TANRININ SEVİMLİSİ
(hekayə)
(əvvəli ötən sayımızda)
Başına-qıçına döydü Qızyetər. Onun şivəninə, qışqırtısına tökülüb gəldi camaat... Yetimin ölüsünə çırpan Höccətin arxasınca söyüş, nalə, qarğış.
Yerdən qaldırdılar onu. Üz-gözü şişmişdi, dodağının ucundan qan gəlirdi. Ağlamırdı, içini çəkmirdi, hamıya donuq-donuq baxırdı. əllərini çətinliklə göyə qaldırdı, dodaqları tərpənirdi, nəsə deyirdi.
Birtəhər sürüyüb gətirdilər xalasıgilə.
... Son günlər ağlı kəsənlər daha döymürdülər Nadiri, əksinə, onu daşlayan, başına-qıçına ağac vuran dəcəllərə acıqlanırdılar. Molla Əşrəf belə tapşırmışdı: "Vurmayın balladı, onu da Allah xəlq edib, bizi də". Bəs indi birdən-birə nooolubdu ki, bu Höccətə? Niyə evinin yanında meşəyə tələsən o babalın ölüsünə çırpıb? Bəlkə sərxoş imiş, hə? Yox, əşi bu kəndin bütün kişiləri, cavanları meyilli deyil araq zəhrimara. Heç qocalar imkan verərlər kənd mağazasına spirtli içki gətirilsin? Bəlkə Nadirin ata-anası ilə köhnədən ədavəti var Höccətin? İnanılası deyil. Hamı bilir ki, atası müharibəyə gedən, az keçməmiş qara kağızı gələn Nadirin cavan anası körpə uşağı dörd divar arasında tək qoyub uzaqlara baş götürüb getmişdi. İndi o hardadı, görən, bilən yoxdu. iki gün sahibsiz qalan uşaq qışqırıb bağırmış, ağlını itirmişdir. Deyilənə görə, xalası Qızyetər gəlib onu evinə aparanda ağlamırmış, əksinə ucadan nəsə deyib gülürmüş... Çətinliklə özünü dolandıran Qızyetər yaman-yaxşı bacıoğluna həyan oldu, onun-bunun köhnə-külə paltarlarından Nadirə də ən çox ayıb yerlərini örtmək üçün paltar düzəltdi. Zibilliyə atılan köhnə çarıqları evə gətirib geyindirdi dəliyə. Bəs görəsən Allahın bu sərsərisi, danışığını, oturub durmağını bilməyən Nadir niyə hər gün qaçır meşəyə? Niyə vəhşi heyvanlar toxunmur ona? Bəzən heç gecələr də gəlmir kəndə.
Günorta namazına tələsən Molla Əşrəf yolda rastlaşdı Höccətə, sərt baxışla ona süzdü, məzəmmətlədi:
- Heç səndən gözləmirdim. O fağırı, ağıldan kəmi niyə belə əzişdiribsən? Yazıq deyil? Balam o da Allah bəndəsidi də. Bə bilmirsən ki, bu hərəkətin Allaha xoş gəlməz?
Höccət qızardı, bozardı, ayağı ilə qarı eşdi, istədi o dəlinin günahını açıb-ağartsın, ancaq dilini dişiylə tutub saxladı, fikirləşdi ki, kənddə heç nədən söhbət qanadlanar, hərə bir şey düşünər, qız balası rüsvay olar.
Bəs nə baş vermişdi? Günahı nəydi Nadirin? Son vaxtlar qəlbində dərin, özündən başqa heç kəsə məlum olmayan qəribə hisslər, duyğular rahatlıq, dinclik vermirdi ona. Səhər qonşu kəndə dərsə tələsən üç qızdan birini - Höccətin qızını Nərmini görəndə bir əsməcə, titrətmə yayılırdı bütün vücuduna. Qaçırdı qızların qabağınca və birdən dayanıb, geriyə baxır, gözlərini zilləyirdi Nərminə. Hətta bir dəfə lap yaxın gəlib qızın köprümüş, qabarıq sinəsinə, iri, qara gözlərinə baxıb-baxıb, əllərini göylərə qaldıraraq nəsə demişdi. Sonra dərin yarğanın üstündəki meşə ağaclarından düzəldilən ayaq körpüsünün yanında, yenidən qızların önündə dayanıb çırtıq çala-çala qol qaldırıb oynamışdı.
Əvvəl məhəl qoymadılar Nadirə qızlar. Gülüşdülər. Onlardan biri dedi: "Gəlin oğlanlar kimi daşlayaq, söyək onu. Niyə kəsir qabağımızı? Tay-tuşuyuq? Nərmin razı olmadı bu sözə: "Baş qoşmayın ona Babaldı, yazıqdı. Qağam söyləyir ki, Molla Əşrəf deyirmiş, mən Quranda oxuduqlarımı o, əzbər bilir. möcüzədi, vallah... Qaçır meşəyə deyir: "Mən Allahın bacısı oğluyam, orda dayımla görüşürəm".
Nadirin Nərmini qeyri-adi baxışlarla süzməsini, onun qabaran döş-başına başqa cür baxmasını qızlardan biri xısın-xısın pıçıldayıb Nərminin anasına. O da bu əhvalatı çatdırıb ərinə. Buna görə də Höccət əzişdirib o "dəlini".
***
Yazın gəlişi, dağların əl-əlvan donu, axşamın səssizliyində dil-dil ötən suların şırıltısı, hərdən isti bahar küləyinin dərələrdə sürünməsi Nadirə xoş ovqat bəxş edir, o, daşlı yatağında gumuldanan suların səsini dinləyir, böcəklərlə oynayır. Bir də gördün otların içində işlək cırcıramalara, çəyirtkələrə qoşulub, gülür, danışır səmada qanad çalan quşların səsinə səs verir. Bəzən cığırda ölü düşən böcəkləri, kəpənəkləri yan-yana düzüb, onlara yas tutur, əllərini göylərə qaldırıb ulu Tanrıya həmdi-sina eləyir ki, ay mənim yaradanım bunları niyə tez öldürdün, qoymadın gülü, çiçəyi doyunca sevsinlər, hə?
... İndi onun dəli-dolu, sərsəri hərəkətlərini, yumruğunu havada düyünləyib, qanadlı quş təki uçan-qaçan vaxtlarını görməyən inanmaz ki, boy-buxunlu, yaraşıqlı bu cavan necə ağıl, ədəb-ərkan sahibi olub. qarşılaşdığı uşaqla, böyüklə salamlaşır, xoş təbəssümlə deyir: "Salam bizi yaradanın birinci adıdır. Salam mehribançılıq, isti münasibət, ünsiyyətdi. Salam-kəlamlı şəxsin qəlbində həsəd, paxıllıq olmaz, onun çöhrəsi işıqlı, nurlu olar.
Molla Əşrəf meşəyə tələsən Nadirlə qarşılaşdı və xeyli söhbətləşdi. Özlüyündə yəqinlik etdi ki, uşaqlığı əzablı, iztirablı keçən bu cavan oğlan Tanrını bəziləri kimi müsibətlə, çətinliklə üzləşərkən yada salıb kömək ummur, dilək diləmir, o, havadarını, Yerin, göyün sahibini qəlbən, ruhən sevir. Bəlkə elə bunun üçün meşənin yırtıcı, vəhşi heyvanları toxunmur ona?..
Nadir qəribə, çoxlarının qavraya bilmədiyi hekayətlər danışırdı:
Mən Onun köməkçisiyəm. Nərdivan düzəldirik. Kimini göyə qaldırırıq, kimini göydən yerə endiririk. Yaradan iki dəfə qımışır. Birisini savab, xeyirxah əməllərinə, haqqını, ədalətin tərəfində dayandığına görə qaldırarakən, çoxları onu üzüaşağı dartır. Dayım buna təəccüblənmir, əksinə gülür. Təkcə mən eşidirəm onun sözlərini: "Bir utanın, çəkinin axmaq, xəbis niyyətimizdən. Niyə anlamaq, dərk etmək istəmirsiniz ki, mənim yüksəltdiyim, ruzi verdiyimi, vəzifə qismət elədiyimi aşağılamağa heç kimin cürəti çatmaz... O gün birisini təpəsi üstə buraxdıq yerə. Neçəsi əlini havaya qaldırıb, onu elə yuxarıda saxlamaq istədi. Gülümsündü. Yaradan, gözlərimdəki sualı oxuyub, dedi: "Nahiq cəhddir, o, şeytanın fitnə-fəsadına uyub, haqqı tapdalayıb, var-dövlət əsirinə çevrilib...
***
Bir gün ədəb-ərkanla, sakit, özünəməxsus ləngərli yerişlə getdi öz dünyasına - barı-bəhəri bitib-tükənməyən meşəyə. Və axşam geri dönmədi, qayıtmadı ata-baba komasına. Bir gün, beş gün, bir ay, beş ay. Düz ikicə il gəlmədi Pirəsuraya. Təkcə doğma balası kimi sevdiyi Qızyetər qəribsəmədi, bütün kənd əhli qəribsədi, darıxdı Nadir üçün. öldümü, qurd-quşa yem oldumu, yoxsa hələ sağdı, hardasa yaşayır? Və arabaçı Məhəmməd kəndə, Qızyetərə bir gün xəbər gətirdi:
- Muştuluğumu verin!.. Bu səhər Nadiri gördüm. Maşallah əsl kişi olub. Özünün, sözünün yerini bilən kişi... Siz görən Nadir yoxdu, yoxdu... Ağıllı, kamallı, halal-hümmət əzəmtiylə, alın təriylə çörək qazanır o. qurumuş ağacları doğrayıb odun kimi uzaq kəndlərdə aparıb satır. At-arabası var. Əlində balta, mişar...
Tək Qızyetər yox, kənddə hamı Məhəmmədin bu xəbərinə sevindi, şadlandı.
... Bir gün döndü doğma, əziz el-obaya. Sevinclə, fərəhlə qarşıladılar onu. İndi at-arabası ilə meşədən ağaclar gətirib ata-baba yurdunda yaraşıqlı, göz oxşayan ev tikməyə başlayıb Nadir. Və bu evin gəlini olmağı hamıdan çox Höccətin qızı Nərmin arzulayır.
... Tanrının sevimlisi olan insan xoşbəxtdir!
Əlibala Rəhimov
Biləsuvar
rayonu.
Ədalət.-2014.-10
yanvar.-S.7.