QALEYÇİ NƏBİ
İnsan Mənzərələri
Uşaqlığımda yaman
başı bəlalı idim...
İndi də qolumu boynumdan asmışdılar. Məhəd əmimin, (Qaleyçi Məhəd) iki öküzün boyunduruğuna qoşub gətirdiyi yoğun, uzun qoz kərəni yoldan xeyli aralıya düşürmüşdü.
Məhəd əmim atamın əmisi qızı Fatma mamamın həyat yoldaşı idi. İranın Ərdəbil şəhərindən mühacirət etmiş Məhəd kişi Qaymaqlı kəndində məskunlaşmış, Fatma mamamı aldıqdan sonra ömrünün axırına qədər həmin kənddə yaşamışdı. Elə Qaymaqlı kəndinə qalayçılıq, dəmirçilik sənətini də o gətirmişdi. İlk şagirdi Nəbi əmim olmuşdu. Sonralar Tağı oğlu Əhməddən nalbəndlik sənətini də öyrənmiş Nəbi kişi İncə Dərəsində və ətraf kəndlərdə də Qaleyçi Nəbi, kimi tanınmışdı.
İndi boynumdan asılmış sağ qolum da bu qoz kərəninin ustündən yıxılarkən altımda qalıb, biləyimdən qırılmışdı. Cəmisi altı yaşım olardı. Qırılaraq biləyimdən qanrılıb əyilmiş qolumu görəndə vahiməyə düşüb qışqırdım. Səsimə gələn Məhəd əmi sinmış biləyimi ovcuyla sıxaraq qucağına açıb evlərinə apardı. Ağlaya-ağlaya özünü üstümə salan anamı görəndə, ürəklənərək daha da bərkdən qışqırıb ağlamağa başladım.
Yaxşı ki, kəndimizin sınıqçısı Çörökçoğlu Məhəmmədin evi bizə yaxın idi. Məni tezcə onlara apardılar.
Çörəkçioğlu Məhəmməd İncə dərəsinin ən hötmətli, səxavətli və müdrik kişilərindən idi. Qazağın hər tərəfindən qolu, qıçı, beli sınanlar onun yanına pənah gətirər, bağladığı sınıqların isə hamısının düz bitişdiyindən ətraf bölgələrin ən yaxçı sınıqçısı kimi tanınırdı.
Qıvrım saçaqlı dəyirmi papağı heç vaxt başından əskik olmayan bu iri cüssəli, pəhlivan biləkli kişi, - " Pahoog Xurdxəşil olub ki... (adəti beləydi, görünür sınığın çətinliyini nümayiş etdirməklə çətin işi necə asanlıqla görə bilməsi məharətinin görüntüsüydü bu adət) - deyəndə bağrı qana dönən anam bir az da pərişan olub hönkürməyə başladı.
Məhəmməd baba əvvəlcədən hazırlanmış yuxa taxta parçalarını gətirib, üstünə ağ mələfə saldığı taburetin üstünə düzdü. Beş-altı yumurtanı qırıb sarısını ağından ayırdı və iri mis cəmin içinə tökərək atılamağa başladı. Sonra sakit bir görkəm alaraq mənə yaxınlaşdı. Mən cınqırımı içimə salıb, başı papaqlı, üzü saqqalı bu nəhəng kişinin bütün hərəkətlərini diqqətlə izləyirdim. Sərt görkəmi bir andaca mülayimləşdi:
-De görüm kişisən?
- deyərək sınmış biləyimi əlinə
aldı. Sınıq ağrısını təsvir etməyə
ehtiyac yoxdu. Məhəmməd babanın bu bircə kəlmə
sözü məni sehrləmişdi. O,
yavaş-yavaş biləyimi sığallayaraq tam
toxtamağımı gözlədi. Özümdə bir cəsarət
hiss edərək ağzımı açdım ki,
"kişiyəm" - deyim, elə o andaca biləyimi qəfil
dartışla dartıb sümükləri
ağız-ağıza otuzdurdu. Qəfil dartışla, qəfil
qışqırtım bir andaca baş verdi.
-Tamam, tamam. Qurtardıq
oğul balam, səninki burayaca qədər idi.
Doğrudan da qoçu kişisənmiş, - deyərək
nazik, yastı çubuğun birini biləyimin altından,
birini də üstündən qoyaraq, yumurta sarısına
batırılmış ağ kətan
sarğı ilə napnazik çöpə bənzəyən
biləyimi sarımağa başladı.g
Bu gün isə üç
gün öncə yıxılıb qolumu
sındırdığım həmin qoz kərəninin
üstündə qatarla oturduğum həmyaşıdlarımla
Qaleyçi Nəbinin kəlləri necə nallayacağına
tamaşa edirdim. Biz oturduğumuz yerdən aralı olan xırman yerinə
xeyli adam toplaşmışdı. Kolxozun qoşquya qoşulacaq dörd kəlini
nallamağa gətirmişdilər.
Taxıl biçini təzəlikcə
bitmişdi. Kəndimizdə
texnikanın olmadığından demək olar ki, kənd təsərrüfatlarının
bütün sahələrində, - istər əkində-biçində,
istər döyülmüş dənin xırmanlardan arabalarla
daşınmasında və s. işlərdə ancaq atlardan,
öküzlərdən və kəllərdən istifadə
olunurdu. İndi müasir adamlara qəribə
görünsə də həmin illərdə atlarla
yanaşı uzunqulaqlar, öküzlər və kəllər
də nallanırdılar.
Kəllərin
nallanacağı həmin xırmanda bir həftə öncə
Həbi əmim, payına düşən sündül dərzilərini
vəl vasitəsi ilə döyürdü. Bu işi əsasən
küləkli gündə edirdilər ki, taxta kürəklərlə
döyülmüş dəni mümkün qədər
yuxarı ataraq sovurmaq mümkün olsun. Vəllə
dənin döyülməsi isə mənim üçün
çox maraqlı bir əyləncəyə bənzəyirdi.
Yaxşı bilirdim ki, xasiyyətcə
çox tündməcaz olan Nəbi əmim öz oğlanlarından
məni seçmirdi. Bəlkə də məni onlardan daha
çox istəyirdi. Belə ki, atamın
çoban qarmağına bənzəyən bir qarmaq düzəltmək
eşqinə düşəndə Nəbi əmimdən
xahiş etmişdim ki, mənə bir dəmir halqa düzəltsin.
O, tərəddüd etmədən razılaşdı,
kötüyə bərkitdiyi iri nal kəsən
qayçıyla boçqa kəmərindən bir qarış
qərəli kəsib həmin halqanı düzəldərək
mənə vermişdi. İnanın ki, bir
başqa uşaq bunu istəsəydi, çətin ki, dərhal
bu işi etməyə razılaşardı.
Eni bir metrə, uzunluğu isə
iki metrdən uzun olan taxta vəllər eynən xizəyə
oxşayırdı. Altından açılmış
deşiklərə qara, kələkötür çay
daşları bərkidilmiş bu aləti atlara, öküzlərə
qoşaraq iri xırmanlarda dən sünbüldən aralanana qədər
kirşə kimi çəkərək dövrə vururdular.
Nəbi əmim, vəl bir az da ağır olsun deyə məni,
oğlanları Əmirxanı və Etibarı vəlin
üstündə oturtmuşdu. Sol əliylə
atın yüyənini əvəz edən uzun
qayışı tutub, sağ əlindəki başı
saçaqlı qamçısını şaqqıldadaraq
atı qovurdu. At sürətlə dövrə
vurduqca biz, sanki sarı bir dənizin üzəri ilə
şütüyürdük. Vəlin yanlarından bərk-bərk
yapışaraq gülüşə-gülüşə
qışqır-bağır salırdıq, hərdən də
əlimiz vəldən üzülərkən
dığırlanıb qılçıqlarla dolu
samanların içinə yuvarlanırdıq...g
Qoz kərəni xırmandan
aralı olduğundan kəl nallanan xırmana
yığılanlar bizə əhəmiyyət vermirdilər və
biz sığırçın balaları kimi kərənin
üstündə qatarlaşaraq arxayınca xırmanda
qurulmuş bu maraqlı tamaşını seyr edirdik. Sağ qolum çiynimdən
asıldığından uşaqlar mənə toxunmaqdan
ehtiyat edirdi və buna baxmayaraq mən öz dəcəlliyimdən,
ötkəmliyimdən geri qalmırdım.
Payız dönəmi olmasına
baxmayaraq günəş göydən od ələyirdi.
Amma maraq bizi elə
çulğamışdı ki, günəşin odlu nəfəsini
tamamilə unutmuşduq. Payız əkini
üçün nallanacaq kəllər baş-başa
bağlansalar da insan tünlüyündən
xaflanmışdilar, enli burun pərələrini oynada-oynada
fısqırır, qan çanağına dönmüş
gözlərini qəzəblə bərəldirdilər.
Kəllər, öküzlərə nisbətən
güclü və qəzəbli olurlar. Bu
baxımdan onları nallamaq da çox təhlükəli və
müşkul məsələ idi. Amma
Qaleyçi Nəbi də bu fısqıraraq dırnaqları
ilə xırmanı göyə sovuran kəllərdən geri
qalan dəliqanlı deyidi.
Atam yeri düşdükcə
Nəbi əmimin igidliklə dolu macəralarından mənə
xeyli danışmışdı. Fəxrlə Nəbi əmimə
baxaraq həmin hekayətlərdən birini xatırladım:
- Həə, oğul, günlərin
birində Nəbi əmin kola oduna gedərkən üstünə
bir qoyun iti hücum edir. Qurumsunu adlayıb
(Qurumsu İncə dərəsinə bitişik erməni kəndidir)
sarı yoxuşa yaxınlaşanda qoyun sürüsünü
görüb çobanı səsləyir ki, ay İrvam, ay
İrvam, itləriyin qabağına dur üstümə gəlməsinlər.
Haxvəkili çovan İrvam itlərə sərtlənsə
də, Qizil it onun sözünü eşitməyib Nəbi əminin
üstünə şığıyır. Quyruğu, qulaqları dibindən kəsilmiş Qizil
it adıyla məşhur idi. Sürüyə
düşmüş beş
çanavarı necə boğub parçaladığı
dillərdə dastan olmuşdu. Aslana bənzəyən
həmin qızıl it indi qızıl quş kimi gənc Nəbinin
üstünə gəlirdi.
Çoban İrvam əlacsız
vəziyyətdə qışqırır ki, ay Həbi,
başına dönüm iti öldürmə. Məsafə
xeyli aralı olduğundan Nəbi bu aslan misal itdən necə
canını qurtaracağını götür-qoy edib
durduğu yerdə ayaqlarını yerə pərçimləyir.
Üzü yuxarı şığıyan
Qızıl it bir sıçrayışla Qaleyçi Nəbinin
sinəsinə tullanır. Özünü
itirməyən Nəbi kəlbətinə bənzəyən
iri əlləriylə itin boğazından yapışır.
Ağzı köpüklənmiş Qızıl
itin gözləri bərəlib hədəqəsindən
çıxır. Uca boylu, enli kürəkli
Nəbi dəmir barmaqlarıyla itin nəfəsini kəsir.
Təntimiş köpək bu dəfə
canını onun əlindən almaq üçün
çabalamağa başlayır.
Qaleyçi Nəbini
yaxşı tanıyan çoban İrvam qaça-qaça
onlara tərəf gəlir. Əslində o, Nəbini
yox, itini xilas etmək üçün tələsirdi. Amma gecikmişdi. Dili uzanıb ağzından
çıxmış Qızıl it Həbinin
qucağındaca canını tapşırmışdı...g
Nəbi əmi əlindəki iri
sicimi aça-aça enlikürək, bığı burma cavanlara tapşırıqlarını verməyə
başladı:
-A cavanlar, ağlınız ata,
öküzə getməsin. Buna qara kəl deyərlər.
Əlimizdən çıxsa hamımızı
şiləploy edər. Siz ancaq
buruntağı keçirənə qədər mənə
kömək edin və dərhal da aralanın. Allah eləməmiş bircə təpiyi kimə dəysə
o dünyalıq edər, - deyib əlindəki kəndiri ilməkləyərək
ehmallıca kəlin buynuzlarına keçirdi. Kurməklə kəndiri kəlin buynuzuna bərk-bərk
bağladıqdan sonra halqa formarasında düzəltdiyi ilgəyi
kəlin burnuna keçirib buruntaqlamağa başladı.
Buruntaq sıxıldıqca kəsgin ağrı hiss edən kəl
bir az sakitləşdi.
-İndi siz geri çəkilin,
bu üzülmüşün qalan işi mənlikdi - deyib, kəndirlə
birgə bir dövrə vuraraq qara kəlin ayaqlarının
dördünü də iri bir ilgəyə salıb darta-darta
ilgəyi daraltmağa başladı.
Başqalarını bilmərəm,
mən Nəbi əmimin nələr edəcəyini bilirdim. Bundan əvvəl
də öküzləri nallayarkən bu üsuldan istifadə
etmişdi. Heç ağlıma gəlməzdi
ki, təkbaşına o boyda öküzün dizlərini
qatlayıb, bir göz qırpımında tarppıltı ilə
yerə yıxıb sinəsinə çoksün. Amma
hiss olunurdu ki, kəlləri yıxmaq o qədər də asan
iş deyil. Mən isə Nəbi əmimin
gücünə, cəsarətinə arxayın idim. Hətta içimdə əfsanəvi bir qəhrəmana
bənzətdiyim Nəbi əmimlə bir fəxarət hissi
duyurdum.
Eynən həminki üsulla
kəlin ayaqlarını ilgəklədiyi kəndiri darta-darta
qoluna doladıqca yerində firlanan kəlin ayaqları bir-birinə
yaxınlaşırdı. Ayaqlarının ilgəyi
daraldıqca buruntaqlanmış başı da
yığılan ayaqlarına tərəf burulurdu. Kəl ağlına belə gəlməyən bir tələnin
əsirinə çevrilmişdi. Az
keçməmiş kəlin ayaqları tamamən bir nöqtəyə
yaxınlaşdı və Nəbi əmimin sərt bir
dartışıyla müvazinətini itirən kəl guppultu
ilə yerə yıxıldı. Çabalamağa
macal tapmamış bir qızılquş çevikliyi ilə
kəlin əyilərək ayaqlarına
yaxınlaşmış başını buynuzlzrından
ayaqlarına bağlayıb, falaqqaya bənzəyən
mancanağı yaxına gətirməyi cavanlara əmr etdi.
Tam əlacsız qalmış kəlin iki qabaq
ayağını cüt bağlayıb kəndirin ucunu iki cava
ağlana uzatdı, qalan iki arxa ayağını da bir cütləyib
arxaya çəkdi. Görüc
ağacından hazırlanmış mancanaq (Nəbi əmim
doqqaz deyirdi) qurşaq səviyyədə düzəldilmişdi.
Beləliklə o, köməkçi
cavanların vasitəsiylə kəlin qabaq ayaqlarını
mancanağın qabaq haçasına, dal ayaqlarını da
arxa haçaya bağladılar. Çətin
əməlyyat başa çatmışdı. Kəl arxası üstə sakitcə uzanarağ, bərəlmiş
gözləriylə maddım-maddım Nəbi əmimin hərəkətlərini
izləyirdi.
O, boynundan asdığı ağ əski
ilə üzünün tərini silib, alətlərlə dolu
taxta çamadanını qabağına çəkdi, dirnaq
yonanı, mıxı kəsən xüsusi kəlbətini,
bir ucu çəkic, bir ucu mismarı çıxaran nalbənd
çəkicini və qalın dəmirdən kəsbhazırladığı
ay parasına oxşayan nalları qabağına tökərək
kəli nallamağa başladı...g
Atam deyirdi ki, oğul, bax bu
yaşadığımız evi Nəbi əmin
bağışlayıb bizə. Abdulla əminlə mən
körpə olduğumuz zaman atamızı itirdik, anamız bir
başqa adama ərə getdi. Ərə getdiyi adam çox varlı idi və bizi qəbul etmədi.
Ona görə bizi, bizdən xeyli böyük
olan Nəbi əmin saxlamalı oldu. Həmin vaxtlar
heç on beş yaşı tamam
olmamışdı. Əlacsızlıqdan bir
yaşlı qadınla evləndi ki, bizə baxan olsun.
Sonra isə bu evləri də mənimlə Abdulla əminə
verib, özü indi yaşadığı bu yurdu aldı.g
İllər ötüb
keçdi. Mən
beşinci sinifdə oxuyarkən, anamın və Nəbi əmimin
təkidiylə atam o toya, - kürün o biri tərəfində,
Qarayazı meşəsinin ətəyində yerləşən
"Meyvə, şitilçilik" sovxozuna
köçüb, orada yaşayıb işləməyə
razılaşdı. Qabağını kəsən
tək məsələ mən idim. Həmin sovxozda orta məktəb
dördüncü sinfə qədər olduğundan mən kənddə
qalmalı idim və Nəbi əmim atamı arxayın
salıb dedi ki, onsuzda Məmmədi mən səndən
çox istəyirəm. İndi də beş
yox, qoy altı balam olsun.
Beləcə, Nəbi əmimgildə
yaşadığım o beş ildə
sevgi və sayğıdan başqa bir acı söz eşitmədim
bu sərtməcaz kişidən və xoşxasiyyət Həcər
bibidən.
Nəbi əmimin kiçik
oğlu Etibar dünyaya gələndə birinci həyat
yoldaşı Cahan xanım vəfat etmişdi. Etibarın
doğulmasından qırx gün ötdükdən sonra
Qaleyçi nəbinin qayınanası Cavar nənə
müharibəyə gedib qayıtmamış oğlu Eyubun dul
qalmış həyat yoldaşını, - gəlini Həcər
xanımı qızının yerinə gəlin göndərmişdi.
"Qoy yetim nəvələrimə öz kəlinim
baxsın" - deyib bu addımı atıbmışdı
Cavar nənə. Nur - ipək Həcər
xanım analarından yetim qalan dörd balanı doğma anadan
da çox sevərək böyüdüb, boya başa
çatdırdı. Həmin illərdə
elə mənə də anadan əziz oldu Həcər ana.
Mən tələbə olarkən
Həbi əmim dünyasını dəyişdi. Tiflisdə xəstəxanada
yatdığı zaman yoluxmaq üçün xəstəxanaya
getdim. Sağ tərəfini iflic vurmuşdu. Dağ boyda kişi əriyib yumağa
dönmüşdü. Məni görəndə
kövrəldi, dikəlmək istəsə də bacarmadı.
Gözlərində ki, yaşı görəndə
kövrəldim. Heç zaman onu ağlayan
görməmişdim. Mənə dediyi son sözlər hələ
də qulaqlarımda səslənir: - "Səndən
çox razıyam, oğul, sən oxudun, Bakıya qəbul
oldun. Bütün zəhmətimi sənə
halal edirəm...g"Mən isə...gOnun heç bir borcunu
qaytara bilmədim. Bacardığım tək
şey - "Eşqəm" adlı ikinci kitabımda
özüm işlədiyim portretini ilk səhivədə verməklə,
həmin kitabı onun nurlu xatirəsinə həsr etdim.
Həcər
bibimin son günlərinə qədər
qayğılarımı ondan əsirgəmədim və o da
dünyadan köçəndə - " haqqımı Məmmədə
ana südü kimi halal edirəm" - deyib dünyadan
köçdü. Hər ikisinə Allah rəhmət eləsin.
Məmməd
Dəmirçioğlu
Ədalət.
- 2014.- 13 sentyabr.- S. 9.