Kitab payı

Kitab elmin çeşməsi, əxlaqın mədənidir.

Kitab hikmət bağçasının qapısıdır.

Gül gözəldir, kitab güldən də gözəldir.

Atalar sözü

Oxumaq, oxumaq, yenə də oxumaq!

V.İ. Lenin

"İnsanın başına nə bəlalar gəlirsə, hamısı onun biliyinin azlığından gəlir" - deyilir el sözündə.

Kainat qədər maraqlı olan insan öz bədəninin sağlam qalması üçün təbiətdən qida maddələri aldığı kimi, o qədər də müqəddəs olan ruhu üçün kitablardan bilik və təfəkkür dəyərləri alır. Bunların hər ikisi - qida maddələri və bilik dolğun çatışmalıdır ki, insan xoşbəxt yaşasın.

Uzaq keçmişdə də ağıllı (akıllı) insanlar biliyin qədrini bilmişlər.

Təsadüfi deyil ki, kitab (bilik mənbəyi) çörəyə bərabər tutulur. Bu səbəbdən də ümumiyyətlə "kitab"ın hansısa formada tərifə ehtiyacı yoxdur.

Kitab-ağılın (akılın) çörəyidir.

Müdrik insanlar kitab haqqında istənilən qədər qiymətli sözlər demişlər. Dahi rus yazıçısı M.Qorkinin (1868-1936) sözləri ilə desək: "Kitabı sevin, o bilik mənbəyidir, ancaq bilik insana nicat verər; ancaq bilik bizi insanı ürəkdən sevməyi, onun zəhmətinə hörmət etməyi, onun arası kəsilməz böyük zəhmətinin səmərəsi olan gözəl bəhrələri ürəkdən bəyənməyi bacaran, ruhən qüvvətli, namuslu və ağıllı bir adam edir. Məndə olan bütün yaxşı keyfiyyətlər üçün kitablara borcluyam". Artıq orta əsrlərdən, Dədə Qorqud dövrlərindən (7-ci əsr) insanlar başa düşüblər ki, kitabsız yaşamaq mümkün deyil. O zamankı dindarlar dini kitabları yaymağa başlamışlar.

Əslində gil lövhələr üstündə kitab yazmaq eradan əvvəl (e.ə.) 3-cü minilliyin ortalarından, şumer-türklərdən başlanıb. Tarix boyunca kitab arası kəsilmədən insanların əqli-intellektual inkişafına xidmət edib, indi də edir, gələcəkdə də edəcək!

İnsan öz bədənini sağlam saxlamaq üçün çörək yediyi kimi, ağlını (aklını) və yaddaşını yüksək səviyyədə saxlamaq üçün isə, marağına uyğun - ixtisası üzrəəyyən normada kitab oxumalıdır. Buradan da "kitab payı" anlayışı meydana çıxır.

Təbiidir ki, indiki dövrdə istənilən zümrəyə mənsub olan hər bir şəxsdən - əsgərdən də, polisdən, fəhlədən, köylüdən (kəndlidən), tacirdən, vergiyığandan, nəqliyyatçıdan, şikəstdən dəəyyən mənada nəzəri və əməli bilik tələb olunur.

Xoşbəxtlikdən müasir hüququ tanınmış hər bir millətin (ölkənin) dilində, mövcud kitablarda lazımi qədər informasiya var. Yalnız hər bir əməkçi, öz peşinə və ya ixtisasına uyğun, ana (dövlət) dilində olan kitablardan istədiklərini seçib, toplayıb, öz rəfində yerləşdirməlidir ki, lazımi informasiya mənbəyi olsun. Belə 10-15 sayda məxsusi kitabı da əməkçinin (zəhmətkeşin) kitab payı adlandırmaq olar.

Məxsusi (mənsubi) kitabların gündəlik və ya vaxtaşırı vərəqlənib oxunması insanın biliklərini daha da zənginləşdirir, onun yaddaşını təzələyib möhkəmləndirir və akılını artırır.

Əməkçinin öz peşəsinə, vəzifəsinə uyğun kitablarının olması, onun bilikli və səliqəli olmasından xəbər verir. Qətiyyən şübhə yoxdur ki, insanın kitab payının olması, onun bir sıra mənəvi dəyərlərinin (bilik, birlik, çalışqanlıq, dəqiqlik, ədalətlik, insanpərvərlik və s.) olmasından xəbər verir, Azərbaycanı istəməsini - azəristliyini göstərir.

İnsanın kitab paylı olması, onun ağıllı (akıllı), elmli, təcrübəli, mənəviyyatlı və zəngin olmasının subutudur.

"Elm ağılın çırağıdır. Bilik ağlın açarıdır" - deyilir atalar sözlərində.

Kitabın nəliyi, əsasən nəzəri bilik mənbəyi olmasından, insanın intellektual - əqli məşğulluğunu təmin etməsindən, elmi-nəzəri fənlərin yaradılmasının təməl bazasının formalaşdırılmasına kömək olmasından və ümumiyyətlə Bəşəriyyətin sivil formada inkişafının sistemləşdirilməsini mümkün edənliyindən ibarətdir.

Artıq hamı bilir ki, təhsilsiz ictimai inkişaf olmadığı kimi, kitabsız (dərsliksiz) da təhsil yoxdur. Təhsilin davamı da, forması və keyfiyyəti də, bir sözlə, kitabdan, onun quruluşundan, məzmunundan və dolğunluğundan çox asılıdır.

Yazılanlara görə, indi dünyada ən azı min adda elm üzrə və milyonlarla mövzu üzrə dissertasiya müdafiə edilir. Dərsliklər isə barmaqla sayılır. Buradan da təhsilin verdiyi biliyin məhdudluğu aydın görünür.

Deməli, müəllimlər (öğretmenler) ordusu kitab və bilik bolluğu uğrunda mübarizə aparmır.

Hələ 15-ci əsrdə məşhur şair-filosof Əbdürrəhman Cami (1414-1492) kitab haqqında belə yazıb:

 

Ağıllı adamlar, yaxşı adamlar!

Bilik kitabdadır, axtarsan əgər.

Kitabı sevənlər tənhalıq bilməz,

Elmə arxalanar, sınar, əyilməz.

Kitab işıq saçar bir günəş kimi,

Kitabdır arifin könül həmdəmi,

 

Həyatda özünü biliksiz sayan adam tapmaq asan deyil. Hər bir çocuq da özünü bilikli sayır. Etiraz edən də olmur.

Əsl və nəzəri bilik isə, əsasən, kitablardan damla-damla toplanır. Bu həqiqəti də danmaq mümkün deyil. Bu barədə akademik V.Dal (1801-1872) belə yazıb: "Qəpik manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir".

21-ci əsrdə hələ də dünyanın bir çox ölkəsində çocuqların oxumaq imkanı yoxdur. 20-ci əsrin ortalarında SSRİ məkanında da uşaqların çoxunun məktəbə getmək imkanı yox idi. Məktəblər də çatışmırdı.

İndiki zamanda oxumaq bacarmayan insanı meymundan fərqləndirmək çətindir.

Hər bir şəxsin adam kimi yaşamasından ötrü o hər gün çörək yediyi kimi, onun biliklənməsi üçün, məşğulluğundan yana kitab payı da lazımdır.

Beş yaşı bitmiş hər bir çocuğun kitab rəfi olarsa, o səliqəli olmağı da öyrənər, məktəbə də lazımınca hazır olar.

Məlumdur ki, erkən yaşlarından alınan əvəzsiz bilik və tərbiyə insanı ömrü boyu tərk etmir.

Müqəddəs və hüquqlu sayılan insanı, kitablı olmaq nöqteyi nəzərindən, anadan olduğu ilin adamı saysaq yanılmarıq. Çünki insan gözünü dünyaya açdığı andan öz dünyagörüşünü formalaşdırır. Bu səbəbdən də gələcək övladlarından geri qalır.

Kitabın lazımlığı, insanın bədəni üçün zəruri olan qida maddələrinin gərəkliyi kimi, beyni (ağlı) üçün də kitablardakı bilik verən informasiyaların bolluğu ilə, onun elm çeşməsi və əxlaqın mədəni olduğuna görə, sivil insan məşğulluğunun mükəmməl vasitələrindən biri olduğundan yana, həm də cəmiyyətin inkişafı üçün kitablardakı nəzəri tədbirlərin tətbiqinin labüdlüyünün qaçılmaz olduğundan ötrü qiymətləndirilir.

Hər bir məktəbli bilir ki, kitabsız təhsil, alətsiz fəhləlik deməkdir. Müəllimin (öğretmenin) yazdırdığı mühazirə ilə biliklənmək mümkün deyil. Çağdaş internet də istənilən vaxt yaddaşı təzələməyə kifayət etmir. İnamlı bilik toplamaq üçün təkrar-təkrar "kitaba baxmaq", kitab oxumaq ehtiyacı duyulur.

Bu haqda məşhur yazıçı akademik V. Obruçev (1863-1956) belə yazıb: "Dünya olduqca böyükdür. Siz öz gözlərinizlə onun çox kiçik hissəsini görə bilərsiniz. Buna görə də faktları kitablarda axtarın. Onları hər gün toplayın."

İnsan öz bədənini gündəlik gidalandırdığı kimi, beynini də bilikləndirməlidir. Cəmiyyətin az oxuyan sayılan əsgərlər, sərhədçilər, polislər, fəhlələr, köylülər, tacirlər, nəqliyyatçılar, çocuqlar zümrələrinə mənsub insanlar da asudə vaxtlarında bir-iki saat kitab və ya öz peşələrinə və istəklərinə uyğun material oxumalıdırlar ki, gündəlik yeniliklərdən kənarda qalmasınlar. Sözün hərfi mənasında anadan olduqları ilin (keçmişin) adamı olmasınlar.

Hər bir vətəndaş üçün kitab payının zəruriliyi, son zamanlar ölkəmizin müstəqil inkişafı ilə əlaqədar olaraq, daha qabarıq görünür. Hələ bu yaxın keçmişdə də kənd yerlərində yalnız təcrübi biliklə yaşamaq adətdə idi. Keçən əsrin ortalarında belə ali təhsil çoxları üçün əlçatmaz idi. Kənd yerlərində öz övladlarını oxutmaq istəməyən valideynlər də vardı.

Dahi Azərbaycan şairi M.Ə. Sabir (1862-1911) özünün "Oxutmuram, əl çəkin" şerində köylülərin fikrini belə ifadə edib:

 

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Gərki bu bədbəxt özü elmə həvəskardır,

Kəsbi-kamal etməyə səyi dəxi vardır,

Məncə bu işlər bütün şiveyi-küffərdir,

Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!

 

Olduqca müxtəlif maddi və mənəvi çatışmazlıqlar ucbatından hələ bu gün də valideynlərin bir qismi övladlarını oxuda bilmirlər və ya istəmirlər. 22 yaşı bitmiş hər bir vətəndaşın ali təhsilli olması müqəddəs arzu olaraq qalır.

Təhsilin bugünkü səviyyəsi də həyati tələbatın sorğularına əsla cavab vermir. Təhsilin ümdə borcu unudulur və gündəmdən düşür. Bir sıra təhsillilərin biliksizliyi də "bilik" anlayışını hörmətdən salır.

Alimlər arasında plagiatların çoxluğu, alimlər zümrəsinə mənsub bir qisim insanın inzibatçı və rüşvətxor olması elmin də, biliyin də nüfuzuna xələl gətirir.

Kitabın ömrü, həyatda keyfiyyətli kağızın müvafiq şəraitdə saxlanma müddəti, onun məzmununun yaddaşlarda qalması zamanı ilə, kitab sahibinin illər ərzində vəsaitlə davranma səliqəsinə görə, eləcə də elmin və texnikanın inkişafı ilə əlaqədar olaraq, bilgilərin yeniləşdirilməsi tələbinə görə, nəşrlərin çağdaşlaşdılılması ilə xarakterizə olunur.

Hər cür maddi nemət, onunla rəftardan asılı olaraq, həm də ətraf mühitin və məhsulun fiziki-kimyəvi xassələrinə rəğmən, qərarlaşdırılmış vaxt ərzində saxlanır. Həyatda insan üçün ixtisas və peşə üzrə bilik və informasiya mənbəyi olan kitab payı xüsusilə əhəmiyyətli vəsait olduğundan, o daha diqqətlə saxlanmalıdır ki, tez xarab olmasın.

İndi artıq bütün tərbiyəçilər və pedaqoqlar (öğretmenler) bilirlər ki, insanın əsas üstünlüklərinin bazası körpə yaşlarından, hətta ana bətnindən qoyulur. Ona görə də şəxsin kitab payının diqqət mərkəzində olması və ən azı beş yaşından formalaşdırılması zəruridir. Belə olarsa, kitabın ömrü də uzanır.

Bu halda böyük Azərbaycan şairi S.Vurğun (1906-1956) belə deyib:

 

Hər sözü bir ulduz, bir şəffaf almaz,

Mənalar dünyası qaranlıq deyil.

Bu böyük kitablar yaranır az-az,

Çünki ömürlükdür bir anlıq deyil.

 

Məlumdur ki, səliqəlik insan üçün həyatda ən qiymətli mənəvi dəyərlərdən biridir. Çünki səliqəli insan həm vaxta qənaət etməyi bacarır, həm də bir sıra iqtisadi üstünlüklərə malik olur.

Hər bir şəxsin ayrıca kitab rəfinin, kitab payının olması, həm onun peşəkarlığının və mütəxəssisliyinin göstəricisidir, həm də yaddaşının həmişə zəngin və təzə qalmasının köməkçisidir. Kitabın ömrü uzandıqca, onun sahibinin də ömrü uzanmalıdır. Xatirələrdə əsrlər boyu olmalıdır.

Kitab payı sanki onun sahibinin ömür payıdır. Bu məşğulluq-mütaliə məşğulluğu sivil insanın başlıca keyfiyyət göstəticilərindən biridir, onun kamillik meyarıdır.

Kitabın gələcəyi, onun keçmişinin sayılan əsrlər olduğuna baxmayaraq, gələcəyinin sonsuzluğu ilə, aludəliklə və yorulmadan istifadəsinin hüdudsuzluğuna görə, ictimai inkişafın, öndəki elmi tələblərinin durmadan artması ilə əlaqədar olaraq, eləcə də insan arzusu tükənməz olduğundan, dərin ümidlə səciyyələndirilir və daimi sayılır.

İnsanın gündəlik qidalanmaqdan yorulmadığı kimi, bilik almaqdan da (fasilələrlə kitab oxumaqdan) yorulmur.

Kitab payı peşəyə və zövqə uyğun olduğundan, onun səhifələrində ifadə olunan biliklərin sorağı elmin və təbiətin dərinliklərindən gəlir.

Kitaba sevgi və istək bəsləməkdən ötrü hələ çox adam öz məfkurəsini dəyişməyi bacarmalıdır.

Dünyada 50 milyon nəfərdən artıq olan millətimiz Azərbaycan türkcəsində kitab oxuyarsa, biz Türk Dünyasında ölkələr arasında ən parlaq ulduza çevrilərik. Kitab oxumağa istəyi dahi Azərbaycan şairi və mütəfəkkiri N. Gəncəvi (1141-1209) belə ifadə etmişdir:

 

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum, sonra da vardım,

Hər gizli xəznədən bir dürr qopardım.

 

İndi dünyadakı kitabların hamısını oxumaq mümkün olmasa da, dolğun kitab payını oxumaq mümkündür və zəruridir. Lazımi biliyə görə peşə üzrə 10-15 kitab da kifayətdir.

Mən ömrümü kitaba nə qədər həsr etmişəmsə, o qədər də xoşbəxt olmuşam. Təbiidir ki, sivil ölkədə hər bir şəxs ali təhsil almaq arzusunda olur. Ancaq təhsilli olduqdan sonra nə görəcəyini dəqiq bilmir. Çünki cəmiyyətin (millətin) istəyi ilə, onun fərdi istəyi üst-üstə düşmür. Bundan əlavə, fərdin çalışmaq meyli də sirli bir aləmdir.

Təcrübə göstərir ki, təhsilli insanların bir qismi müzakirələr aparmaq, söhbətlər açmaq, yığıncaqlarda iştirak etmək - iclasçı meylli olur.

Başqa təhsillilər isə, tədqiq, araşdırmaq, zəhmət çəkmək - əməkçi meylli olurlar.

Görünür ali təhsilli vətəndaşları ümumilikdə iki qrupa bölmək olar: əməkçilər və iclasçılar. Bunların hər ikisi millətə (ölkə əhalisinə) əyani lazımlı qruplardır. Əməkçilər - madi və mənəvi nemətlər istehsalçılarından; iclasçılar isə, idarəedicilərdən, məmurlardan və işlərinin nəticəsi məlum olmayan nəzəriyyəçilərdən ibarətdir.

Təəsüflə deməliyik ki, alimlər zümrəsinə mənsub sayılanların da arasında plagiatların və rüşvətxorların olması mənfi imicli iclasçıların sayını artırmışdır. Keçmiş olsun!

Şübhə yoxdur ki, kitab payçılarının artması, təhsil sisteminin təkmilləşdirilməsi və mənəvi dəyərlərimizin geniş mənimsənilməsi ölkəmizin iqtisadi və sosial inkişafını daha da sürətləndirəcək.

Bilik insanları və dünyanı xilas edəcək!

Baba Əhmədli, alim, publisist

Ədalət.-2014.-16 yanvar.-S.7.