ONU AYRILIQ GÖZLƏYİRDİ...
("Dünya, səndən kimlər keçdi"
silsiləsindən)
Onu bizdən on dörd illik bir zaman ayırır. Allahverdi Məmmədli az
yaşadı, cəmi əlli bir il. 1947-cü ildə Lerik rayonunun Yuxarı Anburdərə kəndində, kolxozçu ailəsində anadan olmuşdu.
Atası Əbdül kişi Qazaxıstanın
Cambul vilayətinə sürgün ediləndən (1951) bir il sonra Lerikin 34 kəndi deportasiyaya məruz qalır. Allahverdigilin
ailəsi də öz
doğmaları ilə
ata-baba yurdunu tərk
edib Biləsuvar
rayonundakı Əmənkənd kəndində məskunlaşırlar. Beləliklə, dağ iqlimi Aran
istisinə dəyişdirilir, bəlkə elə
o səbəbdən Allahverdi arıq idi, cansız idi.
Allahverdi uşaqlıqdan şeirə, bədii ədəbiyyata həvəs göstərirdi, ilk şeirini də rayon qəzeti "Məhsul"da dərc etdirir. Onda on beş
yaşı vardı.
Allahverdinin tələbəlik illəri gözlərimin qarşısında keçib. Ordu
sıralarında hərbi
xidmətini başa
vurandan sonra ADU-nun jurnalistika fakültəsinə daxil olmuşdu
(1970-1975). Dilli-dilavər
bir cavan idi. Hamıdan seçilməyə, fərqlənməyə can atırdı. Universiteti bitirəndən sonra bir müddət Kənd Təsərrüfatı Nazirliyində, mətbuat şöbəsində işlədi, sonra uzun müddət
Yazıçılar İttifaqında - Ədəbiyyatı Təbliğ bürosunda
çalışdı. Ömrünün
son illərində isə "Ulduz"
jurnalında məsul
katib vəzifəsində
çalışırdı. Sağlığında
üç şeir, bir nəsr
kitabı çapdan çıxmışdı.
Onun qəflətən xəstələnməyi, çarəsiz bir dərdə tutulmağı bizi şok vəziyyətinə salmışdı. Deyən-gülən, məclislərdə özünəməxsus
çıxışları ilə
diqqəti cəlb edən Allahverdi birdən-birə ölüm
yatağına düşdü. Allahverdi ilə 98-ci ilin mayında
görüşdük, onda yaxşı idi, həmin ilin avqustunda "Ədəbiyyat qəzeti"ndə mənim "Şairin xisləti" adlı balaca bir
yazım çıxdı, bu yazı Allahverdi Məmmədlinin anadan olmasının əlli illiyinə həsr olunmuşdu. Bu nisgilli söhbətimə də elə
o yazıdan başlamaq istəyirəm. Onda
yazmışdım: "Balacaboylu, mənim kimi arıq və çəlimsiz Allahverdi ilk
tanışlığımızdan bu yana çox az dəyişib. Və onun zahirən az dəyişməyinə çoxları təəccüblənir: "Bura bax, sən deyəsən yaşla zarafat edirsən, belə cavan qalmaq olar?" -deyirlər.
Allahverdi niyə
dəyişmir, niyə qocalmır
sualını mən
də özüm
üçün aydınlaşdırmaq istəyirəm.
Axı, bu adam həyatın çox-çox əzablarından keçib, tələbəlik illərindən tanıyıram onu və bilirəm ki, o, dişiynən-dırnağıynan
özünə gün-güzəran düzəldib.
Gah
özü, gah evdəkilərdən biri tez-tez xəstələnsə də, yaşadığı kommunal mənzildə hər gün qohum-qardaşa bir
bucaq ayrılsa da (o gələn adamlar da çox vaxt xəstə kimi gəlirlər), lap elə maddi sıxıntı
qarşısında sustalsa da, Allahverdi dəyişmir,
başqalaşmır, öz təmkinini itirmir, sifətinə, xasiyyətinə, xarakterinə sadiq qalır.
Bu vaxtacan
cəmi
üç şeir kitabı çıxıb, bir-birindən ən azı 5-6 il
zaman məsafəsində Allahverdini oxucuya yetirən bu kitablarda da dəyişilmə çox az nəzərə çarpır. Mən
"dəyişilmə" deyəndə poetik inkişafı da nəzərdə
tuturam. Bunu görməmək ən azı insafsızlıq
olardı. Ancaq dəyişilməyən Allahverdinin şair xislətidir:
İçi
dərd-qəmlə hörülüb,
Çölü sevinclə sulanıb.
Bəli, bu Allahverdi özüdür.
Dünya
bir yanar təndir
Çırpısı ömür-gündür.
Bu misralar da Allahverdinindir.
Allahverdi
Məmmədli ədəbiyyatımızın qara fəhlələrindən biridir (elə çoxumuz kimi) desəm, yəqin özü də inciməz... "Bizi ayrılıq
gözləyir" şeirlər kitabı Allahverdinin şairlik xislətini tam açıqlayır:
onun ömür yolu, həyatda ağrı-acıları, yaşadığı
mühit, cəmiyyət, dünyaya münasibəti bir şair sözü kimi bu kitabda
cəmlənib. Azadlıq
meydanındakı düşüncələrindən tutmuş həyatın adiliklərinin təsvirinə qədər
dünyamız, həyatımız
o kitabda özünün müəyyən poetik əksini tapıb.
Və mənim, sizin çoxunuzun 30 ildir
tanıdığı Allahverdi Məmmədlinin bir insan kimi dəyişmədiyini, özünə, sözünə sadiq olduğunu görmək istəyirsinizsə, o kitabı oxuyun".
Bu, o zaman yazdığım yubiley məqaləsindən bir parçadır və mən yazı dərc ediləndən sonra Allahverdinin münasibətini öyrənmək istədim. Amma onda deyəsən, xəstə idi. Bacısı Lənkəranda
yaşayırdı və
Allahverdi orada yatırdı. Mən şair İltifat
Salehlə onu
yoluxmağa getdik, onda oktyabr ayı idi. Və hiss elədik ki, Allahverdi bu yataqdan durası
deyil.
Bir il əvvəl, 1997-ci ildə Allahverdi Məmmədlinin "Bizi ayrılıq gözləyir" adlı şeirlər kitabı çapdan
çıxmışdı və həmin kitabdan birini də Allahverdi öz dəst-xəttiylə imzalayıb mənə vermişdi.
Kitabın elə ilk səhifələrində ayrılıq, ölüm, həsrət motivləri ilə
qarşılaşırdın və bəlkə də həmin vaxt bu barədə heç fikirləşmirdin də. Amma elə ki, Allahverdi ilə bizim aramızda
ayrılıq əbədi oldu, onda o şeirlərdəki ayrılığın,
ölümün də mənası sənə çatır:
Bir kənd qəbristanı var -
ev-eşiyim ordadı.
Ərşə çəkilmiş yuxum,
gül
beşiyim ordadı.
Mən dünyaya gələndən
dayanıb-durub orda,
boynunu
burub orda
məni
ayrılıq gözləyir.
Zəvvartək Məkkə yolunu
məndən
keçib getdi kədər;
Yozulmamış
qaldı yenə
alnıma
yazılmış qədər...
Gördüm
can qara qəfəsdi,
insan bir
quru nəfəsdi...
Bilmirəm yaxşıdı, pisdi -
məni
ayrılıq gözləyir.
Ümumiyyətlə, Allahverdinin "Bizi ayrılıq gözləyir" kitabındakı
şeirlərin bir qismi Ayrılıq və Həsrət notlarını ifadə edirdi. Allahverdi "Bir qatar
gözləyirəm" şeirinə belə bir epiqraf seçir: "Elan: "Tehrandan Bakıya gələn 93 nömrəli qatar saat yarım gecikir.
Sual: "Bəs mənim Təbriz-Bakı qatarım?!" Bu şeir
zamanında yazılmışdı. Səksəninci illərdə Azərbaycanın mənəvi
bütövlüyünü arzulayan şeirlər çox
yazılırdı və A.Məmmədli də "Bir qatar gözləyirəm" şeirində həmin həsrət duyğusunu ifadə edirdi: "Tehran-Bakı
qatarı, Təbriz qatarı hanı? Qaş-göz arası ömrün
yol-riz qatarı hanı? Bəlkə o qatarı iynə-sap bilib tikəm
Biləsuvarı,
Astaranı, Culfanı!"
Allahverdi Məmmədlinin bir sıra şeirləri dünyanı vaxtsız tərk edən insanlara, daha doğrusu,
bizim də tanıdığımız, onun sevdiyi sənətçilərə həsr olunub. Bunların içərisində Vaqif Mustafazadəyə, Vaqif İbrahimə, Səməndər Rzayevə, Aydın Səlimzadəyə həsr olunan şeirlər elegik məzmunlu olsa da, obrazlı ifadələrlə, təşbih və metaforalarla xüsusi önəm kəsb edir. Vaqif İbrahim Azərbaycanın cavan yaşda
dünyasını dəyişən şairlərindən idi, ustadı Əli Kərim kimi o da 38 il yaşadı, bir
avtobus qəzasında həlak oldu. Vaqifin anası ondan bir ay əvvəl vəfat etmişdi və Allahverdi Məmmədli bu iki qəfil ölümü belə mənalandırırdı:
Səni anan çəkdi, ananı torpaq,
doyurdun
gözünü bu ac yolların.
Sən ömür-gün adlı
bir pöhrə yarpaq,
qopdun
budağından ağac yolların.
Ömrün
vida adlı dayanacaqda
mənzilə yetməmiş düşdü qatardan.
Qucaqda gəldiyin yolu borc bilib
çiyində yol gedən yola qaytardın.
Ümumiyyətlə, Allahverdinin şeir dünyasında Ata, Ana obrazları
xüsusi yer tutur. Həm də bu mövzuda olan şeirlərdə
çalışırdı ki, təzə söz desin. Məsələn,
"Ata əlləri" şeirində çox maraqlı
bənzətmələr,
metaforalarla qarşılaşırıq. O, ata əllərini zəhmət heykəlinə bənzədir, yazırdı ki:
"Namaz qılmaq üçün su tapmayanda torpaqla dəstəmaz alardı atam". Bu şeirdə
ƏL obrazı öz mükəmməl ifadəsini tapır.
Sözlə işləmək, sözü poetik obraz səviyyəsinə qaldırmaq səriştəsini əldə etmişdi. O, ayaq altda tapdanan
çörəyi ayaq altda tapdanan Tanrı adlandırırdı və deyirdi ki: "Qalıb bəndəsinin əlində naçar bir əlcə uşaqtək qışqırır
Tanrı. Süfrətək yer üstə sərdiyi göyü görüb ayaq
altda-qışqırır Tanrı".
Elə istəyirəm sevəsən məni,
sevəsən -
gözümüz yaş sevən kimi.
Bu
çayın suyunu balıqlar, quşlar,
dibinin
qumunu daş sevən kimi.
Sevəsən-bürkülü yay
günü qəfil
Tanrının gözündən yağan qar kimi.
On
altı yaşından üzü bu yana
yoza bilmədiyim yuxular kimi.
Bu da onun sevgi şeirlərindən biri. İstənilən mövzuda təzə söz deməyə can atırdı və əksər hallarda buna nail olurdu. Onun "Bəhlulzadə triptixi" silsiləsində biz bunun əyani şahidi oluruq.
Səttar
Bəhlulzadənin özü və onun rənglər dünyası
haqqında nə qədər şeirlər
yazılıb və
şairlər
çalışıb ki, bu böyük sənətkarın
bənzərsiz rənglər aləmini sözün
yaratdığı obrazlarla rəsm
eləsinlər.
Məsələn, Allahverdi Səttarın gözlərini təsvir edən şeirində yazır ki: "Qara
ayrılıqlar sulayıb onu - yerində bir damla qara su qalıb".
Allahverdi Məmmədli hamının müraciət elədiyi, artıq ənənəvi adlandırılan
mövzularda da təzə söz deyə bilirdi və mən onun hələ o zaman bu şair inadını təqdir edirdim. Yadımdadır
ki, o, bir gün mənə özünün təzə yazdığı "Yanıq Kərəmi" şeirini oxudu. Çox şeirlər
yazılmışdı "Yanıq Kərəmi"yə. Amma
Allahverdinin şeiri seçilirdi:
Gözünün
yaşına kökləyib yenə
Ədalət saz kimi çalır dünyanı -
Ərzurum yolları Kərəm əynində
Əsli köynəyitək alışıb yanır.
Simurq
ümidinin qol-qanadıyla
söndürmək istəyir özünü Kərəm.
Di gəl körükləyir göz görə-görə
bu
Keşiş ocağın gözünü Kərəm.
"Bir
eşqin şimşəyi çaxır" simində,
yanıb
pərdə-pərdə alovlanır saz.
Vallah, elə yanır-bir
çınqısını
yüz
Kürün seliylə söndürmək olmaz.
Allahverdi Məmmədli 90-cı illərdə baş verən ictimai-siyasi olaylara ən fəal şəkildə münasibət bildirən qələm əhlilərindəndi. Onun həmin illərdə müxtəlif qəzet səhifələrində dərc etdirdiyi publisistik məqalələri də buna sübut ola
bilər. Ancaq Allahverdi ilk növbədə, şair idi və onun məlum hadisələrlə
bağlı yazdığı şeirlər
daha təsirli idi.
"Şuşanın
9 may "nağılı", "Salatın Əsgərovayla söhbət", "Meydan" silsiləsindən şeirləri, "Qırmızı
ölüm-olum!" (şəhidlərə həsr olunub) şeirləri həyatın, gerçəkliyin, ictimai-siyasi hadisələrin təsirindən yaranmışdı. Şəhidlərə həsr olunan şeirdən bu parçaya diqqət yetirin:
Bir
parça gecə kimi
qapqara
ömrünüzü
atıb
qolunuz üstə
yol
getdiniz dan üzü.
Qarşıda
səngər-səngər
çalxanan qan dənizi -
düşmən
üstünə yürüş!
Hamınızın
dilində
qana
susayan bu söz:
"Günəş rəngli ölümü
qucaqla,
bas bağrına"
1998-ci ilin dekabrında Allahverdi Məmmədli ağır xəstəliklə mübarizədə Ölümə təslim oldu. Özü
dediyi kimi, onu ayrılıq gözləyirdi.
O, bizdən-qələm dostlarından, ailəsindən, kəndindən, şəhərindən ayrıldı, amma hər halda xatirələrimizdən qopa bilmədi, yazdığı
şeirlərindən ayrıla bilmədi, onları bizə saxladı...Allah rəhmət eləsin!
Vaqif
YUSİFLİ
ədalət.-2014.-18
yanvar.-S.13.