"ATÜSTÜ BİR NAĞIL"

(Novruz Nəcəfoğlunun eyni adlı povesti haqqında)

 

Nağıllara uşaqlıqdan həqiqət kimi inanırdıq. Xeyirxah insanların, igid qorxmaz qəhrəmanların, əfsanəvi Simurq quşunun, azman divlərin, əcdəhaların, küpəgirən qarıların, butasının dalınca gedən sevgililərin yaşadığı sirli bir aləm idi nağıllar. Biz o nağılların qəhrəmanlarına, ən çox da Məlikməmmədə oxşamaq istəyirdik, çünki o, qarşısına çıxan bütün maniələri ağlının, iradəsinin, dözümünün əlbəttə, qəhrəmanlığının gücü ilə yox edirdi. O nağıllar bizə həyatda nikbin mübariz olmağı, həqiqət uğrunda sona qədər çarpışmağı təlqin edirdi. O nağılların təsirindən sonralar da ayrılmadıq, onlar bizə fantaziya təsiri bağışlasa da, inamımızda yaşayırdı. Əslində, həyat, yaşadığımız dünya özü bir nağıldı. Həyatda mübarizə, döyüş, hansı məqsəd uğrundasa atılış varsa, hələ o nağıllardakına bənzər qara-qorxulu "əcdəhalar" varsa, deməli, nağıl dünyası davam edir.Bəlkə elə buna görə yazıçılarımız hənsı bir əhvalatı, hadisəni təsvir edərkən nağıl poetikasına müraciət edir, əsərlərinə nağıl ahəngi qatırlar. Yazıçı-publisist Novruz Nəcəfoğlunun "Atüstü bir nağıl" povesti fikrimizcə, elə bu ruhda yazılıb.

Əlbəttə,N.Nəcəfoğlunun təsvir etdiyi hadisələr onun povestinin qəhrəmanları əsl nağıl dünyasının adamları deyillər. Bu povestdə qorxulu divlər var, əli qılınclı qəhrəmanlar. Amma əsərdə təsvir olunan hadisələr obrazlar nağıllardakı kimi çətinliklərdən keçir, dözüm sınağından keçir, bir insan kimi özünü təsdiq edirlər.

Povest qarlı bir qış gününün təsviri ilə başlayır. "Qışın zəlov-zəlov vaxtlarıydı. Yerdə-yurdda dizə qədər qar vardı, hələ bir üstdən elə hey aramsız yağırdı. Böyük çilənin bu vədəsindəki şaxtalara "tüpürcəyi göydə dondura" deyirlər". Belə bir gündə Gündoğan kolxozunun sədri Mətləb müəllimlə elə o təsərrüfatın partiya təşkilatı katibi Rəhmanı rayon mərkəzinə-büro iclasına çağırırlar. Yeri gəlmişkən qeyd edək ki, bu yazıçının povest hekayələrində daha çox ötən günlərə qayıdış var, müəllifin xatirə dünyası zəngindir.

Rayon mərkəzi isə kənddən çox uzaqdadır, ən azı bu qarlı-şaxtalı havada yeddi-səkkiz kəndi ötüb keçməlisən. Nəqliyyat da yoxdur. Bəs etməli? Belə qərara gəlirlər ki, rayon mərkəzinə atlarla getsinlər, onları Rəhmanın oğlu Gərayı da özləriylə götürsünlər. Mərkəzə az qalmış-şosse yola qədər Gəray atlarla geri qayıtsın.

Əsl "nağıl" bundan sonra başlayır. Gəray-həyatda hələ yetkinləşməmiş-orta məktəb şagirdi üçün bu "səyahət" əsl macəra idi. "O yaşda hansı uşaq belə bir macəranı sevməz ki?! Yerdə dizə qədər qar, hələ bir göydən lopa-lopa tökür, sən atın belində yol üstdə..Lap kinolardakı kimi".

Bu "səyahət" Gərayın həyatda ilk sınağımı? Atası istəyir ki, oğlunu hər bir çətinliyə tablaşan görsün. Təbii ki, nağıllarda olduğu kimi burada da ölüm-itmi ola bilər. Uşaq üç atla geri qayıdanda uçuruma yuvarlana bilər, atlar qaça bilər ya da canavar sürüsü rastına çıxar.

Müəllif həm yolçüların getdiyi yolda ayrı-ayrı kəndlər, aşıb keçdikləri dağlar, qaylar, çaylar, yarğanlar, sıldırımlardan söz açır, gözlərimiz qarşısında təbiətin sərt mənzərələrini canlandırır. Təbii ki, təsvirlərdən bu yerlərin yurdumuzun Uənub bölgəsini zənn edirsən, yanılmırsan. Novruz Nəcəfoğlunun digər hekayə povestlərində həmin bölgənin sərt həm əsrarəngiz təbiəti, elə o dağlara, o qayalara oxşayan adamları tez-tez xatırlanır.

"Bu kəndin adı Şengidi,-dedi. Bəlkə tarix dərsindən keçmiş olarsan, hələ bilmirsənsə yəqin ki, yuxarı siniflərdə öyrənəcəksən, bu kənd çox qədim bir kənddi. Sonra da əli ilə bir az uzaqda, ancaq orda-burda burmalanıb havaya qalxan, bəlkə yalnız tüstüsündən yaşayış yerləri olduğunu soraq verən obaları oğluna işarə ilə göstərərək:- Bax, elə o kəndləri bir vaxt Hülakülərin bu yerlərə köçürdüyü türk-moğol tayfaları salıb".

Müəllif sovet dövrünə, o illərin təsərrüfat aləminə yaxşı bələddir bizi o illərə qaytarmaqla bir daha təsəvvürlərimizi genişləndirir. Dağ kəndlərinin acınacaqlı təsərrüfat həyatı, adi poçt nəqliyyatın işləmədiyi bir şərait bir neçə təsvirlə oxucuya çatdırılır. Büro iclası da bizə yaxşı tanışdır. "büro iclası uzun çəkdi. Uari təsərrüfat məsələləri ilə bağlı katib geniş arayış oxudu. Arayışda adı hallanan, işindən söhbət gedən şəxsləri birinci katib bir-bir ayağa qaldırır, bəzisinin qısa izahatını dinləyir, bəzilərinə isə heç ağzını açmağa imkan vermir, iradını bildirib məzəmmət edir, hərdən kükrəyir, bununla da nəinki zala dəvət olunan, fəaliyyətlərinə qiymət verilənləri, hətta sağında, solunda, yan-yörəsində cərgə ilə oturmuş büro üzvlərinin, rayonun bu rəhbər işçilərinin canını lərzəyə salırdı. Çöldə, bayırda yeri gəldi-gəlmədi "mənəm-mənəm" deyib sinəsinə döyərək onun-bunun qarasınca asıb-kəsən, fağıra-məzluma meydan oxuyan, gözü ayaqlarının altını görməyib göylə gedən yekə-yekə kişilər burada, büroda dərsini bilməyən aciz-yazıq uşaqlar kimi başlarını aşağı salıb bir kəlmə -"bəli", "xeyr" deməklə canlarını qurtaranda dodaqları altından tanrılarına dua-səna edirdilər". Həmin bu büro iclasında arxadan cürət edib söz istəyən bir kişi-"Bərəkət" kolxozunun sədri Qoçəhməd kişi durub çıxış edir kənd təsərrüfatı üzrə katibə iradlarını bildirir. Onun çıxışından sonra birinci katib qəşş edir,uğunur, hamı da ona baxıb gülürlər. Birinci katib üzünü Qoçəhməd kişiyə tutub deyir ki, sizin dedikləriniz nəzərə alınar. Bəs niyə "rayonun padşahı" bu tənqidlərə görə kolxoz sədrini cəzalandırmadı? Məlum olur ki, bu kişini birtəhər tapıb, dilə tutaraq o kolxoza sədr qoyublar. Belələrini "yola vermək" lazım idi. Bu da keçmiş günlərin bir mənzərəsi.

Atüstü nağıl isə davam edir. Povestin qəhrəmanı Gəray isə geriyə-kəndə qayıtmalıdır. Müəllif onun hazırcavab, düşünüb-daşınan, böyüklərin hərəkətlərinə qiymət verməyə cəhd edən "zəmanə uşağı" kimi təqdim edir. Uşaqlıqdan yaşıdlarından seçilən Gəray böyüklərin də rəğbətini qazanıb. Amma indi çətin dağ yollarından təkbaşına geri qayıtmalıdır. Yolüstü keçib getdiyi kəndlərdə ona "bu axşam bizdə qal, səhər açılar, gedərsən" deyirlər. Amma o, bunu qüruruna sığışdırmır. Bu uşaq yaşına görə deyil, ağlına, dərrakəsinə görə seçilir. Nənəsindən, atasından eşitdiklərini, el ağsaqqallarının dediklərindən çox şey əxz edib. Məsələn, o fikirləşir ki, qarşısına canavar çıxa bilərmi? Dünya görmüş nənəsinin dediklərini xatırlayır: "Nənəsi deyərdi ki, canavarlar ancaq kiçik çilədə insan qanına yerikləyir, o zaman kiminlə rastlaşsa, gücü çatsa, fürsəti fovta verməz". Düşündü ki, indi qar çox olsa da,hələ böyük çilədi, deməli, canavarla rastlaşsa,atı çapıb canını qurtara bilər".

Gəray evlərinə gəlib çatır, amma möhkəm soyuqlayır. Amma bu sınaqdan da çıxır. Beləliklə, "şaxtalı, qarlı nağıl" sona çatır. "Ancaq burası Gəraya aydın olmadı ki, atası o sərt qışda, şaxtalı-boranlı havada o uzaq dağ yolları ilə onları maşın yoluna çıxarmaqçün niyə məhz onu seçmişdi. Olmaya Gərayı sınamaq, imtahana çəkmək fikrindəydi. Ya da ətrafdakılara oğlunun böyüdüyünü, cəsarətini, qoçaqlığını göstərmək istəyirdi?!". Bəli, onun düşündüyü həqiqət idi. Ata da bu sınaqdan çıxmalıydı. Risq olsa!

"Atüstü bir nağıl" povesti məişət-etnoqrafik səhnələrin təsviriylə maraq doğurur.Müəllifin əslən kənd adət-ənənələrinə bələdliyi, atçılıqdan, maldarlıqdan, çölçülükdən xeyli dərəcədə məlumatlı olması da nəzərdən qaçmır. O, bizim kəndçi babaların təsərrüfat həyatı barədə çox şey bilir bunları povest boyu, lazım olan məqamda nəzərə çarpdırır. Elə bilirəm, gənc oxucular üçün bu povest ata-babalarının məişətini, adət-ənələrini, kəndin öz dünyasını öyrənməyə yaxşı bir mənbə olacaq.

 

 

Ədalət.-2014.-28 oktyabr.-S.6.