Qəribə adam
İlk tanışlıq
Oktay Hacımusalı imzası oxucularımıza yəqin ki, tanışdır. Mən bu imzanı çoxdan tanıyıram- 2006-cı ildən.
O zaman Oktay bizimki.org ədəbiyyat portalında yorulmadan ədəbiyyat üçün çalışırdı.
Təsadüfən internetdə tanış olduq və Oktay mənim paytaxt ədəbi mühitinə açılmağıma, ədəbiyyatla daha ciddi məşğul olmağıma təkan verdi. Şeirlərim haqqında ilk yazıları da məhz Oktay yazıb və məni ədəbi mühitə təqdim edib. Sonra dostlarla birlikdə "Nota bene" və "Mərkəz" qəzetlərində ədəbiyyat səhifələri hazırlamağa başladıq.
Mən Gəncədə, Oktay isə Bakıda, bu işə xeyli əmək verdik. Nəticə də pis olmadı. Bizim təqdim etdiyimiz müəlliflərin bir çoxu ədəbi və elmi fəaliyyətini davam etdirdi, bir çoxu jurnalistika sahəsində tanınmış imzalara çevrildi. Birlikdə çap olunduğumuz müəlliflərin bir çoxu da zatən, tanınmış imzalar idi.
Oktayın mənim yaradıcı həyatımda çox böyük təsiri var. Zamanında tanış olmağımız, yazılarım haqqında ümidverici fikirləri məni daha da həvəsləndirdi. O günlərin sahibiydi Oktay. Bütün gücüylə məni ədəbiyyata doğru çəkirdi. Ədəbiyyatla məşğul olmağın heç bir perspektiv vəd eləmədiyini bilə-bilə...
Qəribə adam
Oktay qəribə adamdır. Onun həyatdan gözləntiləri yalnız özünə məlumdur. Bəlkə də buna görə ədəbi mühitdə ona münasibət birmənalı deyil. Sakit-sakit qarşısına keçənin bostanına daş atmaqla nəyə nail olmaq istəməsi mənim üçün sirri-xudadır. Onu hər zaman yazan, oxuyan, araşdıran görmüşəm. Tərcümələri, yaradıb sonra ləğv elədiyi ədəbiyyat blogları, tənqidi yazıları ədəbiyyatımız üçün faydalı xidmətlərdir.
Ancaq Oktay başladığı, gördüyü işlərin heç birində sabit-qədəm deyil. Onun gördüyü işlərdən tez pəs etməyini hələ də anlamış deyiləm. Gördüyü işlər nəticə verməyə yaxınlaşanda Oktayda sanki ruh düşkünlüyü yaranır. Bulunduğu cəbhələr isə hər zaman rəngarəngdir. Dindarlar, solçular, millətçilər və s. Çalışdığı müddətcə boynuna düşən işin haqqını versə də, lazımınca çalışqan və zəhmətkeş olsa da, qəfildən çalışdığı nəşriyyatdan uzaqlaşıb hansısa bir ədəbiyyat blogu yaradıb, onu təkbaşına idarə edə bilən adamdır.
Yazmaqdan yorulduğunu, şikayətləndiyini görməmişəm. Yorulmadan tərcümə elədiyi yazıları bir araya gətirsən, böyük bir biblioqrafiya alınar. Maləsəf, tərcümə edib bloglarda yayınladığı ədəbiyyat nümunələrinin böyük əksəriyyətini indi axtarsam da, tapa bilmirəm. Yəqin ki, onların harda olduğunu özü də unudub. Məsələn, Nazim Hikmətdən tərcümə elədiyi bir kitablıq şeir, yəhudi ədəbiyyatından tərcümələr, müxtəlif şairlərdən elədiyi bir neçə almanaxlıq tərcümələri indi axtarıb tapmaq çox çətindir.
Bəlkə də dağınıq həyat tərzi, bir ayağının Siyəzəndə, bir ayağının Bakıda olmasına görə o, yazdıqlarını sistemləşdirə bilməyib. Hərbi xidmətdən gələndə onu görüb çox heyrətlənmişdim. Dəhşətli dərəcədə arıqlasa da, gözləri dəyişməmişdi. Əvvəlki qədər inamlı görsənirdi. Qısa müddətə iş tapacağını, hər şeyi yoluna qoyacağını elə inamla deyirdi ki, öz ümidsizliyimdən utanırdım.
Ucuz çayxanalarda çay içə-içə onun yeni yazılarını dinləməyim yazılmalı xatirələrdəndir. Mənə qarşı həmişə diqqətli və qayğıkeş olmağa çalışsa da, Oktayın qəribə bir məsuliyyətsizliyi var. Məsələn, müsahibə üçün göndərdiyin suallara bir günə cavab verəcəyini deyib 3 gün yubatması, səndən aldığı hansısa müsahibəni unudub çap etdirməməsi Oktay üçün sadə bir şeydir. Həm də Oktay bu işlərin altından çox şirinliklə sivişir: "Abisi, narahat olma, düzələcək".
Oktay günahını yumaq üçün
qarşısındakını asanlıqla ovsunlayır. Ona əsəbləşmək
də olmur. Mən
isə
aramızdakı 3-4 yaş fərqə görə
həmişə susuram.
Bir az bohem adam
Oktaydan öyrəndiyim bir çox şeylər var. Məsələn, kirayədə qalmaq imkanı olmayanda, evə getmək həvəsi olmayanda internet klubda gecələməyi öyrədib mənə. Sonra bu təcrübəni dəfələrlə həyatımda tətbiq eləmişəm. Bir az bohem həyatdır, ancaq olsun. Elə Oktay özü də bir az bohem adamdır.
Sözün kəsəsi, Oktay zəhmətkeş, çalışqan, eyni zamanda məsuliyyətli olmağı sevməyən, "Araz aşığından, kür topuğundan" olan maraqlı bir adamdır. Həm ədəbiyyat adamı, həm də maraqlı bir ədəbi qəhrəman kimi olduqca koloritlidir. Bu, Oktay haqqında ilk yazım deyil, bir dəfə hardasa 2008-ci ildə şeirləri haqqında bir yazı yazmışdım. "Ümid var əvəzindəg" adlanan yazım onun poeziyası haqqında, daha doğrusu, bir neçə şeiri haqqında idi.
Bu yazını başlayanda isə,
onun yenicə
çap olunan "Bu vaxtın sahibi" romanı
haqqında düşüncələrimi yazmağı düşünürdüm. Nədənsə,
söhbət bu yerə
qədər uzandı. Oktay həqiqətən bədii
obraz kimi çox maraqlıdır. Oğul
gərəkdir ki,
oturub Oktay haqqında roman yazsın.
"Bu vaxtın sahibi"
Sözün açığı, romanın elektron variantını oxuyub fikirlərimi isti-isti yazmaq istəmişdim. Ancaq sonra fikrimdən daşındım. Hətta özümə söz verdim ki, bu kitab haqqında heç nə yazmayım. Yazmamaq üçün səbəblərim daha çox idi və bu səbəbləri Oktay yəqin ki, özü başa düşür. Ancaq kitabın təqdimatından sonra kitabı təkrar oxudum. Cəmi yarım saata kitabı bitirdim və başa düşdüm ki, nə isə yazmalıyam.
Oktay həyatını bir az tünd boyalarla, ümidsizcəsinə yazıb. Bir yazıçının zaman axınında bütün çırpıntılarını tələskənliklə, birnəfəsə köçürmək istəyib vərəqlərə. Romanın müəyyən parçalarını çayxanada çay içə-içə özü oxumuşdu mənə və böyük zövq almışdım doğrusu. Ancaq kitab halında romanı oxuyanda hiss elədim ki, Oktay sadəcə, mənə oxuduğu parçalara ürəyini qoyub. Nədənsə digər hissələrə, digər parçalara lazımı qədər diqqətlə və həvəslə yanaşmayıb.
Oxuduqca düşündüm ki, Oktay müəyyən hissələri daha əhatəli, daha oxunaqlı, daha maraqlı yaza bilərdi. Ancaq təəssüf ki, müəllif tələskənliyə yol verib. Bizim hamımızda bu tələskənlik, tez yazıb bitirmək ehtiyacı var. Ancaq Oktay sanki həqiqətləri unudacağından qorxaraq, deyəcəklərinin hədəfə vaxtında çatmayacağından əndişələnərək yazıb "Bu vaxtın sahibi" ni.
Dil, üslub
və süjet
Əsər dil, üslub və süjet baxımından da axsayır. Məsələn, Türkiyə türkcəsindən transfer olunan sözlər əsərdə kifayət qədər yerinə oturmur. Əsərin qəribə üslubu(bəlkə də üslubsuzluğu) oxucunu çaşdırır. Süjetsizlik isə oxucuda mütaliə xaosu yaradır. Ən ciddi məqam, əsər "roman-gündəlik" adlandırılsa da, roman və gündəlik kriteriyalarına cavab vermir. Burda ciddi bir məqamı qeyd eləmək istərdim. Ola bilsin ki, əsər kitabın üz qabığında yazıldığı kimi, mənim bilmədiyim, haqqında məlumatsız olduğum "roman-gündəlik" janrının xüsusiyyətlərinə cavab verir.
Alınmayan "master-klas"
Müəllif
romanın çapından sonra verdiyi müsahibələrin birində, romanı yazmaq məqsədini
açıqlayarkən
bildirir ki, romanı yazmaqda məqsədi ədəbiyyat adamlarına "master-klas" keçməkdir.
Oktay bunu zarafat və ya
ironiya ilə
demiş olsa belə, bu
fakir onun istəyini kifayət qədər əks
etdirir. Çünki,
ədəbiyyatı dərindən bilən, güclü
mütaliəsi və bazası olan müəllif
mənim
düşüncəmə görə əsil "master-klas"
keçməli idi. Təəssüf
ki, müəllif
bütün yaradıcı imkanlarından
yararlanmayıb. Şəxsən mən daha
doyumluq bir əsər oxuyacağıma inanırdım.
Oktayın yaşadıqları, müşahidələri, bilgiləri
imkan verirdi ki, o daha
maraqlı və əhatəli bir
əsər yazsın. Bu, sadəcə, mənim gözləntilərimdir. Oktay isə
həmişəki kimi,
öz bildiyini eləyib. Yəni, sübut
edib ki, mən gözlənilməz tryukları
bacarıram. Hətta
bu tryuklar uğursuz olsa belə, ondan
çəkinmirəm.
Poetik nəsr
Əsərin poetikliyi, şeir kimi oxunması məni daha çox cəlb elədi. Mənə elə gəldi ki, Oktayın nəsrini yox, poeziyasını oxuyuram. Poeziya demişkən, son dövrlər yazdığı şeirlərdə də Oktay sanki tələsir. Sözün düzü, Oktayın əvvəlki şeirləri mənə görə daha maraqlı idi. Oktayın digər nəsr əsərlərinə də də bir poetika hakimdir. Oktayın şeirdən nəsrə keçidi, onun hər ikisi ilə parallel məşğul olması, əsərin poetikasıdır.
"Gecənin bir aləmi yenə qarabasmadan oyanıb ona rast gəldiyim günə lənət yağdıra - yağdıra işığı yandırıb düşünməyə başladım. Bunların hamısı onun ayağına getdiyim gündən sonra başladı. Bu qarabasmalar, yuxumun pozulması və tez - tez qulağımda
Şəbnəmin
"Get, Oktay, get!" - cümləsinin səslənməsi..."
Əsərdən seçdiyim bu parça məncə,
fikrimi əsaslandırmaq üçün
kifayətdir. Cümlələrə
bir az
əl gəzdirsən, hazır şeirdir.
Və son
Əsər haqqında çox danışmaq istəmirəm. Hər halda, kifayət qədər ucuz qiymətə satışa çıxarılan,
asan oxunan bu əsəri oxumaq daha məqsədəuyğundur.
Həyat gerçəkləri, dinamika, oxunaqlı əsər oxucunu yormur. Yuxarıdakı iradları müəllif və
oxucular qəbul etməyə bilər, ancaq düşündüklərimi yazmaqda bir fayda
var, düşüncəsindəyəm.
Son olaraq, Oktay Hacımusalıya bol-bol uğurlar arzulayıram. Ümid edirəm ki, Oktay yazmaq
istədiklərini yazmaq üçün fürsət
tapacaq. Nə qədər məsuliyyətsiz yanaşsa da, ədəbiyyat onun boyuna biçilib.
Ümid edirəm
ki, yazı boyu səsləndirdiyim iradlardan inciməyəcək.
Mən belə
yazmalıydım, abisi...
Cəlil Cavanşir
Ədalət.-2014.-15
yanvar.-S.7.