"BİR İÇİM SU ÇƏKDİ CANIM"

Şeiri uzunçuluq, bol-bol söz yığımı, nəzmçilik müəyyənləşdirmir. Bəzən bir bənd və yaxud ikicə misra adamın ruhunu elə tovlayıb "dara çəkir" ki, təsirindən xeyli müddət yaxa qurtara bilmirsən. Poeziyada yenilik, navatorluq elə budur, yaşayıb-aradan Aybəniz Əliyarın "canım" şeirində bir neçə misra o saat diqqətimi çəkdi. Məni düşünməyə, xəyalımı pərvazlanmağa vadar elədi:

 

Ağrıdan yardım özümü,

Doğradım-çapdım özümü.

Səhrada tapdım özümü

Bir içim su çəkdi canım.

 

Səhra- genişlik obrazıdı. Eşq sərgərdanları sayılan Məcnuna və Leyliyə qucaq açan məkanlardı. Ancaq göz yaşına bələnən bir susuz, təşnə qəlb ordan da "bir içim su çəkməyi" bacarır. Çünki o qəlb eşq xəstəliyinə mübtəla olub, dərmanı yalnız səhralardı.

 

Qəmdən başqa yox heç nəyim,

Haqsızmı, yenə sevməyim?

Cananla getdi hər şeyim,

Ona görə təkdi canım.

 

Aybəniz söz adamı kimi başa düşür ki, bu təklik, bu yalqızlıq əlaməti deyil, ucalıq, yüksəklik əlamətidi. Axı, həqiqi söz adamı tək qalanda, özünə darılanda şair olur.

Sənin şairliyinə isə şübhə yoxdur, Aybəniz Əliyar, ya-yarat!

 

Ağacəfər Həsənli

MEŞƏ BOYU

 

Meşə boyu yam-yaşıl,

Ağaclar boyu yarpaq.

Rənginə ahəng qoşur,

Füsunkar ana torpaq.

 

Meşə boyu gülüzar,

Güllərinin ətri haqq.

Gözəl camalı aşkar,

Gözəl sinəsi çılpaq.

 

Meşə boyu quş səsi,

Yuvalayıb səadət.

Yeni sevda nəğməsi

Qoşur ana təbiət.

 

Meşə boyu bir xəyal,

Dolaşır pəjmürdə, bax.

Bir vurğunluqdur bu hal,

Məni özümə buraxg

CANIM

 

Eşqə açıb qucağını,

Qəm sarayı tikdi canım.

Bu sevgiyə acığını,

Göz yaşıyla tökdü canım.

 

Ağrıdan yapdım özümü,

Doğradım-çapdım özümü

Səhrada tapdım özümü

Bir içim su çəkdi canım.

 

Qəmdən başqa yox heç nəyim,

Haqsızmı yenə sevməyim?

Cananla getdi hər şeyim,

Ona görə təkdi canım.

 

Gecələrim dar ağacı,

Sükut yanmış ehtiyacı

Gözlərimdən çıxıb qaçıb,

Dan yerini sökdü canım.

AXŞAM

 

Qəlbimə boylanan axşam,

Gözlərimdir qürub yerin.

Ulduzlardır qızarışan

Şəfəq dolu kirpiklərin.

 

Saldım gözümdən eynəyi,

Bu axşamın qanı qara.

Bu axşam nəyə göynəyir

Üzün tutub uzaqlara?

 

Bitmir ki, can çəkişməsi,

Canımı çəkə bilmirəm.

Göylərində nalə səsi,

Tanrısının gözləri nəm.

 

Nə nagahan əsir külək,

Uğultusun nəğmə sayır.

Yanıb tüstülənən ürək,

Buyur, son axşam gəlir.

BƏSİMDİR

Daha heç nə istəmirəm,

Sən sağ, mən sağ, bəsimdir.

Həm gəzməyə, həm ölməyə,

Ana torpaq bəsimdir.

 

Naşı ürək zülmət yeri,

Elə baxma, çəkil geri.

İki gözüm bərabəri,

Yandı çıraq, bəsimdir.

 

Haqlı kimdir, haqsızdır kim?

Bilmirəm ki, açım deyim.

Bir mən, bir də sənsizliyim,

Bu təmtəraq bəsimdir.

 

Dan sökülürsabah-sabah,

Nə süzülür, ilhama bax!

Kim deyir ki, sevgi günah?

Gəl baxışaq, bəsimdir.

 

Cismim belə bivaxt qonaq,

Bu dünyamdır qələm-varaq.

O dünyaya aparacaq,

Bir parça bəsimdir.

 

Aybəniz Əliyar

ədalət.-2014.-9 yanvar.-S.7.