Uğurlara köklənən reallıq

(əvvəli ötən sayımızda)

Məktəbin direktoru Zeynəb Nüsrət qızı Əsgərovanın incə qadın zövqü dəhlizdən tutmuş sinif otaqlarına qədər hər yerdə hiss edilir. 2008-ci ildən bu kollektivə rəhbərlik edən Zeynəb xanım bildirdi ki, 35 nəfər müəllimi olan məktəbin yaddaqalan uğurları çoxdur. Ali məktəblərə qəbul zamanı da bu məktəbin məzunları həmişə yüksək bal toplamışlar. Məktəbdə istedadlı şagirdlərin aşkara çıxarılması daim diqqətdə saxlanılır. Nəticə sevindirici olmuşdur. Respublika Milli Elmlər Akademiyası ilə razılaşdırılmış və Təhsil Nazirliyinin "Kiçik Akademiya"nın təşkili barədə 21 avqust 2008-ci il tarixli 63 saylı əmrini əsas tutaraq məktəb-liseydə 13 sentyabr 2009-cu ildə "Kiçik Akademiya" yaradılmışdır. İndi bu akademiyada 5 bölmə fəaliyyət göstərir və bölmənin rəhbərliyi akademiyanın Prezidenti və müavinlərinə həvalə edilmişdir.

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon Qadınlar Şurasının sədri olan Zeynəb Nüsrət qızı görüşün sonunda onu da bildirdi ki, məktəb-liseyin daha böyük uğur qazanmasında "Kiçik Akademiya"nın müstəsna rolu olacaq.

Görünən hər şeyin göz oxşadığı, qadın zövqü və sevgisi ilə əhatə edilən məktəb-liseyin oyatdığı təəssürat yəqin ki, hər bir müsafirin yaddaşında uzun illər yaşayacaq.

Qızılı günəşin qızılı əksi

Qış günləri olmasına baxmayaraq günəşin qızılı telləri səxavətlə ətrafa bir xumarlıq yayırdı. Yola düşməmişdən əvvəl təcrübəli pedaqoq, Təhsil Şöbəsinin müdir müavini Balaxanım Ələsgərovanın dediyi sözləri xatırladım "İmkan düşsə, bir Pirsaata da baş çəkərsiniz". Bəxtiyar müəllim ürəyimdən keçəni elə bil gözlərimdən oxudu. Rayon mərkəzindən 20-25 kilometr məsafədə yerləşən Şəmsi Həsənov adına Pirsaat qəsəbə tam orta məktəbinə gözlədiyimdən tez çatdıq.

Qəsəbənin mərkəzində elə bil qızılı günəşin qızılı əksi dayanmışdı. Qırmızı kərpicdən çox böyük ustalıqla və zövqlə inşa edilmiş 2 mərtəbəli, yaraşıqlı bir məktəb binası ətrafa meydan oxuyurdu. 15 sentyabr 2012-ci ildə istifadəyə verilmiş bu möhtəşəm bina 180 şagirdə hesablansa da hələlik burda cəmi 136 şagird təhsil alır. 20 nəfər müəllimin çalışdığı bu məktəbin daxili də xarici görünüşü qədər gözəl və səliqəlidir. Məktəbdəki sinif otaqları, idman zalı, informatika, fizika, kimya kabinetləri ən müasir mebel və avadanlıqlarla təchiz edilib. Kiçik bir qəsəbədə belə bir məktəbin inşa edilməsi dövlətimizin ölkə təhsilinə verdiyi önəmin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" kəlamını xatırlamamaq olmur.

"Məktəb binasının özü ilə bərabər daxili səliqə-səhmanını, təmizliyini qorumaq elə də asan deyil. Kənd yeri olduğundan qarlı-yağışlı havalarda kiçik yaşlı məktəblilər özləri ilə dəhlizə də, sinif otaqlarına da palçıq gətirirlər. Çalışmışıq imkan daxilində belə hallardan qorunaq. Təhsilin keyfiyyətinə ayrıca fikir veririk, ötən dərs ilində XI sinfi bitirən 12 şagirdimizdən 5 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşlar".

Pirsaat qəsəbə tam orta məktəbinin direktoru Əlimöhsün Kərimov bu sözlərinə onu da əlavə elədi ki, 2013-cü ildə "Gələcək nəsillərlə üz-üzə" 5-ci ümumrespublika inşa müsabiqəsində məktəbin X sinif şagirdi Zinyət Dadaşova I yerə layiq görülmüşdür.

"Onlar alimlərimizin davamçıları olacaq"

Vaxt tapıb baş çəkdiyimiz daha bir məktəbdə daha maraqlı faktlarla qarşılaşdıq. 1928-ci ildən fəaliyyətə başlayan, 2012-ci ildə əsaslı təmir edilən 624 şagird üçün nəzərdə tutulan Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbi elə 2012-ci ildə də Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə çalışan 42 nəfər müəllimdən qabaqcıl təhsil işçisi olanı da var, əməkdar müəllim olanı da. 2010-2011-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu məktəbi respublika üzrə yaxşı məktəblərin siyahısına daxil edib.

36 sinif otağı, 2 laboratoriyası, böyük və zəngin kitabxanası, müasir idman zalı olan 2 mərtəbəli bu məktəbin də kifayət qədər öyünməli tarixi var. 1994-cü ildən bu məktəbin direktoru olan, əməkdar müəllim Əlisultan İbrahimov başçılıq etdiyi kollektiv haqqında ürəklə danışdı:

- Çox işgüzar, mehriban kollektivimiz var. Nəticələrimiz də göz önündədir, respublika olimpiadalarında həmişə fərqlənmişik. 2006-cı il məzunumuz Gülnur Salmanova Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə 619 bal toplayan şagirdimiz Məhəmməd Mənsimov Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2010-cu ildə 631 bal yığan Gülər Məmmədova gələcəyin yaxşı həkimlərindən olacaq. 2009-cu ildə 655 bal toplayaraq prezident təqaüdünə layiq görülən Günay Məmmədova Tibb Universitetinin əlaçısıdır. Rayonda ilk dəfə ən yüksək nəticəni göstərən də bizim şagirdimiz İlkin Zeynalov olub. 658 bal toplayan İlkin indi iqtisadiyyatda da uğurla çalışır. Bax, bu məzunlarımız elə bu məktəbi bitirən alimlərimizin layiqli davamçıları olacaq. Akademiklər Bilal Dadaşovu, Nizami Süleymanovu, Fizika-Riyaziyyat elmləri doktoru, professor Əli Məmmədovu, Texnika elmləri namizədi Ramiz Zeynalovu ölkədə yaxşı tanıyırlar.

Məktəb direktoru haqlıdır, görünən dağa nə bələdçi?

Bizim gəzib-gördüyümüz bunlar oldu. Vaxt tapıb Hacıqabul şəhərindəki 400 şagird üçün, Navahı qəsəbəsindəki 240 şagird üçün Heydər Əliyev Fondu tərəfindən inşası yekunlaşmaqda olan çox orijinal məktəb binalarına da baş çəkdik və bir daha əmin olduq ki, Hacıqabul rayon təhsilinin nailiyyətləri hələ irəlidədir.

Sən də əziyyətini halal elə, Bəxtiyar müəllim!

Səxavət Məmmədli

Ədalət.-2014.-10 yanvar.-S.6.