XƏTİB
TƏBRİZİNİN ƏDƏBİ-NƏZƏRİ
GÖRÜŞLƏRİ
Nəzəri fikir tariximizdə özünəməxsus yeri olan, bədii əsərlərə yazdığı müfəssəl, məzmunlu şərhlərlə ədəbiyyatşünaslıq elmimizin, bədii təhlil sənətinin bünövrə daşlarını qoyan Xətib Təbrizinin ədəbi-nəzəri irsi uzun müddət Azərbaycan oxucusu üçün əlçatmaz olmuşdur. Ancaq ölkəmizdə şərqşünaslıq elminin inkişafı, ərəb filologiyası ilə məşğul olan mütəxəssislərin formalaşması Xətib Təbrizinin sənət xəzinəsinin açarını əldə etməyə imkan vermişdir. İstedadlı, cəfakeş şərqşünas alim Malik Mahmudovun uzunmüddətli tədqiqatının nəticəsi kimi 1972-ci ildə "Xətib Təbrizi" adlı monoqrafiyanın işıq üzü görməsi, on il sonra, 1982-ci ildə yenə həmin müəllifin "Piyada Təbrizdən Şama qədər" kitabının nəşri, müstəqillik illərində yeni milli metodologiyanın tələblərinə uyğun şəkildə araya-ərsəyə gətirilmiş 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabında görkəmli ədəbiyyatşünasın həyatı və yaradıcılığı haqqında geniş oçerkin verilməsi həm Xətib Təbrizinin dövrü, mühiti, şəxsiyyəti, həm də onun zəngin ədəbi-nəzəri irsi haqqında dolğun elmi təsəvvürün yaranmasına səbəb olmuşdur. Malik Mahmudovun "Onu (Xətib Təbrizini - R.Y.) ilk növbədə Azərbaycan elmi fikrinin ən azı üç əsrlik inkişaf tarixi yaratmışdır" (s.7) qənaəti son dərəcədə məntiqi və inandırıcıdır. Təsadüfi deyil ki, Xətib Təbrizini "ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı" (Yaqut Rumi), "fazil şeyx, ədəb elminin rəhbəri, ədəbiyyatşünaslığın bayraqdarı" (Məhəmməd Rasim) hesab etmiş tanınmış şərqşünas alimlər, o cümlədən akademik İ.Y.Kraçevski bu görkəmli ədəbiyyatşünasın yaradıcılığına çox yüksək qiymət vermişlər.
Yəhya Əli oğlu Xətib Təbrizi (1030-1109) Təbrizdə yoxsul bir ailədə anadan olmuşdur. Elmə marağı onu doğulduğu şəhərdən ayrılıb Məərrəyə getməyə həvəsləndirmişdir. Görüb-götürmək, öyrənmək həvəsi Xətib Təbriziyə uzun müddət payi-piyada yol getməyin, ac-susuz qalmağın bütün əzablarını unutdurmuş, o, məşhur ərəb şairi və alimi Əbu-l-Əla Məərridən (973-1057) şeir sənətinin, ədəbiyyatşünaslıq elminin sirlərini öyrənmişdir. Biliyini təmənnasız şəkildə qabiliyyətli insanlara öyrətməkdən zövq alan Əbu-l-Əlanın elmi səviyyəsi gənc Xətibi heyrətləndirmiş və o, heyranlığını "Görəsən ərəblər elə bir söz deyiblərmi ki, onu Əbu-l-Əla bilməmiş olsun?" sualı ilə ifadə etməyə müvəffəq olmuşdur. Müəllimin vəfatından sonra Təbrizə qaydan Xətib sonra yenə də səyahətini davam etdirmiş, Suriyaya, Dəməşqə, Misirə gedib görkəmli alimlərlə ünsiyyət qurmuş, öz biliyini daha da dərinləşdirmişdir. 1067-ci ildə Bağdadda "Nizamiyyə" mədrəsəsi açılandan ta ömrünün son günlərinədək Xətib Təbrizi orada olduqca səmərəli müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Bu görkəmli alim ömrü boyu ərəb dilində yazıb yaratsa da, onun bütün əsərlərində türk düşüncə tərzi, türk ruhu özünü büruzə verməkdədir. YII-YIII əsrlərdə əsir tutularaq Məkkə və Mədinəyə aparılan azəri türkləri tezliklə öz istedadları ilə, yaratdıqları gözəl əsərlərlə bütün ərəb dünyasını əsir etmişlər. İbn Qüteybə Dinəvərinin (828-889) "Mədinədə elə bir məvali şair (ərəb poeziyası ənənələri zəminində formalaşan əcnəbi şair - R.Y.) yoxdur ki, o əslən Azərbaycandan olmasın" fikrini tarixin qaranlıqlarına işıq salan son dərəcə önəmli faktlar sırasına daxil etmək olar.
Xətib Təbrizi müəyyən mənada "məvali şairlər"in davamçısı idi. Ərəb şairindən, alimindən dərs alan Xətib Təbrizi ömrünün sonuna kimi "Nizamiyyə" mədrəsəsində ərəblərə şeir sənətinin sirlərini öyrətmişdir. Öz müəllimi, orta əsr ərəb ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Əbu-l-Əla Məərrinin, eləcə də digər məşhur ərəb şairlərinin əsərlərini yazılı şəkildə izah etmək təşəbbüsü göstərməklə şərh sənətinin, nəzəriyyənin, eləcə də mətnşünaslığın təməl daşını qoyan Xətib Təbrizi bədii təhlilin, nəzəri-estetik fikrin prinsiplərini də hazırlamışdır: "Ən yaxşı şərh odur ki, qısa və aydın olsun, uzun və cansıxıcı olmasın" (s.112);
Şairlərin mədhiyyə ilə məşğul olmalarını bəyənməyən Xətib Təbrizi çox doğru qənətə gəlirdi ki, şairləri bu yola sürükləyən yoxsulluqdur.
O, "Həməsə" (qəhrəmanlıq), "Səqt-əz-zənd" (Çaxmaq daşının ilk qığılcımı) və s. əsərləri şərh edərkən yeri gəldikcə vəzn və qafiyə, bədiyyat, üslub məsələləri haqqında da söhbət açmış, "Əruz və qafiyə elminin yekunu" (Kafi fi elmey əruz va qavafi") adlı tədqiqatında isə zəngin ərəb poeziyası nümunələri əsasında həmin nəzəri problemlərlə bağlı dəyərli fikir və mülahizələrini irəli sürmüşdür.
Xətib Təbrizinin nəzəri-estetik görüşlərində təkcə bədii formaya yox, məzmuna da xüsusi diqqət yetirilirdi. Alim bədii inikas zamanı həyat həqiqətlərinin real şəkildə əks etdirilməsinə daha çox önəm verir, şairi yalanlardan uzaq qaçmağa səsləyirdi. O, "Şərh əl-Həmasə" əsərində yazırdı: "Yalanlardan ilham alan bir şairin yaratdığı əsərlər onun öz evinin divarlarından kənara çıxa bilməyəcək, dərhal ölüb gedəcəkdir. Həyat həqiqətlərinə sadiq qalan poeziyanın isə ömrü əbədi, bədii təsir gücü ölçüsüzdür" (Bax: Malik Mahmudov, "Piyada Təbrizdən Şama qədər", Bakı, 1982, s.93).
Xətib Təbrizinin ədəbi-nəzəri irsini böyük bir cafakeşlik və məhəbbətlə araşdıran Malik Mahmudov çox doğru qənaətə gəlir ki, Xətib Təbrizi ideyanı, fikri, məzmunu poetik sənətin ən ümdə keyfiyyəti səviyyəsinə qaldırmaqla şeirə yeni baxışın əsasını qoyur. Azərbaycan alimi ilk dəfə olaraq forma kamilliyi ilə məzmun gözəlliyinin vəhdəti prinsipini irəli sürür və şairin yaradıcılığına qiyməti bu prinsip əsasında verir (Malik Mahmudov, "Piyada Təbrizdən Şama qədər", Bakı, 1982, s.96-97). Bu isə sənətə yeni meyarlarla yanaşmanın metodologiyasını hazırlamaq baxımından çox əhəmiyyətli bir məsələ idi. Ona görə ki, Xətib Təbriziyə qədər Şərq poetikasında məzmundan çox bədii formaya, ifadəyə daha çox üstünlük verilirdi. Xətib Təbrizi isə "mənaların verilməsi şərhdə zəruridir və belə olmasa oxucu ondan heç bir fayda götürə bilməz" qənətinə gəlirdi.
Buradan bədii şərhin əsas vəzifələrindən birinin "şairin əsas fikrlərini oxucuya çatdırmaqdan ibarət olması" ideyası meydana çıxır. Görünür, çox-çox sonralar meydana gələn "ədəbi tənqid yazıçı ilə oxucu arasında körpü olmalıdır" fikri də məhz on birinci əsrdə yaşayıb-yaradan Azərbaycan aliminin mülahizələrindən qaynaqlanmışdır.
Ədəbi prosesdə oxucu amilinin mühüm faktor olması fikri də ilk dəfə Xətib Təbrizinin əsərlərində bu və ya digər şəkildə öz əksini tapmışdır. Bu isə onun öz müəlliminin düşüncələrindən qaynaqlandığı şübhə doğurmur. Malik Mahmudovun kitabında oxuyuruq: "Əbu Təmmamın yüksək bədii üslubda yazılmış şeirlərinin mənasını başa düşməyən müasirləri bir gün ona belə bir sual verirlər: - Siz nə üçün başa düşülən dildə şeir demirsiniz? Şair bu sualdan heyrətlənərək onlara sualla cavab verir: - Bəs siz nə üçün deyiləni başa düşmürsünüz?" (Göstərilən əsəri, səh.73). Deməli, şeiri təkcə necə yazmaqdan yox, həm də necə şərh etməkdən, necə anlamaqdan da çox şey asılıdır. Xətib Təbrizinin öz müəlliminin divanına yazdığı şərhdə oxuyuruq: "Ola bilsin ki, bir beyt iki məna versin, bunlardan biri daha qüvvətli olsun. Bunları o şəxs ayıra bilər ki, düşüncəsi aydın, zehni isə iti olsun" (Bax: Malik Mahmudov, göstərilən əsəri, səh.102). Deməli, bədii mətni şərh etməklə bərabər, onu anlamaq da son dərəcə vacib məsələlərdəndir. Elə indinin özündə də "düşüncəsi aydın, zehni iti" oxucuya çox böyük ehtiyac vardır.
Xətib Təbrizinin digər fikir və mülahizələri də şərh sənətinin mahiyyətini anlamağa yardımçı olur, yazıçı, tənqidçi və oxucu arasındakı dialektik əlaqəni anlamağa istiqamət verir: "Ola bilsin ki, şərh etdiklərimdən bəziləri mənim göstərmədiyim başqa bir məna versin. Əgər oxucu şeirlərin mənasına və şirlərin mövzularına bələd olsa hiss edər ki, mənalar həqiqətən müştərəkdir. Məsxərəçilərin, şeirin mənalarından xəbərdar olmayanların. Ərəblərin kəlamında səriştəsiz olanların düşüncəsi bu mənaları ayıra bilməz, şairin səviyyəsinə yüksələ bilməz" (Bax: Malik Mahmudov, göstərilən əsəri, səh.103). "Şeir kütləvi, mənalar isə müştərəkdir. Mümkündür ki, sağlam düşüncə izahda şairin vermək istədiyi mənanı onun ifadə etdiyindən daha güclü versin. Əgər münsif bu məsələyə düzgün yanaşsa başa düşər ki, bu, kitabın ümumi qayəsinə və mənasına daha yaxındır" (Bax: Malik Mahmudov, göstərilən əsəri, səh.104).
Əbu Təmmamın divanına yazdığı müqəddimədə özündən əvvəlki şərhçilərin yazılarına münasibət bildirən, bu yolla getməyəcəyini, başqa üsullar seçəcəyini bəyan edən Xətib Təbrizi elə bil ki, şərh sənətinin mahiyyətini, onun meyarlarını müəyyənləşdirmişdir: "Əbu-lƏla öz kitabında Əbu Təmmamın şeirlərindən çətin beytləri dağınıq şəkildə götürərək izah etmişdir. Mən isə onun şeirlərini əvvəldən axıra qədər yazacaq, çətin sözlərini və bəzi qrammaatik məsələləri izah edəcək, mənalarını açacaq, şeirlərlə əlaqədar tarixi xəbərlərə toxunacağam ki, bunlar zəruridir. Yeri gəldikcə Əbu-l-Əlanın izah etdiyi çətin beytlərdə söylədiyi fikirlərə, Əbu Əli Əhməd Mərzuqinin "Əbu Təmmamın zülməti üzərində qələbə" adlanan kitabındakı mülahizələrə, Amədinin şairin şeirləri barəsində söylədiklərinə, Sulinin rəvayətlərinə, Qali ləqəbi ilə tanınmış Əbu Əlidən və digər şeyxlərdən rəvayət olunan fikirlərə işarə edəcəyəm. Məqsədə ziyan verməyəcək dərəcədə qısa və yığcam olmağa çalışacağam.
Mən divanın şərhində alimlərin fikrini müqayisə eldib sonra onlara üstünlük verəcəyəm. Çünki onlardan bəziləri doğru hərəkət etmiş, bəziləri isə yanılmışlar". (Bax: Malik Mahmudov, göstərilən əsəri, səh.138-139).
Buradan belə nəticə çıxarmaq olar ki, bədii təhlil, şərh zamanı təkcə əsərin özünə yox, onun haqqında yazılan bütün məqalələrə, tarixi səndlərə, mövzuya uyğun rəvayət və əfsanələrə belə müraciət etmək, müqayisələr aparmaqla elmi nəticəyə gəlmək çox vacib məsəldir. Ancaq bu işin öhdəsindən hər adam yox, tükü tükdən seçməyi, elmi nəticələr çıxarmağı bacaran analitik təfəkkürlü insanlar gələ bilərlər ki, Xətib Təbrizi də məhz belə bir alim olmuşdur.
Əbu Təmmamın
belə bir beyti var:
Şikayət etdim dövrana cismimin zəifliyindən,
O da
məni göndərdi
Əbdülhəmidin üstünə.
Bu beyti Xətib Təbriziyə qədər şərh edənləri təccübləndirən
o idi ki, Əbu Təmmam mədhiyyə janrının
tələblərini pozmuşdur. Ona görə ki, xəstələnən adam həkimin yanına gedər, varlı adamın yox. Xətib Təbrizi isə həmin beyti belə şərh edirdi: "Fəqirlik, pulsuzluq şairin ac qalmasına səbəb olmuş və bunun nəticəsində də bədəni zəifləmişdir. Bunun üçün
həkimə yox, varlı şəxsə müraciət etmək lazımdır. Şairin zəifliyini
həkimin verdiyi dərmanlarla müalicə
etmək olmaz, ona maddi kömək
göstərilməlidir. Əbu Təmmam öz beytində məhz bu məqsədi izləmiş və mədh olunan şəxsdən səxavət
göstərməyi xahiş
etmişdir. Bu, mədhiyyə
şeirinin tələblərinə
uyğundur" (Bax: Malik Mahmudov, göstərilən əsəri,
səh.143-144).
Xətib Təbrizinin şərhində
nəyə əsas diqqət yetirildiyi göz qabağındadır. Ancaq bizə
elə gəlir ki, həmin beyti başqa cür şərh etmək olar. Məlumdur ki, Əbu Təmmam vüqarlı adam
olmuşdur. Elə buna görə
də onun mədhiyyə yazmaq yolu ilə pul
diləməsi məqbul
görünmür. Şəxsən mənə elə gəlir ki, həmin beytdəki əsas fikir misranın sətiraltı
mənasındadır. Şair kinayəli şəkildə
deyir ki, mənim yoxsul olmağımın səbəbkarı
varlılardı, dövran
da məni məni yoxsul eləyənlərdən birinin
- Əbdülhəmidin üstünə
göndərir.
Əlbəttə, bunu deməklə məqsədimiz böyük ədəbiyyatşünası tənqid etmək deyildir. Onu nəzərə çarpdırmaq istəyirik ki, təməlini Xətib Təbrizinin qoyduğu şərh sənətinin hazır meyarları, ülgüləri yoxdur ki, ona baxıb əsəri dəyərləndirəsən. Şərhçinin bədii mətnə fərdi yanaşmasından çox şey asılıdır və hər bir ədəbiyyatşünas onu öz zövqünə, anlamına uyğun şəkildə izah etməyə çalışır ki, bu da təbiidir.
Yüksək ədəbi zövqə, poetik duyuma malik olmadan, nəinki ədəbiyyatın, şeir sənətinin qanunauyğunluqlarını, eləcə də digər elmləri mükəmməl bilmədən, müqayisələr aparıb elmi nəticələr çıxarmaq qeyri mümkündür. Görünür Xətib Təbrizi məhz bunları nəzərdə tutduğu üçün bu qənətə gəlmişdir ki, şeiri təhlil etmək onu yazmaqdan çətindir. Ədəbiyyatşünas şairin lakonik cizgilərlə, eyhamlarla, sətiraltı mənalarla əks etdirdiyi fikirləri başa düşməsə, onları necə şərh edə bilər?
Bütün
bu deyilənlərdən belə qənaətə
gəlmək mümkündür ki, ədəbi-nəzəri fikir
tariximzin formalaşmasında Xətib Təbrizinin
özünəməxsus yeri və rolu olmuşdur. Nəinki Azərbaycanda, Şərqdə, eləcə
də bütün dünyada
şərh sənətinin, mətnşünaslığın
təməlini qoyan bu
görkəmli şəxsiyyətin elmi-nəzəri irsinin öyrənilməsi, onun
bədii əsərlərin şərhi və təhlili üçün
formalaşdırdığı ədəbi meyarların nəzərə
alınması ədəbiyyatşünaslıq elmimizin gələcək inkişafına həmişə
yardımçı olmaq
iqtidarındadır.
Ədalət.
- 2014.- 25 sentyabr.- S. 4.