Sizi unutmadıq...

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Səbail Rayon Mühafizə İdarəsində də tədbir keçirildi. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan İdarənin rəisi, polis polkovnik-leytenantı Habil Əsədov bildirdi ki, zaman-zaman ən sərt sınaqlara sinə gərən vətənimizin qəhrəmanlıq dolu tarixində hər zaman qürur hissi ilə xatırlanacaq bu gün müstəqillik uğrunda xalqımızın apardığı mübarizəyə təkan verdi, sovet imperiyasının çökməsi ilə nəticələndi, sonda isə Azərbaycan öz bağımsızlığına qovuşdu.

Qeyd olundu ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı insanlığa sığmayan bir təcavüz idi. Bu faciəni törədənlər, ona rəvac verənlər özlərinin cinayətkar simalarını, "Parçala və hökm sür" əmrinə böyün əydiklərini və onu həyata keçirdiklərini bir daha nümayiş etdirdilər.

"Biz 20 Yanvarı milli hüzn günü" kimi qeyd etsək də o müdhiş gecəni həm də bir iftixar hissi ilə xatırlayırıq. Çünki o gün təpədən-dırnağacan silahlanmış sovet ordusu nahaq qan tökməklə, insanlarımızı vəhşicəsinə qətlə yetirməklə bizim müstəqillik uğrunda apardığımız mübarizə əzmini qıra bilmədi və Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, bir gün azad yaşamağın böyüklüyünü, şirinliyini bütün dünyaya bəyan etdi,- deyən rəis, H.Əsədov Azərbaycanın artıq bütün dünyada söz sahibi olduğunu, gündən-günə gücləndiyini və tarixdən ibrət götürdüyünü də xüsusi vurğuladı.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Mustafa İsgəndərzadə həmin hadisələrin bu gün ölkəmizdə bir çox strukturlarla yanaşı, hüquq-mühafizə orqanlarının şəxsi heyəti tərəfindən də yad olunduğunun xüsusi bir önəm daşıdığına, hər kəsdə rəğbət hissi yaratdığına diqqət çəkdi. O qeyd etdi ki, bu gün bu tədbirdə iştirak edən elə gənc əməkdaşlar var ki, onlar həmin faciənin yaşıdıdırlar.

20 Yanvar, Xocalı, Mart hadisələrinin nədən baş verdiyini, səbəblərini şəxsi heyətin diqqətinə çatdıran natiq bildirdi ki, əslində 20 Yanvarın ssenarisi ondan iki il öncə düşünülmüş və cızılmağa başlamışdı. Məqsdə və məram bəlli idi: Azərbaycan xalqının azadlıq arzusunu boğmaq, onu yenidən boyunduruq altında saxlamaq. Ancaq tarix göstərdi ki, bu xalq artıq qolundakı və dilindəki zəncirlərdən cana doyub və azadlığa gedən yolda onu gözləyən ölümlərdən, faciələrdən qorxmur.

O dövrdə Ulu öndər fenomenin varlığı və onun öz həyatını təhlükəyə atıb baş vermiş hadisəyə Moskvada münasibət bildirməsi isə artıq imperiyanın süqutu demək idi.

Tədbir 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatdı.

 

Hafiz Təmirov,

polis kaptanı
Ədalət.-2014.-24 yanvar.-S.7.