ƏLLİ BEŞ YAŞIN İSTİSİ, SOYUĞU

(Söhbət şair-publisist Əbülfət Mədətoğludan gedir)

Hər il yanvarın 1-də yeni ilin sevincləri ilə yanaşı, bir qələm dostunun, bir gözəl şairin, yorulmaq nə olduğunu bilməyən bir qəzet işçisinin-dünyanın hər gedişinə, həyatın hər olayına sözünü-sovunu deyən işgüzar bir publisistin də ad gününə sevinirsən. Başın yeni il sevinclərinə, sənə gələn təbriklərə, səndən gedən təbriklərə qarışsa da, o dostunu mütləq xatırlayırsan.

O, Əbülfət Mədətoğludur. Əbülfət Əliyevlə qarışıq düşməsin deyə familiyası ilə yox, atasının adı ilə imzasını tanıdıb. Qarabağın məşhur Tuğ kəndində dünyaya gəlib. Kənddə orta məktəbi bitirəndən sonra bir az fəhlə işləyib, sonra "Təşviqatçı" jurnalında korrektorluq edib, sonra ADU-nun tarix fakültəsində təhsil alıb, Füzulidə-"Araz" qəzetində işləyib, sonra yenə də Bakı-"Qarabağ" qəzeti və axırıncı sonrag "Ədalət" qəzeti.gİndi baş redaktor müavinidir və o qəzetin hər nömrəsində yazıları çıxır. Səhv eləmirəmsə, qəzetdə ədəbiyyat, sənət məsələlərinə baxır. Şeir və publisistik kitablarının sayı onu keçib. Tənqidçilər və qələm dostları da ona biganə deyillər, şeirləri haqqında Nizami Cəfərov, Vaqif Yusifli, Rüstəm Kamal kimi tanınmış münəqqidlərdən tutmuş İradə Aytelə qədər şairlər, şairələr, bəylər, xanımlar söz açıblar. Deməli, Əbülfət Mədətoğlu adlı bir qələm dostumuzun bu dünyada şikayətlənməyə, bəziləri kimi sızıldamağa heç bir haqqı yoxdur. Xoşbəxt adamdır, eləmi?

Xoşbəxtlik talenin töhfəsi deyil, gərək həyatda onu özün qazanasan və mənim fikrimcə, Əbülfət Mədətoğlu bir mənada özünü xoşbəxt saya bilər. Çünki bu dünyada ŞAİR adından böyük mükafat yoxdu. Əbülfət də öz talantı və şairlik məharətilə o mükafata ömürlük layiq görülüb. Onun öz oxucu auditoriyası var, "Ədalət" qəzetinin oxucularından başqa onu oxuyanlar çoxdu. İkincisi, o, həmişə sükan arxasındadır, qələm-rul əlindədir və əgər əlli beş yaşında otuz yaşında olduğu kimi yenə də ehtirasla yazı yaza bilirsə, bu da bir xoşbəxtlikdi.

Əbülfət Mədətoğlu bir də ona görə xoşbəxtdir ki, onun çoxlu dostları var və o dostlardan biri də mənəm. Əbülfətin dostları onu həmişə sadə, açıq ürəkli və səmimi bir insan kimi dərk ediblər.

O, bir insan ömrü yaşayıb və şeirlərinin birində yazır ki:

 

Bir ömür yaşadım, bu da qismətdi,

Qarası da oldu, ağı da oldu.

Boylandım arxada qalan günlərə,

Nisgili də oldu, çağı da oldu.

 

Gözəl axtarmadım, gözəllik gəzdim,

Açılan süfrədə duz-çörək kəsdim,

Hər sözün içindən min məna sezdim,

Bal-şəkər də oldu, ağı da oldu.

 

Tacım övladlarım, taxtım ailəm,

Onlar qoymadı ki, sınam, əyiləm,

Seçdiyim bu yoldan dönən deyiləm,

Beləcə bir ömrün bağı da oldu.

 

Əbülfət Mədətoğlu belə bir ömür yaşayıb və təbii ki, bu ömrün heç də xoşbəxtliklə ləbaləb dolu olduğunu iddia etmək də doğru olmazdı. O sadaladığım xoşbəxtliklərlə bir sırada Əbülfətin çətin, ağrılı, məşəqqətli günləri də olub. Əbülfət qaçqın həyatı yaşayan soydaşlarımızdan biridir və başqa qaçqınlardan fərqi ondadır ki, dərdini şeirlə deyə bilir. Olsun ki, hər gün doğulduğu Tuğ kəndini, Qarabağın gözəl təbiətini xatırlayır və dərdini həmişə şeirlə ifadə etsə də, şeir ona təsəlli üçün yarayır. Budur, Əbülfətin ən kədərli günlərinin biri:

 

A dağlar, qəriblik əyibdi məni,

Sıxılıb, bükülüb yumaq olmuşam.

Dərd əliağaclı döyübdü məni

Gözləri tutulmuş bulaq olmuşam.

 

Əzəldən dağlara Günəş, Ay yaxın,

Bəs niyə uzaqsan, mənə ay yaxın?

Vallah, salamatdı əlim-ayağım,

Yurdsuz ürəyimdən çolaq olmuşam.

 

Əbülfətin şeirlərində plakatçılıq, şüarçılıq, dərdi reklama çevirməklik yoxdur. O, zülm və əziyyət gördüyü, bunlara da sinə gərdiyi üçün kədəri də elə təbii verir. Özündən yalançı kədər, dərd uydurmur. Baxın:

 

Qaçqınlıq yaman zülümdü,

Adam adamlıqdan çıxır.

Ölümə yamaq ölümdü,

Çörək edamlıqdan çıxır.

 

Düzlükdən səhra düz qalıb,

Suyu qurumuş iz qalıb.

Dərdə səpməyə duz qalıb,

Dünya dünyalıqdan çıxır.

 

Bir şeirində də yazır ki: "Bağ-bostanım uralandı, Neçə dostum aralandı. Dərd mənə həyan durandı - Mən də ki, dərdə pənaham".

Əbülfətin şeirlərində dünya, insanlar, təbiət romantik çalarlarda nəzərə çarpır. Onun şeirlərinin əksəriyyətində pıçıltılar, sözü zərif və incə demək səriştəsi artır. O, sözə həmişə məsuliyyətlə yanaşır və yazır ki:

 

Ağacların nəğməsini

yarpaqlar oxuyur.

Yarpaqların nəğməsini

küləklər...

Çiçəkləri

şeh damlaları

oxşayır.

Günəşdən öncə

sonra da arılar,

kəpənəklər.

Günəşsə çimir şehdə.

Ürəkləri əvvəl

duyğu danışdırır,

Sonra da

qələm, kağız.

Ürəklə kağızın

arasında

hər kəsdən

deyilməmiş

söz qalır

bir ağız.

 

Əbülfətin ürəyilə kağız arasında deyilməmiş sözlər hələ çoxdur və yəqin ki, heç qurtarmayacaq da.

Son illərdə Əbülfət Mədətoğlunun şeirlərində lirik ab-hava çoxalmaqdadır. Şair sevgidən, bu sevginin gözəlliklərindən, onda yaratdığı hiss-həyəcan dalğalarından söz açır. Doğrusunu deyim ki, Əbülfətin bu sevgi şeirləri ilk andaca məni açmırdı. Zorən təbiblik, zorən Məcnunluq kimi görünürdü mənə. Amma sonra mən də bu şeirlərə alışdım. Hiss olundu ki, Əbülfətin bu lirik duyğuları dərdi unutmağa yox, dərddən dərdə adlamaq üçündür. Çünki sevginin dərd olduğu, amma şirin dərd olduğu sevənlərə məlumdur.

Ümumiyyətlə, Ə.Mədətoğlunun təqdim etdiyi sevgi dünyası bir fərdin çırpıntılarını ifadə etsə də, hisslərin, duyğuların saflığı, təmizliyi və hər şeyi açıq söyləmək, pünhaniliyə yox, sərbəstliyə meyl onu bir fərdin dünyasından bütün sevənlərin dünyasına apara bilir.

 

Dünyamız o qədər kiçik ki, dar ki,

Taleyin o qədər oyunu var ki,

Sən məni özünlə götür apar ki,

Həmişə gözünün önündə olum.

 

Əbülfətin sevgi şeirlərinin müxtəlif intonasiyalarda səslənməsi polifonizmi artırır. Elə bil şair demək istəyir ki, indi XXI əsr olsa da, Füzuli eşqinin-Məcnun eşqinin mahiyyəti dəyişməyib, yəni sevmək dünyanı dərk etmək, özünü dərk etmək deməkdir. Sevgi özünü başqasında, başqasını özündə tapmaqdır.

 

Yuxum çəkilib göyə,

Gözlərim qan çanağı.

Bu yaz yaman allanıb,

Həsrətimin yanağı.

 

Tumurcuqlar çırtlayır,

Şeh axır dodağından.

Ürəyim ovcumdadır,

Qorxuram qopmağından.

 

Bu şeirdə romantika ilə nəfəs alan, amma eşqini göylərdə yox, yerdə axtaran bir aşiqin duyğuları həkk olunub.

Deyə bilərəm ki, Əbülfətin bütün sevgi şeirləri "eşqi, məhəbbəti qoruyun" çağırışı üstə köklənib.

Deyə bilərəm ki, onun təsvirlərində gündəlik qayğılardan, umu-küsülərdən tutmuş romantik aləmin cazibələrinə qədər hər şey təbiidirg

 

səsinə zəng etmişdim,

səsimi tanımadı.

səsin buz kimi soyuq

səsinin odu hanı?

 

dərdə sinə gərmisən

de, bəlkə səngərmisən?..

bir şəkil göndərmisən

bəs bunun adı hanı?

 

Və onun bir sevgi şeiri ilə yaşının əlli beşini təbrik eləmək istəyirə. Məhz onun şeiri ilə onu təbrik edirəm...

 

atlanıbdı ürəyim,

çapır üzü sevgiyəg

neçə arzu-diləyim

yatır üzü sevgiyə.

 

hey uçuram yuxumda

çin olur bu yuxum da!

cismim, hətta ruhum da-

batır, düzü, sevgiyə.

işıq dolu bir həyat

səndən gəlib bu barat!

Allah bir dərya yarat -

Batır bizi sevgiyə!

Vaqif YUSİFLİ

Ədalət.-2014.-8 yanvar.-S.5.