Cəmil Əlibəyov vəfat etdi

 

Azərbaycan ziyalılarına ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli yazıçı, publisist, əməkdar incəsənət xadimi Cəmil Ədil oğlu Əlibəyov 87 yaşında vəfat edib.

Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində anadan olub. İlk təhsilini kəndlərindəki məktəbdə alıb. 1944-cü ildə indiki Bakı Dövlət Universitetinin "Şərqşünaslıq” fakültəsinə daxil olub, beşinci kursdan "Tarix” fakültəsinə keçib, ali təhsilini elə bu fakültədə tamamlayıb.

Əmək fəaliyyətinə 1949-cu ildə "Azərbaycan gəncləri” qəzetində ədəbi işçi kimi başlayan Cəmil Əlibəyov iyirmi il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə isə baş redaktor kimi fəaliyyət göstərib. Azərbaycan Komsomolu Mərkəzi Komitəsi bürosunun üzvü, gənclərin ÜmumittifaqRespublika təşkilatlarının qurultaylarına nümayəndə seçilib. Çalışdığı qəzet gənclərin sosial həyatını gerçəkliyi ilə işıqlandırdığına görə o vaxtkı gənc nəslin böyük etimadını, sevgisini qazanıb. Onun tərbiyəvi mövzularda yazdığı məqalələrini, gənclərin həyatından bəhs edən oçerklərini o dövrün adamları indi də xatırlayırlar. İşlədiyi dövrdə qəzetin tirajı 20 mindən 450 minə yüksəlmişdi.

Cəmil Əlibəyov yazıçı, publisist olmaqla yanaşı, həm də ictimai xadim idi. O, 1970-ci ildə Respublika RadioTeleviziya Verilişləri Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Həmin dövr radiosu öz verlişləri ilə xalqa, onun ənənələrinə mənəvi dəyərlərinə, obrazlı dilinə daha da yaxınlaşıb. Onun yaratdığı "Bulaq" verilişi qırx ildən artıqdır ki, efirdədir. Bu verilişə görə C.Əlibəyov Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.

1974-cü ildə C.Əlibəyova daha məsul vəzifə tapşırılıb. O, on il C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. Onun rəhbərliyi dövründə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və Respublika mükafatlarına layiq görülüb. "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib. C.Əlibəyov1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor,1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib.1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb. Özünə və başqalarına qarşı olduqca tələbkar, həm də səmimi, işgüzar bir insan olan C.Əlibəyov harada, hansı vəzifədə işləmişdisə, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, bir sıra dövlət mükafatları, ordenmedallarla təltif olunub.

Qeyd olunduğu kimi, Cəmil Əlibəyov bədii yaradıcılığa hələ "Azərbaycan gəncləri" qəzetində işləyərkən başlayıb. "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanları, "Qayaların göz yaşı" povesti Moskvada rus dilinə tərcümə olunub. "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestlərinin taleyiuğurlu olub. "Gülüstanda qətl" pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Onun roman və povestlərində, kiçik həcmli hekayələrində belə insan taleyi real boyalarla təsvir olunub, maraqlı, bitkin insan xarakterləti yaradılıb.

Cəmil Əlibəyivun əsərləri onun keşməkeşli həyatının bədii güzgüsüdür. "Mənim analı dünyam” romanında ana məhəbbəti ilə yanaşı ananın başına gələn müsibətlər öz əksini tapıb. Ömrünün son illərində ərsəyə gətirdiyi "Zəmanələr ilə üz-üzə” adlı iri həcmli bioqrafik əsərində isə keçdiyi həyat yoluna nəzər salmaqla yaşadığı cəmiyyətin acılı şirinli günlərini qələmə alıb.

Cəmil Əlibəyov tərcümə sahəsində də öz qələmini sınayıb və bu sahədə də böyük uğur qazanıb. Çingiz Aytmatovun "İlk müəllim”, "Ana tarla”, " gəmi” povestləri, J.Sandın "İndiana”, S.Solovyovun "Sənin haqqında kitab”, Albert Lixanovun "Həyat haqqında danışmaq istəyirəm” əsərləri Azərbaycan oxucularına məhz onun tərcüməsində çatdırılıb.

Jurnalist kimi ABŞ-dan, Türkiyədən, Avstriyadan, İrandanb. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanıb.

Qəribəliklərlə dolu taleyində oxşarlıqlar da çoxdur. Atasının Sovet quruluşunun sinfi düşməni hesab edilərək "kulak” siyahısına salındığına görə ölkədən qaçması ona uşaqlıq illərində ata həsrətini, ömrünün ahıl çağında isə doğulub boya-başa çatdığı Qarabağın işğalı ona torpaq həsrətini, vətən nisgilini yaşatdı. Cəmil Əlibəyovu torpaqlarımızın işğalı çox sarsıtdı, öz dili ilə desək "belini əydi”. Qarabağın problemləri ilə bağlı əsaslı faktlara, şəxsi müşahidələrinə söykənən məqalələri ilə bir sıra xarici ölkə mətbuatında çıxış edib haray qaldırdı.

Azərbaycanda və xaricdə çap olunmuş 40-a qədər kitabın müəllifi olan Cəmil Əlibəyov olduqca sadə, təvazökar bir insan idi. O, insanlara əl tutub yaxşılıq etməkdən zövq alırdı. Məhz elə ona görədir ki, indi onlarla tanınmış jurnalistlər bir çox yazıçılar C.Əlibəyovu müəllim, ustad adlandırırlar.

 

Ədalət.-2014.-28 oktyabr.-S.5.