Xalça Muzeyindən xoş təəssüratlarla

 

Sentyabrın 27-də Beynəlxalq Turizm Günü ilə əlaqədar ölkə ərazisində yerləşən bir çox mədəniyyət obyektləri öz qapılarını insanların üzünə açmışdı. Bu münasibətlə Adalet.az-ın müxbir heyəti də Xalça Muzeyinə gedərək yeni açılmış mədəniyyət ocağının eksponatları ilə tanış olub.

 Həmin gün əyləncəli festivalın təşkil edilməsinə baxmayaraq qonaqlar arasında gənclər üstünlük təşkil edirdi. Bu da müasir Azərbaycan gəncliyinin milli mədəniyyətə olan dəyərinin ehtivasıdır.

Möhtəşəm memarlıq üslubunda inşa edilən, profilinə görə dünyada nadir muzeylərdən biri olan Azərbaycan Xalça Muzeyində sənətkarlarımızın müxtəlif dövrlərdə hazırladığı xalçalardan başqa digər təsviri və tətbiqi sənət növləri də yer alır. Metal və zərgərlik nümunələri, toxuculuq məmulatları, təsviri sənət ustalarının müxtəlif janr və üslubda işlədiyi rəsmlər muzeyi daha da zənginləşdirir. Muzeydə Azərbaycan xalçaçılıq məktəblərinin hər birinə məxsus olan xalçalara təsadüf etmək mümkündür. Ornament və rəng motivləri, milli rəmzlərlə bəzədilən xovlu və xovsuz xalçalar öz rəngarəngliyi ilə tamaşaçıların zövqünü oxşayır. XVI əsrdə toxunmuş, orijinalı Londonun Viktoriya və Albert muzeyində saxlanılan "Şeyx Səfi" xalçasının muzey üçün hazırlanan nüsxəsi isə xüsusilə böyük marağa səbəb oldu. Azərbaycan xalçaçılıq sənətini dünyaya tanıdan bu xalça haqqında qonaqlara geniş məlumat verildi. Bəzi mənbələrdə İran xalçası olaraq göstərilən "Şeyx Səfi"nin tarixi barədə qonaqların diqqətinə çatdırılan dəyərli informasiyalar bu xalçanın milli mənsubiyyəti haqqında olan qaranlıq məqamlara bir daha aydınlıq gətirdi.

Muzeyin kitabxanasında Azərbaycan xalçaçılıq tarixini, məktəblərini, səciyyəvi üslub xüsusiyyətlərini, onun ornament motivlərini özündə əks etdirən kitablardan başqa teatr, musiqi və kino tarixi, nəzəriyyəsi haqqında olan kitablar, Azərbaycan və dünya ədəbiyyatı nümunələri də yer alır.

Sənətkarlar muzeyə gələnlərə qolbaq toxunmasında ən gözəl texnikaları öyrədərək, ustad dərsləri keçdilər. Muzeydə Azərbaycan rejissorlarının qısametrajlı filmləri, rəssamlar Ləman Yusifli və Mehriban Şəmsədddinskayanın işlərinin ekspozisiyası da qonaqlara təqdim edildi. "Natiq ritm qrupu”nun çıxışı dinlənildi.

Muzeydə digər nəzəri cəlb edən məqam isə yüksək texniki xidmətdir. İşçi heyətinin qonaqlara qarşı diqqəti digər mədəniyyət obyektləri üçün bir nümunədir. Kifayət qədər savadlı şəxslərdən təşkil edilmiş texniki personal, eksponatların tarixi, bədii üslub xüsusiyyətləri, işlənmə texnikası haqqında qonaqlara ətraflı məlumat verdilər.

Digər sevindirici məqam isə ölkəmizdə yaşayan xarici ölkə vətəndaşlarının milli mədəniyyətimizə böyük maraq göstərməsi idi. Qardaş Türkiyədən tutmuş uzaq Afrika qitəsinədək onlarla ölkədən olan turist açıq qapı günündən yararlanaraq muzeyə təşrif buyurmuşdu.

Gördüklərimiz onu söyləməyə əsas verir ki, Xalça muzeyinin fəaliyyəti Azərbaycan mədəniyyəti üçün bir hadisədir. Zəngin, rəngarəng kolleksiyası ilə bu muzey dünyanın ən qabaqcıl muzeyləri ilə rəqabət aparacaq gücdədir.

Qeyd edək ki, bizimlə etdiyi söhbətdə muzeyin direktoru Röya Tağıyeva gələcəkdə yeniliklərin nəzərdə tutulduğunu, muzeyin daha da zənginləşdiriləcəyini bildirdi.

 

Sahib Əsədbəyli

 

Ədalət. - 2014.- 30 sentyabr.- S. 4.