"DAHA MƏNƏ SEVGİ ŞEİRİ YAZMA..."

Bu misranın müəllifi Firdovsi Fahralıdı

 

Hər dəfə dəyərli insanlardan, cəmiyyətdə, elmi ictimaiyyət arasında sevilən adamların ya bir ismarıcını, ya bir tapşırığını, ya da hər hansı bir ərkini alanda, eşidəndə daxilən rahat oluram. Düşünürəm ki, deməli, mən də hardasa bir yer tuturamo yer də həmin o dəyər verən insanlar üçün görünəndi. Bax, bu mənada özümə çox mərhəm bildiyim və şəxsiyyətini, yaradıcılığını əziz tutduğum professor Qəzənfər Paşayevin adıma göndərdiyi əl boyda məktub və onunla birlikdə imzasını tanımadığım bir müəllifin kitabı mənim üçün bir növü sürpriz oldu. Təbii ki, professor Qəzənfər Paşayev göndərdiyi həmin kitabın səviyyəsinə, dəyərinə bələd idi. Və mənim o kitabı elə-belə gözdən keçirməyim və yaxud da mütaliə etməyim müəyyən mənada maraqlı oldu. Çünki təqdimat özü artıq ona məndə maraq yaratmışdı. Mən də həmin təqdimatdan sonra fürsət tapdıqca adıma gəlmiş kitabı gözdən keçirməyə başladım. İlk qənaətim bu oldu ki, kitabda işıqlı, maraqlı fikirlər, misralar yer alıb. Sadəcə, bu kitab oxucu üçün, ədəbi ictimaiyyət üçün geniş mənada təqdim olunmadığından söz sərrafları, ədəbi tənqid hələki kitaba heç bir münasibət bildirməyib. Ola bilsin ki, mən bu fikrimdə yanılıram. Ancaq şəxsən mən bu kitabla bağlı mətbuatda heç bir yazıya rast gəlməmişəm.

Bax, bütün bunlardan sonra üzərimə götürdüyüm missiyanın bir növü fərqinə vardım və anladım ki, kitabla bağlı ifadə edəcəyim hər bir söz oxucuya da, müəllifə də müəyyən impuls verəcək. Yəni kitab həm oxucusunun onu axtarmasına, həm də müəllifin yeni yaradıcılıq uğurlarına stimul olacaq. Beləliklə, masanın üzərindəki "Daha mənə sevgi şeiri yazma..." adlı kitabın ilk səhifəsini açıram. "Təfəkkür" nəşriyyatında işıq üzü görmüş bu kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Sahib İbrahimlidi. Bir neçə fəsildən ibarət olan bu kitab poeziya çələngidi və şeirlərin əksəriyyətində saf duyğular, xüsusilə sevgi notaları önə çəkilib. Müəllif Firdovsi Fahralı şeirlərinin böyük əksəriyyətini məhəbbət notları üzərində kökləyib və onun misralarında bəlli duyğu özünəməxsus bir tərzdə oxucuya çatdırılıb. Məsələn:

 

Deyirdin ümmanda təkcə gəminəm,

Eşqinə, sevginə tamam əminəm.

Ölsəm torpağınam, qalsam səninəm,

Tuti dilin necə yalan danışdı.

canım o candı, yaş o yaşdı.

 

Bu şeir parçasından göründüyü kimi, bütün aşiqlərin ən çox dilə gətirdikləri, məktublarında, görüşlərində bəyan etdikləri "ölsəm torpağınam, qalsam səninəm" deyimi poetik fikrə çevrilib. Yəni digər misralar onun tamlığına demək olar ki, özül olub. Bax, bu da müəllifin xalq arasında dolaşan, aşiqləri, məşuqləri tanıdan bir deyimə biçib geyindirdiyi şeir donudu. Bu geyimin içərisində həmin o ifadə daha mənalı, daha obrazlı, daha səmimidi. yaxud:

 

Daş tapsam da qoymamışam sapanda,

Taqət qalmayıbdı ürəkdə, canda.

Sarsılıram dönüb geri baxanda

Uşaqlığım, cavanlığım gedibdi.

Bu misralarda da yaşlı nəslin etirafı özünü büruzə verir. Yəni insan ömrünün müəyyən bir çağında artıq arxada qalanlar üçün qədrini, dəyərini bilmədikləri üçün bir köks ötürür, ah çəkir. Doğrudur, həm folklorumuzda, həm poeziyamızda həm yaşla, xüsusilə qocalıqla bağlı kifayət qədər nümunələr var. Amma Firdovsi müəllimin bu bənddəki özünəməxsus ifadəsi onu həm kəndlə, torpaqla, atdığı sapandla birlikdə göz önündə canlandırır, hardan-hara gəldiyi özü-özlüyündə bəlli olur.

Elə "Aftoportret" şeirində müəllif bir növü özü özünü oxucuya tanıdır şeir dili ilə, poeziya imkanları hesabına ifadə olunan bu təqdimat özü-özlüyündə maraq doğurur. Məsələn:

 

Firdovsi, beləcə doluram yaşa,

Hələ payızdayam, gedirəm qışa.

Yavaş-yavaş ömrü vururam başa,

Daim bir qərarda qala bilmirəm,

Dəyişib başqa cür ola bilmirəm.

 

- söyləyən şair həmin o məqama qədər oxucuya bildirir ki:

 

Gündə neçə dəfə pozulur halım

Azalır təmkinim, sönür əhvalım.

Bilmirəm edim, bir təbdə qalım,

Daim bir qərarda qala bilmirəm,

Dəyişib başqa cür ola bilmirəm.

 

Barəsində söhbət açdığım kitabda müəllifin dostlara, doğmalara ünvanlanmış şeirləri yer alıb. Həmin şeirləri oxuduqca həm ünvan sahibləri, həm o ünvana söz çələngi bağışlayan müəllifin qarşılıqlı səmimiyyəti ortaya çıxır. Aydın şəkildə görünür ki, bu misraların hər biri sevgi ilə, təmənnasız yazılıb. Məsələn:

 

Yaxşı günlər qabaqdadı,

Şirin sözlər dodaqdadı.

Qohum-qardaş soraqdadı,

Yüz yaşını da görək,

Doxsan yaşın mübarək!

Bu misralar müəllifin Koroğlu Kərimoğluna ithaf etdiyi şeirdəndi. Onun Kəlbəcərin tanınmış söz-sənət adamlarına ünvanladığı misralar da diqqəti çəkir.

Məsələn:

 

Balaları gülə-gülə yatıran,

Hıçqırığı ürəyində batıran.

Bu dağların o üzünü itirən,

Sücaət yoxdu, Bəhmən yoxdu.

 

yaxud:

 

Sızlayır telli saz, sızlayır sənsiz,

Qalıb ayrım eli çölsüz-çəmənsiz.

Heyf, Vətənoğlu öldü vətənsiz,

Kəlbəcər yoxdu, Bəhmən yoxdu.

 

Oxuculara təqdim etdiyim "Daha mənə sevgi şeiri yazma..." kitabı barəsində qeydlərim zənnimcə, bu kitaba bir növü xeyir-duadı. Sadəcə bir şeyi istərdim ki, müəllif öz səmimi misralarının arxasında daha böyük poetik uğurlara doğru addımlasın.

 

Ədalət.-2014.-31 oktyabr.-S.6.