SİYASƏTDƏ DƏ İMZASI OLAN YAZIÇI

"Körpü"dən "Yük"ə gələn yol

Onu çoxdan tanıyıram. Hardasa imzasına rast gəldiyim tarix və yaddaşıma köçən həmin o "Ulduz" jurnalı buəllifi qiyabi olaraq mənə təqdim etdi və jurnalın həmin sayında mən başqa bir yeni imza da gördüm. Bu imzanın da sahibi bu gün çalışdığım "Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas idi. 1978-ci ildə oxuduğum həmin o jurnalda, yəni "Ulduz"da Aqil Abbasın "Şəbədə Nazim", Səyyad Aranın isə "İbiş dayı" hekayələri həm üslub, həm də yaradıcılıq baxımından bir oxucu kimi məni özünə çəkmişdi və o vaxtdan da bu imzalar mənim yaddaşımda ilişib qaldı.

Nağıllarda deyilən kimi illər, aylar ötdü və zaman elə gətirdi ki, mən Səyyad Aranla birbaşa təmas qurmaq, qarşı-qarşıya dayanmaq, həmsöhbət olmaq imkanı da qazandım. Təbii ki, həmin o illərdə Səyyad Aran sadəcə bir əyalət müəllimi və sonra da paytaxta üz tutmuş, mətbuatda yenicə imzasını və yerini tanıdan gənc bir mütəxəssis, cavan bir oğlan idi. Amma bu cavan oğlanı paytaxta təkcə arzuları, Bakı sevgisi çəkib gətirməmişdi. O, Bakıya həm də bir növ onu qəbul etməyənlərə etiraz əlaməti olaraq üz tutmuşdu... O Bakıya həm də özünü təsdiq etmək, özünü ifadə etmək üçün gəlmişdi. Və təbii ki, bu gəliş bir növü mübarizə meydanına atılmaq, həm siyasi, həm də mənəvi gərginlikləri aşmaq, hətta lazım gələndə təkcə sözlə, qələmlə yox, həm də qətiyyət və dözümlə yerini qoruyub saxlamaq, paralel olaraq da irəliyə doğru addımlamaq istəyi ilə gəlmişdi. Bu istək, bu niyyət onu bu günə yönəltmişdi, istiqamətləndirmişdi və o da bu istiqaməti bütünlüklə qəbul etmişdi.

Amma Bakıya gələnə kimi onun bir ömür gündəliyi, bir uşaqlıq, bir gənclik dövrü öz parlaqlığıyla təkcə Səyyad Aranı deyil, həm də onu tanıyanların yaddaşına həkk olunmuşdu. Çünki...

Səyyad Aran İmişlidə doğulub. İmişlidəki 1 saylı şəhər məktəbində təhsil alıb. Gözünü açanda evdə cilid-cilid kitablar görüb. Çünki atası Adiləllim sözün bütün mənalarında ədəbiyyatın dünyasını bilən, ona nüfuz etməyi bacaran ədəbiyyat müəllimi idi. Səyyad Aran həm də oxuduğu məktəbdə təhsilə böyük meydan verildiyindən, tələbkarlıq olduğundan demək olar ki, kitabdan, dəftərdən uzağa düşmək imkanı yox idi. Özünün də dediyi kimi, onun və sinif yoldaşlarının iki marağı, iki xobbisi olub - biri oxumaq, biri isə futbol. Hətta futbol oynayanda da onlar vurulan topların sayı qədər bir-birilərinə suallar verib, cavablar alırlarmış. Futbol meydançasına da özləri ilə kitab-dəftər götürürlərmiş. Görünür, bir sinifdə oxuyan bu 32 şagirdinərisində məktəb müəllimlərinin, eyni zamanda məktəbin dərs-hissə müdirinin də olması onları bir növ daxili yarışmaya sövq edirdi. Hər biri çalışırdı ki, öz hazırlığı ilə digərini üstələsin.

Təbii ki, bu da son nəticədə onların hər birinə daha savadlı olmaq, daha çox bilik əldə etmək imkanı verirdi. Həmin ötən günlərin xoş xatirələrini dilə gətirən Səyyad müəllim bugünlərdə etdiyim söhbət zamanı onu da vurğuladı ki, bizimlə kitabxananın müdirinin bacısı da oxuyurdu. Biz onun vasitəsilə kitabxanaya üzv yazılmışdıq. Məhz həmin kitabxanada Drayzeri, Cek Londonu, Tolstoyu, Viktor Hüqonu, Füzulini, Nizamini, daha kimləri oxumadıq ki?.. İndi fikirləşirəm ki, bizim o kitabxananın cilid-cilid kitablarını oxumağımız bizi həm də formalaşdırırdı, bizi həyata hazırlayırdı. Biz dünya ədəbiyyatı ilə yanaşı, özümüzünküləri də oxuyub müzakirə etməyi sevirdik. Hətta bəzən kitabxanaçı nahara getmək istəyəndə xahiş edirdim ki, siz qapını arxadan bağlayıb gedin, mən kitabı oxuyum, siz gələndən sonra buranı tərk edərəm... Yəni kitaba sevgimiz bu qədər idi. Üstəlik biz həm də bütövlükdə oxuduğumuzu dərk etməyə çalışır, ondan yararlanırdıq. Ona görə də sabaha da, gələcəyə də böyük ümidlərlə baxırdıq...

Hələ orta məktəb illərindən ədəbiyyata, sözə könül verən Səyyad Aran bəzən özünə çəkilir, şeirlərini, hekayələrini kağıza köçürürdü. Məhz həmin o şeirlər, hekayələr onu ədəbi mühitə doğru çəkib aparırdı. Orta təhsilini başa vurub ali məktəbə, o vaxtkı Pedaqoji İnstitutun filologiya fakültəsinə qəbul olunanda onun bir yazı-pozu adamı kimi imzası artıq çoxlarına bəlli idi. Məhz bu illərdə o, Axundov adına kitabxanada xalq şairi Nəriman Həsənzadənin, M.Ə.Sabir adına kitabxanada Ağacavad Əlizadənin rəhbəri olduğu ədəbi məclislərə gedir, yaradıcılıq müsabiqələrinə, müzakirələrinə qatılırdı. Gənc yazar kimi o vaxtkı Yazıçılar İttifaqının Şüvəlanda keçirdiyi tədbirlərə qatılırdı. Onun ilk qələm təcrübələri barəsində xalq yazıçısı Əli Vəliyevin, xalq şairi Bəxtiyar Vahabzadənin, yazıçı Fərman Kərimzadənin və digərlərinin söylədikləri fikirlər onun işıqlı bir qələm sahibi olacağına həm valideynlərində, həm də özündə böyük ümidlər yaratmışdı. Dəfələrlə müxtəlif mətbu orqanlarda işıq üzü görən hekayələri günlərin birində, yəni 1983-cü ildə "Körpü" adı ilə çap olundu. "Gənclik" nəşriyyatının çap etdiyi bu kitabəllifin dünyaya gələn ilk toplusu idi.

Həyat tarixçəsini az-çox bildiyim Səyyad Aran ali təhsilini başa vurduqdan sonra doğulduğu rayona təyinat alır. Onun ilk yeri Qarallar-Əzizbəyov kənd məktəbi olur. 1974-cü ildən isə Səyyad Aran bir vaxtlar oxuduğu məktəbdə ədəbiyyat müəllimi kimi atası ilə çiyin-çiyinə işləməyə başlayır. Gənc müəllimin həm peşəsinə sevgisi, həm hazırlığı, xüsusilə isə natiqliyi kollektivdə hamının diqqətini çəkmişdi. Müəyyən dövr keçdikdən sonra onun bu qabiliyyəti yüksək qiymətləndirildi və o, məhz ötən əsrin 90-cı illərinin əvvəllərində artıq İmişlidə təhsilə rəhbərlik edirdi. Ancaqəyyən dairələrin yaratdığı problem Səyyad Aranı İmişlidən Bakıya üz tutmağa vadar etdi və o, Bakıya gələndə artıq nə edəcəyini, hansı addımlar atacağını çox dəqiq bilirdi. Ona görə də ilk olaraq könül verdiyi sözün, qələmin qulpundan tutdu. Həmin o qələm də onu siyasi mübarizələr meydanına yönəltdi.

90-cı illərin siyasi burulğanında öz fəallığı ilə seçilən, bu gün iqtidarda olan partiyanın yaradılmasında, hətta onun Naxçıvanda keçirilən təsis yığıncağında fəal iştirak edən Səyyad Aran həm də "Səs" qəzetinin baş redaktorunun müavini oldu. Müstəqil Azərbaycanın parlamentində iki dəfə millət vəkili kimi öz qətiyyətli mövqeyi ilə seçildi.

Ümumiyyətlə, ictimai-siyasi həyatda çox fəal olan Səyyad Aran 90-cı illərdə bədii yaradıcılıqdan bir qədər uzaq düşdü. Çünki təmsilçisi olduğu partiyada onun üzərinə böyük vəzifələr düşürdü. O, bir siyasətçi kimi, bir partiya mənsubu kimi, bir millət vəkili kimi həmişə hadisələrin içərisində olur, xalqla iqtidarın birləşmə nöqtəsində öz konkret, dəqiq və mükəmməl fikirləri ilə, qərarları ilə xoş aura yaradır, insanların etimadını doğruldurdu.

Bununla paralel olaraq, ölkə rəhbərliyinin ona olan diqqət və qayğısı, eləcə də göstərdiyi etimad Səyyad Arandan həm yazıçı, həm də millət vəkili kimi günün reallağını, aparılan mübarizənin məram və məqsədini əsl xalq adamı kimi təbliğ etməyə, təqdir etməyə, tanıtmağa həvəsləndirirdi. Ona görə də Ulu Öndərin ona olan diqqəti Səyyad Aranı daha da ruhlandırır, daha da inamlı edirdi.

Məhz bu aspektlər günlərin birində, daha dəqiq ifadə etsəm, 2005-ci ilin oktyabr ayında onun Azərbaycanın İstanbulda baş konsulu olmasını rəsmiləşdirdi. Ölkə prezidentinin imzaladığı sərəncamla Səyyad Adil oğlu Salahlı, yəni Səyyad Aran bu mühüm posta təyin edildi.

Bəli, indi Səyyad Aran daha bir məsul vəzifəni yerinə yetirir. O, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidi. Yəni prezidentimizin, dövlətimizin onun üzərinə qoyduğu çox önəmli bir vəzifəni icra edir. Amma Səyyad Aran həm də bir söz adamıdı. O, məmur olmaqla yanaşı, həm də bir yazıçıdır. Artıq bir neçə publisistik elmi kitabları ilə yanaşı, onun "Sandıqda qalan muştuluq" adlı kitabı, həmçinin İstanbulda çap olunmuş "Aklanma kağıdı" bədii kitabları, yəni povest və hekayələri böyük tirajlarla işıq üzü görüb.

Mən onunla həmsöhbət olarkən onu da öyrəndim ki, Səyyad müəllimin Qarabağdan, Qarabağ hadisələrindən bəhs edən "Yük" romanı artıq tamamlanıb və paralel olaraq milli-mənəvi dəyərlərdən bəhs edən başqa bir romanın da üzərində işləyir. Necə deyərlər, o yenidən qələmlə həmsöhbət olmağa başlayıb. Mən bunu təbii qəbul edirəm. Çünki Allahın verdiyi istedad, daxildə qaynayan bulaq bir az səngiyə, bir az hardasa ləngiyə bilər. Amma o, öz axarını heç vaxt dəyişmir, öz səmtini heç vaxt itirmir. Ona görə də bu gün Səyyad Aran özünün doğum tarixini qeyd etsə də, amma əslində o, oxucular üçün "İbiş dayı" hekayəsi ilə doğulmuşdu. Və sözlə doğulan Səyyad Aran imzası elə sözün işığında da öz yolunu davam etdirir. Təbii ki, onu gözləyən oxucularına tərəf. İnamla deyə bilərəm ki, o oxucuların arasında mən də varam.

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-15 yanvar.-S.5.