ÖTƏN İLİN NƏŞRLƏ

"AZƏRBAYCAN"

Artıq 2013-cü il bizdən iki ongünlük uzaqlaşıb. Və biz geriyə baxıb həmin o ilin həm siyasi, həm də ədəbi mənzərəsini göz önündə canlandırmağa çalışırıq. Təbii ki, siyasi məsələlər nə qədər aktual olsa da, amma ədəbi-mədəni hadisələr də kifayət qədər diqqəəkən, insanları öz ətrafında birləşdirən mövzulardandı. Yəni Azərbaycan oxucusu öz mənəvi kamilliyini, mənəvi inkişafını daha çox ədəbiyyatda - həm Azərbaycan, həm də dünya ədəbiyyatında görür. Bax, elə bu mənada da ədəbi jurnallarımıza üz tutmaq, dərgilərimizi gözdən keçirmək artıq bir ənənə halını alıbdır.

Ötən ilin "Azərbaycan" ədəbi-bədii jurnalının 12-ci nömrəsi xeyli vaxtdır ki, stolumun üstündədi. Mən bütün saylarını maraqla izlədiyim jurnalın 2013-cü il üçün son nömrəsini də məhz həmin maraqla gözdən keçirirəm. Əvvəlcədən xatırladım ki, ilin son nömrəsi olan 12-ci say digərlərindən müəyyən qədər fərqlənir.

Yəni jurnalın son sayında adətən il ərzində jurnalda çap olunmuş bütün yazıların mövzusuna, janrına görə siyahısı da dərc edilir. Təkcə dərginin son səhifələrinə göz yetirmək kifayətdir ki, il ərzində çap olunmuş bütün materiallar barəsində informasiya əldə edə biləsən. Bax, elə maraq xatirinə mən də həmin səhifələri çevirirəm və görürəm ki, nəsr bölməsində Elçinin, Məmməd İsmayılın, Elçin Hüseynbəylinin, Novruz Nəcəfoğlunun roman və povestləri, Məmməd Orucun, Fikrət Qocanın, Əlövsət Bəşirlinin, Ramiz Əkbərin və digərlərinin hekayələri, Əli Əmirlinin, Mehman Musabəylinin, Aydın Tağızadənin dram əsərləri oxuculara təqdim olunubdur.

Onu da qeyd edək ki, 2013-cü ildə "Azərbaycan" jurnalı Azərbaycan poeziyasının demək olar ki, bütün nəsillərini təqdim etdi. Burada həm regionlarda yaşayan, həm də paytaxtda yazıb-yaradan yaşlı və gənc ədəbi qüvvələrin poetik fikirləri geniş təbliğ olunubdur. Ümumiyyətlə, "Azərbaycan" jurnalı həm publisistik, həm ədəbi tənqidi yazıların, tərcümələrin dünya ədəbiyyatından nümunələrin yaxşı təbliğatçılarından biridir. Bununla paralel olaraq jurnal yubileylərlə də bağlı həm təqdimat yazıları, həm də yubilyarlaın yaradıcılıq nümunələrini də oxuculara çatdırmaq işində yaxşı təcrübəyə malikdir. Jurnal üçün ən xarakterik cəhətlərdən biri də yeni nəşrlərin təqdimatıdır.

İlin son sayında öz üslubuna sadiq qalan "Azərbaycan" jurnalı Tərlan Əbilovun, İltifat Salehin, Həsən Valehin, Aləmzar Əlizadənin və digərlərinin şeirlərinə geniş yer ayırıbdır.

Nəsr bölməsində Elçin Hüseynbəylinin povesti və hekayəsi, Kamil Əfsəroğlunun, Fərəc Fərəcovun və Mahmud Əhmədin hekayələri çap edilibdir.

Azərbaycanın dəyərli dramaturqlarından biri olan Əli Əmirlinin "Ünvansız qatar" dramı da 12-ci nömrədə oxuculara çatdırılıb. Ümumiyyətlə, jurnalın bu sayında Qəşəm Nəcəfzadənin, Məti Osmanoğlunun və digərlərinin bir-birindən maraqlı xatirə və ədəbi düşüncələri dərc edilib.

Jurnalın bu sayının mükəmməl işıq üzü görməsində baş redaktor İntiqam Qasımzadə başda olmaqla bütün kollektiv kifayət qədər görə bilibdir. Məhz həmin mükəmməl işin sayəsində də ilin son sayı oxucu diqqəti çəkibdir.

 

"YADA DÜŞDÜ"

Artıq 2 yaşını tamam edən və söz dünyamıza daxil olduğu gündən böyük maraqla qarşılanan ədəbi-bədii, nostalji jurnal kimi diqqəti çəkən "Yada düşdü" ötən ilin sonunda da öz rəngarəngliyi ilə digər oxucuları ilə yanaşı, məni də öz görüşünə səslədi. Əgər böyük ədəbiyyatda 2-cə yaşını qeyd edən jurnalın uğurlarını bir-bir saymaq istəsək, onda birmənalı şəkildə demək olar ki, "Yada düşdü" oxunaqlı və maraqlı edən onu araya-ərsəyə gətirənlərdi.

Təsadüfi deyil ki, söz adamı şair-publisist Nəzakət xanımın təsisçiliyi ilə işıq üzü görən "Yada düşdü" Azərbaycanın dəyərli yazıçısı, ədəbi mühitdə hər kəsin ağsaqqal kimi qəbul etdiyi Nahid Hacızadənin baş redaktorluğu və şair Zülfüqar Şahsevənli ilə Zöhrə Fərəcovanın redaktor müavinlikləri ilə bütövləşən jurnal kifayət qədər oxucu auditoriyası qazanıb. Adından da göründüyü kimi, jurnalın əsas qayəsi unudulanları xatırlamaq, yaşayanların ömrünü uzatmaq və nəhayət, söz dünyamıza yeni duyğular, hisslər, pıçıltılar gətirməkdir. Elə jurnalın 2 yaşına ünvanlanan təbriklərdən də göründüyü kimi "Yada düşdü" həqiqətən yada saldığına görə özü də yaddan çıxmır. İstər filologiya elmləri doktoru Qəzənfər Paşayevin, istər görkəmli şairlərimiz - Nəriman Həsənzadə, Musa Yaqub, Fikrət Qoca, eləcə də əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın, əməkdar jurnalist Flora Xəlilzadənin, yazıçı Elçin Hüseynbəylinin, şairə Fərqanə Mehdiyevanın təbriklərində birmənalı şəkildə vurğulanıb ki, bu dərgi ədəbi mühitə yeni nəfəs gətirib.

Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov öz təbrikində vurğulayıb ki, ""Yada düşdü" özünün maraqlı məqalələri ilə bizim tarixi yaddaşımızı zənginləşdirir, təzələyir...g Və nəşr olunmuş 12 sayın hər birində diqqəti çəkən yazılar kifayət qədərdir". Göründüyü kimi, hər sayında diqqəti çəkən, hər buraxılışında oxucu sevindirən "Yada düşdü" ədəbi dərgilərimiz içində özünü birmənalı şəkildə təsdiq edibdir.

Elə dərginin ötən il üçün həm son, həm də yubiley nömrəsi olan sayında da bu cür maraqlı yazılar kifayət qədərdir. Həmin məqalələr içində Türkiyədən redaksiyanın ünvanına gəlmiş Tamilla Abbasxanlı-Əliyevanın "Yada düşdü"nün "Türkiyə zəfəri" məqaləsi, Nahid Hacızadənin Xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş "Yox ayrım dərmanım, dözümdən ayrı" məqaləsi, "Cəngi" hekayəsi, Şəmistan Nəzirlinin "Görüş" sənədli hekayəsi, həmçinin bizi gənc yaşlarında tərk etmiş istedadlı şair, publisist Eldar Nəsibin "Məktubu oğurladılar ki..." xatirə yazısı və digər maraqlı xatirələr hər kəsin zövqüncə ola biləcəkdir.

Şeir həvəskarları Balayar Sadiqin, Cığatelin, Əlağa Kürçaylının poeziya nümunələrini maraqla oxuyacaqlar. Ümumiyyətlə, jurnalın bu sayındakı rəngarənglik xüsusən diqqəəkəndir. Həmin o rəngarənglik içində Salatın Əhmədlinin və Fərqanə Mehdiyevanın söz çələngi maraqla qarşılanır. Bir oxucu kimi mən jurnalın bu sayındakı ədəbi nümunələrin hər birində sözün həqiqi mənasında ürək çırpıntıları duydum. Bütün bunlar isə jurnalı biz oxuculara təqdim edən yaradıcı kollektivin bizə və sözə olan sevgisinin nəticəsidir.

ƏBÜLFƏT MƏDƏTOĞLU

Ədalət.-2014.-23 yanvar.-S.8.