Azərbaycanda labirint
formalı unikal qəbir abidə tapılıb
Azərbaycanın Naxçıvan
Muxtar Respublikasının
Kəngərli rayonunda
yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı labirint tipli unikal abidə tapılıb.
Bu barədə apa-ya Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya
və Etnoqrafiya İnstitutunun aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib.
Onun sözlərinə görə,
labirint formalı qəbir abidə həyətyanı sahələrin
birindən tapılıb. Arxeoloq bildirib ki, Azərbaycanda
arxeoloji qazıntılar
zamanı bu tip abidə ilk dəfədir aşkarlanıb: "Abidənin
içərisindən boyalı
qab tapılıb. Qəbir abidənin e.ə. III minilliyə, tunc dövrünə aiddir”.
Q.Ağayevin sözlərinə
görə, Şahtaxtı
arxeoloji abidələr
kompleksi nəinki Azərbaycanda, Qafqazda, Yaxın Şərqdə,
bəlkə də dünyada yeganə arxeoloji abidədir ki, burada eneolit
dövründən bu
günə kimi intensiv yaşayış olub: "Əhali 8 min il öncə, mis-daş dövründə
ərazidə məskunlaşıb
və bu gün də həmin ərazidə yaşayır. İntensiv yaşayış olduğundan abidədə
bütün mədəni
təbəqələr üst-üstə
yerləşir. Builki qazıntıların
son nəticəsi ərazinin
stratoqrafiyasını dəqiqləşdirmək
məqsədi daşısa
da, buna nail olmaq mümkün olmayıb. Ancaq əldə olunan
faktlar Şahtaxtı yaşayış yerinin yaşının daha qədim dövrə - Eneolit dövrünə
aid olmasını təsdiqlədi”.
Q.Ağayev bildirib ki, bütün regionda unikal abidə hesab olunan Şahtaxtı arxeoloji kompleksini qorumaq üçün ərazi açıq muzey elan olunmalı,
burada arxeoloji qazıntılar yalnız yay aylarında deyil, ilboyu aparılmalıdır:
"Qədim Şahtaxtı
kəndi Azərbaycana
böyük tarixi şəxsiyyətlər bəxş
edib. Böyük İpək Yolunun
kənarında, Azərbaycanla
İran arasındakı
sərhəd-keçid məntəqəsinin
yaxınlığında yerləşən
bu abidənin açıq muzey kimi nümayiş etdirilməsi çox vacibdir”.
Şahtaxtı
arxeoloji kompleksində kəşfiyyat xarakterli ilk qazıntı
işləri 1936-cı ildə aparılıb və abidənin
son tunc, erkən dəmir
dövrünə aid olması söylənilib.
1978-1987-ci illərdə AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun
Naxçıvan Elm Mərkəzi ilə
birlikdə apardıqları arxeoloji
qazıntılar abidənin daha qədim
dövrlərə aid olmasını
müəyyənləşdirib: "Ola bilsin ki, Şahtaxtı arxeoloji abidələr kompleksi
eneolit dövründən də qədimə
aiddir. Amma müəyyən çətinliklər
üzündən yaşayış yerində mədəni təbəqələri
axıra qədər izləmək mümkün
olmayıb və bunun nəticəsi olaraq mədəni təbəqələr sona qədər izlənilməyib”.
Ədalət.
- 2014.- 19 sentyabr.- S. 4.