"YADA DÜŞDÜ"

 

Ədəbi-bədii jurnallar arasında artıq öz yerini möhkəmlətmiş, hətta müəyyən məqamlarda özünəməxsusluğu ilə fərqlənməyi bacarmış "Yada düşdü"nün növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında da onun təsisçisi şairə Nəzakət xanım ənənəsinə sadiq qalaraq elə ilk səhifədən oxuculara üz tutub. Onları jurnalın bu sayı üzərində, yəni Vətənə, torpaq, Azərbaycançılıq üstündə kökləyibdi. Onun Milli Ordumuzun zabiti olan oğlu Ramilə ithaf etdiyi "Zabit anasıyam mən" şeiri də məhz dediyim sevginin misralarda ifadəsidi. "Yada düşdü"nün daimi yazarlarından olan Şəmistan Nəzirlinin, baş redaktor Nahid Hacızadənin, yazıçı Qərib Mehdinin həmişə sevə-sevə oxunan və jurnalın nostalji prinsiplərini önə çıxaran araşdırma, təhlil və bədii notlar üstündəki yazıları, hekayələri hər bir oxucu kimi məndə də təkcə xoş duyğular deyil, həm də dünəndə qalan xatirələrə kövrək bir sızıltı da yaradır.

Ümumiyyətlə, bu jurnaldakı nostalji yaradıcı sözün aurası həm jurnalın adının, həm də onun məramının bütün çalarını tam şəkildə sərgiləyir. Lap elə qələm dostumuz Rafiq Hacıyevin "Anamı xatırlayanda" rubrikası altında jurnalda çap olunmuş yazısı, İsa Muğannanın son müsahibəsi, Fərqanə Mehdiyevanın Təbrizdə böyük Şəhriyarın ziyarətində olarkən onun oğlu ilə həm söhbət olması, səhnəmizin unudulmaz Yaşar Nurisi ilə bağlı Zöhrə Fərəcovanın publisistik düşüncələri, həmçinin dəyərli qələm adamı, jurnalist İradə Sarıyevanın Akif Səmədin 50 yaşına həsr etdiyi "Gəlmişdi, ürəklə getdi" yazısını oxumamaq, o aurada xəyallara dalmamaq mümkün deyil.

Jurnalda çap olunmuş Talıbın şeirləri, həmçinin Nəzakət xanımın silsilə şeirləri çox maraqla oxunur.

Onun:

 

Göz oxşayan çiçək nə çox çəməndə,

Sən dərdiyin çiçəyini qoxla, sev.

Gül ətriylə düşməyəsən kəməndə,

üzdüyunü tər çiçək tək qoxla, sev.

 

Bu baharda çiçəyi bol, gülü bol

Sən də baxıb öz gülünə heyran ol.

Özgə gülü sonda olar tikan, kol,

Sənə qalar öz çiçəyin qoxla, sev.

 

- misralarını oxuduqca şairənin təkcə özəl duyğuları yox, həm yaşanmış həyat təcrübəsinin tərənnümü, təbliği oxucunun qəlbinə yol tapır.

Ümumiyyətə, jurnaldakı hekayələrin uşaq dünyasına baxışı, yeni kitablarla bağlı bilgi xarakterli materialların çap olunması, böyük Bəxtiyar Vahabzadənin, ustad Şəhriyarın anılması, Qılman İlkinin yad edilməsi, Salatın Əhmədlinin, Vahid Məhərrəmlinin, Sahibə Sədnik qızının digərlərinin söz ərməğanları bu jurnalın hər an yada düşməsində mütləq öz təsirini göstərəcəkdi.

Düşünürəm ki, "Yada düşdü"nün bu isti yay günündə oxucularla görüşə gəlməsi onun oxucuları unutmamasından, qarşılıqlı olaraq bir-birilərinin yaddaşında yaşamasından xəbər verir.

 

Əbülfət Mədətoğlu

Ədalət.- 2014.- 3 sentyabr.- S.3.