Ramiz Orsər
Ay Qəşəm
(Dostum Qəşəm
Nəcəfzadəyə)
İşlərim həşəm,
Ömür-gün həşəm,
Daha ölmək istəyirəm,
Ay Qəşəm,
Amma həyat şirindir,
Ölmək olmur.
Hər yan dərddi,
Kimə baxırsan dərdlidir.
Dərdli
yanında da
dərddən danışıb,
gülmək olmur,
ölmək istəyirəm,
ay Qəşəm,
amma ölmək olmur.
Vururam özümü oda, közə,
ora, bura,
Məzhəb itib, qarışıb
ara,
Söz də, düşüb urvatdan.
Bir sağ sözdən,
Üzü ağ sözdən
Özümü asmaq istəyirəm,
Nə o
sözü tapıram,
nə bir kəndirim var.
Ölsəm, guya nə olasıymış,
Uzaqbaşı mobil telefonlarının
yaddaşından
telefon nömrəmi siləcək dostlar.
Daha yorur gözlərimi
bu adamların dəstəsi:
biri çiçək
dəlisidi,
biri yemək dəlisidi,
Kimi var-dövlət hərisidi,
Kimi şöhrət
xəstəsi.
Hərənin başı qarışıb
özünə,
Yaşaya-yaşaya,
Olumunu
ölümünə daşıya-daşıya,
Boynunun ardını
qaşıya-qaşıya.
Kimi başına döyür,
Kimi dizinə,
Nə gözümün xodunu alan var,
Nə də bir qulaq verən
sözümə.
Dünyanın işləri həşəm,
O işlərin alatoranında
Ömür-gün həşəm,
Yaşamaq şirin şeydi,
Ay Qəşəm,
Ölmək istəsəm də,
Ölmək olmur,
Axı bir də bu
dünyaya
gəlmək olmur...
Vərdiş
Tumurcuqlar
bu gələn yazın
ağzındakı süd dişidi.
Yaşıllaşmaq, bollaşmaq,
bəhrə vermək,
saralmaq, solmaq,
ağarmaq, bozarmaq,
lümlüt olmaq.
təbiətin öz işidi,
İlkinə dönmək, təkrarlanmaq,
onun sevimli,
sevgili vərdişidi.
Adət
Bu həyatın istisində,
burküsündə
Su deyiləm ki, dolam qaba,
pakhapakla qaynayam.
Pəhləvanın iti də deyiləm
düşəm ortaya
çalınan hər havaya oynayam.
Özüm bilərəm,
istərəm-oynaram,
istərəm-qaynaram.
Bu mənim öz işimdi,
Susmaq,
ağzına su alıb oturmaq,
lal olmaq,
Lap ata-baba vərdişimdi.
Allah da şərti
şumda kəsmir.
Haqqı
nahaqdan ayırmağa,
ağ bayraq qaldırmağa tələsmir.
Ulduzlar kimi
Göy üzündə
ulduzlar doğulur,
Yer üzündə
insanlar.
Ulduzlar süfrə açır ,
şəfəq saçır,
göz vurur, dəsgah qurur,
axır, süzür,
dayanıb durur,
Boyun vurur.
Göy üzü sanki
bir nəhəng gəmidi.
İnsanlar da yer üzündə
elə ulduzlar kimidi.
Yaşamaq gözəldir
Yaşamaq gözəldir
əlində işin
ola,
Süfrəndə bir tikə pendir çörəyin,
Ağzında yeməyə dişin...
Bir dənə də köhnə,
lap rəngi solmuş olsun
pianinon
Bir az da boş vaxtın
özün çalıb,
özün oxuyasan.
Onda görərsən
necə gözəldi yaşamaq!
Yoxsa
amansızdı insan olmaq,
Bir də insan adı
daşımaq
Şəki xan sarayı
Nə hayı qalıb, nə harayı
Çox
rəngli,
çox dilli,
Niyyətləri çeşidli
qonaqlarını
özü qarşılayır
özü haqqında
da danışır
Şəki xan sarayı.
Yada salır ötənləri,
Tüstülənir, alışır,
Hər qonağıyla
Öz dilində danışır
Bənnasından, ustasından
rəngsazından,
həm də söhbət açır
qışından, payızından,
yazından.
Siyasətdən uzaqdır
sözü, söhbəti,
Deyir hökmdara şərəf,
şöhrət gətirər
onun ləyaqəti
Bir də xalqına olan
sevgisi, dəyanəti,
sədaqəti.
Sahibindən,
onun gücündən,
qüdrətindən,
şücaətindən,
Qadınına,
Gülə, çiçəyə-təbiətə
vurğunluğundan,
məhəbbətindən,
ağılından, kamalından
danışır ağız
dolusu,
danışır, şirin-şirin
Olanından, qalanından...
Itirməyir haqq-sayı,
Qonaqları ilə
xatirə şəkil
də çəkdirir
Şəki xan sarayı
Ədalət.-2014.-30 oktyabr.-S.7.