AĞSAQQALLIQ - ALLAH
VERGİSİDİR
Yola saldığımız il ölkəmizin müstəqillik tarixində böyük uğurlar, sürətli inkişaf, tərəqqi ili kimi yaddaşlarda qaldı. 2013-cü ildə böyük dövlət xadimi, sağlığında insanların qəlbində özünə əbədi heykəl ucaltmış ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd olundu. Tale Heydər Əliyevi Azərbaycan xalqına bəxt ulduzu kimi bəxş etmişdi. Qədim diyarımız onun rəhbərliyi altında özünün şanlı illərini yaşadı, sabaha doğru inamla addımladı.
Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra respublikada ədaləti bərpa etdi. Az zaman kəsiyində iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafına nail oldu, istedadlı rəhbər, müdrik ağsaqqal kimi tanındı. Ağsaqqallıq sanki onun boyuna biçilmişdi. Bəli, ona bu ağsaqqallığı tale özü vermişdi. Talenin verdiyi payı heç bir qüvvə ala bilmədi.
Ulu öndərin ikinci dəfə rəhbərliyə qayıdışı onu ağsaqqallığın ən yüksək zirvəsinə qaldırdı. Bir Prezident kimi, bir ağsaqqal kimi dünya miqyasında məşhurlaşdı, Azərbaycan həqiqətlərini planetimizin hər bir guşəsinə çatdırdı.
Ataların yolu - oğulların yoludur, deyirlər. Bu gün də Azərbaycan dövlətçilik tarixinin ən güclü və qüdrətli dövrünü yaşayır. Ulu öndərin siyasətini, onun uğurlu yolunu layiqli varisi, dövlətimizin başçısı İlham Əliyev davam etdirir. Əldə edilmiş nailiyyətlər hər birimizin qəlbini qürur hissi ilə doldurur. İlham Əliyevin prezidentliyi illərində Azərbaycan inkişaf dinamikasına görə ön sıralara çıxmışdır. Ölkəmiz təkcə iqtisadi-sosial amillərlə deyil, mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə dünyanı heyran qoyur.
Dövlətimizin başçısı fəaliyyətində ağsaqqallardan məsləhət alır, onların təşəbbüslərini dəstəkləyir. Azərbaycan Respublikası Prezidentinin Respublika Ağsaqqallar Şurasının VI qurultayına təbrikində də bu, əksini tapmışdır: "Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik".
Ağsaqqallar dövlət başçısının rəhbərliyi altında aparılan quruculuq işlərində fəal iştirak edir, zəngin həyat təcrübələri ilə gənclərə nümunə göstərirlər. Bunu rayonumuzun timsalında da aydın görmək olar.
İlin çox mühüm hadisələrindən biri də prezident seçkiləri idi. Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayı İlham Əliyevin yenidən ölkə prezidentliyinə namizədliyini dəstəklədi. Seçki kampaniyasında əhali arasında dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin təbliğinə ağsaqqallar fəal qoşuldular. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun təşəbbüsü ilə regionlarda şuraların sədrləri ilə gənclər təşkilatlarının rəhbərlərinin görüşləri, dəyirmi masa arxasında söhbətlər keçirildi. İlham Əliyevin respublikaya rəhbərlik etdiyi on il müddətində qazanılmış nailiyyətlər faktlar əsasında geniş təhlil olundu.
Seçicilər müdrik ağsaqqalların məsləhətlərini eşidib düzgün seçim elədilər. Xoş gələcəyimiz, günü-gündən yüksələn rifahımız, təhlükəsiz həyatımız naminə Heydər Əliyev kursuna səs verib İlham Əliyevi növbəti dəfə Prezident seçdilər. Mən seçki məntəqələrindən birində müşahidəçi idim. 75 yaşımın tamamında seçkilərə getmişdim. Seçicilərdə belə mütəşəkkillik, belə inam, belə xoş ovqat heç vaxt görməmişdim. 18 yaşlı cavanın da, 97 yaşlı pirani qocanın da üzündən təbəssüm yağırdı.
Lerik ağsaqqalları ilə dünyada tanınan diyardır. Bu gün də Lerik uzunömürlü ağsaqqalları ilə birinci yerdədir. Ulu öndər Heydər Əliyev Lerik ağsaqqalları haqqında demişdir: "Lerik Azərbaycanın ucqar dağ rayonudur. Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçmişdir". Bizim ağsaqqallar və ağbirçəklər eldə-obada nüfuz qazanmış, hamının hörmət bəsləyib məsləhət aldığı xeyirxah insanlardır. Onlar rayonun ictimai həyatında yaxından iştirak edir, zəngin və sınanmış təcrübələrini cavanlara öyrədirlər. Ağsaqqal sözü, ağsaqqal öyüdü bizdə qanun sayılır. Yerli şairlərdən biri: "Qanundan itidir ağsaqqal sözü, Hər söz bir fərmandır bizim Lerikdə", - yazmışdır.
Rayon ağsaqqallar şurası 49 nəfər fəalı birləşdirir. Ötən il şuranın fəaliyyəti ictimaiyyət tərəfindən bəyənilmişdir. Ərazilərdəki təşkilatlardan şuraya 27 təklif, rəy və məsləhət daxil olmuşdur. Qaldırılan məsələlərə idarə heyətində baxılıb müəssisələrə və təşkilatlara göndərilmişdir. Cəngəmiran kəndindəki ağsaqqalların təklifi ilə rayon mərkəzindən daxili imkanlar hesabına kəndə bir kilometr asfalt yol çəkilmişdir. Vizəzəmin kəndindəki ağsaqqalların təşəbbüsünü rayon icra hakimiyyəti dəstəkləmiş, orta məktəbin yeni binasının təməli qoyulmuşdur. Rayon mərkəzindən ucqar Mistan kəndinə avtobus marşrutu açılmışdır. Həyata keçirilmiş belə təkliflərin sayını artırmaq da olar.
Rayon icra hakimiyyətində ötən il ağsaqqallar iki dəfə qəbul edilmişdir. Onların təklifləri dinlənilmiş və həyata keçirməkdən ötrü tədbirlər müəyyənləşdirilmişdir. Lerik şəhərində xeyir-şər evi tikilmiş, bu yaxınlarda istifadəyə verilmişdir. Piran və Conu kəndləri arasında dağlardan keçən 15 kilometr yolun təmirinə başlanmışdır. Züvüc kəndinə bulaq suyu çəkilmişdir.
Rayon ağsaqqallar şurasında rayonun iqtisadi və sosial həyatına dair məsələlər müzakirə edilmiş, məsləhət və təkliflər idarə və müəssisələrə göndərilmişdir. Təkliflərin icrası barədə şura üzvlərinə müntəzəm məlumat verilmişdir.
2013-cü ildə şuranın tədbirlər planına əsasən "Nümunəvi həyət" baxış-müsabiqəsi keçirilmişdir. Bu tədbirə 71 ağsaqqal ailəsi qoşulmuşdur. Oktyabr ayında müsabiqəyə yekun vurmuş, Kələxan kəndində ağsaqqal İdris Məhərrəmovun səliqə-sahmanlı həyəti müsabiqənin şərtlərinə görə qalib sayılmışdır. Belə tədbirlər yeni ildə də davam etdiriləcəkdir.
Ağsaqqallar şurasının fəalları Ramazan, Qurban və Novruz bayramlarında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, ahıllara baş çəkir, rayon icra hakimiyyətinin nümayəndələri ilə onlara bayram payı aparırlar. Şuranın cari hesabına daxil olan vəsaitdən imkansız ahıllara və çoxuşaqlı ailələrə yardım göstərilir.
Biz müharibə və əmək veteranlarının, ziyalıların yubileylərini keçirməyə xüsusi diqqət yetiririk. Keçən il İkinci Cahan müharibəsinin qəhrəmanı, Stalinqraddan Berlinədək döyüş yolu keçmiş, "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş, Daster kəndinin igid oğlu Əli Hüseynovun 95 illik yubileyi qeyd edilmişdir. Qəhrəmanın qəbirüstü abidəsi ucaldılmış, kənddəki yeni məktəb indi onun adını daşıyır. Yubiley ərəfəsində yazıçı-publisist H.Ruhulla oğlunun Ə.Hüseynovun həyatına və döyüş yoluna həsr olunmuş "Əsgər şöhrəti" kitabı çapdan çıxmışdır.
Ömrünün 60 ilini maarif ziyasına həsr etmiş, Lerikin ilk ali təhsilli pedaqoqu mərhum Əli Vəliyevin 100 illik yubileyi də ağsaqqallar şurasının təşəbbüsü ilə keçirilmişdir. Əməkdar müəllim, dövlətimizin başçısı İlham Əliyevlə iki dəfə görüşmüş Məhərrəm Kazımovun 75 yaşı tamam olmuşdur. Təqdimatımızla o, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Rayon ağsaqqallar şurasının Noda, Vizəzəmin, Tikəband, Monidigah kəndlərindəki təşkilatları yeniyetmələrin faydalı əməyə cəlb olunmasında, valideyn-övlad münasibətlərinin nizamlanmasında, yersiz narazılıqların aradan qaldırılmasında yaddaqalan işlər görmüşlər. Bir sıra problemlər onların təşəbbüsü ilə həllini tapmışdır.
Adqoyma mərasimlərini ağsaqqalların iştirakı ilə keçirmək Lerikdə artıq bir ənənədir. Yeni doğulan uşaqlara ağsaqqallar ad qoyandan sonra doğum şəhadətnaməsi yazılır və təntənəli şəkildə valideynlərə təqdim olunur. Ailə həyatı quran cavanlarımız ilk xeyir-duanı ağsaqqallardan alırlar. Xeyirlə şər qardaşdır.
Cənub bölgəsində Lerik ən çox tarix və mədəniyyət abidələri olan rayondur. Ağsaqqallarımız tarixin daş yaddaşlarının öyrənilməsinə, təbliğinə və mühafizəsinə diqqət yetirirlər. Akuşəpeştə kəndindəki Əkşə türbəsi ağsaqqalların və iş adamlarının vəsaiti hesabına qaydaya salınıb üstündə milli ornamentli günbəz tikilmişdir. Şingədulan kəndindəki qədim qəbiristanlığa daş hasar çəkilmişdir.
Görülən işlər, həyata keçirilən tədbirlər ağsaqqallar şurasını arxayınlaşdırmır. 2014-cü ildə bizi yeni vəzifələr gözləyir. Biz rayonun yetirmələri ilə "Ziyalılar günü"ndə görüşəcək, yayda "Uzunömürlülər bayramı" keçirəcək, Ağsaqqallar klubunun açılışında iştirak edəcək, "Lerikin ağsaqqalları" kitabını çapa hazırlayacağıq.
Ulu öndər ağsaqqalları
milli-mənəvi dəyərlərimizin
qızıl fondu
adlandırmışdır. Onların qədrini bilmək,
məsləhət və
tövsiyələrinə əməl
etmək vətəndaşlıq borcumuzdur.
Həmzə
Vəliməmmədov,
Lerik Rayon Ağsaqqallar Şurasının sədri,
əməkdar
jurnalist
Ədaıət.-2014.-23
yanvar.-S.7.