Uğurlara köklənən reallıq
Etiraf edək ki, ziyalılar bolluğunda yaşasaq da, əsil ziyalıya rast gəlmək, onunla həmsöhbət olub zövq almaq hər birimizə nəsib olmur. Belə təmaslardan sonra içində təmiz, işıqlı duyğular baş qaldırır və düşünürsən ki, böyük Məmməd Araz demiş: "Hələ yaşamağa dəyər bir az da..."
Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri Şükür Ömürmalı oğlu Məmmədov da məhz belə ziyalılarımızdandır. Neçə illərdir böyük bir kollektivə rəhbərlik edən Şükür müəllim dünyagörüşü, əxlaqı, davranışı ilə çoxlarına nümunə ola biləcək işıqlı, nurlu insanlarımızdandır. Təhsilimizin inkişafında özünəməxsus xidmətləri olan Şükür müəllim özü haqqında danışmağı sevməsə də, bildirdi ki, Hacıqabul rayon Təhsil Şöbəsinin nəzdində 32 ümumtəhsil məktəbi, 4 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 2013-cü ildə də kurikulumların tətbiqi ilə bağlı müəllimlərin öyrədici təlim kurslarına cəlb olunması təmin edilmişdir. Bu məqsədlə iyul-avqust aylarında 2013-2014-cü tədris ilində V-VI siniflərdə dərs deyəcək fənn müəllimləri üçün təlim kurslarında 13 fənn üzrə 160 müəllim iştirak etmiş, nəticəyə görə müxtəlif dərəcəli sertifikatlar almışlar. Ölkə Prezidentinin Sərəncamı ilə 2013-cü ilin "İnformasiya, kommunikasiya texnologiyaları" ili elan edilməsi ilə bağlı bir sıra işlər görülmüş, şəhərin 9 məktəbində qurulmuş internet xətdən istifadə olunması diqqətdə saxlanılmışdır. Muğan, Qarasu, Meyniman, Rəncbər, Qubalıbaloğlan, Navahı kənd, Navahı qəsəbə 1 saylı, Atbulaq kənd tam orta məktəblərində də yaxın vaxtlarda internet xəttindən istifadə edə biləcəklər.
Şükür müəllim qeyd elədi ki, ötən il ali və orta-ixtisas məktəblərinə qəbul olunmaq üçün sənəd vermiş məzunlardan 113 nəfər hacıqabullu şagird müxtəlif ali məktəblərdə oxumaq hüququ qazanmışdır ki, onlardan da 3 nəfəri 600-dən çox bal toplamışdır. Təhsil Nazirliyinin 17 iyul 2013-cü il tarixli 739 saylı əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtlından əvvəl I sinfə qəbul Qaydaları"na uyğun olaraq Hacıqabul rayon Təhsil Şöbəsində xüsusi komissiya yaradılmışdır. 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan uşaqların xüsusi istedad amilini aşkarlayan bu komissiyaya 63 nəfər müraciət etmişdir. Müsahibə nəticəsində 55 nəfər uşağın vaxtından əvvəl I sinfə qəbul olunmasına rəy verilmişdir.
Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri onu da bildirdi ki, Təhsil Nazirliyinin 21 yanvar 2008-ci il tarixli 63 saylı əmrinə əsasən rayon məktəblərində "Kiçik Akademiya" haqqında əsasnaməyə uyğun olaraq təsis konfransları keçirilmiş və yerlərdə şagird elmi cəmiyyətləri yaradılmışdır. May ayında isə istedadlı şagirdlərin müəyyən edilməsi istiqamətində 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə yaradılmış "Kiçik Akademiya"nın yığıncağı keçirilmişdir. Şagirdlər 8 bölmə üzrə seçdikləri mövzuları araşdırmışlar. Sonda iştirakçılar diplomlarla mükafatlandırılmışdır. Dövlət Proqramına uyğun olaraq Təhsil Şöbəsində istedadlı uşaq və gənclər üçün fənn olimpiadalarına hazırlıq mərkəzi yaradılmışdır. Mərkəzin məqsədyönlü işinin nəticəsində 2013-cü ildə respublika olimpiadalarında 4 nəfər şagirdimiz Azərbaycan tarixi, biologiya və kimya fənləri üzrə IV yerə layiq görülmüşlər.
Həmsöhbətim Hacıqabul rayon təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsindən bəhs etməyi də vacib bildi. Bildirdi ki, 2006-2012-ci illərdə Hacıqabul rayonunda 10 yeni məktəb binası tikilmiş, 7 məktəb binası isə əsaslı təmir edilmişdir. Bu illər ərzində 4 məktəbdə 460 şagird üçün 23 əlavə sinif otağı inşa edilmişdir. Xilə kənd ümumi orta məktəb üçün tikilmiş 80 nəfər şagirdin təhsil alacağı yeni təhsil müəssisəsi isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində istifadəyə verilmişdir. Şükür müəllim rayonun ümumi inkişafında müstəsna xidməti olan Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun təhsilə göstərdiyi xüsusi qayğıdan da danışdı.
"Şükür müəllim, bəlkə bir neçə təhsil müəssisəmizə baş çəkməyə icazə verəsiniz"
- xahişimə də gözlədiyim kimi böyük məmnuniyyətlə razılıq verdi. Əlavə etdi ki, bu seçimdə tam sərbəst və azadsınız, istədiyiniz məktəbdə ola bilərsiniz.
Beləcə, bir azdan Təhsil Şöbəsinin məsul işçisi Bəxtiyar Ələkbərovla yola düşürük.
Məktəb-liseydə "Kiçik Akademiya"
Yeni ilin gəlişi bu məktəbdə daha çox hiss edilirdi. Çünki Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin həyətindəki bütün şam ağacları çox səliqə ilə bəzənmişdi. Sonradan məlum oldu ki, hər şam ağacı bir sinfə məxsusdur.
2008-2009-cu tədris ilində
regionların sosial-iqtisadi inkişafına
dair Dövlət
Proqramı əsasında
Təhsil Nazirliyi tərəfindən inşa
edilmiş məktəbdəki gül
dibçəkləri, isti
və rahat otaqlardakı ideal səliqə-səhman çox
şeydən xəbər verir.
(ardı gələn
sayımızda)
Səxavət
Məmmədli
Ədalət.-2014.-9
yanvar.-S.6.