Don vurmuş bənövşələr
Dünyaya gəlməyən 24 yaşlı övladın dilindən
Atam da şəhid,
anam da... Biri Vətən, torpaq qurbanı, o biri də
eşqinin, məhəbbətinin
şəhidi.
Atam İlham, anam Fərizə. Heyf ki, onlara heç
vaxt belə müraciət edilmədi.
Birinə
əlisilahlı, bədheybət qatil atəş
açdı, o birinə isə
elə
öz zərif əlləri zəhər
içirtdi...
Mən şəhid olacaq gənclə şəhidliyə qovuşacaq gözəlin arzusu - qarşılıqlı
saf məhəbbətlərinin ilk bəhrəsi idim. Bu dünyaya gəlməyə qoymadılar. Bahara tələsirdim, yanvarda
gülləbarana
tutdular. Günəş həvəsliydim, bir zülmətdə
dondurdular. Harayımı eşidən
də
olmadı. Məni dünyaya gətirməyə borclu insanların öz könüllərindəcə torpağın
qoynuna düşdüm.
Bəlli
də
olmadı kim
idim, rəngim, ruhum
necəydi,
çəkim,
ölçüm nə idi...
Ürəkdən ürəyə süzülən
bir zəif işıq
idim, söndürdülər. Qönçələnmiş vüsal çiçəyi idim, açılmağa qoymadılar. Mənə yaman qıydılar.
Atama, anama övlad ola
bilmədim.
Atam susdu qan içində,
Anam getdi an içində,
Bu səbəbdən doğulmadım
Ruh oldum can içində.
Bu daşlaşmış məhəbbətin qəm oylağıyam, dərd-səriyəm, həsrətiyəm, nakam bir ailənin don vurmuş bənövşəsiyəm, ya da bəlkə qartal balasıyam. Hərdən ziyarətə gələnlərin səsini - bayatılarını eşidirəm. Atam, anam ən
yuxa, kövrək sözlərlə əzizlənir, gülə-çiçəyə bürünür.
Yenə də
harayım eşidilmir,
səsim
heç kimə çatmır. Nənə, baba, xala, bibi, dayı,
əmi, ay bu qoşa məzarın sahibləri!
Hərdən məni
də
yada salın, daha körpə deyiləm ki?! İndi mənim
24 yaşım var. Görmədiyiniz qamətimi
oxşayın, gülməyən üzümə, açılmayan gözümə, silah tutmayan əllərimə, Vətənə sipər olmayan halıma,
əsgər gedə
bilməyən vücuduma bir ürəkdən ağlayın. Axı hardan biləsiniz
kim idim
mən?!
Vətənə oğul da olardım,
mərd
ürəkli,
qeyrətli
bir qız da. Amma mən
faciə
qurbanı oldum. Atamın, anamın yolunu tutdum. Mən də
beləcə, adsız-sansız şəhid oldum. Bir-birlərini candan sevən valideynlərimi
tənha
qoymadım. Onların ruhlarını
öz körpəcə canımda
birləşdirdim.
Qovuşdurdum ki, atam, anam haqq dünyasında
mənsiz
olmasınlar. Bəlkə də
bəxtəvərlikdir bu?
Ciyərparaları da onlarla birlikdədir.
Atam Vətən aşiqi
idi, onun azadlığı yolunda da şəhid
düşdü. Anam da atamı çox sevirdi. Onun bu gedişinə dözmədi, sədaqətini, mətanətini göstərdi.
Məhəbbətin ölümə
qalib gəlmək
qüdrətini
zərif
vücudu ilə dünyaya bəyan etdi.
Əlisilahlı zalımlara meydan
oxudu: "Siz öldürərsiniz, qətlə yetirərsiniz, amma bizi bir-birimizdən ayıra bilməzsiniz". Atam ölümsüzlüyə, anam da atama
qovuşdu. Mən də
bu hünərli, etibarlı
əzizlərimə fəda
oldum. Anamdan ayrılmadan atama
yetişdim. Təki Vətən yaşasın!
İllər ötəcək, atam, anam qocalacaq,
mən
də
yaşa dolacağam. Amma bir bəxtəvərlik var ki, biz bir daha
ölməyəcəyik. Elə bax bu Şəhidlər Xiyabanında daşlaşmış
səadətin simvolu kimi əbədi məhəbbət
dastanına dönəcəyik. Həmişə bizdən
danışacaqlar. Hər kəs
bizi yad edəcək, hər
kəs
bizə
and içəcək, söz verəcək!
Zəmanənin nəfəsi çox
ağır idi. Atam, anam
bu kələfi dolaşmış dünyanın
düyününü açmaqda
köməksiz
qaldılar. Amma əyilmədilər. Atam silahlı düşmənin, anam da ölümün
üstünə
qorxub çəkinmədən, qalib kimi mərd-mərdanə yeridi. Azərbaycan övladlarının torpaq eşqini və
məhəbbətini zirvələrə
qaldırdılar. Öz ölümləri ilə
ona əbədi heykəl
qoydular. Adları tarixin
pozulmaz səhifələrinə əbədilik yazılan şəhidlərimiz gələcək nəsil üçün, əslində, bir Vətən dərsliyi
yaratdılar. İnsan Vətənini necə sevə
bilər,
insan sevgisi yolunda ölməyi necə bacarar? Atamla anamın həyatında bu sualların cavabları var. Unudulan mən
oldum - körpəcə fidanları.
Bu dünyanın rəngini
görməyən, amma hər
şeyi duyan mən.
Vətən məhəbbəti gör
necə
qüdrətlidir,
hər
şeyə,
hər
istəyə qalib gəlir.
O gecə uşaqlara da güllə atdılar. O gecə dünyaya yeni körpələr də gəldi. Bir tərəfdə ölüm, bir tərəfdə həyat başladı. Bəzən də bir-birinə qarışdı. Bəlkə mənim gələcək sevgilim də o gecə doğulanların arasında olub. Bilən varmı? O uşaqların taleyində yaşarıq. Öldürülən də bizik, doğulan da.
Mənim şəhid
atam, mənim şəhid anam! Ruhunuz inciməsin.
Məni
bu dünyaya gətirə bilmədiyiniz
üçün küskün
deyiləm
ki! Mən sizsiz yetim olardım. Bəlkə sizin fədakarlığınızdan
da gec xəbər tutardım.
Bu qara mərmərdən
boylanan şəklinizə baxa-baxa qalardım. Amma indi içinizdəyəm, birlikdəyik. Canım canınızdan ayrılmadı.
Heç
çoxu bilmədi bu dərdimizi.
Bu qoşa məzarda bir varlıqda uyuyuruq. İndi mən
20 Yanvarla yaşıdam.
Mən
də
bu cür şəhidəm! Qəmlənməyə dəyərmi? Şəhidlik ki ölməzlikdir.
...Dünyaya gəlməyən, kimliyi bəlli
olmayan 24 yaşlı şəhidimiz!
Sənə ağı deməyə kimin dili gələr? Sən Cənnət quşuydun. O müqəddəs ünvana
da qanadlandın. Bizi yandıran odur ki, sən
tək
deyildin. O gecənin qara caynaqları həm
də
ana bətnində
nə
vaxtsa uyuyacaq neçə
körpənin
həyatına
qəsd
demək
idi. Çoxu sənin
kimi heç doğulmadı da! Yerə-göyə sığmayan bu
dərdlərin çəkilməsi zor oldu. Bax, bu düşüncələrin əlində əzilərkən qəfildən qapı döyüldü.
Qonşu
idi. 1990-cı ilin 20 Yanvarında doğulmuş oğlu Qalibin ad gününə çağırırdı. Amma evə
yığışmadıq. Hamılıqla Şəhidlər Xiyabanına yollandıq.
Qalib Fərizə ilə
İlhamın məzarı önündə
sükuta qərq oldu. Kimsə ağı
deyirdi:
Boya biç,
Qamətə tut, boya biç
Yaxasız köynəyimi
Göz yaşınla boya, biç...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Ədalət.-2014.-18
yanvar.-S.10.