ONLAR YADDAN ÇIXMAYACAQ...

... Hamı yaxşı bilir ki, Azərbaycan torpaqları uğrunda nə qədər igid oğullar şəhid gedib. Bəlkə də bu igid oğulların ruhları bu gün də sakitləşmirlər. Ən azından ona görə ki, onların xilas etmək istədikləri torpaqlar erməni işğalı altındadır, müqəddəs yerlərimizi, yurdlarımızı ermənilər yaman günə qoyublar və murdarlayıblar.

O yerdə ki, döyüşən oğullar var, o yerdə ki, şir ürəkli igidlər sinəsini düşmənin və güllənin qabağına verir, bax onda belə igidlərlə öyünməyə, fəxr eləməyə dəyər...

Qarabağ müharibəsi başladığı ilk gündən onun yolunda canından, həyatından keçməyə hazır olan, bayaq dediyimiz kimi, nə qədər oğullarımız var. Bu oğullar Füzuli rayonunun müdafiə olunmasında və eləcə də torpaqlarımızın işğalçılardan azad edilməsində öz sözlərini deyiblər. Bəziləri qanı ilə öz sözünü deyib, bəziləri də canları ilə. Amma fakt faktlığında qalır ki, o igid oğlanlar, o şəhid olanlar elə bir tarix yazıblar ki, o tarix illərin sınağından keçib gələcək nəsilə çatacaq. Və gələcək nəsil də görəcək ki, heç də onların dədə-babaları ermənidən qorxub geri çəkilməyiblər və hətta onlar son güllələrinə qədər döyüşüblər.

Füzuli uğrunda gedən döyüşlərdə sözün həqiqi mənasında igidlik, qəhrəmanlıq göstərən ərənlərimiz olub. Bu döyüşlərdə nə az, nə çox, düz 733 nəfər şəhid olub. 1240 nəfər əlil olub və eləcə də 181 nəfər itkin düşüb. Bu o deməkdir ki, əlinə silah götürən, döyüşə atılan hər bir füzulili torpaq uğrunda canından keçməyə belə hazır olub.

Ağır döyüşlər

Dəfələrlə Füzulidə ən ağır döyüşlərin, daha doğrusu, ölüm-qalım mübarizəsinin şahidi olmuşam. Bir çoxları ağır gündə, ağır anda qaçıb aradan çıxsa da elini-obasını və millətini sevən insanlar son ana qədər o torpaqda qalıblar və ermənilərlə döyüşüblər. İndiyə qədər mənim yaxşı yadımdadır, Füzuli polisinin əməkdaşlarından bir neçəsi dedi ki, Faiq müəllim, ermənilər Füzulini ancaq bizim meyitimizin üstündən keçib ala bilərlər. Bəli, o oğullar son gülləsinə qədər döyüşdülər, həlak oldular və bundan sonra yağı düşmən o torpaqları, o yurdu, o obanı işğal elədi.

Hər birinin qolları şir biləkli idi, hər birinin ürəyi şir ürəyi idi o oğulların - Milli Qəhrəmanları deyirəm. Füzulinin 6 Milli Qəhrəmanı var. Onların adını, soyadını və atalarının adını xatırladım ki, çoxlarının yadından çıxmasın. Çünki bəzən bir adamdan soruşursan ki, sənin rayonunda neçə Milli Qəhrəman var? Suala cavab vermir və çiyinlərini çəkib başını aşağı salır. Füzulinin Milli Qəhrəmanları isə bunlardır: Faiq Qəzənfər oğlu Rəfiyev, Nazim Qabil oğlu Quliyev, Seymur Qəhrəman oğlu Məmmədov, Elxan Qaçay oğlu Zülfüqarov, Pəhləvan Əhliman oğlu Fərzəliyev, Bəşir Bəylər oğlu Kərimov! Onlar heç vaxt tarixin və insanların yadından çıxmayacaq. Çünki bu Milli Qəhrəmanlar elə bir tarix yazıb ki, bu tarix həmişə əbədi yaşayacaq.

Şəhidlər kompleksi

 

"Füzuli rayonunda şəhidlərin və eləcə də Qarabağ müharibəsi iştirakçılarının əziz xatirəsi həmişə uca tutulub, uca tutulur və uca tutulacaq". Bu sözləri bizimlə söhbətində rayon icra hakimiyyətinin başçısı Alı Alıyev deyir. Alı müəllim deyir ki, hər bir şəhidin xatirəsi bizim üçün çox əzizdir və həmişə də çalışırıq ki, onların adını uca tutaq və bacardığımız qədər onlara dəyər verək. Çünki bu şəhidlər torpaqlarımızın bütövlüyü, ölkəmizin müstəqilliyi yolunda həlak olublar. O şəhidlərin xatirələri bizim üçün əziz olduğu kimi, onların ailələri, övladları da çox doğmadır. Vəzifəyə keçdiyim ilk gündən bütün icra strukturlarına göstəriş vermişəm ki, şəhid ailələrinə və övladlarına xüsusi diqqət yetirilsin. Onların qayğıları, problemləri qısa zaman ərzində öz həllini tapsın. Şəhid övladlarının oxuması və təhsil alması üçün əlimizdən nə gəlir onu əsirgəmirik. Onların yaşayışı, rifah halı və dolanışığı üçün bütün köməkliklər göstərilir. Üstəlik də bayram günləri şəhid ailələri bir daha icra hakimiyyəti tərəfindən yad edilir, onlara maddi və mənəvi köməklik göstərilir.

Alı müəllim bizimlə söhbəti zamanı dedi ki, rayonda şəhidlərin adının əbədiləşdirilməsi üçün kompleks tikilib. Bu kompleksdə hər bir şəhidin adı, soyadı yazılıb. Təbii ki, biz bu prosesi davam etdiririk. İndi Horadiz şəhərinin gözəl bir yerində Horadiz şəhidləri kompleksi inşa edilir. Aydındır ki, biz bu addımları atmaqla gənclərimiz arasında vətənpərvərlik ideyalarını gücləndirir, onlarda torpağa, Vətənə məhəbbət hissini daha yüksək səviyyədə aşılayırıq. Ümumiyyətlə, şəhidlərimizin xatirəsi həmişə bizə əzizdir.

Bəli, bu həqiqətən də belədir. Çünki Füzulidə son illər möhtəşəm quruculuq, abadlıq və tikinti işləri görülür. Və eyni zamanda Vətən uğrunda şəhid olanların xatirəsini əbədiləşdirilməsinə də böyük önəm, diqqət yetirilir. Çünki şəhidlər öz qanları ilə möhtəşəm bir tarix yazıblar. Bu tarix isə uzun illərin sınağına və zamanın gərdişinə sinə gərərək əsl həqiqətləri gələcək nəsilə çatdıracaq.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-18 yanvar.-S.4.