Yazıçılar Birliyinin
yeni layihəsi təqdim olundu
Bu gün
Azərbaycan Yazıçılar
Birliyində (AYB) "Aybkitab.az” saytının təqdimat mərasimi keçirildi. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qeyd etdi
ki, "Aybkitab.az” saytı Yazıçılar
Birliyinin yeni layihəsidir. Layihə çərçivəsində
bu loqo altında
kitabların nəşri,
online satışı, təbliği,
çap olunmuş kitabların müəllifləri
ilə imza günlərinin keçirilməsi,
yeni müəlliflərin
oxuculara tanıdılması,
bölgələrdə onlarla
görüşünün təşkili həyata keçiriləcək. Eləcə də
satışdan cəmlənən
vəsaitlə müəlliflərə
qonorar ödəniləcək.
Mətbuat xidmətinin rəhbəri
vurğuladı ki, bu, xəbər saytı deyil, sırf layihəni dəstəkləyən saytdır. Bununla belə,
saytın xəbər
bölməsində nəşr
olunacaq kitablar və onların müəllifləri qabaqcadan
elan olunacaq. Artıq ilkin olaraq nəşr
olunacaq 3 kitabın elanı yerləşdirilib.
Bunlar şair Elşad Ərşadoğlunun
şeirlər kitabı,
Sahilə İbrahimovanın
"Çevriliş” romanı
və İlqar Fəhminin "12 cildlik kitab”larıdır.
X.Rza onu da diqqətə
çatdırdı ki,
yaxın günlərdə
hekayə müsabiqəsi
də keçiriləcək.
Mətbuat xidmətinin
rəhbəri əlavə
etdi ki, "Aybkitab” layihəsinə
"Vektor” nəşriyyatı,
"Yazıçı” nəşriyyatı,
"Yayım Assosiasiyası”
və "Kitabevim.az”kimi
müstəqil təşkilat
və nəşriyyatlar
da dəstək verəcəklər.
X. Rza həmçinin bildirdi ki, yeni layihəyə
əsasən, "Aybkitab.az” saytından başqa
"Ayb.tv” internet televiziyası, habelə rusdilli yazarlar və oxucular üçün
"Aybru.az” saytı yaradılacaq:
"Hazırda bu istiqamətdə işlər
gedir. Bütün bu saytlar və televiziya vahid "Ayb.az” saytında
birləşəcək. Hazırki
"Ayb.az" saytı isə
"Ayb.media" adı
ilə əvəzlənəcək”.
Mərasimdə çıxış edən
Yazıçılar Birliyinin
katibi İlqar Fəhmi vahid loqo altında kitabların çap olunmasının əhəmiyyətindən
danışaraq yazıçıları
birlik nümayiş etdirməyə səslədi.
O qeyd etdi ki, bu addımla
kitabların pərakəndə
çapına son qoyulacaq:
"Artıq o dönəmdir
ki, qələm adamı yalnız əsər yazmaq haqqında düşünməlidi,
kitabın nəşri,
reklamı haqqında yox. Səpələnmək bizi aciz göstərir. Yeni ədəbiyyat,
yeni nəsil qələm sahibləri formalaşır ki, onları bir araya toplamaq borcumuzdur. Xırda axınlar birləşib
böyük sel yaratmalıdır ki, gücümüz hiss olunsun
və ümumi dəyərlərə xidmət
etsin”.
Tədbirdə çıxış
edən şairə Gülxanı Pənah isə təklif etdi ki, istər
yeni Ayb.tv-də, istərsə də saytda ədəbi tənqidə daha çox yer ayrılmalıdır ki, oxucular yeni əsərlərin
zəif və güclü tərəflərini
görə bilsinlər.
Xanım
şairə vurğuladı
ki, qərəzsiz, sağlam tənqid daha peşəkar, səviyyəli ədəbi
nümunələrin ərsəyə
gəlməsinə kömək
edəcək.
Ədalət. - 2014.- 11 sentyabr.- S. 3.