BU,
İLHAM NAMİQ KAMALDIR..
(Xalq
artistinin 65 yaşı tamam oldu)
Vaxtilə böyük şairimiz Səməd Vurğun yazırdı:
"Əgər sənin dediyin xırdaca bir söz özünə məxsusdursa, sən vüqarlı adamsan! Sən dediyin bir söz
başqasınındırsa, sən vüqarsız adamsan! Demək, sən sənətkar deyilsən!"
Sənət təcrübəsi-sənət tarixi belə bir həqiqəti sübut edir ki, bütün sənətkarlar ilk
yaradıcılıq dövründə kimisə təqlid edə bilərlər, ancaq bu təqlid və yamsılama ötəri və keçicidir. Çox
çəkmir ki, həmin sənətkar öz fərdi
dəst-xəttini,
yaradıcılıq üslubunu əldə edir.
Sənətə kimsəni təqlid etmədən və yamsılamadan da gəlmək olar. Sənət tarixi və təcrübəsi
buna aid misallarla zəngindir.
Məsələ burasındadır ki, təqlidləmi, təqlidsiz, bunun həqiqi istedadın gəlişi
üçün bir elə
əhəmiyyəti yoxdur. Söhbət
istedadın özünəməxsusluğundan gedir.
Dünyada çox şair var, lakin A.S.Puşkin demişkən: "..qafiyə düzmək şairlik deyil hələ, asandır ağ
kağızı qaralamaq qələmlə". Dünyada bəstəçilər
də çoxdur,
amma onların heç yüzdə
biri Bethoven səviyyəsinə, Ü.Hacıbəyov zirvəsinə, Q.Qarayev
ucalığına yetə
bilməyiblər.
Aktyor sənətində də belədir.
"Hər oxuyan Molla Pənah" olmadığı kimi, hər aktyor da Ələsgər Ələkbərov, Möhsün Sənani, Mirzağa Əliyev, Hökumə Qurbanova, Həsən Turabov, Məlik Dadaşov, Səməndər Rzayev ola bilməz.
Bu ilin
yanvarında istedadlı aktyor, Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq
Kamalın 65 yaşı tamam olur və deyim ki, onun da sənətdə öz yolu var. Son qırx
ilin teatr aləmini onsuz təsəvvür etmək olmaz. Kiçik də olsa, bir boşluq yaranardı İlham Namiq Kamal
olmasaydı...g
Görkəmli sənətşünas, professor
Cəfər Cəfərov yazırdı ki:
"Aktyor sənətinin məzmunu məhz o zaman mühüm təsir bağışlayır ki,
ifaçının qüdrəti, sənətkarlıq səviyyəsi yüksək olur".
İlham da məhz sənətkarlıq səviyyəsi yüksək olan, ifaçılıq qüdrəti hiss edilən, duyulan aktyorlardan biridir. Bu fikri indi yox, iyirmi, iyirmi beş il öncə də söyləyə bilərdik.
İlham
Namiq Kamal indi sənətinin ən yüksək zirvəsindədir: o, Xalq artistidir, "Şöhrət" ordenlidir. Mədəniyyət və İncəsənət
Universitetinin Estrada və
musiqili teatr aktyorluğu kafedrasının müdiridir,
professordur, eyni zamanda Azərbaycan
Dövlət Musiqili
Teatrın rejissoru və
aktyorudur.
Budur, əlimdə İlhamın bütün illər ərzində oynadığı
rolların siyahısı. Əvvəlcə Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrından başlayaq. İlham böyük sənətdə ilk addımını
məhz bu teatrda
atıb. Onun həmin
teatrda ilk rolu Şeksprin "Fıotına" pyesində Adrian obrazı olub.
Tamaşanın quruluşçu rejissoru Tofiq
Kazımov idi. Tofiq Kazımov institutda
İlhama dərs deməmişdi, amma onun
"Tədris"
teatrındakı oyununu görmüşdü. Bundan sonra Tofiq müəllimin
elə bir
tamaşası olmayıb ki, İlham orada oynamasın.
İlk rolu pis alınmadı və bundan sonra Akademik teatrda
İlhamın öz istedadını nümayiş etdirməsi, həmçinin ustadlarından, sənət ulduzlarından
görüb-götürməsi problemə çevrilmədi. Tədricən,
illər keçdikcə İlham Akademik
teatrın aparıcı aktyorlarından birinə çevrildi. O, Akademik teatrda
oynadığı müxtəlif səpgili rollarla belə bir həqiqəti sübut elədi ki, onun ifa tərzində birtərəflilik, sxematiklik yoxdur. İlyas Əfəndiyevin
"Bağlardan gələn səs" pyesində (quruluşçu
rejissor Tofiq Kazımov) satirik-komik planda Qubuş rolunu
oynadı, İlham zahirən
məzlum və müti
görünən, əslində, daxilən mənfur bir adamın
obrazını ustalıqla yaratdı. İlyas
Əfəndiyevin
"Qəribə oğlan"
komediyasında (quruluşçu rejissor Ağakişi
Kazımov) əvvəlcə Batı, sonra Dadaş Rəhimoviç
rollarını oynadı. Gözəl alındı.
Elə
buradaca qeyd edək
ki, İlham Azərbaycan
teatrının müxtəlif
nəsillərdən olan müqtədir sənətkarları ilə bir sırada, onlarla
çiyin-çiyinə
fəaliyyət göstərirdi. Əliağa Ağayev, Məmmədrza Şeyxzamanov, Hökumə Qurbanova, İsmayıl
Osmanlı, İsmayıl Dağıstanlı, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Məlik Dadaşov, Möhsün Sənani, Məhluqə Sadıqova, Mirvari Novruzova, Nəcibə Məlikova, Əli Zeynalov,
Ağahüseyn Cavadov, Səməndər Rzayev, Hamlet Qurbanov, Həsən Turabov, Hamlet Xanızadə, Vəfa Fətullayeva.gGörün,
baxın... İndi onların heç biri həyatda yoxdur və onların hər biri Azərbaycan teatr sənətində
iz buraxıblar. Və
burada İlham Namiq Kamalın həyatında,
səhnə fəaliyyətində unudulmaz yeri olan
rejissorları da xatırlayaq gərək. Budur onlar:
"Adil İskəndərov, Rza Təhmasib, Tofiq Kazımov, Lütfü Məmmədbəyov, Hüseynağa
Atakişiyev, Mərahim Fərzəlibəyov...g
Akademik
teatrda oynadığı rollar içində bir neçəsi xüsusilə seçilir: Cəmil (İlyas Əfəndiyev-"Unuda bilmirəm"), Rauf (Maqsud İbrahimbəyov-"Ümid"),
Müsyö Jordan və Dərviş Məstəli şah) M.F.Axundov - "Müsyö Cordan və Dərviş Məstəli şah"), Tarik Tərlan (Anar-"Adamın
adamı"), Spure Tit Mamma (F.Dürrenmatt - "Böyük
Romul"), Teymur ağa (M.F.Axundov-"Lənkəran xanının vəziri"), Kişi
(Elçin-"Mənim ərim dəlidir"), Doktor Qaratay (H.Cavid-"Afət").g
1989-cu ildə istedadlı rejissor Hüseynağa Atakişiyev müstəqil bir teatr yaratdı. Gənclər teatrı kimi
formalaşan bu teatr çox keçmədən Azərbaycan teatrları içərisində öz məxsusi dəst-xətti ilə seçilməyə başladı. Hüseynağa Atakişiyev dostu İlhamı da həmin teatra dəvət etdi. Bu iki sənətçi arasında
yaradıcılıq ünsiyyəti
gənclik illərindən
başlamış, Akademik teatrda-H.Atakişiyevin baş rejissor
işlədiyi illərdə də
davam etmişdi. İlham bu teatrda da
maraqlı rollar oynadı. Onun ən uğurlu rolu isə Rəhman Əlizadənin
"Dadaşbala əməliyyatı" əsərində
Dadaşbala rolu oldu. Əgər bu tamaşaya qədər İlham
tamaşaçılar arasında Əntərzadə, Paşa Paşayev kimi
"tanınırdısa", bu tamaşa onu
"Dadaşbala" kimi də tanıtdı.
Sonra isə "İlham" miniatür teatrıgDünya teatr
praktikasında ayrı-ayrı tanınmış
rejissorların öz teatrı olduğu hamıya məlumdur. Avropa və rus teatr tarixindən buna aid xeyli misallar
gətirmək olar. Lakin Azərbaycan
teatr təcrübəsində bizim ən qüdrətli
rejissorlarımızın belə
öz teatrları olmamışdır. Ancaq
Hüseynağa Atakişiyevin Gənclər teatrı və İlham Namiq
Kamalın "İlham" miniatür teatrı bu sahədə ilk addımlar oldu. "İlham" miniatür teatrını İlham
Namiq Kamalın sənətçi həyatında bir
uğur saymaq olar. Bu teatrda dövrün
problemlərini əks etdirən əsərlərə müraciət
olundu və bu
teatrın öz müəllifləri, öz
aktyorları yetişdi. M.F.Axundovun "Müsyö Jordan
və Dərviş Məstəli şah", Anarın
"Əl-əli yuyar", R.Səməndərin "Xan-xan oyunu", "Hoqqabaz Şaxta babalar",
"Başsındıran məsələ", Rəhman Əlizadənin "Dünyanın
axırı", "Bəxtimin kələyi", Ramiz Əkbərin "Qulaq", Mir Yusif Mir Nəsir oğlunun "Müasir
toy", İ.N.Kamal və R.Səməndərin "Yubileysayağı məsxərə yaxud kiçik toy",
"Yorğanına baxıb ayağını uzadan teatr"
və s.
tamaşalar uğurla qarşılandı. Adlarını
çəkdiyimiz bu
tamaşaların hamısına İlham Namiq Kamal özü
quruluş vermişdir.
Müəyyən səbəblər üzündən bu miniatür teatr öz fəaliyyətinə son qoydu, amma
tamaşaçıların yaddaşında yaşayır.
İlham Namiq Kamal hal-hazırda Azərbaycan Dövlət Musiqili Komediya teatrında
çalışır. Bir sıra əsərlərə
rejissorluq edib, bir çoxunda isə
əsas rolları
ifa edib. Bu sırada Oqtay Rəcəbov və
Aqşin Babayevin "Şeytanın yubileyi", Ramiz
Mirişli və
Marat Haqverdiyevin "Amerikalı kürəkən"
tamaşalarını xüsusi qeyd etmək
olar.
Bizim yubilyarımızın "Azərbaycanfilm"
kinostudiyasında çəkildiyi rolları, həmçinin Azərbaycan televiziyasında oynadığı rolları da
unutmaq olmaz.
"Qayınana" filmində İlqar, "Musiqi müəllimi"ndə Katib, "Bəyin oğurlanması"nda Səs rejissoru və "Mozalan" satirik
kinojurnalında səksənə yaxın rol Azərbaycan televiziyasında: Markiz ("Mehmanxana sahibəsi", Talıbov
("Göz həkimi", Paşa Paşayeviç ("Evləri köndələn yar", Baş həkim ("Şans"),
Podkolyosin ("Evlənmə") və s.
Bir sözlə, son qırx ilin teatr, televiziya və kino aləmini İlham Namiq Kamalsız
təsəvvür etmək qeyri-mümkündür.
İstərdik ki, İlham Namiq Kamalın bir sənətçi kimi özünəməxsusluğunu
açıqlayaq.
O, ilk
növbədə, aktyor temperamentinə görə komik aktyor məktəbinə daxildir. Vaxtilə, bu məktəbin banilərindən biri olan Cahangir Zeynalov deyirdi ki: "Məbadə-məbadə tamaşaçıları
güldürməyə çalışasan. Ancaq surəti düzgün verməyə çalış. Tip və surət ki, düzgün verildi, o
vaxt öz-özünə gülüş əmələ gələcək". İlham Namiq Kamal da
oynadığı komik rollarda tamaşaçını
güldürə-güldürə
düşündürür. Bəli, o,
güldürür və
gülüşdən
düşündürmə
məqamına
keçir. Biz onun ifa etdiyi komik rollarda ciddi
plana da rast gəlirik.
Yəni
bu məqamlarda
gülüş effekti nisbətən arxa plana
keçir, əsas məqsəd tamaşaçını ilk gəlişdən ələ
almaqdır, onun düşüncəsinə hakim kəsilməkdir. Məsələn, o, S.Vurğunun
"Vaqif" pyesində oynadığı Təlxək obrazı ilə buna nail olub.
İlham Namiq Kamalın aktyor oyununda komikliklə yanaşı, lirik-yumoristik
oyun üslubu da diqqəti cəlb edir. Anarın "Adamın adamı" pyesindəki Tarik Tərlan mahiyyətinə görə bivec adamdır, onu
kəskin tənqid hədəfinə
çevirmək
yazıçını düşündürmədiyi kimi, rejissoru və aktyoru da narahat
etmir. Yaxud İlhamın oynadığı
bir sıra televiziya tamaşalarında, həmçinin öz
yaratdığı teatrın səhnəsində oynadığı
şən, yumoristik
rolları xatırlaya bilərik.
İlham Namiq Kamalın aktyor oyununda harmonik elementlər-ritm, obrazın hərəkətləri ilə uyuşan melodik məqamlar xüsusilə diqqəti cəlb edir. "İlham"
miniatür teatrının prinsiplərini
özündə
ehtiva edən bir
sıra xüsusiyyətlər məhz, ilk növbədə, bu teatrın baş
aktyorunun-İlhamın oynadığı rollarda bariz nəzərə
çarpırdı. Büiün tamaşa
boyu səhnədə bir hərəkət digərini
əvəz edirdi. Bu hərəkətlər
arasında rəqs,
musiqi təbii ki,
keçid rolunu oynayırdı.
Nəhayət, İlhamın bir pedaqoq kimi də fəaliyyətindən qısaca söz açmaq
olar. İlham müəllim
iyirmi ildən
çoxdur ki, İncəsənət Universitetində müəllimdir,
aktyor sənətinin sirlərini öyrədir. Yetirdiyi, səhnəyə
çıxardığı tələbələrinin sayı-hesabı yoxdur: Gültac
Əlili, Ağaxan Şərifov, Bahar Abdullayeva, Gülçöhrə Abdullayeva, Səməd Xasiyev, Gülnarə Əzizova, Ruslan Həsənov... saymaqla qurtaran deyil.
Sonda istərdik ki, İlham Namiq Kamal haqqında onun sənətçi dostlarının da ürək sözlərini dinləyək. Hərçənd ki, onların bir çoxu dünyasını dəyişmişlər.
Nəsibə Zeynalova: "İlham Əhmədovu oğlum Cahangir qədər sevirəm... O qədər onunla radioda-televiziyada tərəf-müqabil olmuşam ki... İstedadlı oğlandır, suyu şirindir, gülərüzdür".
Həsənağa Turabov: "Hər bir sənət adamını ucaldan həm də onun şəxsiyyətidir. İstedad çoxunda var, lakin şəxsiyyət olmayanda istedad kölgədə qala bilər. İlham aktyor-şəxsiyyətdir".
Lütfü Məmmədbəyov: "O, mənim çox sevdiyim, qayğıkeş, istedadlı, nümunəvi təşkilatçı, mehriban dost, həyatda çox ciddi bir insan kimi tanıdığım sənətkardır"
Yaşar Nuri: "Əvvəla, onu deyim ki, sənət dostum İlhamı tamaşaçılar sevir və hər dəfə onu alqışlarla gətirir və yola salırlar. Sənət aləmində İlhamın öz dəst-xətti var. İlham istər komediya, istərsə də dram janrında eyni məhəbbətlə çalışır, tamaşaçıları razı salır".
İlham Rəhimli: "Yüksək sənət mədəniyyətini meyar götürən İlham Namiq Kamal səhnə geyiminə, qrimə, mizanların dəqiqliklə icrasına və bu kimi vacib şərtlərə çox tələbkardır.
Səhnədə tərəf-müqabilləri ilə asanlıqla dil tapır və yaranmış ünsiyyətin səmimiliyi üçün həmişə diqqətlidir.
Zəhmətkeşdir! Bəzən sutka ərzində 10-12 saat yorulmadan işləyə bilir".
Bu qədər əziz dost İlham. Səni ürəkdən təbrik edirik! Yetmişində, səksənində görüşək...
VAQİF
YUSİFLİ
Ədalət.-2014.-14
yanvar.-S.5.