Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq
Musiqi Festivalı keçiriləcək
Heydər Əliyev
Fondunun və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il sentyabrın 18-dən
28-dək Bakıda ənənəvi
Üzeyir Hacıbəyli
VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Adalet.az Heydər
Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 tanınmış musiqiçi
və kollektiv iştirak edəcək. Onların arasında
Belarus Respublikasının Dövlət
Kamera Orkestri, "Arirang” nəfəs alətləri kvinteti,
"Avstraliyanın gənc
virtuozları” ansamblı,
Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov, eyni zamanda,
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellası, Azərbaycan Dövlət xalq çalğı alətləri
orkestri, Q.Qarayev adına Dövlət kamera orkestri, ölkəmizin tanınmış
incəsənət ustaları,
gənc istedadlı musiqiçilər və digərləri var.
Festivalın konsertləri
Azərbaycan Dövlət
Filarmoniyası, Beynəlxalq
Muğam Mərkəzi,
Dövlət kamera və orqan musiqisi
zalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar
İttifaqı, Musiqi Mədəniyyəti Dövlət
Muzeyi, Ağcabədi
rayon "Qarabağ” Muğam
Mərkəzində keçiriləcək.
Festival çərçivəsində
Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılır.
Həmin günlərdə
musiqisevərlər üçün
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında V.A.Mosartın "Fiqaronun
toyu” operasının premyerası nümayiş
olunacaq, Azərbaycan Dövlət Filarmoniyasında
görkəmli bəstəkarımız
Süleyman Ələsgərovun
90 illiyinə həsr olunmuş yubiley konsert təqdim ediləcək.
Festival çərçivəsində
Azərbaycan Bəstəkarlar
İttifaqının təşkilatçılığı
ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda
elmi-praktik konfrans,
"Trio-klassik” ansamblının
konserti və "Muğam Ensiklopediyası”nın
(rus dilində nəşri) təqdimat mərasimi də keçiriləcək.
Ədalət. - 2014.- 17 sentyabr.- S. 4.