Ömrünü şeirlərdə yaşayan insan!
Doxsan illik ömrünü təzəcə tamamlamış İncəsənət Universitetinin qarşısındayam. Bu soyuq qış günündə sanki insanlar kimi bu binada elə bir soyuqdan üşüyür. İllərin sınağından çıxmış yorğun, yorğun olduğu qədər də əzəmətli binanın divarlarına baxa-baxa fikirləşirəm. Görəsən, bu daş-divarların kölgəsi neçə-neçə sənətkarların, istedadlı insanların yetişməsinə bac verib, dayaq olub...
Paytaxtdan, əyalətlərdən gələn neçə-neçə varlı, kasıb vətən övladları bu binanın qapısından utancaq, çəkingən, boynubükük girib, sonradan üzü ağ, qürurla, ali təhsilə, peşəkarlığa, sənət sirlərinə vaqif olaraq çıxıblar. Yüzlərlə insanın istedadı bu elm, sənət ocağında almaz kimi cilalanıb, yonulubdur. Axı şöhrəti ilə dillər əzbəri olan bu sənət ocağı bir millətin yetişməsində, xalqın mədəniyyətinin, zövqünün formalşamasında böyük rol oynayıb. Burada çalışan insanlar vətən yolunda, el yolunda çarpışıblar. Özlərini oda közə vurub xalqın ən qabiliyyətli balalarını burda üfürə-üfürə yetişdiriblər. Öz biliklərini sonuna qədər həmin tələbələrinə ötürməkdən usanmayıblar. Axı bizim başımızı uca edən, başqa millətlərin, xalqların yanında öz bacarıqları ilə ürəyimiz fərəhləndirən insanlar məhz bu müqəddəs məbədgahda yetişib, formalaşıb incəsənət ocaqlarına yola salınıblar. Bəs onda niyə bu qocaman məkan mənə belə kədərli və yorğun görsənir. Nə olsun ki, daşdı, divardı. Daşın da, divarın da qocalmaq və kədərlənmək haqqı var insanlar kimi...
Sazaqlı bir qış gündüzündə mən bu fikirlər içərisində çabalaya-çabalaya, suallarıma cavab axtarmaq düşüncəsindəykən, bayaqdan gözlədiyim həmsöhbətim də gəlir çıxır. O həmsöhbət ki, illər uzunu bu binanın kandarından utancaq, qəlbi kövrək bir gənc kimi daxil olub. Taleyinə düşən günlərə heç bir kinayə etmədən, nənə sığalını, nəvazişini ən böyük qismət payı hesab edib onunla böyüyən, həmin gəncin bütün varlığı, qəlbi sənət, sevilmək eşqiylə, sevgisi ilə çırpınırdı.
Gəncliyi həyat deyilən dənizdə fırtınalara ürcah olan bir çox məşhur insanların qisməti kimi onun da alnına bu böyük şəhərdə tək-tənha yaşamaq, özünü təsdiq etmək, bişib-bərkimək yazılmışdı. Saf, özünə inamsız gənci hələ universitet imtahanlarından çox, həyat imtahanları, ömür sınaqları gözləyəcəkdi.
O, isə bütün bunlardan xəbərsiz böyük şəhərdə yaşamağa, el dili ilə desək baş saxlamağa məcbur olacaqdı. Hərdən sevinəcək, hərdən gileylənəcək. Çox vaxt dərdini deməyə yanında bircə simsar da tapmayacaqdı. Hərdən öz-özünə düşünəcəkdi. "İlahi, necə dəhşətli olur tənha yaşamaq Üstəlik bu tənhalığa gənc yaşlarında giriftar olmaq".
Yağışlı payız günlərində, qarlı qış gecələrində, soyuqdan ayaq açıb üstünə yeriyən dörd divarların arasında ona bayatılar söyləyən nənəsinin ilıq xatirələri ilə isidəcəkdi, həsrətli qəlbini. Hərdən hıçqırıb ağlamaq keçəcək qəlbindən. Hərdən də fəryad edib qışqırmaq. Nakam günlərinin ağrı-acılarna boyun əyməyəcəyinə dair öz-özünə söz də verəcəkdi. Bir də onun üçün öz qəlbi ilə peyman bağlayacaqdı ki, seçdiyi sənətdə öz dəsti-xəttini, sözünü, səsini, Ağalar Bayramov imzasını yaradacaqdı. Vaxt vədə tamam olanda isə həmin səs var olacaq. O səsi milyonlar sevəcək, alqışlayacaq.
Yadıma gəlir ki, Ağalar Bayramovun səsini ilk dəfə eşitmək taleyimin köçhaköç vaxtında qismət olmuşdu.
Hündür boylu, qaryanız, saf simalı bir insanın dedikləri hələ o zaman könlümü oxşamışdı. Uşaq ağlımla onun dediyi şeirdəki sözləri anlamır, eləcə maddım-maddım ekrandan əsən-kükrəyən adamın seyrinə dalırdım. Məni ekrana bağlayan səs gah yüksəlir, gah azlırdı. Hərdən elə bilirdim ki, indicə bu səsin sahibi hönkürtü vurub ağlayacaq, hərən də elə düşünrdüm ki, indicə bir qəhqəhə tufanına qərq edəcək tamaşaçısını. Lakin, bütün bunlar mənim uşaq qəlbimin yanıltmacları idi. Ekrandan insanları lərzəyə gətirən həmin səsin sahibi nə mən gözlədiyim qəhqəhləri, nə də arzulamadığım hönkürtüləri etməyəcəkdi. O, öz səsinə uyğun nizamlayıb ətə-qana gətirdiyi şeirlərini deyib mikrafondan ayrılacaqdı.
İndi uzun illərdən sonra həmin sehrli səsin sahibi ilə üz-üzə dayanmaq mənim narahat yaddaşım üçün nə isə həzin bir sığal çəkirdi. Bu sığalın altında belə xırpalanmaqdan qorxan, çəkingən yaddaşım o səsin ətrafında bir çox acılı-şirinli ömür səhifələrini varaqlayırdı.
Ağalar Bayramovun illərə meydan oxuyan əzəmətli görkəminə, vüqarlı simasından boylanan saf gözlərinə baxanda öz-özümə düşündüm ki, bəlkə də onun səsindəki yanğının, kədərin, həzinliyin sirri məhz elə həmin baxışlardakı saflıqdadı. Axı gözlər heç vaxt sahibinin qəlbindən ötüb keçənlərin izini itirmir. Onlar qəlbin ən vəfalı sirdaşıdı. Bəlkə elə tamaşaçını da həmin səsə cəzb edən məhz onun qəlbinin gözlərinə ötürdüyü işıq və parıltıdı.
Amma yox, ola bilərdi ki, mən yanılım. Çünki Ağalar Bayramov şeir deyərkən, tamaşaçı onun gözlərini, gözlərindəki o saflığı, insanlara olan məhəbbəti görməyə macal tapmır. Daha doğrusu o SƏS buna macal vermir. Onun ifa etdiyi şeirlər insanların qəlbinə o qədər ani və qalıcı təsir edir ki, tamaşaçı yalnız həmin səsin sehrinə qapılır.
Dağı-daşı lərzəyə gətirən, insanların qəlini ovsunlayan həmin səsin sahibi Ağalar Bayramov deyir ki, şeirə, ədəbiyyata məhəbbəti mənə ən birinci indi sevgiylə andığım rəhmətlik nənəm yaradıb...
Gözlərimin önündə şəhərdən uzaq əyalət kəndlərinin qarlı bir qış gecəsi canlanır. Zəif işıqlı, ilıq hənirli kənd evinin bir küncündə əyləşən on-on iki yaşlı bir oğlan uşağı sobanın kənarında "Əsli və Kərəm", "Novruz və Qəndab", "Zöhrə və Tahir" dastanlarını pəsdən oxuyur. Onun yorulduğunu baxışlarından anlayan ağbirçək nənə əlində diddiyi yun əlçimin bir kənara qoyub əziz madar nəvəsinin başını dizləri üstünə alır. Qızının ətrini nəvəsindən ala-ala bu qəlbi qrıq, yuxulu nəvəsinə bildiyi, unudulmağa üz tutan bayatılardan, nağıllardan söyləyir. Ciyərparəsinə xöşbəxt həyat, işıqlı gələcək arzulayır.
Özlüyümdə fikirləşirəm ki, bəlkə də Ağalar Bayramovun taleyindəki o, ağbirçək, müdrik, dərin yaddaşa sahib olan qadın olmasaydı, biz bu gün şeirlərə ikinci həyat verib onlara öz nəfəsinin bənzərsiz tamını qatan Ağalar Bayramovu tanımayacaqdıq.
Ağalar müəllim, nənəsi ilə olan bütün uşaqlıq xatirələrini ani bir ahla göz önünə gətirib deyir -nənəmdən sonra şeirlərə daha peşəkar səviyyədə yiyələnməyimi mənə şeirlərini sevə-sevə ifa etdiyim bütün şairlər aşılayıblar. Lakin, qiraət sənətinə olan məhəbbəti mənə üç nəhəng imza sevdirib. Məni mən edən imzalar Aşıq Ələsgər, Məmməd Araz və Musa Yaqub olubdur. Hər biri öz-özlüyündə bir ümman, bir dərya olan bu möhtərəm isimlərin qarşısında hər zaman sədaqətlə səcdə etdiyini vurğulayan Ağalar müəllim sevdiyi şairlərin şeirlərini də sevgiylə söyləməyi özünə borc bildiyini vurğulayır.
Səsini özü üçün allah vergisi hesab edən Ağalar müəllim adını sadaladıqları şairlərin şeirlərinin onun üçün qiymətli mənbə, söz silahı hesab etdiyini də deməyi unutmur.
Ağalar Bayramovun söylədiyi bütün şeirlərdə hər bir dinləyici mütləq özünə lazım olan ovqatı, hissi yaşayır. O, zamanın nəbzinə uyğun olan, insani məhəbbətlə coşub çağlayn şeirləri seçərkən, öz səsini məhz həmin şeirləri yazan şairlərin ab-havasına kökləməyi, şeirlərdəki ağrı-acıları yaşamağı və yaşatmağı bacarır.
Ağalar müəllim qürurlanaraq bildirir ki, bəlkə də çoxları elə fikirləşir ki, şeir söyləmək üçün yaddaş, tutumlu şeir kifayət edir. Lakin, mən deyərdim ki, yüksək poeziya nümunəsini də insanlara yüksək sevgiylə, məhəbbətlə, canla-başla çatdırmaq özü də böyük qüdrət tələb edir. Ağalar Bayramovun şeir söylərkən səhnədəki duruşundan tutmuş, simasındakı cizgilərin, əzələlərin titrəyişinə qədər hər şey onun şeirə olan sevgisindən, məhəbbətindən xəbər verir.
O, nagahan və bir az qəmli baxışlarını uzaqlara zilləyib deyir: Bəzən elə olub ki, gecənin ən zülmətli və mürgülü vaxtında yuxudan ayılıb Məhəmməd Fizulinin hər zaman söylədiyim qəzəllərindən birini xatırlamışam, qəfildən hiss edəndə ki, qəzəlin hansısa bəndi yadımdan çıxıb, yatağımdan qalxıb o böyük söz azmanının kitablarını töküb-töküşdürmüşəm, onları varaqlamışam. Nəhayət həmin bəndi tapıb yadıma salmışam. Hafizəmin hələ diri olması ilə özümə toxtaqlıq verib sonra yuxuya gedib, rahatlaşmışam.
Bu sözləri deyərkən Ağalar müəllimin gözlərində ani bir kədər sezirəm. Sanki, o nə zamansa dönə-dönə sevdiyi, söylədiyi şeirləri unudacağından ehtiyat edir. Lakin, elə həmin andaca barmaqlarını gümüşü saçlarına çəkib arxayınlıqla gülümsəyir. Mən də onun bu gülüşündən qəribə bir sevinc hissi duyuram. Sanki, həmin gülüş mənə deyir: "Şeirləri unutmağım, onların nə zamansa yaddaşımdan silinməsi hardasa mümkünsüzdü. Çünki mən o şeirlərə qəlbimin, ruhumun bütün sevgisini qarışdırmışam. Onlara ananın balasına bir ömür boyu həsr etdiyi sevgimi bəxş etmişəm. O şeirləri ki, mən söyləmişəm. Onların hafizəmdən silinməsi, yoxa çıxması qeyri mümkündür!"
Müsahibim arada poeziya gecələrinin azalamsından, şeir verlişlərinin olmamasından, şairlərin yaradıcılıq gecələrinin əvvəlki kimi keçirilməməsindən də gileylənir. Qiraət sənətinə bütün gəncliyini, ömrünü sərf etmiş bir yaradıcı şəxs kimi bu məsələdə ürəkdən təəssüfləndiyini, yanıb-yaxıldığını onun sözlərindəki emossiyanın azalmasından, gözlərindəki işığın közərməsindən hiss edirəm.
Monitorun ekranından Ağalar Bayramovun bir neçə şeirlərini dinləmək keçir könlümdən.
Ya rəbbim, bu dünya sən görən deyil!
Bü sədlər, sərhədlər sən hörən deyil.
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Ya rəbbim, bu dünya sən quran deyil,
Fəzada yerini dəyiş dünyanın...
Ölməz şairimiz Məmməd Arazın bu şeirini Ağalar Bayramovun ifasında dinlərkən şairin bir zamanlar yaşadığı bəşəri iztirabı, kədəri onun səsindən duyuram.
Həm də onu duyuram ki, yüzlərlə şeirə qol-qanaq vermiş, onları milyonların ürəyinə pərvazlandırmış bu işıqlı insan allahın ona verdiyi ömür payının yarısından adlayıb. Axı şeirlər qocalmasa da, insanlar qocalmağa məhkumdurlar. Amma baxır necə qocalmaq... Cismi ilə bərabər ruhu qocalanlar bu yer üzündə saysız hesabsız olduğu kimi ruhu qocalmayanlar da çox azdılar. Həmin azların içərisində Ağalar Bayramov ismi də gendən parlayır. Altmış yaşa körpü salan bu həlim, xoş xasiyyət, uşaq tək səmimi insan sanki bütün ömrünü şeirlərdə yaşayıb. Dəfələrlə şeirlərdə qocalıb, şeirlərdə cavanlaşıb. Onun ayna kimi təmiz, ilıq simasına baxarkən düşünürəm. Sanki, tanrı onu qocalıqdan xilas edərək, ona əbədilik bir cavanlıq təravəti bəxş edib. Sanki, ifa etdiyi şeirlərdəki qüdsiyyət, məsumiyyət onun canına, qanına, damarlarına hopub ona həmişə yaşarlıq səadəti qazandırıb. Axı sənət, söz, məhəbbət aşiqi olan bir insana bundan gözəl hansı hədiyyə ola bilər?!
Yaşının altmışa adladığını duyarkən, qəlbin hələ də iyirmi yaşlı gəncin qəlbi kimi döyünürsə, o zaman tanrıya şükürlər etməyə dəyər.
Arzu edirik
ki, altmış yaşın müdriklik astanasından boylanan
Ağalar müəllimi
tanrı heç zaman
şeirsiz, sözssüz,
səssiz
qoymasın. Və bir gün yetişsin
ki, onu sevən, mehriban
ürəkli
tamaşaçılar bir gün
səhnədən bu sözləri də eşitsin.
Çıxış edir respublikanın xalq artisti Ağalar
Bayramov!
Samirə
Mirəşrəf
Ədalət.-2014.-16
yanvar.-S.5.