FHN-nin Akademiyası - ümummilli liderimiz Heydər Əliyevin ideyalarının
gerçəkləşdiyi məkan
Ümummlli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın uzaq gələcəyini nəzərdə tutaraq güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsinə hədsiz qayğı göstərilmişdir. İstər keçmiş SSSİ-nin tərkibində olduğumuz, istərsə də ikinci dəfə müstəqilliyə qovuşduğumuz illərdə Ulu öndərimiz tərəfindən respublikamızın ali və orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirilmiş, yüzlərlə Azərbaycan gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslara yiyələnmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyev xüsusi sahələr, o cümlədən fövqəladə halların aradan qaldırılması üzrə milli mütəxəssislərin hazırlanmasına da xüsusi önəm vermiş, onun məqsədyönlü siyasəti nəticəsində 1970-ci illərdə Azərbaycanın yanğından mühafizə orqanlarının kadr bazasının möhkəmləndirilməsi, milli kadrlarla təmin edilməsi istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Tarixi gerçəklik naminə qeyd olunmalıdır ki, Heydər Əliyev uzaqgörənliklə hələ 20-30 il öncə gələcək müstəqil Azərbaycan Respublikasının yanğından mühafizə orqanlarının ixtisaslı kadrlarla təmin olunması qayğısına qalmışdır.
Ötən əsrin 70-80-ci illərində olduğu kimi, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra da ümummilli liderimiz Heydər Əliyev təhsilin inkişafına xüsusi önəm vermiş, bu sahədə islahatların aparılmasının təşəbbüskarı olmuşdur. "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır", deyən dahi Heydər Əliyev təhsilimizin məzmunca milli və ümumbəşəri dəyərlər, milli müstəqillik prinsipləri əsasında inkişaf etməsinə, cəmiyyətimizin bütün sahələrini təmin edəcək kadrların yetişməsinə misilsiz qayğı göstərmişdir. Məhz elə bu qayğının nəticəsində Azərbaycanın yanğın təhlükəsizliyi xidməti milli kadrların hazırlanması probleminin həllinə nail olmuşdu. Belə ki, 1996-cı ildə Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə xüsusi orta-ixtisas təhsili verən Bakı Yanğın-Texniki Məktəbi yaradılmışdı. Bu, Heydər Əliyevin milli dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olmaqla yanğın təhlükəsizliyi xidmətinin peşəkar milli kadrlarla təmin olunmasına göstərilən dövlət qayğısının təcəssümü idi.
Ümummilli liderimiz Heydər Əliyevin ideyalarını yaşadan, onun siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli kadrların hazırlanması işinə prioritet məsələ kimi qayğı göstərir, bu sahədə əməli addımlar atır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 02 iyun tarixli Sərəncamına əsasən yuxarıda adı çəkilən Bakı Yanğın-Texniki Məktəbinin, S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Azərbaycan Respublikası Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və Tədris-Təlim Mərkəzinin bazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması xüsusi sahələr üçün, o cümlədən fövqəladə halların xəbərdar olunması, onun nəticələrinin aradan qaldırılması sahəsində milli kadrların hazırlanmasına dövlət başçımız tərəfindən göstərilən qayğının parlaq təcəssümü idi.
Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsi kimi Akademiya bu gün "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə kadrlar hazırlayır.
FHN-nin Akademiyasının yaradılmasından cəmi 6 ilə yaxın vaxt ötür. Lakin bu qısa zaman kəsiyində istər Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də ixtisaslı kadrların hazırlanması sahəsində çox böyük uğurlar əldə edilmişdir. Strukturuna "Həyat fəaliyyətinin təhlükəsizliyi", "Yanğın təhlükəsizliyi", "Kadrların yenidən hazırlığı və ixtisasartırma", "Qiyabi təhsil" fakültələri və 7 kafedra daxil olan Akademiyada yanğın-tədris hissəsi, kitabxana, tibb məntəqəsi, mədəni mərkəz, 4 linqafon kabineti, informatika, kimya, elektronika və elektrotexnika laboratoriyaları, hərbi-hazırlıq, avtomobil hazırlığı, qəza-xilasetmə hazırlığı, xüsusi tibbi hazırlıq auditoriyaları, həmçinin "qayadırmanma" kompleksi, idman meydançası qurğuları və s. fəaliyyət göstərir. Akademiyada tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir.
Yeni yaradılmış bu tədris ocağı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olmaq məqsədilə Akademiyanın ixtisaslı kadrlarla kompleksləşdirilməsi, tədris prosesinin normativ-hüquqi aktlara və normativlərə uyğun qurulması, kursant və müdavimlərin təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi, müvafiq tədris və plan proqramlarının hazırlanması, maddi-texniki və metodiki bazanın yaradılması və möhkəmləndirilməsi, fövqəladə hallar sahəsində elmi-tədqiqatların aparılması və digər bu kimi mühüm vəzifələrin əməli həllinə nail olunması üçün qısa vaxt ərzində bir sıra təqdirəlayiq işlər həyata keçirilmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə Akademiyanın fəaliyyət proqramı hazırlanmış və bu proqrama uyğun olaraq Akademiyada təhsilin məzmununun Baloniya sisteminin prinsiplərinə, tədrisin Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilməsi təmin edilmiş, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, professor-müəllim heyətinin tədrisdə, kursantların isə təhsildə mativasiyalarını yüksəltmək üçün səfərbəredici tədbirlər həyata keçirilmişdir. Olduqca fərəh doğuran haldır ki, bütün bu nailiyyətlərə çox az bir müddətdə nail olunmuşdur.
Akademiyanın kitabxanasının zənginləşdirilməsi məqsədi ilə kitabxana fondu yeni dərs vəsaitlərilə təmin edilmiş, ümummilli lider Heydər Əliyev irsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərə, eləcə də dövlətin daxili və xarici siyasətinə həsr olunmuş siyasi ədəbiyyat və albomlar əldə edilərək fondda yerləşdirilmişdir.
Akademiyanın müəllim və kursantları istər respublikada, istər digər ölkələrdə keçirilən konfranslarda, tədbirlərdə fəal iştirak edirlər.
Akademiyanın beynəlxalq əlaqələrinin yaradılması və genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyası, həmin nazirliyin Yanğından Mühafizə Akademiyası, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndis Komandirlər İnstitutu, həmin nazirliyin Qomel Mühəndislər İnstitutu, həmçinin bu institutun nəzdində lisey, Ukraynanın Xarkov şəhərindəki Mülki Müdafiə Universiteti ilə tanışlıq məqsədilə Akademiyanın əməkdaşlarından ibarət nümayəndə heyəti Xarkov şəhərində ezamiyyətdə olmuş, Rusiya Federasiyası, Belarus Respublikası, Ukraynanın müvafiq tədris müəssisələrinin auditoriya, laboratoriya, fənn otaqları və poliqonlarında istifadə edilən maket, maniken, qurğu və avadanlıqlardan istifadə prosesi, onların hazırlanması və əldə edilməsi barədə məlumat toplanmışdır.
Olduqca fərəh doğuran haldır ki, bütün bu nailiyyətlərə qısa zaman kəsiyində - 5 ildə nail olunmuşdur. Dövlət başçımız İlham Əliyevin qayğısı sayəsində əldə olunan bu uğurlar FHN-nin Akademiyasını ölkəmizin ali məktəbləri sırasında nüfuzlu ali tədris müəssisəsinə çevirmiş, qısa bir vaxtda görülən işlər xarici qonaqların da diqqətini cəlb etmişdir.
Qətiyyətlə qeyd etmək olar ki, artiq Fövqəladə Hallar Nazirliyinin Akademiyasının parlaq gələcəyinin, geniş və əhatəli inkişafının təməli qoyulmuşdur. Bunu Fövqəladə Hallar Nazirliyinin Akademiyası binasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qeyd etmişdir: "Fövqəladə Hallar Nazirliyinin Akademiyası qısa müddət ərzində gözəl bir tədris mərkəzinə çevrilibdir. Ümid edirəm ki, biz gələcəkdə bu akademiyanın bazasında beynəlxalq tədris və təlim mərkəzi yaradacağıq. Burada mövcud olan imkanlar bunu deməyə əsas verir. Çünki hesab edirəm ki, bu bölgədə, yerləşdiyimiz regionda bu akademiyanın əlbəttə, öz yeri vardır. Əminəm ki, burada təhsil almaq üçün qonşu ölkələrdən də vətəndaşlar gələcəklər. Bu bazada əminəm ki, beynəlxalq tədris mərkəzini yarada bilərik. Əlbəttə ki, burada ilk növbədə xilasedicilərimiz öz biliklərini artıracaqlar. Gənclər müxtəlif peşələr üzrə öz ixtisaslarını təmin edəcəklər. Buna böyük ehtiyac vardır".
Bu gün
Akademiyadakı təhsil
prosesindəki şəffaflıq,
müdavimlərə təhsil və
sosial-məişət problemləri üçün
yaradılmış yüksək
şərait və nizam-intizam
bu gənc
təhsil müəssisəsinin ünvanına xoş təəssüratlar
yaradır. Təsadüfi
deyildir ki, FHN-nin Akademiyası haqqında içtimaiyyət, xüsusən də müdavimlərin valideynləri tərəfindən
yalnız xoş sözlər eşidilir. Bütün bunlar isə bizdə belə bir
təəssürat
yaradır: FHN-nin Akademiyası ümummilli liderimiz Heydər Əliyevin
ideyalarının gerçəkləşdiyi məkandır.
Hikmət
Xudiyev, FHN Dövlət
Yanğın Nəzarəti
Xidmətinin
Yanğına qarşı təbliğat şöbəsinin
rəisi,
daxili xidmət polkovniki,
əməkdar
jurnalist
Ədalət.-2014.-15
yanvar.-S.3.