TORPAQ BƏRƏKƏTLİ OLANDA...

(əvvəli ötən sayımızda)

Məhsul verən sahələr

... Bayaq bərəkətli Qarabağ torpağından danışdıq. Dedik ki, bu yerlərin torpağı daha bərəkətlidi. Mer-meyvəsinin, bostan-tərəvəz məhsulunun dadından adam doymur. Hələ biz quzu ətinin tamını demirik. Qarabağın quzusunun kababının özgə ləzzəti var. Xüsusən də qara quzular daha dadlı olur. Bu sözləri deyəndə özümün də azğı sulanır. Çünki yolum kəndimizə düşəndə yaxın dostlarım, qohum-əqrəbam hamısı məni evinə qonaq aparmaq istəyir. Təbii ki, onların sözlərindən mən də çıxmıram. Yadımda qalan o olur ki, içdiyim su, yediyim çörək və udduğum hava tamamilə fərqlidi. Hələ mən gecələr rahat yatmağımı demirəm. Təzyiqim yüksək olduğu üçün Bakıda çox nadir hallarda rahat yatıram. Amma kəndimizə gələndə nə ağrayıb-acıyıram, nə təzyiqim olur, nə də sıxıntılarım...

Elə bil mətləbdən bir qədər uzaq düşdük. Xatirələr məni uzaq keçmişə apardı. Axı biz məhsul verən torpaqdan danışırdıq. O torpaqdan ki, onun hər qarışı qızıla bərabərdi...

Sevinən insanlar

Füzulidə insanların necə sevindiyini üz-gözlərindən görmək olar. Kimin qapısını açsan, kimə qonaq olsan, səni gülərüzlə qarşılayar. Çünki qonaq üçün hər bir şərait var. Yatmağa yeri, qonaq qabağına qoymağa çörəyi olan insanlar heç də elə-belə adamlar deyillər. Onlar zəhmətkeş, halal və əməli saleh adamlardı. Çünki bu insanlar taxıl, günəbaxan, kartof, bostan-tərəvəz, pambıq, meyvə, üzüm yetişdirirlər. Hələ biz onların mal-qaralarını demirik. İlbəil adını sadaladığımız məhsulların artımı hiss olunur. Yəni rayonda elə bir abu-hava yaranıb ki, insanların işləməsi və məhsul əldə etməsi üçün heç bir çətinlik yoxdur. Ən azından ona görə ki, işləyən adam çörəyini daşdan da olsa çıxara bilir. Burdakı insanların çoxunun çörəyi torpaqdan, mal-qaradan və xırda ticarətdən çıxır. Yəni əziyyət çəkən insan heç vaxt çətin anlar yaşamır...

"Yaşıl işıq" yandırılıb

Rayonda sahibkarlığın inkişafına "yaşıl işıq" yandırılıb. Belə ki, dövlət və eləcə də rayon rəhbərliyi səviyyəsində həmin adamlara böyük dəstək var. Əgər bir sahibkar, bir fermer çətinə düşürsə və çıxış yolu tapmaq istəyirsə, təbii ki, rayon icra hakimiyyətinə müraciət etsə, o bu problemi qısa zaman ərzində həll edə bilir.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bizimlə söhbət zamanı bildirdi ki, sahibkarlara, fermerlərə və adamlarına hər cür şərait yaratmışıq. Onlara təsərrüfatlarını inkişaf etdirilməsi üçün həm dövlət dəstəyi var, həm də mənəvi dayaq. Aydındır ki, rayonumuzun böyük bir hissəsi ermənilərin işğalı altındadı.

Ancaq biz elə etməliyik ki, insanlar işğaldan azad olunmuş ərazilərdə məskunlaşarkən bir çox problemlərlə üzləşməsinlər. Mən bu vəzifəyə təyin olunan ilk gündən camaatla söhbətimdə bildirmişəm ki, sahibkarlara, fermerlərə və adamlarına hər cür yardım edəcəyik. Təki onlar rayonda bir görə bilsinlər. Həyata keçirdiyimiz tədbirlər nəticəsində bu gün Füzulidə birmənalı olaraq deyə bilərəm ki, sahibkarlıq fəaliyyəti geniş vüsət alıb.

Aydındır ki, rayonda gedən quruculuq, abadlıq və tikinti işlərində füzulilər özü çox yaxından iştirak edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, ölkə prezidenti cənab İlham Əliyev Füzulidəki bütün quruculuq və abadlıq işlərinə böyük diqqət yetirir və qayğı göstərir. Məhz buna görə də biz bütün sahələrdə böyük irəliləyişlərə nail olmaq üçün qüvvələrimizi birləşdirməli və möhtəşəm işlər görməliyik. O işlər ki, Füzuliyə gələn hər bir qonaq bunu görür, qiymətləndirir və dəyər verir.

Uzanan yollar...

Bu gün demək olar ki, Füzulinin işğaldan azad olunan elə bir yaşayış məntəqəsi yoxdur ki, oralara yeni asfalt yollar çəkilməsin. Hətta Sovet dönəmində yolları bərbad, çala-çuxur olan kəndlərə belə asfalt yollar çəkilib. Eyni zamanda, Füzulinin əksər kəndləri təbii qazla təchiz edilib. Artıq böyük abadlıq, quruculuq işləri Horadiz şəhərindən qəsəbələrə, kəndlərə və yaşayış məntəqələrinə doğru addımlayır. Əlbəttə, bu abad, bu gözəl və yeni salınan yaşayış məntəqələrini görəndə adamın ürəyi dağa dönür. Heç uzağa getməyək, Qayıdış və Zobucuq qəsəbələrinə baş çəksəniz, hər şeyin şahidi olarsınız. Yeni salınmış bu qəsəbələrdə on minlərlə insan məskunlaşıb. Onların yaşayışı, dolanışığı, sağlamlığı və təhsili üçün hər bir şərait yaradılıb. Təkcə insana o qalır ki, bu şəraitdən istifadə eləsin. Uzanan yollardan biri bizi Alxanlı kəndinə aparır...

Ermənilər güllə atar...

Ötən əsrin 90-cı illərindən bəri bu sətirlərin əllifi həmişə döyüş bölgəsinə can atıb. Qubadlıda, Cəbrayılda, Zəngilanda, Laçında, Kəlbəcərdə, Şuşada, Ağdamda döyüşün ən ağır anlarının şahidi olmuşam. Və həmişə də döyüş bölgəsinə getməyimlə qürur duymuşam.

Bu dəfə də yaxın dostum Ariflə və oğlum Eminlə Füzulidə olanda birbaşa qaynar nöqtəyə getdik. Təbii ki, ermənilərlə üzbəüz olan yaxın məsafəni görmək və həmin anları yaşamaq insanda böyük vətənpərvərlik duyğuları yaradır.

Elə ki, Yuxarı Kürdmahmudludan Alxanlıya doğru hərəkət elədik, onda oğlum bir qədər qorxdu. Dedi ki, ata, bəlkə qabağa getməyək. Onun qorxduğunu hiss edib bildirdim ki, cəbhə nöqtəsinə az qalıb. Alxanlını keçib sonuncu məntəqədə dayandıq. Ordan o yana əsgərlər təbii ki, bizi buraxmadılar.

Çünki qarşıda işğal olunmuş kəndlərimiz və Füzuli şəhəri var idi. Hündür yerə çıxanda Füzuli şəhəri uzaqdan görünür. Ancaq burda da ehtiyatlı olmaq lazımdı. Bu sözləri oğluma deyirəm və o çəkilib durur kənarda. Deyəsən, o, daha qorxmur. Çünki ermənilər də "ağıllanıblar".

Atəşkəsi həmin an pozmurlar. Amma ürəyimdə ermənilərə qarşı sonsuz bir güllə yağışı baş qaldırır. Fikirləşirəm ki, əgər bu güllə yağışı ilə ermənilərin üstünə yerisəm, nə olur?

Hər halda, bir qədər fikirləşib sakitləşirəm. Məni də sakitləşdirən o olur ki, ölkə prezidenti cənab İlham Əliyev tezliklə torpaqlarımızın işğaldan azad olunması üçün lazımi addımlar atacaq. Bax, onda bütün döyüşənlər kimi biz də əlimizə silah götürüb güllələri erməni mövqelərinə tərəf yağış kimi yağdıracağıq.

... Geri qayıdırıq. Alxanlı kəndinin ortasından keçən asfalt yolun sağında və solunda taxıl zəmiləri göyərir. Burda bir çox dəmyə torpaqlarda əkin işləri aparılıb. Maşallah, zəmilər göz oxşayır.

Qışın oğlan çağı olmasına baxmayaraq, əkilən taxıl sanki qar altından boylanaraq zəif-zəif üfüqdən görünən günəşə salam vermək istəyir. Hava tər-təmizdi. Maşından yerə düşürük və bu tər-təmiz havadan doyunca ciyərlərimizə çəkirik. Dostumuz Arif və oğlum Emin maşına qayıdıb minmək istəmirlər. Arif deyir ki, Faiqəllim, qoy bir az təmiz havadan ciyərlərimizə çəkək. Onsuz da Bakının zəhərli havası bizim axırımıza çıxıb.

...Qaranlıq düşür. Yavaş-yavaş maşınımızla üzü geriyə - Bəhmənliyə qaydırıq. Amma inanırıq ki, günlərin birində biz hamımız uzaqdan görünən işğal altında olan başı qarlı torpaqlarımıza qayıdacağıq. Buna günün çıxması və səhərin açılması qədər inanırıq!..

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-16 yanvar.-S.7.