"ƏDƏBİ
HƏYAT"
Vaqif Yusiflinin yeni kitabı
Yəqin ki, sizə
təqdim etdiyim bu yazının başlığı dərhal diqqətinizi
çəkdi. Bilirəm ki, bu da
təsadüf deyil. Ona görə
təsadüf deyil ki, "Ədalət" qəzetində "Ədəbi
həyat" adlı bir səhifə var və artıq
uzun illərdi ki, o səhifənin müəllifi tənqidçi-alim-yazar-professor Vaqif Yusiflidi.
Bəri başdan bir fikrimi dilə gətirmək istəyirəm. Mənim qənaətimə
görə, bu gün Azərbaycan ədəbi mühitində
baş verən, ən çox münasibət bildirən
2-3 tənqidçi varsa,
onun birincisi Vaqif Yusiflidi. Bu dəyərli ziyalı
bugünkü ədəbi
proseslərlə yanaşı,
dünənin də, hətta klassiklərimizin də yaradıcılığına
nəzər yetirməyi,
onları yeni ampulada oxucuya təqdim etməyi, araşdırmağı özünə
əsl peşə edibdi. Demək olar ki, hər
gün yazan və hər gün ədəbi prosesləri qabardan Vaqif Yusifli sanki
öz çiyninə
hansı yükü götürdüyünü yaradıcılığı
ilə, tədqiqatı
ilə həmkarlarına
ədəbi ictimaiyyətə
bir mesaj verir və göstərir
ki, yazmaq, araşdırmaq, təqdim
etmək gərəkdi.
Təəssüf ki, bu gün ədəbi tənqidimiz o qədər
də iri addımlarla addımlamır,
əksinə, özünə
çəkilmiş bir
dəniz kimi lal dalğalanır. Bax, həmin o özünə
çəkilmiş dənizin
qabartısı da, fırtınası da elə Vaqif Yusiflinin yaradıcılığıdı.
Yaxın günlərin söhbətidi. Həmişə redaksiyamıza əlidolu gələn Vaqif müəllim bu dəfə də hamı ilə hal-xoş edib dizayner otağına baş çəkəndən
sonra mənə bir kitab uzatdı.
Məmnuniyyətlə qəbul etdim
və kitabın üz qabığına diqqət yetirəndə onun Vaqif müəllimin
dünyaya gələn
yeni əsəri olduğunu anladım.
Təbii
ki, bu hədiyyəyə
görə təşəkkürümü
bildirdim və kitabı mütləq oxuyacağımı söylədim.
Ayrılanda Vaqif müəllim
onu da vurğuladı
ki, nə isə yazıb yazmayacağını bilmirəm,
ancaq bu kitabda səninlə bağlı yazdığım
yazını da oxuya biləcəksən.
Artıq
bu təqdimatın özü də mənə ikinci bir həvəs verdi. Elə vaxt
tapdıqca kitabı vərəqləməyə, oxumağa
başladım. Doğrudur, bu
kitabda işıq üzü görən yaradıcılıq nümunələrinin
bir çoxunu elə "Ədalət"
qəzetində oxumuşdum.
Hətta
o yazılar barəsində
müəlliflə fikir
mübadiləsi etmişdik.
Mənim
üçün ən
yadda qalan bu olmuşdu ki, Vaqif Yusifli
həmin yaradıcılıq
nümunələrində ədəbi
mühitin bütün
bölgələrdən olan
yaradıcılarına, müəlliflərə
eyni sevgi ilə, eyni diqqətlə yanaşmışdı.
Bir az
da konkret desəm, Vaqif Yusiflinin son on illik ədəbi-tənqidi yazılarının
xeyli hissəsini Azərbaycanın bölgələrində
yaşayıb-yaradan, hətta
dünyasını dəyişmiş
yazıçı və
şairlərimizin əsərlərinə
münasibət, onların
təqdimatı təşkil
edirdi. Onun üçün bu müəlliflərin əsərlərinə maraq,
həmin əsərlərdəki
ədəbi hadisələr,
yeni münasibət və həm də onların daha geniş oxucu arenasına təqdim etmək əsas qayədi. Yəni Vaqif Yusifli münasibət
bildirdiyi hər bir əsərdə oxucunu maraqlandıra biləcək, oxucu ilə həmin müəllifi yaxınlaşdıracaq
körpüləri qura
bilir, tapa bilir, göstərə bilir. Bax bu da öncə onun sözə böyük sevgisinin, həm də yorulmazlığının,
axtarışlar fədaisi
olmasının bəhrəsidi.
Bax, elə
"Ədəbi həyat"
kitabında da demək olar ki, Azərbaycanın əksər bölgələrini
əhatə edən söz adamlarının yaradıcılığına Vaqif
Yusifli baxışı
toplanıbdı. Burada 2011-2012-ci il poeziyası, portretlər, uca şəxsiyyətlər, həmçinin
Mir Cəlal, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Cabir
Novruz, Elçin, Elçin Hüseynbəyli,
Saday Şəkərli,
Elçin İsgəndərzadə,
Əlabbas, Adil Cəmil, XXI əsr ədəbiyyatı və
sair ilə yanaşı, bugünün
söz adamları olan Kəramət Böyükçöl, Cavid
Zeynallı, Natiq Məmmədli, Emin Pirim və digərləri
barəsində də
maraqlı tədqiqat yazıları yer alıbdı.
Bütün bunlar onu göstərir ki, həmişə yazı masası
arxasında olan Vaqif Yusifli obrazlı desək, öz
qələmi ilə, öz
axtarışları ilə ədəbi prosesin
həm içərisindədi, həm də yanında. O, ədəbiyyatımızın
cəfakeşi kimi sözünü
vaxtında və yerində deyir. "Vektor" nəşrlər evinin
akademik İsa Həbibbəylinin
elmi redaktorluğu ilə
oxuculara təqdim etdiyi
bu kitab yəqin ki, ədəbi proseslərlə maraqlanan hər bir oxucu, hər bir tədqiqatçı
üçün maraqlı olacaq. Mən də öz
növbəmdə filologiya elmləri doktoru, professor Vaqif Yusifliyə daha böyük axtarışlar, daha
böyük uğurlar
arzu edirəm.
Ədalət.-2014.-29 oktyabr.-S.6.