Cəmiyyət
ədəbiyyata minnətdar olmalıdı...
Bu günkü müsahibim tənqidçi Elnarə Akimovadır.
-Elnarə xanım, bu gün ədəbi
mühütdəki tənqidin vəziyyəti sizi qane edirmi?
- Əslində tənqidin
missiyası şərh etməkdirsə, tənqidçinin də
birinci missiyası buna yönəlməlidir. Mən bir dəfə
bu fikri demişəm, yenə də bu fikirdəyəm ki, tənqid
ədəbiyyatın kollektiv zəkası kimi üzdə
olmayınca onun varlığından söhbət getməyəcək.
Təəssüf ki, bu
günkü prosesdə tənqidin davamlı deyil, daha çox
epizodik iştirakından söhbət gedə bilər. Deyək, ki,
bu missiyanı müəyyən qədər "oxu zalı”
öz üzərinə götürüb. Hər ay bir əsər müzakirəyə
çıxarılır, həmin əsərə bir neçə
tənqidçi öz münasibətini bildirir. Müəyyən fikir mübadiləsi, mübahisələr
olur, müəllif öz fikirlərini, iradlarını
bildirir. O başqa məsələ ki, burada ədəbi
dəyələr necə qorunur, hansı təsəvvürlərdən,
hansı estetikanın prinsiplərindən
çıxış edilir. Nəticədə əsərlə
bağlı eyni məqamda rəy müxtəlifliyi yarananda
proses də canlı görünür, tənqidin özü də.
Amma başqa yanaşmalar da var təbii. Kimsə xoşuna gələn bir əsəri
götürüb oxuyur, onun haqqında yazmağa ehtiyac hiss
edir və s. Yaxud tənqid düşüncə ərazilərini
genişləndirir, əsərdə nədənsə təsirlənib,
hansı məqamdansa tutunub özünün düşüncələrini,
yanaşmasını sərgiləyir. Esse
janrında məsələn. Tənqidçi
ədəbiyyat müstəvisi üzərində
özünün sənət və həyat haqqında
konsepsiyasını qoyur ortaya. Bütün
bunlar həm tənqidi, həm də ədəbi prosesi öz
içində ehtiva eləyən bir hərəkatın
göstəricisi olmaqla bahəm, tənqidi sovet dövründə
ona yüklənmiş əsərlərin qoşqusu olmaq
missiyasından uzaqlaşdırır.
O ki, qaldı digər məsələyə.
Vəziyyət sizi qane edirmi deyirsən, əzizim Samirə! Tənqidin inkişaf mexanizmini stimullaşdıran
müəyyən amillər olmalıdır. Bilirsinizmi, təbii ki, ədəbiyyat ilk növbədə
əsərlər deməkdi. Bəs tənqid
nə üçündür? Tənqid də
həmin əsərləri cəmiyyətə, oxucuya təqdim
edən, onun məziyyətlərini, sənətkarlıq
xüsusiyyətlərini açan, yəni başqa bir dil ilə
oxucuya yaxınlaşan elmdir. Amma bu gün bunu
stimullaşdıran bir mexanizm olmadığından tənqidçilərimiz
də dolanışıq ucbatından tənqidlə yox,
pedaqoji fəaliyyətlə, nə bilim cəmiyyət problemləri
içrə gəzişməklə məşğuldurlar,
bir qismi ədəbiyyat tarixi məsələləri ilə
ilğilənir, digər qismi bir yazıçı, yaxud
şair haqqında bütöv kitab yazmaqla görünməyi
məqbul hesab edir.
-Sizcə nələr etmək
lazımdır ki, tənqidin vəziyyəti istənilən səviyyədə
olsun?
- Tənqidçilər bir orqan ətrafında
birləşsinlər, ayrıca bir qurumları olsun. Hal-hazırda bizdə ədəbi-tənqid
şöbəsi yaradılıb. Ümid
edək ki, uğurlu missiyalar həyata keçiriləcək.
Yaxşı olardı ki, tənqid
assosiasiyası da yaradılsın. Biri var
bunu hansısa sosial şəbəkədə yaratmaq, biri də
var daha qlobal, daha məqsədyönümlü şəkildə
yanaşma sərgiləmək. Ancaq indiki
şəraitdə hələ ki, belə fikirləri həyata
keçirmək irreal görünür. Bunu
ölkənin yeganə tənqid orqanı olan "Tənqid
net”ə münasibətdən də görürük. Hər dəfə jurnalın nəşri ilə
bağlı müəyyən instansiyalardan sponsorluq xahiş
etməklə hara qədər yürümək olar ki? Jurnalla bağlı simvolik olaraq yuxarı dairələrə
məktub da ünvanlandı. Nəticə
oldumu? Bu, ümumən cəmiyyətin ədəbiyyata
ayırdığı diqqətin nəticəsi idi.
Biz məsələyə
qlobal yanaşmaqdan daha öncə onun öz içimizdən
nəşət edən problemlərini çözməliyik bəlkə
də. Hamı deyir ki, tənqid yoxdu, amma hamı tənqiddən
umur. Bəs yazıçı-tənqidçi
münasibətlərində nə qədər kübar, mədəni,
anlaşıqlı davrana bilirik? Bu gün
bir yazıçının tənqidçiyə verdiyi qiymət
həmin tənqidçinin yazıçıya verdiyi qiymətlə
ölçülür. Tutaq ki, tənqidçi
hansısa bir yazıçı haqqında xoş söz deyirsə,
o da həmin yazıçını ən yaxşı tənqidçi
hesab edir. Yox, əgər tənqidçi
işdi-şayəd çaşıb
yazıçının əsərindəki hansısa məqamlara
tənqidi yanaşırsa, münasibətlər üz yüz
altmış dərəcə dəyişir. Təbii ki, mövqeyi olan tənqidçi
üçün belə cahil yanaşmaların önəmi
olmamalıdır. O cümlədən, özünə,
sözünə, istedadına arxayın olan
yazıçı tənqiddən qorxmaz, qorxmamalıdır hər
halda...
-Sizcə yazıçı tənqidə
nə dərəcədə əhəmiyyət verməlidi? Və yaxud da mövqeyi necə olmalıdır?
-Yazıçının tənqidə
verdiyi qiymət onun özünün öz
yaradıcılığına hörmətidir. Bir vaxtlar dəbdə olan bir söz vardı, elə
indi də həmin ifadəni işlədirlər ki, mən tənqidçi
üçün yox, oxucu üçün yazıram. Əvvəla, qələmimizdən çıxan hər
şey elə oxucu, daha doğrusu oxucusu üçün
yazılır. Üstəlik, tənqidçi
də elə oxucudu, amma müəyyən biliyə sahiblənmiş,
mütaliəsi olan, zövqü formalaşmış oxucu.
Meydana qoyulan mətn bir də peşəkar
süzgəçindən, elmi-nəzəri düşüncədən
keçsə əhəmiyyətli olmazmı? Bu baxımdan mən düşünürəm ki, hər
bir yazıçıya tənqidçi fikri maraqlı
olmalıdı. Əgər kimsə deyirsə
ki, maraqlı deyil, mən onun səmimiliyinə inanmıram.
Və bunun da xeyli nümunələrini
görmüşəm.
-Bir tənqidçi kimi bu
günkü ədəbi mühit kənardan sizə necə
görsənir?
-Bu gün çox istedadlı imzalar
var. Bunu müəyyənləşdirmək üçün
yazarın lap kiçik bir köşə yazısı belə
kifayət edir. Misal üçün, Şərif
Ağayarın köşə yazısını oxuyanda belə
mən zövq alıram. Amma eyni zamanda
acıyıram. İstedadın cəmiyyət
xırdalıqları içrə paylanması səbəbinə.
İçərisində o qədər enerji olan insana imkan
yaratmaq lazımdır ki, ədəbiyyatla məşğul ola bilsin. "Haramı”nı
yazan qələmdən daha mükəmməl əsərlər
sıza bilsin. Yaxud da Seymur Baycanın, Qan
Turalının, Mirmehdinin, Şəhriyarın, Fəridin
keçib gəldiyimiz zamanı – onun faciələri,
keçid dövrünün ortaya
çıxardığı çətinlikləri, həmin
illərdə gəncliyə vurulan zərbələri öz mətnlərinə
hopdurmaq istedadı var ki, nəsrin diriliyini təmin edən
strategiyanı hazırlaya bilərlər.
Bilirsinizmi, adətən,
80-ciləri itirilmiş nəsil adlandırırlar. 90-cıların
da bədbəxtçiliyi ondadır ki, onlar
oxunmadıqları bir dövrə gəlib
çıxdılar. Bir çoxları
onları oxumayaraq deyir ki, yaza bilmirlər, istedadları yoxdur, əvvəl
yazsınlar, sonra inqilabi ədada bulunsunlar. Amma bu gün
onları kim oxuyur?! Mən
müxtəlif ədəbiyyat dairələrini
bölüşürəm. Yeni nəsil ədəbiyyatından
məlumatsızlığın şahidi oluram. Ədəbi yekunlarla bağlı məruzələrimizdən
sonra çox alimlərin belə tanımadığı gəncin
əsərinə göstərilən diqqəti ironiya ilə
qarşıladıqlarını görürəm. 90-cı
illərdən sonra dayanıbmı proses, yeni zaman ardınca
yeni imzalar gətirməli deyilmi? Mənə belə
gəlir ki, bu gün ədəbiyyat inkişafda və hərəkətdədir.
Gözlənilən nəsr əsəri də,
şeir nümunələri də bu günkü istedadlı
insanların qələmindən çıxacaq.
Bu fikri indi daha inamla deməyimdə əsas var. 90-cılarla bağlı müəyyən araşdırmalar üzərində işləyirəm. Bu dövr poeziyasının bir nəsr qədər çəkisi, ağrı yükü var. Yalnız nəsr əsəri zamanı, dövrü ilə bağlı gələcəyə mesaj ötürmür ki... 90-dan üzü bəri formalaşan poeziya nümunələri göstərir ki, yeri gələndə bu missiyanı poeziya daha naturfəlsəfi boyalarla ədəbiyyata gətirməklə realizə edə bilər.
-Bu gün yazılan nəsr əsərlərində, romanlarımızda nə çatışmır?
-İlk növbədə, gerçəkliyin təqdimi və bununla yanaşı qoyulacaq sirr, mətnin məhculluq qatı. Mətnin daxili strukturunun əsasında məhz, bu iki amil dayanır. Bir də dil amili təbii ki.
-Sizcə yazarlarımız mətnlərində səmimidirlər?
-Məsələ burasındadı ki, hədsiz səmimidirlər. Burda səmimillik sözü yazarın içinin şəffaflığından daha çox yazı texnologiyasındakı bicliyin yoxa çıxması mənasında qavranmalıdır. Heç bir mətləb axtarışına meyl etməmək, etalonsuzluq – yəni, düşündüklərini bir mövzunun içinə daxil edib tələm-tələsik təqdim etmək mərəzi əsəri estetik bütövlükdən məhrum edir.
-Dosxanıncı illərdən üzü bəri cəmiyyət olaraq çox ağır günlər yaşadıq. Bununla yanaşı vəziyyəti əks etdirə biləcək, xüsusilə də Qarabağ müharibəsinə aid yetərli ciddi ədəbiyyat nümunələri yaranmadı. Siz nə düşünürsünüz bu barədə. Nə səbəb oldu buna? Əgər istedadlı nəsil var idisə, niyə həmin əsərlər yaranmadı?
-Məncə, cəmiyyət müharibə mövzusunda az-çox elə ədəbiyyata minnətdar olmalıdı. Çünki, onun özünün unutduğu məqamlarda ədəbiyyat bu mövzulara daha həssas yanaşdı. Müharibə mövzusunda xeyli nəsr nümunələri yarandı. Ola bilsin ki, dünya ədəbiyyatına maraqlı ola biləcək səviyyədə əsər ortaya qoyulmadı. Yəni Azərbaycanın hüdudlarını yarıb dünya hüdudlarına çıxası əsərlər yazan olmadı. Bunun üçün daha əhatəli, daha bütöv yanaşmaya ehtiyac var. Bilirsinizmi, roman müəllifi bəlkə də əsərdə Allah səviyyəsində olmalıdır ki, hadisələrin pik nöqtəsindən, zirvə məqamından baxış sərgiləyə bilsin. İnanaq ki, bir gün Qarabağ haqqında gözlədiyimiz həmin əsər yazılacaq. Belə əsər yazılacaqsa, elə bunu 90-cı illərin içərisindən keçən yazarlar yazacaq. Çünki, içlərində müəyyən qədər həmin ağrını yaşamış, bişirmiş insanlar bu hadisələri daha dərindən hiss edə bilirlər. Nə qədər yuxarı qalxsalar da aşağıları seyr eləmək onlara çətin olmayacaq. Həmin ağrılarına, şüuraltında ilişib qalan zərbələrin yaddaşına sığınıb yaza biləcəklər. Ümumiyyətlə, vaxt ötdükcə Qarabağ mövzusuna daha mühafizəkar yanaşıram. Elə bilirəm ki, illər keçdikcə, daha çox yaddaşsızlaşmaya doğru gedirik. Qarabağsız bir nəsil böyüyür. Mən övladıma erməni xisləti ilə bağlı müəyyən informasiya ötirə bilərəm, Qarabağın gözəlliyini tərənnüm edən onlarla şeir öyrədə bilərəm. Amma mən ona torpaq itkisinin necə əzablı bir şey olduğunu tam dərinliyi ilə yaşada bilmərəm. Barikkonun "Yeni əsr” əsərində bütün həyatını gəmidə keçirən pianoçu tək bircə dəfə sahilə çıxmaq qərarına gəlir və limana düşməmiş geri qayıdır. "Sən orda nə gördün ki, qayıtdın” sualına cavabı belə olur: iş bundadır ki, mən orda heç nə görmədim. Bəlkə də müqayisə qüsurludur. Amma müəyyən dərəcədə həqiqəti əks etdirir. Gözünü açıb torpağı yad əllərdə görən uşaq sabah onu qaytarmağa hansı əzmlə atılacaq ki... Ona görə razıyam ki, səfərbərlik elan olunsa mənim qardaşım da, yoldaşım da müharibəyə getsinlər, döyüşsünlər. Məsələ çözülsün və gələcək nəsillərə ötürülməsin.
-Elnarə xanım, bəs bu gündən boylananda XX əsr Azərbaycan ədəbiyyatı sizə necə görsənir?
-Ümumiyyətlə, XX əsr ədəbiyyatı dedikdə daha çox 60-cılar yada düşür. Yaxud əsrə tarixi-tipoloji vahid kimi yanaşmayıb, eləcə sovet dövrü ədəbiyyatını təhlil etməklə məşğuluq. Halbuki, XX əsrin birinci yarısında yaranan ədəbiyyat əsrin xüsusiyyətlərinin açılmasında daha çox kodları, şifrələri nişan verir. Yəni tarixə bütöv yanaşmaq lazımdı, qırıq-qırıq yanaşanda, elə yanaşmanın özü də dağınıq olur. Məsələn, son zamanlar Səməd Vurğun yaradıcılığı dəfələrlə olduğu kimi, yenidən ittiham predmetinə çevrilib. Profan düşüncə meydan sulayır. Eyni səxavətlə, gərək Müşfiqi də ədəbiyyat yaddaşımızdan silək ki, "yenə o bağ olaydı”nı yazan şair niyə təbini zorlayıb "Buruqlar arasında” poemasını yazırdı, yaxud Cavidi qınayıb küskünləşək ki, "İblis”i yazan bir qələmdən niyə "İblisin intiqamı” zühur edirdi... Niyələrin sayını istənilən qədər artıqmaq olar. Əsas olan cavabdı ki, onu da zaman verir. Öz mürəkkəbliyi, faciəsi, təzadları ilə...
-Elnarə Akimova imzası son zamanlar az görünür. Bu nə ilə bağlıdı?
-Hal-hazırda doktorluq
işimlə bağlı araşdırmalar aparıram. Bu
üzdən, bir müddət prosesdən çəkilməyə,
elmi işimə köklənməyə qərar vermişəm.
Amma müasir ədəbiyyat həmişə mənim daxilimdədi,
inşaallah çox çəkməz qayıdaram.
Samirə Əşrəf
Ədalət.
- 2014.- 18 sentyabr.- S. 4.