Xaçmazda gözəllikdən doymur ürək
(Əvvəli qəzetimizin ötən sayında)
Dövlət başçısının imzaladığı "Azərbaycan Respublikası Regionlarının İnkişafı" ikinci Dövlət Proqramının (2009-2013-cü illər) icrası ilə bağlı Xaçmaz rayonunda xeyli iş görülüb. Proqramda Xaçmazla bağlı nəzərdə tutulan tədbirlərin əksəriyyəti uğurla başa çatdırılıb.
Rabitəli
inkişaf
Rayon İcra Hakimiyyətinin aqrar sahəyə ayırdığı diqqət öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, ötən il Xaçmazda ilk dəfə olaraq 103221 ton taxıl istehsal edilib. Bu isə ötən dövrlə müqayisədə 22072 ton çoxdur. Yeni emal müəssisələrinin yaradılması da rayon rəhbərliyinin seçdiyi prioritet məsələlərdən biridir. Son illər Xaçmazda 8 fındıq emalı, 8 özəl toxumçuluq və 3 özəl quşçuluq müəssisəsi yaradılıb.
Yetişdirilən meyvə-tərəvəzin uzun müddət saxlanması məqsədi ilə soyuducu anbarların inşası istiqamətində müsbət addımlar atılmaqdadır. Bu gün rayonda 9 soyuducu anbar fəaliyyət göstərir ki, bunun da ümumi tutumu 15,5 min tondur.
Əməksevərlikləri ilə fərqlənən xaçmazlılar ötən ilin 9 ayı ərzində 3593 hektar sahədə 91661 ton tərəvəz, 82989 ton meyvə, 4496 ton üzüm, 10886 ton kartof, 7184 ton ət, 28539 ton süd istehsal ediblər. "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi" haqqında ölkə başçısının sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə 17,7 milyon manat subsidiya verilib, güzəştli qiymətlərlə mineral gübrələrin, lizinq yolu ilə texnikanın verilməsinə nail olunub.
İkinci Dövlət Proqramının qəbulundan keçən müddət ərzində Xaçmazda 7 min 249 yeni iş yeri açılıb, bunun da 4 min 271-i daimidir. Təkcə ötən ilin 9 ayı ərzində 830 daimi olmaqla 1004 yeni iş yeri yaradılıb. İlin 9 ayı ərzində rayonun büdcə gəlirləri 13,8 milyon manat, xərcləri isə 19,9 milyon manat təşkil edib. Ümumi sahəsi 11839 kvadrat metr mənzil tikilərək istifadəyə verilib.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2013-cü ili "İnformasiya və Kommunikasiya Texnologiyaları" ili elan etmişdi. Bununla bağlı Xaçmazda da xeyli iş görülüb, əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldilib. Təsadüfi deyil ki, bu müddət ərzində 1124 abonent üçün sürətli internet xətti, 197 abunəçi üçün isə telefon xətti çəkilib, 13 kənd ATS-in binasında əsaslı təmir işləri aparılıb. Yalama, Yergüc və Həsənqala kəndlərində yeni ATS binası istifadəyə verilib. Müzəffəroba kəndinə 3,5 km. uzunluqda yeni xəttin çəkilməsi nəticəsində isə 30 abonent keyfiyyətli telefon rabitəsi ilə təmin olunub.
Rayon ərazisində həyata keçirilən geniş abadlıq-quruculuq işləri Xudat şəhərini də əhatə edib. Şəhərin Heydər Əliyev Parkında, Heydər Əliyev və Axundov küçələrində abadlıq və yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən işıqlandırma sistemi qurulub, ətrafdakı binaların dam örtüklərinin dəyişdirilməsi başa çatdırılıb.
Məktəb tikintisində əlaçılar
Azərbaycan dövlətinin təhsilə, onun maddi-texniki bazasının inkişaf etdirilməsinə yönəlik addımları Xaçmazda da aydın hiss edilməkdədir. Rayonda 2004-2012-ci illər ərzində 8356 şagird yerlik 30 məktəb binasının tikilməsi, 2260 yerlik 4 məktəb binasında əsaslı təmir-bərpa işlərinin aparılması buna yaxşı sübutdur. Xaçmazın Arzu kəndində uzun müddət məktəb olmadığından uşaqlar təhsil almaq üçün hərəkətin intensiv olduğu Xaçmaz-Quba yolunu keçmək məcburiyyətində qalırdılar. Dövlət İnvestisiya Proqramının yaratdığı imkandan istifadə edən rayon rəhbərliyi problemin həllinə nail olub. İndi Arzu kəndində 220 şagirdlik yerlik orta məktəb binası inşa edilib.
Qəzalı vəziyyətdə olan məktəb binalarının durumu ciddi araşdırıldıqdan sonra Qıraqlı kəndindəki 180, Qaradağbuduq kəndindəki 80 şagird yerlik məktəblərdə təmir işlərinə start verilib. Göstərilən diqqət və qayğıya cavab olaraq, rayon təhsil işçiləri fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.
Silsilə
yazımızın əvvəlində qeyd
etdiyimiz kimi,
Xaçmazın geniş turizm
potensialı var. Bunu nəzərə
alan rayon rəhbərliyi bir
neçə yeni layihə
üzərində iş
aparır. Dövlətin
yaxından dəstəyi ilə rayonun
dəniz sahili zonasında müasir
tələblərə
cavab verən
turizm infrastrukturunun
yaradılması imkanları araşdırılır. Bu layihələrə əcnəbi şirkətlərin də
cəlb edilməsi nəzərdə
tutulur. Bütün bu işlər
həyata keçəndən sonra Xaçmaz təkcə Azərbaycanda deyil, regionda turistləri ən çox
cəlb edən şəhərlərdən birinə çevriləcək.
E. CƏBRAYILOĞLU
ədalət.-2014.-15
yanvar.-S.6.