"BİZ GƏNC BOKSÇULARIMIZIN SABAHINA İNANIRIQ"   

Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti, millət vəkili, professor Ağacan Abiyev bu fikri bizimlə söhbətində xüsusilə vurğuladı

Sirr deyil ki, ildən-ilə Azərbaycanda boks yüksələn xətlə inkişaf edir. Ən azından ona görə ki, ölkəmizdə bu idman növünün dirçəlişi və yüksək sürətlə inkişafı üçün hər cür əlverişli şərait yaradılıb. Tək Bakı şəhərində deyil, hətta regionlarda belə idman komplekslərində gənclərin boksla məşğul olması üçün çox yaxşı şərait var. Təbii ki, bu şəraitin mövcudluğu yeniyetmələrin və gənclərin boksa olan həvəslərini daha da artırıb.

Elə məhz buna görə də son vaxtlar regionlarda daha istedadlı və bacarıqlı gənclər boks aləminə gəliblər. Əlbəttə, onların ölkə birinciliyində iştirak etməsi və öz istedadlarını göstərməsi üçün bu gün demək olar ki, hər cür şərait yaradılıb. Yaxın günlərdə uğurla başa çatmış "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilmiş boks üzrə gənclər arasında Azərbaycan çempionatı çox məsələlərə aydınlıq gətirib.

Belə ki, bu yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 137 dəri əlcək ustası mübarizə aparıb. Yarışın ilk günlərində bir çox gənclər daha çox ustalıq göstərərək rəqiblərini məğlub edib və finala yüksəliblər. Onu da qeyd edək ki, bu mötəbər yarışda 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 və 91+ kiloqram çəkidə olan gənc boksçular öz qüvvələrini sınayıblar. 49 kiloqram çəki dərəcəsində Elşən Abbasov (Rabitə), 60 kiloqram çəkidə Məsud Yusifzadə (Rabitə), 56 kiloqram çəkidə Xəyyam Məmmədov (Neftçi), 60 kiloqram çəkidə Orxan Əliyev (Gilan), 64 kiloqram çəkidə Cavid Quliyev (Rabitə), 69 kiloqram çəkidə Roman Zakirov (Rabitə), 75 kiloqram çəkidə Şamil Əliyev (Rabitə), 81 kiloqram çəkidə İbrahim Quliyev (Baku Fires), 91 kiloqram çəkidə Şükran Mehdiyev (Baku Fires), 91+ kiloqram çəkidə Teymur Vəliyev (Neftçi) 1-ci yerə çıxaraq ölkə çempionu olub və qızıl medala layiq görülüblər.

Azərbaycan Boks Federasiyasının 1-ci vitse-prezidenti Ağacan Abiyev gənclər arasında keçirilən boks üzrə respublika birinciliyinin yekunları barəsində dedi ki, bu yarışın təşkili və keçirilməsi çox böyük önəm kəsb edir. Çünki artıq biz bu yarışda yüksək yer tutan və perspektivli boksçuları yığma komandaya dəvət edəcəyik. Çünki hər il yığma komandanın üzvləri arasında gənclərin yer tutması üçün əyyən işlər görülür. O gənclər ki, böyük idmana gəlir, ölkə birinciliyində özlərini təsdiq edir, aydındır ki, bu cür boksçular heç vaxt diqqətdən kənarda qala bilməzlər. Düzdür, onların döyüşündə əyyən qüsurlar və çatışmazlıqlar üzə çıxır, ancaq bir müddət məşqçilər tərəfindən növbəti yarışa hazırlanarkən həmin gənclər bu qüsurları, texniki çatışmazlıqları və fiziki nöqsanları aradan qaldıra bilirlər. Elə əsas məqsədimiz də ondan ibarətdir ki, biz istedadlı gəncləri və boksçuları yığma komandaya gətirək və onları daha mötəbər yarışlara hazırlaya bilək. Bunun üçün əyyən zamana ehtiyac var. Yəni həmin gənclər bir müddət öz üzərlərində işlədikdən və məşqçilərin tövsiyələrini qəbul etdikdən sonra xeyli təcrübə toplayır, püxtələşir, rinqə çıxarkən nələrə qadir olduqlarını sübut edə bilirlər.

Professor A. Abiyev bir fikri də xüsusilə vurğuladı. O bildirdi ki, yeniyetmələr arasında Avropa çempionatının gümüş, dünya birinciliyinin bürünc mükafatçısı Hüseyn Tarverdilinin (69 kq) və yeniyetmələr arasında qitə birinciliyinin gümüş mükafatçısı Tayfur Əliyevin (56 kq) finalda uduzması əsas gözlənilməz nəticələrdən olub. Favoritlərdən Məsud Yusifzadə (52 kq), Cavid Quliyev (64 kq), Şükran Mehdiyev (91 kq) döyüşlərini qələbə ilə başa vurublar. Onlar bir daha sübut ediblər ki, böyük idmanda qazandığı uğurlar heç də təsadüfi deyil. Hər bir uğurun və qələbənin əsasını isə gərgin məşqlər, fiziki hazırlıq və ustalıq təşkil edir. Əgər boksçu rinqə çıxanda bu dediyimiz xüsusiyyətləri özündə birləşdirirsə və qələbəsinə inanırsa, təbii ki, o, rəqibini məğlub edəcək. Bax, biz həmişə boksçularımızdan döyüş zamanı bu ruhu, bu ovqatı və bu mübarizliyi tələb etmişik.

Azərbaycanın gənc boksçuları təbii ki, hələ öz sözlərini yenicə deyə bilirlər. Qarşıda isə onları daha məsul və mötəbər yarışlar gözləyir. Belə ki, milli komandamızın boksçuları aprel ayında Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək gənclər arasında dünya birinciliyində iştirak edəcək. Eyni zamanda bundan sonra boksçularımız avqustun 23-27-də Çinin Nianyanq şəhərində təşkil olunacaq dünya birinciliyində yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıdığı bu yarışda öz sözlərini deməli və həmin mötəbər yarışda iştirak etmək hüququ əldə etməlidirlər. Təbii ki, biz Azərbaycanın gənc boksçularına inanır və onların qələbələrinə böyük ümid bəsləyirik.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-22 yanvar.-S.8.