"TƏKLƏ ELİ"

Yaxın günlərin söhbətidi. Dəyərli söz adamı Vaqif Nəsib Sarıhüseynoğlunun 75 yaşının tamamı ilə bağlı Atatürk Mərkəzinə toplaşmışdıq. Vaqifsevərlər, Vaqifi duyanlar və bütövlükdə ədəbiyyata könül bağlayanlar həmin gün Vaqif Nəsiblə bağlı ürək sözlərini söylədilər, xatirələrini dilə gətirdilər. Beləcə, bir doğum tarixi də tarixin arxivinə üz tutdu. təbii ki, bizim yaddaş arxivimizə də...

Həmin tədbirin iştirakçıları arasında olan və xeyli vaxt idi ki, görüşə bilmədiyim, necə deyərlər, işin-gücün başdan aşan vaxtında üz-üzə gələ bilmədiyim dəyərli qələm adamı, cəfakeş araşdırmaçı Süleyman Əlisayla qarşılaşdım. Məşhur filmimizdə deyildiyi kimi, bir növ döstun birinin sorağında olarkən başqa birisiylə də görüşdüm. Tədbiri başa vurduqdan sonra Bakının ən əzəmətli yerlərindən, guşələrindən olan meydanda bir xeyli var-gəl etdik... özümüzdən, uşaqlardan hal-əhval tutduq... yaradıcılıqdan söz açdıq. Bir vaxtlar hamımızın növbə tutub və yaxud da basabasla bilet aldığımız "Azərbaycan" kinateatrının qarşısında keçmişi xatırladıq, xoş anlarını dilə gətirdik. İkimiz də etiraf etdik ki, arxada qalan o illərdə sözə, mədəniyyətə, incəsənətə daha böyük maraq, daha böyük sevgi var idi. İndiki bazar iqtisadiyyatı bir çox məqamları, elə sözün özünü də bazara, bazarlığa çevirib. Yəqin ki, bu, keçici bir zaman kəsiyidi, ötüb gedər...

Bunu da özümüzə təsəlli kimi dilə gətirdik. Ayrılanda Süleyman çantasını açdı və mənə bir kitab bağışladı. O gecədən mənim yadımda qalan daha bir xatirə oldu bu kitab. Və mən elə ondan ayrılıb marşrut avtobusuna əyləşən kimi, kitabı vərəqləməyə başladım... Etiraf edim ki, öncə rəngli fotolara, mənzərələrə göz yetirdim, sonra kitabın tərtibatı, onun çap keyfiyyəti və təbii ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovun, rəyçisi filologiya elmləri doktoru Muxtar İmanovun, redaktoru Elman Qədirlinin və xüsusi olaraq AMEA-nin müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərovun ön sözü az qala bir su içimində oxunub başa çatdı. Mən Nizamiəllimin yazdığı ön sözdəki bir fikri xüsusi olaraq yaddaşıma köçürdüm. Hörmətli millət vəkilimiz vurğulayıb ki, "istər peşəkar olsun, istərsə də necə deyərlər, qeyri-peşəkar, tarixçi heç də tarixin tam dərinliyinə nüfuz edə bilməz".

Doğrudan da artıq oxuyub başa çıxdığım, xüsusi məqamları ilə təkrar tanış olduğum "Təklə eli" kitabı Azərbaycanın qədim bir elinin, bir etnosunun bugünkü oxucuya təqdimatıdı. Bu təqdimatda tarixi araşdırmalar da kifayət qədərdi, ağsaqqal, ağbirçək yaddaşından süzülüb gələn bilgilər də. müəllif bir neçə fəsilə böldüyü kitabında "Təklə Eli"nin ta qədimdən bugünə kimi yaşadığı çoğrafi məkanın da xəritəsini ustalıqla çəkə bilibdi. Və vurğulayb ki, bu gün bir çox məmləkətlərə səpələnmiş təklələrin əslində soykökü, necə deyərlər, ilk hüceyrəsi bir mənbədən, bir ünvandandı.

Zaman bütün xalqları, millətləri müəyyən informasiyaya, deformasiyaya məruz qoyur, həm inkişaf baxımından, yəni yeniləşmə, həm digər xalqlarla təmaslar təbii ki, öz sözunu deyir. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı və onun bir hissəsi olan elmi-tarixi dildə ifadə etsək, Qızılbaşların təkəli tayfasının bir eli məhz bugünkü təklələr öz qədimliklərini, öz kökə bağlılıqlarını daha mükəmməl qoruyub saxlaya biliblər.

Eləəllifin apardığı araşdırmalar da göstərir ki, təklələr min illər bundan öncə üstünlük verdikləri təkəli həyatına, heyvandarlığa bu gün də bağılıdılar. Onların köç adət-ənənələri demək olar ki, bu gün də olduğu kimi qalmaqdadır. Üstəlik, bu insanlar təbiətə, xüsusilə yaylaq və arana böyük önəm verirlər. Görünür, zaman-zaman sınaqlardan keçən və tarixin müxtəlif mərhələlərində öz dəyanətləri, bütövlükləri və birlikləri ilə hakim dairləri də onları görməyə, onlarla hesablaşmağa məcbur edən təklələr məhz bir tayfa və bütövlükdə Azərbaycan xalqının bir hissəsi kimi qətiyyət iradə ortaya qoymağı bütün çalarları ilə bacramışdılar. Yəni onların adi dildə desək, ağız birliyi, həmrəyliyi çox iradələrə özünü sübut edə bilib. Hətta səfəvi dövründə də bu tayfa kifayət qədər mövqe və nüfuz sahibi olubdu.

Tam səmimiyyətlə bildirirəm ki, bu kitabda ayrıca bir fəsil olan "Təklələrin yaylaq həyatı" bölümü məni çox-çox uzaqlara çəkib apardı, uşaqlıq illərimi doğmalarımla dağa-arana, özü də köç atlarının üstündə gedib-gəldiyim məqamları xatırladım. Sanki bütün bunlar dünən olmuşdu və onda kəndimizin qoyunçuluq fermasında çalışan bibimgilin sayəsində (onun həyat yoldaşı çoban idi - Ə.M) mən də onun oğlanları ilə birlikdə yaylaq yollarını - çəhlimləri tanımışdım. İndi bütün bunlar sadəcə xatirədi.

Süleyman Əlisanın "Təklə eli" kitabında tərəkəmə dünyası bir çox prizmadan təqdim olunur. Yəni onun tarixi, adət-ənənələri, məəti və bugünkü işıqlı ziyalıları, yaradıcı insanları da oxucularla bir araya gətirilib. Kitabın bir maraqlı məqamı da onun son bölümündə oxuculara təqdim edilən "təklə yazarlarının" yaradıcılıq nümunələridi. Mən burada dostum Nurafizin şeirlərinə rast gələndə səmimi etiraf edim ki, onu təkrar-təkrar oxudum. Çünki həmin şeirlərə ilk dəfə rast gəlirdim. Kitabda Dayndur Sevginin, Allahverdi Təkləlinin və digərlərinin şeir nümunələri kitabı bir az da maraqlı etmişdi.

Oxuculara onu da xatırladım ki, müəllif kitabın son bölümündə respublikamızın coğrafiyasında təkləlilərin yaşadıqları bölgələri də təqdim edibdi. Burada xüsusi olaraq İmişli, Masallı, Beyləqan, Bərdə, Qobustan, Cəlilabad, Ağsu, Kürdəmir, Goranboy, Göyçay rayonlarının adı vurğulanır və həmin rayonların kəndlərinin adları qeyd edilməklə ərazidə məskunlaşan təkləlilərin bugünkü durumu sevgi ilə tərənnüm edilir.

Son olaraq, belə bir dəyərli kitabı, yəni böyük axtarışların, yaradıcılıq təhlilinin bəhrəsi olan bu kitab tariximizi, bir-birimizi öyrənmək üçün dəyərli bir vəsait, dəyərli bir mənbədi. Onu bizə təqdim edən müəllifə daha böyük yaradıcılıq uğurları arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-22 yanvar.-S.6.