Mənəviyyat manifesti

 

Akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyindəki çıxışının doğurduğu rezonans, həmişə olduğu kimi, bu dəfə də genişmiqyaslı oldu. Adətən Prezident Administrasiyasının rəhbəri öz çıxışları, bəyanatları və əsərləri ilə hər zaman gündəm yaratmağı, yaxud da gündəmi dəyişdirməyi bacarıb.

Bu, heç şübhəsiz ki, hörmətli Ramiz müəllimin yalnız daşıdığı vəzifənin ali statusu ilə bağlı deyil, daha çox onun dediyi, yazdığı SÖZün dəyəri və cəmiyyətdə qazandığı böyük ehtiramın, nüfuzun sanbalı ilə ölçülür. Çünki açıq etiraf etmək lazımdır ki, akademik Ramiz Mehdiyevin ictimai nüfuzu onun inzibati mənsubiyyətinin çəkisindən nəinki geri qalır, əksinə, çox hallarda yüksəkdə dayanır.

 

 

Ziyalı ağrısı - vətəndaş yanğısı

 

Akademik Ramiz Mehdiyev ictimai rəydə birmənalı olaraq, professional dövlət xadimi və görkəmli siyasətçi kimi qəbul edilir. Həm də Azərbaycanın tarixinin dərin, hələ də gizli olan qatlarını dəqiqliklə öyrənən və mövcud inkişafın ən müfəssəl şərhini hazırlayan tədqiqatçı kimi tanınır. Eyni zamanda, dövlətin, xalqın gələcək hədəflərini doğru müəyyənləşdirən fundamental nəzəriyyələrin müəllifi kimi son iki onilliyin elmi-siyasi fenomeninə çevrilib. Mütəmadi olaraq cəmiyyətin müxtəlif sahələr üzrə uğur və problemləri barədə dəyərli araşdırmaları ilə zehinləri oyadır, ictimai sükutu pozur, insanları keçmiş və gələcək barədə daha fəal və aydın, çevikqlobal düşünməyə vadar edir. Ramiz Mehdiyevin mülahizələri səfərbəredici gücə malikdiro, müasir Azərbaycanın ictimai fikirinin formalaşmasında müsbət təsiri ilə ən öncül mövqeyə malikdir.

Bu gün Heydər Əliyev siyasi kursu əsasında Azərbaycanı inkişaf etdirən, qüdrətləndirən siyasətin və ümumilikdə məmləkətimizin baş ideoloqu Prezident İlham Əliyevdir. Bu prosesin uğurla həyata keçirilməsində xüsusi rolu, mövqeyi və töhfəsi ilə seçilənlərin ön sırasında isə Prezident Administrasiyasının rəhbəri dayanır. O, dövlət quruculuğu işində göstərdiyi yüksək təşkilatçılıq, fədakarlıq və qətiyyət kimi xüsusiyyətləri digər sahələrdə də - ictimai-siyasi proseslərin düzgün nizamlanmasından ölkənin elmi potensialının möhkəmlənməsinə qədər bütün sahələrdə vətəndaş fəallığı və prinsipiallıqla davam etdirir.

Dövlət idarəçiliyi üzrə kadr hazırlığını həyata keçirən təhsil-elm mərkəzindəki çıxışını isə hörmətli akademik bu dəfə heç də dövlət məmuru statusunda etmədi. Ramiz müəllimin söylədiklərində cəmiyyətdəki mənəvi nöqsanlardan narahatlıq keçirən ziyalının, bu fəsadlarla barışmaq istəməyən, ictimaiyyəti onların həllinə çağıran bir vətəndaşın ürək ağrısı duyulurdu.

Akademik Ramiz Mehdiyevin fikirlərinin geniş təqdimata, şərhə ehtiyacı yoxdur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu çıxış artıq gündəmin əsas mövzusudur - demək, əksəriyyət məlumatlıdır. Ən əsası isə budur ki, hörmətli akademik hər şeyi açıq, konkret və ünvanlı deyib.

Amma yada salmağa və yenidən üzərinə qayıtmağa ehtiyac duyulan bəzi məqamlar da var. Əvvəla, Ramiz Mehdiyevin bu mövzudakı mülahizələrini təhlil edərkən ona ayrıca və yeganə istinad mənbəyi kimi baxmaq yanlış olardı. Çünki hörmətli akademik uzun illərdir məlum problemlər barədə çoxsaylı dəyərli araşdırmalarını ortaya qoyub və məlum məsələlər haqda dəfələrlə qətiyyətli ziyalı mövqeyi sərgiləyib, əsərlər yazıb.

Təəssüf ki, akademikin illərdən bəri toxunduğu bu problemlər hələ də aradan qalxmır. Səbəbi çox sadədir. Onların həlli təkcə dövlətdən deyil, məhz cəmiyyətdən, vətəndaşlarımızdan asılıdır! Dövlət proqramları və struktur dəyişiklikləri ilə, islahatlarinzibati tələblərlə həllini tapa bilməyəcək bu nöqsanlar fərdi laqeydlikdən, vətəndaş məsuliyyətsizliyindən, ən əsası isə ölkə ziyalılarının, elm xadimlərinin nümayiş etdirdikləri passiv mövqedən qaynaqlanır.

Akademik Ramiz Mehdiyev bütün əsərlərində məhz bu kateqoriyadan olan insanların məlum fəsadların aradan qalxmasında məsuliyyət daşıdıqlarını bildirir və onları fəal vətəndaş mövqeyi bildirməyə, səfərbər olmağa səsləyirdi.

 

 

Ziyalılar, siz kimin yanındasınız?

 

Bu gün cəmiyyətin əsas mənəvi bəlalarından birinə çevrilən dini radikalizm, fanatizm kimi zərərli meyillər barədə ilk həyəcan təbilini çalan 7 il öncə məhz akademik Ramiz Mehdiyev oldu. "Qloballaşma dövründə dövlət və cəmiyyət" əsəri ilə Azərbaycanda dini durumun həssaslığını, din-dövlət münasibətlərini təhlil etdi və bəzi xarici qüvvələrin ölkəmizə dini qruplaşmaların transferi üçün şərait yaratmağa çalışdıqlarını göstərdi. Ötən dövr ərzində bu mövzuya dönə-dönə toxunan hörmətli akademik digər əsərlərində də dünyada tolerantlığın və multikulturalizmin ən mükəmməl modelinə sahib olan ölkəmizdə dini cəhalət və ekstremizm kimi meyilləri fəallaşdırmağa çalışan qüvvələri ifşa etdi, bu meyillərə aludə olan gəncləri düzgün yola yönəltmək, onlarla səmərəli aparmaq üçün konkret ictimaidini zümrələrə tövsiyələr verdi. Lakin problem hələ də qalmaqdadır.

"Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim... Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir... Müasir dövrdə biz fundamentalizm fenomeni ilə rastlaşırıq. Azərbaycandan bəzi cavanların "islam dövləti" uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. "Nə baş verir" sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur" - akademikin bu mövzuya yenidən qayıtması dini durumun hələ də gərgin məcrada olduğunu göstərdi və problemin həllində din xadimləri ilə yanaşı, müvafiq elm sahələrinin təmsilçilərinin də passiv mövqedə dayandıqlarını açıqladı.

Akademik Ramiz Mehdiyev 7 il öncə din xadimlərinə ictimai nüfuzlarını yüksəltməyi, cəmiyyətdə özlərinə etimad yaratmalarını, dini etiqadı cahillikdən uzaq, tam kamil səviyyədə həyata keçirməyi tövsiyə edir, onları kənar təsirlərdən qorunmağa çağırırdı. Dini maariflənmə məsələsinin aktuallığını xüsusi qabardır, bu sahəyə diqqət ayırmağı vacib sayırdı. Amma çoxsaylı təəssüflərin biri də məhz hələ də həllini tapmayan bu məsələlərə düşür...

Müstəqil dövlətçiliyimizə birmənalı şəkildə bağlı olan, prinsipial və qətiyyətli mövqe sahibi Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr gətirilməsi və sahəsinin ən dərin incəliklərini də bilən nüfuzlu ziyalı akademik Kamal Abdullayevin millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyini bu sahədə dövlətin həyata keçirdiyi islahatların nə qədər mühüm əhəmiyyət daşıdığının göstəricisidir.

 

 

Mənəvi bəlalar haradan başlanır?

 

Akademik Ramiz Mehdiyevin Azərbaycan təhsilinin və elminin problemlərindən bəhs edən "İctimaihumanitar elmlər: zaman kontekstində baxış" məqaləsi 4 il öncə çap edilib. Əslində, buna qədər və bundan sonra da müəllifin bu mövzuda çoxsaylı araşdırmaları dərc olunub, amma bu məqalə mövzunun geniş təhlili baxımından xüsusi seçilirdi. Yeni nəslin təhsilə və elmə cəlbinin nöqsanlarından, elmdə baş verən neqativ hallardan, maarifçilik meyillərinin bazar prinsiplərinə köklənməsindən ürək ağrısı ilə yazan akademik bu fəsadların illər sonra acınacaqlı nəticələr yaradacağını hələ o zaman bildirirdi.

Ötən həftə isə Ramiz Mehdiyev yenə də ziyalı nigarançılığı, vətəndaş yanğısı ilə deyirdi: "Biz məktəbin maddi-texniki bazasını nə qədər yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı şagirddir... 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi... İlk növbədə, yüksək təhsil səviyyəsinə malik olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?"

Hər şey açıq, konkret və ünvanlı yazılıb!

On il ərzində 3 minə yaxın yeni məktəb binasının tikilib istifadəyə verildiyi, təhsilin və elmin prioritet sahələr sırasında olduğu bir məmləkətdə abituriyentlərin hərf və rəqəmləri tanımaması, bəzi bölgələrdə qızların kütləvi şəkildə məktəbdən uzaqlaşdırılması kimi faktlar mənəvi bəlaların önündə dayanır.

Əslində, bütün mənəvi bəlalar elə məhz savadsızlıqdan başlamırmı?..

15 ildən artıqdır ki, təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin "laboratoriya mərkəzinə" çevrilib. Hamımız yaxşı bilirik ki, təhsildə yüksək nəticə göstərən şagirdlərimiz məktəblərə yox, məhz hazırlıq kurslarına, "repetitorlara", daha doğrusu, bunları təmin etməyə gücləri çatan valideynlərə borcludurlar. Düzdür, son bir ildə yeni təhsil siyasəti yürüdülüronun əsas məramı təhsil sahəsindəki durumu ölkənin inkişaf tempinə uyğunlaşdırmaqdır. Amma Təhsil Nazirliyi təmsilçilərinin demək olar ki, hər həftə ictimaiyyətə müraciət edərək onları təhsildəki neqativ proseslərə qarşı birgə mübarizə aparmağa çağırmaları təəssüf ki, cavabsız qalır.

Ali təhsil məktəblərində müəllim nüfuzu tələbədən umulan maddi təmənna qarşılığında hər gün bir az da enir. Universitetlər, akademiyalarlayiqli təhsil ocağına, nə də mükəmməl elm mərkəzinə çevrilir. Təhsil müəssisələrimiz hələ də "dünya universitetlərinin ilk beşyüzlüyünə, yeddiyüzlüyünə" düşə bilmir. Belə görünür ki, ali məktəblərin uğuru yalnız təmir olunmuş korpuslar və təkmilləşdirilmiş, modernləşmiş maddi-texniki bazadır. Bunları edən isə dövlətdir, Prezidentdir! Amma məlum ali məktəblər hələ də dövlətin və Prezidentin qarşısında təhsil və elmdə qazanılmış uğurların hesabatlarını verə bilmirlər!

Akademik Ramiz Mehdiyev bu problemlərin həllini də haqlı olaraq məhz ictimaiyyətin daşımalı olduğu məsuliyyət hissində axtarır.

 

 

Elmin yükünü kim çəkir?

 

Akademik Ramiz Mehdiyev 4 il öncə yazırdı: "Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutumyeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır. Elm bir biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz".

Nə dəyişib? Elə yaxından tanıdıqlarımız, "elmi potensialına" bələd olduğumuz neçə-neçə adam özünə havadar tapır, qısa zaman ərzində, hətta bəzən 50-60 yaşlarında siyasətşünaslıq, iqtisadiyyat və digər "prestijli" elm sahələri üzrə fəlsəfə doktoru-namizədlik müdafiə edirlər. Müdafiələr yenə də deklarativ xarakter daşıyır, sanki bir tamaşa oynanılır.

AMEA nəzdindəki institutlar, elm mərkəzləri ətalət içindədir. Müasir elmi innovasiyalar, yeni kəşflər, elmi axtarışlar kimi ifadələr burada real əmələ çevrilməyən söz olaraq qalır. Bu gün hər bir institutun yükünü həmin kollektivin ən yaxşı halda 4-5 əməkdaşı çəkir. Məmləkətimizdə alimlər bizi öz axtarışları, kəşfləri, yenilikləri ilə sevindirmir, qürurlandırmır. Ötən əsrin 40-80-ci illərinin elmi uğurları məntiqlə indi daha da artmalı, genişlənməli olduğu halda bu bağlantı kəsilib, elm yerində sayıb. Alimlər arxivlərdə, laboratoriyalarda işləməyə, axtarışlarda olmağa həvəsli görünmürlər.

Akademik Ramiz Mehdiyevin son üç-dörd il ərzində qələmə aldığı "Gorus 2010: absurd teatrı mövsümü", "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix", "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində", "Şah İsmayıl Xətai ali məramlı şəxsiyyət kimi", "Tarixi idrakın elmiliyinə dair", "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" adlı əsərlərinin kəmiyyət və keyfiyyətində digər hansı alim, yaxud alimlər qrupu, ya da ki elm mərkəzləri - istər humanitar, istər təbiət, istərsə də dəqiq elmlər üzrə - əsər və əsərlər ortaya qoyub?

 

Telekanalların mənəvi dəyərlərə qarşı "səlib yürüşü"

 

"Orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir" - Ramiz Mehdiyevin bu fikirlərinin ağır mənəvi yükü akademikin səsinin tonundan da aydın nəzərə çarpırdı.

Bəli, Azərbaycan gəncliyi ilə də bağlı vəziyyət istənilən səviyyədə ürəkaçan deyil. Prezident İlham Əliyevin birbaşa dəstəyi və himayəsi altında gənclərimiz kütləvi şəkildə xaricdə təhsil alır, onların təhsilə, elmə, yaxud da idmana və digər peşələrə fəal cəlb olunmaları üçün proqramlar həyata keçirilir, vətənpərvərlik hisslərinin güclənməsi məqsədilə tədbirlər təşkil olunur, gənclərin ictimai təşkilatlarının maliyyələşməsinə, layihələr icra etmələrinə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, ölkə boyu gənclər mərkəzləri tikilir. Amma təəssüf ki, bu uğurlu və səmərəli dövlət dəstəyi gənclərin mühüm hissəsinin düşüncə, təfəkukür tərzinin yetkinləşməsinə səbəb olmur.

"Mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik?" - Ramiz Mehdiyevin ötən həftə səsləndirdiyi bu ritorik suala əslində 5 il öncə akademikin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı fundamental araşdırmasında cavab verilmişdi.

Günümüzün acı reallığı ölkənin efir məkanının yeniyetmə və gənclər üçün "üçüncü valideynə - amma daha təsirli valideynə" çevrilməsini şərtləndirib. Bu gün gənclərimizin bir qismi məhz teleekranın zombiləşdirdiyi qrupa, onların göstərdikləri, yaydıqları total səviyyəsizliyin, mənəvi aşınmanın qurbanına çevrilib. İstisnasız olaraq bütün kanallar vasitəsilə milli-mənəvi dəyərlərə qarşı yürüdülən "səlib yürüşü", ailə institutunun mənəvi dayaqlarının dağılmasını təbliğ edən verilişlərin artması, həmçinin mahnısından çox qalmaqalları ilə məşhur olan müğənnilərin, sponsor sayəsində "sənətkara" çevrilənlərin, şou-biznesi əxlaqsızlıq və bayağılıq kimi qəbul edənlərin televiziya vasitəsilə gənclər üçün örnək, nümunə kimi sırınması nəticə etibarilə mənəvi bəlalarımızın artmasına xidmət etməliydi və edir də!

20 ilin xalq artistləri, əsl sənətkarlar 3 otaqlı evlərinin (o da Prezidentin bağışladığı mənzillər!) bir güncündə unudulur. Lakin səhnəyə 1 il çıxmağının və 2 mahnıya oxşar nəsə oxumağının müqabilində 3 mərtəbəli imarət, 3 maşın "qazanan" sənətdən bixəbər, istedaddan uzaq olan bu tipli şəxsləri özəl kanallar səhərdən axşama, gecədən sübhədək dönə-dönə tirajlayır, onların həyat tərzini təbliğ və mədh edir. Ən acınacaqlı hal odur ki, bu telekanallar "yaxşı və rahat yaşayışın təmini əxlaqa və mənəviyyata zidd getməkdən keçir" kimi meyilləri yaymaqla sanki millətə qənim, düşmən kəsiliblər! Artıq ictimaiyyət üçün adiləşən kriminal olaylar, ailədaxili qətllər, ər-arvad münasibətlərinin ən iyrənc yönümdə pozulması kimi hallar heç də qloballaşmanın təsiri yox, məhz bu telekanalların hər gün "praym-taym" vaxtında evlərimizə dürtdükləri verilişlərin məntiqi nəticələridir! Maarifçilik və milli-mənəvi dəyərləri qorumaq kimi vacib bir vəzifəni bazar münasibətlərinə, "qaz vurub, qazan doldurmaq" niyyətlərinə qurban verən telekanal rəhbərləri təəssüf ki, bu bədnam fəaliyyətlərini dayandırmaq niyyətində deyillər!

Akademik Ramiz Mehdiyev 5 il öncə bunları deyir, telekanalların efir siyasətlərinin mahiyyətini təhlil edir, kütləvi neqativlikləri üzə çıxarır, dönüş yaradılmasını tələb edirdi.

 

Cəhalətin gücü bizim

sükutumuzdadır

 

Akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasındakı çıxışı müdrik ağsaqqalın düzgün nəsihətləri, görkəmli dövlət xadiminin uzaqgörən tövsiyələri, ən əsası isə böyük ziyalının mənəviyyat manifesti idi!

Yuxarıda 4, 5, 7 il öncənin faktlarına toxunduq. Cəmiyyətdə hökm sürən çatışmazlıqlar, məlum sahələrdəki mənəvi böhranla bağlı tənqidlərini, iradlarını, narazılıq və narahatlığını hörmətli akademik daim bildirib. Şübhəsiz ki, rastlanan çatışmazlıqlarla bağlı qarşıdakı illərdə də hər zaman öz prinsipial mövqeyini göstərəcək.

Ramiz Mehdiyev yalnız dövlət quruculuğu prosesində deyil, həm də mənəviyyat məsələsində də dəyanətli Azərbaycan mücahidi olduğunu, Pezident İlham Əliyevin ideyalarının ən sadiq tərənnümçüsünə çevrildiyini sübut edib. Bu missiyada onun yanında minlərlə, on minlərlə ziyalı, elm xadimi, ictimai fəal dayanmalıdır.

Susmayaq, ətrafımızda tüğyan edən dini cahilliyə, fərdi nadanlığa, intellekt geriliyinə qarşı dirəniş göstərək, mənəvi aşanmaya və kütləvi savadsızlığa aparan proseslərə mane olaq! Unutmayaq ki, mənəvi bəlaların səbəbkarları, bu prosesə rəvac verənlər bir ovucdurlar - bizlərdən dəfələrlə azdırlar. Onların gücü bizim susqunluğumuzda, laqeydliyimizdədir!..

 

Ədalət.-2014.-31 oktyabr.-S.5.