ABBASAĞA AZƏRTÜRK
("Bölgələrdə
ədəbiyyat"
silsiləsindən)
"Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir. Vaxtsız əcəl sıramızdan tanınmış şair Abbasağa Azərtürkü apardı".
Bu acı xəbər "Ədəbiyyat qəzeti"nin 1998-ci il avqust nömrələrinin birində verilib. Qara çərçivədə şairin şəkli, altında nekroloq.
Altmış dörd illik ömür. Bu ömrün yarısı poeziyaya həsr olundu (ilk şeiri mətbuatda dərc olunanda 30 yaşı vardı). Bir müddət Bakıda fəhlə işlədi, amma bütün qalan ömrü Cəlilabadda keçdi, dil-ədəbiyyat müəllimi kimi orta məktəbdə dərs dedi.
Mən onun mətbuatda çıxan şeirlərini oxuyur, o şeirləri təqdir və təbliğ edir, içimdə bu şairlə tanış olmaq istəyi baş qaldırırdı. Bu istəyimə doxsanıncı illərin ortalarında çatdım. Elə bil dünən idi Abbasağa ilə Masallıda, Cəlilabadda, Bakıda, küçədə, avtobusda, yol qırağında, redaksiyada, Yazıçılar İttifaqında görüşdüyümüz, dərdləşdiyimiz, şeirləşdiyimiz. Deyirlər ki, əslən şamaxılı idi, amma o, Cəlilabadda doğulmuşdu və Cəlilabadı onun kimi sevən olmazdı. Teymur əminin oxuduğu "Cəlilabadım" mahnısının sözlərini də o yazıb. Muğanın bu dəli-dolu, başından heç vaxt qəzavü-qədər əskik olmayan bu insanla əvvəl-əvvəl heç isnişə bilmirdim. Hansı məclisdə olurdumsa, görürdüm Abbasağa heç kəsə aman vermir, elə hey şeir oxuyur (insafən, çox gözəl oxuyurdu) və sanki sübut eləmək istəyir ki, ŞAİR bax belə olar. Bir şeyə heyrətlənirdim ki, ilahi, onu necə də səbrlə dinləyirlər, heyranlıqla qulaq asırlar. Və bir də ona heyrətlənirdim ki, Abbasağa yorulmadan, bir şeiri ilə o birisi arasında heç fasilə vermədən qətiyyən çaşmır, bir yerdə də ilişmir. Mənə elə gəlirdi ki, Abbasağa oxuduğu şeirləri heç vaxt yazmayıb, bu şeirlər elə əvvəldən onun sinəsindəymiş. Həmyerlisi Saday Şəkərlidən öyrəndim ki, Abbasağa olan məclisdə hamı onun ruhu üstə köklənməlidir. Və elə bir gün gəldi ki, mən də Abbasağa ruhu üstə kökləndim.
Mən şair deyiləm və təbii ki, Abbasağa olan məclisdə şair olmadığım üçün öz şeirlərimi oxuya bilməzdim. Amma Füzulidən çoxlu sayda qəzəl əzbər bilirəm, yeri gələndə söyləyirəm (bu, mənim şakərimdir). Belə məclislərdən birində Abbasağa dedi: "Hə indi də Füzulidən deyəcək Vaqif qardaşım və burda oturan şairlərin şair olmadığını sübut eləyəcək".
Hərçənd, çox gec tanıdım Abbasağanı, onun özünə təzəcə "Azərtürk" təxəllüsü götürdüyündən (1991-ci il) bir neçə il keçmişdi. Amma gec tanış olsaq da, bir-birimizə hörmətimiz artdı. Ağasağa "Azərbaycan" jurnalına şeir gətirəndə mənimlə də görüşürdü. O, İsa İsmayılzadənin dostu idi.
Abbasağa çılğın adam idi. Rayonda hamı onu həqiqətpərəst bir insan kimi tanıyırdı. Yetmişinci illərin sonları, ya səksəninci illərin əvvəlləriydimi, onu tutmuşdular. Belə məlum oldu ki, rayon rəhbərləri bunu əvvəlcədən gözləyirmişlər. Ki, Abbasağa bir xəta törətsin, onu həbs eləsinlər. Balaca padşahların rayonlarda diktatorluq elədiyi, kalan-kalan rüşvət yığdığı, vurub-kəsdiyi illər idi. Xasiyyətcə ötkəm, dəli-dolu, amma təmiz ürəkli Abbasağa heç kimdən çəkinib eləmirdi, həmişə haqsızlığa düçar olan adamları müdafiə edirdi. Günlərin birində o, bir haqsızı müdafiə elədiyi üçün bada getdi, amma ürəyini də yaman boşaltdı, PADŞAHI - rayon rəhbərini ağ yuyub qara sərdi. Abbasağa həbs olundu. Bu xəbər bütün respublikaya yayıldı. Abbasağa o türmədə çox qalmadı. Azərbaycanın tanınmış şairləri lazımi yerlərə müraciət edib, onu türmədən çıxardılar. Mən onda bildim ki, bu misraları da Abbasağaya yazdıran elə o illərin ağrı-acılarıymış:
Canı həsrət alovunda
Həzin-həzin yanan mənəm.
Ayrı düşmüş sahilləri,
Yurd-yuvası sanan mənəm.
Dərdim oldu fəryadkimi,
Sinə dəmir inad kimi.
Cilalanmış
polad kimi,
Əyilməmiş sınan mənəm!
Onun
"Avtoportret" şeirində isə bütün xasiyyəti, xarakteri tam, dolğun halda
gözlərimiz qarşısında canlanır:
Haqqa
qurban edər həyatını da,
Dözər çətinliyə dəyanət ilə.
Özünün
sonuncu manatını da
Xərcləyər misilsiz ləyaqət ilə.
Nə könül sındırar,
nə qəlbə dəyər,
Birinci hay
verər dostun səsinə.
Hamının
səhvini
üzə şax deyər,
Baxmaz mövqeyinə, vəzifəsinə.
O qədər sadədir, sanki uşaqdır,
Olar qəzəbinin ömrü bircə an.
Məqamı gəldimi, danışacaqdır,
Olmayıb meydanda onu susduran.
Şairdir,
oğuldur, atadır, ərdir,
Ümidi qəlbində işıq yandırar.
Başını
göylərə ucaldar mərdin,
Namərdin boynunu burub sındırar.
Yaşayıb
dünyanı duyandan bəri
Maneə adlayır, acılar dadır.
Soruş
sahibini bu sifətlərin,
Min yerdən cavab al - Abbasağadır!
Öncə dedim ki, Abbasağa
ömrü boyu Cəlilabadda yaşadı (Bakıda fəhlə işləməyi istisna olmaqla), sübut elədi ki, əyalətdə yaşayıbodlu şair
ilhamı ilə məmləkətdə tanınmaq olar. Əlbəttə, onun
yaradıcılığı diqqətdən yayınmadı. Bir sıra
görkəmli sənətkarlar Abbasağanın şeirləri barədə öz fikirlərini elə
onun sağlığında söylədilər. Xalq şairi Bəxtiyar
Vahabzadə ona iki məqalə həsr etmişdi. "Məharət" adlı birinci məqalədə Bəxtiyar müəllim yazırdı: "Cəlilabadda yaşayan
Abbasağanın şeirlərini çoxdan izləyirəm. O, bugunkü poeziya
ansamblında özünəməxsus səsi ilə seçilən şairdir. "Anam Ülfətin xatirəsinə" şeirində şair anası öləndən sonra onu daima
xatırladığını "Səni unutmamışam" deyə birbaşa deyil,
Ana,
evimizdən məzarınadək,
Ot
basmaz, qar örtməz bir cığır düşüb, -
şəklində fikrini bədii sözün qüdrətinə, yəni hər gün qəbrini ziyarət etdiyimdən qəbrinə gedən cığırı
"ot basmır, qar örtmür" şəklində yəniləşdirib deyir. Ata
ocağına bağlılığını da ana məzarına bağlılıq
faktıyla izah edir:
Ata
ocağına bənd edib məni
Ana məzarına həsrət qorxusu
Qorxudan
bağlılıq! Mənfi
emosiya ilə
müsbət
emosiyanın qarşılaşdırılmasından alınan
bədiilik diqqətə layiqdir.
Bəxtiyar müəllimin ikinci məqaləsi isə Abbasağaya açıq məktub şəklində yazılıb:
"Falçı yalanı, şair həqiqəti". Bu
yazıda B. Vahabzadə
Abbasağanın "Ədəbiyyat
və incəsənət"
qəzetində (6 oktyabr, 1989) dərc edilmiş
"Qaraçı nəğmələri" əsərindən söz
açır. Yazır ki: "Oxucuya demək istəyirəm ki, "Qaraçı nəğmələri" son zamanlar oxuduğum ən gözəl əsərlərdəndir. Nədir burdakı gözəllik? Yenə həqiqət! Mənim aləmimdə həqiqət
yaradıcılığın şah damarıdır.
"Qardaşım Abbasağa, sənə bir məsləhətim var, gördüyün eybəcərliklərə olan qəzəbini o eybəcərliyi törədən adamların üzünə tökmə, bax, beləcə kağız üstünə tök! Nədən ki, şairin silahı
qılınc deyil, qələmdir. Şair qılınc götürəndə
onu tez məğlub
edərlər. Sən
sözünlə
döyüşməlisən!"
Xalq şairi Nəbi Xəzri də Abbasağanın yaradıcılığını izləyir, onun uğurlarına
sevinirdi.
1983-cü ildə, "Azərbaycan gəncləri" qəzetində Nəbi müəllimin Abbasağanın yaradıcılığından
söz açan "Cavabsız məktublar" müəllifinə məktub" yazısı dərc olunmuşdu. Nəbi müəllim Abbasağanın təkcə şair kimi deyil, bir insan və ziyalı kimi də səciyyələndirirdi: "Çoxları ali məktəb qurtarıb şəhərdə qalmağa çalışdı. Qaldı
da. Sən
isə müəllimlik sənətini seçib doğma rayonun Cəlilabada
qayıtdın. Şeiri də unutmursan. Az yaz, yaxşı yaz! Bu sənin çoxdankı
xasiyyətindir.
Sənin
yeni lirik şeirlərini
xüsusi maraqla oxudum.
Ümidsiz
ürəklə ölən sevgidən,
Ümidə bürünmüş həsrət yaxşıdır.
Bu məğrur bir ürəyin səsidir! Bəli, sən ümiddən inamla yazırsan:
Düşün
taleyimi, bəşər qızısan,
Qoy barı köksündə ümid közərsin.
Ona görə də bu məhəbbətə ümidsiz məhəbbət demək olmaz. Burda ümid zahiri deyil, düşüncələrin dərinliyində, arzuların inam
dolu ruhundadır. Sən
də bu
duyğuları çox şairanə
qələmə alırsan.gMəgər
sənin bu
obrazlı ifadənə heyran qalmamaq
olardımı?
Qocalıq kətili şahlıq tacıdır.
Burada sən qocalığı necə də poetik dillə ucalıq taxtına
qaldırmısan".
Abbasağanın
ölümündən altı il sonra şair Ədalət Salmanın tərtibi və redaktorluğu ilə "Abbasağa Azərtürk xatirələrdə" adlı bir kitab nəşr olundu. Bu kitabda
Abbasağanı tanıyanlar, onu sevənlər, onunla dostluq edənlər ürək sözlərini söylədilər.Tənqidçi Vaqif Yusifli,
şairlər-Ağasəfa, Adil Mirseyid, Bilal Alarlı, Misir Alarlı, Faiq Balabəyli, yazıçı
dostları: Əlövsət Bəşirli, Böyükxan Bağırlı, Zakir
Sadatlı Abbasağanın bir şair və insan kimi özünəməxsus olduğundan söz
açdılar. Şairin arxivindən çap olunmayan şeirləri ilə də tanış
olduq. "Kəfəninə bükülüm" şeiri 90-cı illərin ab-havasına köklənmişdi:
Tək mənəm yer üzündə gül əkib, tikan dərən,
Yaradanın özüdür başıma kül əndərən.
Varmıdər mənim kimi milləti pərən-pərən,
Vətənəi bölüm-bölüm?
Yuvasız
didərginəm, acıdır qismətim də,
İntiqam qığılcımı işarır niyyətimdə.
Ən ümdə arzum budur-öz doğma həyətimdə
Kəfənimə bükülüm!
Doxsanıncı
illərin
ictimai-siyasi hadisələri, torpaqlarımızın bir qisminin işğalı,
şəhid oğullarımızın kədəri, ölkədə baş verən xaos və hərc-mərclik bir şair kimi Abbasağanın
şeirlərində də öz əksini tapırdı və o, bu hadisələrdən
sarsıldığını izhar edirdi:
Gəzdikcə Vətəni bölgəbəbölgə,
Olaylar səhvimi qandırır mənə.
Altı
da, üstü də zəngin bir ölkə,
Dilənçi ovcunu andırır mənə.
Dövran
gücsüzləri tez əyir indi,
Kim belə dərdləri çiyninə yüklər?
Böyük
şəhərləri bəzəyir indi,
Evlər yıxanların
saldığı mülklər!
Köhnə niskillərim təzələnibdir,
Köhlənim yollarda yorulub mənim.
Bir
gözüm Laçında nizələnibdir,
Bir
gözüm Şuşada kor olub mənim!
Vicdan
harayını içində boğsun,
Millətin haqqını basıb yeyənlər.
Sərkili başını qoy yerə soxsun,
Oyduğu
torpağa Vətən deyənlər!
Abbasağanın
"Mənəm" şeiri mənim ən xoşladığım şeirlərdən biridir Bu şeirdə Azərbaycan şairlərin obrazı yaradılıb
və elə bilirəm, Abbasağa bu şeirdə "mənəm" deyirsə də, əslində, "bizik"
anlayırıq. Yəni XX əsrin şairləri..
Canı həsrət alovunda
Həzin-həzin yanan mənəm.
Ayrı
düşmüş sahilləri
Yurd-yuvası sanan mənəm.
Qoy dərdimi deyim, bilin,
Girinciyəm ayın, ilin.
Gözlərinə Ərdəbilin
Qubar kimi qonan mənəm!
Xətailər yatan yerdə,
Dan sökülür pərdə-pərdə.
Yaxa yırtan üfüqlərdə
Qan köynəkli o dan mənəm!
Eh, Abbasağa, Abbasağa...gHeç kimin
ağlına gəlməzdi bir gün sən də bu dünyadan
köçəcəksən. Hərdən Cəlilabada yolum
düşür, səni
soruşmaq, anmaq, görüşmək
arzusu baş qaldırır içimdə
və birdəngayılıram ki,
sən yoxsan. Sən bu
ölümündlə
şeirimizin bir az həzin,
bir az dəli-dolu
ikicə
misrasını da öldürdün. Sən
bu ölümünlə
dostlarının da Abbasağa adında bir duyğusunu kədərə
boyadın. Amma ölüm haqdır deyiblər. Tanrıya qovuşdun. Şeirin
qaldı, sözün qaldı, xatirələrin qaldı və bir də ...Cəlilabadda bir məzar... Allah ruhunu
şad eləsin!
Vaqif
YUSİFLİ
Ədalət.-2014.-11
yanvar.-S.13.