşanan gün müəyyən mənada tarixdi, müəyyən mənada özünü təsdiqdi, müəyyən mənada sabaha uzanan yoldu, salınan körpüdü. Təəssüf ki, bəlli səbəblərdən mən hərdən vərəqi qatlanan günü yaşanmış saymıram. Bir az da çılpaq desəm, o günü yaşadığıma özümü inandıra bilmirəm. Ona görə ki, həmin o vərəqi qatlanan gün heç nə ilə yadımda qalmır. Başdan-başa solğun rənglər, köhnə ağrılar, yalançı şoular və bir də gələcəyi düyünə düşmüş bədbəxt Lazım!.. O Lazım neçə ildi ki, bədbəxtlikdən xilas ola bilmir, ya da olmaq istəmir. Mən münəccim deyiləm. Ancaq inanıram ki, o Lazım gəlsə, çox şeylər, hətta çoxlarımızın həyatında çox məqamlar dəyişə bilər. Şəxsən mən onda hər günü yaşadığıma inanaram. Lakin...
Hə, əsrin yarısından çoxunu arxada qoymuşam. Yaş artıq üzü enişədi... Mənə elə gəlir ki, mən axırıncıdan əvvəlki aşırımdayam. Axırıncıdan əvvəlkiynən axırıncının arasında nə qədər məsafə qaldığını təkcə Allah bilir. Mən onu gözlə görə bilmirəm, əllə duya bilmirəm. Sadəcə fəhm edirəm ki, dayandığım yer axırıncı aşırımdan əvvəlki aşırımdı. Deməli, bir addım, tək bircə addım... O, axırıncı olacaq. İndi isə o axırıncıya qədər olan bir duyğu yarpağını sizə təqdim edirəm - yamyaşıl yarpaq! Hər halda, mənim düşüncəmə görə, yaşıl rəng ümiddi. Ümidiniz solmasın!
Yaşıdlarım qocaldı
İşin, gücün içində...
Dərd məni tər saxladı -
Bu boyda, bu biçimdə.
Min cürə çiçək dərib
Ruhumu göyə sərib...
Bu cürə ömür verib-
Allah mənim üçün də...
Tanıyandan həddimi
Aşmadım sərhəddimi!
Təkcə əydim qəddimi-
Mən əkində, biçində!
... Dərdinizi, ağrı-acınızı suya deyin. Düşünməyin ki, siz də axırıncıdan əvvəlki aşırımdasınız. Düşünün ki, siz çox aşırımları aşacaqsınız!..
Ədalət.-2014.-25 oktyabr.-S.6.