ALMASI OĞURLANMIŞ NAĞILLAR...

11. Rəşad Məcidə.

Oturmuşdular bulağın başında.

Çörəkdən başqa nə qədər yemək-içmək var idisə, səliqəsiz şəkildə səpələnmişdi göy otların arasına. Bircə doğranmış təndir çörəkləri qəzet parçalarının üstündəydi...

... Dirsəklənmişdi üzü bulağa sarı. Qalan üç nəfər arxası üstə uzanmışdılar. Sir-sifətləri pörtmüşdü, gözləri yumulu idi...

Baxırdı bulağa. Qaralı-ağlı, xırda çaylaq daşlarının arasından dupduru, göz yaşı kimi su damcı-damcı axıb tökülürdü. Bulağın qarşısında su göllənib dairəvi şəkil alırdı...

... Udqundu, qurumuş boğazı, alışıb yanan ciyərləri su istədi. Ayağa qalxıb, bulağın önündə dizlərini yerə qoymaq, buz kimi sudan içmək keçdi könlündən. Amma ərindi. Elə bircə addımlıqdakı suya baxa-baxa qaldı. Çətinliklə olsa da nəzərlərini sudan yayındırdı. Çayın üstündəki, çayın suyuna heç cür uyğun gəlməyən nəhəng, hündür körpünün boz, sürtülmüş sütunlarına göz gəzdirdi. Beş-altı il qabaq ermənilər burda olublar. "Görəsən bu körpünü niyə uçurmayıblar?"

Körpünün kənarıyla uzanan dəmir barmaqlıqlı məhəccərin bir parçası qırılıb çaya sallaqlı vəziyyətdə yellənirdi. Sütunların tən ortadakına qara rənglə nəsə yazılıb. Ha gözlərini geniş açmağa çalışdısa da, oxuya bilmədi... Yoruldu. Təzədən nəzərlərini bulağa səmtləşdirdi. Gözləri suya dikilsə də, suyu görmürdü. Elə-belə, sanki boşluğa baxırdı...

... Bir həftə idi dostları başdan-beyindən eləmişdilər onu. Haramının isti, bürkülü havasından çəkirdilər onu Quruçaya, bulaq başına. Gündə bir bəhanə gətirirdi. Axır ki, bu gün yarıkönül razılaşdı...

... Əvvəl çimdilər. Rəngsiz, sərin dağ suyu çoxdan unudulmuş, az qala yaddan çıxmış rahatlıq, dinclik gətirirdi...

Sonra döşəndilər yemək-içməyə...

- Bunu içək öz sağlığımıza...

- Bunu içək oğlanlarımızın sağlığına...

... Hamısının oğlu var idi. Bircə onunkular üç qız idi, oğlu yoxudu. Sağlıq deyənlər üyüdüb tökürdülər. Oğuldan, varisdən, davamçıdan... Oğul düşmən çəpəridi. Oğul yurd daşıdı...

Tez-tez dostlarının sözünü kəsirdi. Söhbəti başqa səmtə, başqa axara yönəltməyə cəhd edirdi...

- Mənim kənddə bir evim var idi. Həyətində hovuz da tikmişdim. Belə dəmirdən karnizi, su boruları...

Əhəmiyyət verən kim idi. Danışmaqdan bezdi. Tay dinməz-söyləməz stəkanı götürüb çəkirdi başına. Dostları keflənmişdi. Ağızlarına gələni danışırdılar. Axıracan içsə də heç kefində, əhvalında fərq hiss etmirdi. Əksinə, içdikcə bir az da süstləşirdi, kefi pozulurdu. Bu şiti-şoru çıxmış oğul söhbəti də ki, canını yığmışdı boğazına.

... "Eh, hamı bilir ki, mənim oğlum yoxdu. Daha bunu bu qədər xırdalamağın nə mənası?"... Razılıq verdiyinə, bura gəldiyinə yavaş-yavaş peşiman olurdu. Ona elə gəlirdi ki, dostarı bu söhbəti qəsdən salıblar ortalığa...

... Üç bacı, üç qardaş idilər. Axırda, vaxt gəlib yetişəndə qoca analarına yenə bacıları yiyə durdular. Anaları öləndə heç oğlanlarının xəbəri də olmadı.Eləsi oldu ki, camaatdan sonra çatdı yasa...

... Bu xatırlama, haradansa ağlına gələn bu fikir bir az toxtatdı onu...

Təzə qəsəbədə, iyirmi addımlıq həyət elə bil dünyanın yarısıydı. Evin pəncərəsindən baxanda dəmir çərçivələrlə çəpərlənmiş həyət hövsələsini bir tikə eləyirdi... Sonralar tapdı ki, həyət böyük deyil. Ağacsız olduğu üçün geniş görünür...

...Qız köçəri quşdu. Bu gün-sabah uçub gedəcəklər... Bəs bu ev, bu həyət kimə qalacaq, ay Allah? Kövrəldi...

... Molla cavan bir oğlan idi. Qulaqlarının dibindən başlayıb çənəsinin altına qədər uzanan seyrək, qara saqqalı, qaşlarının üstünə enmiş buxara papağı az-çox yaşlı göstərirdi onu.

Molla qarşısındakı stəkanı qaldırıb bir qurtum çaydan içdi və gözlərini dolandırıb ötəri nəzər saldı:

- Ay camaat! Xahiş edirəm söz-söhbəti kəsin!

Dərhal səs kəsildi...

- Torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna bir salavat...

- Peyğəmbərlərimizin və imamlarımızın gül camallarına bir salavat...

- Mərhumların ruhuna bir salavat...

- Bütün dünyadan gedənlərin... Yurdsuz-yuvasız, kəfənsiz, bevaris bu dünyadan köçənlərin...

Molla saydıqca hamı sağ əlini qaldırıb alnından çənəsinə qədər çəkirdi...

"Bevaris" sözünü eşidəndə elə bil yatmışdı, diksindi. Ona elə gəldi ki, molla da, məclisdəkilər də bu saat ona baxırlar. Canına istilik gəldi. Ehtiyatla, oğrun-oğrun, gözaltı ətrafına baxdı. Hamı öz aləmində idi...

... Ölənlər ata-oğul idi. Hər ikisini dünən cəbhə xəttində ermənilər vurmuşdu. Bir yas məclisi qurulmuşdu bir evin iki kişisinə. Tay bu ailədə də kişi qalmadı. Bir gəlin, bir ana qaldı...

... Yurd daşı, düşmən çəpəri...

- Camaat! Allahın yaratdığı hər bir kəsin yurdunda, yerində nişanəsi, davamçısı qalmalıdı. Nişanəsi, davamçısı olmayan kəslər bu dünyada da, o dünyada da bevaris olur. Şəriət buyurur ki, bu varissizlik təkcə şəhid olanlara aid deyil. Çünki şəhidlik haqq dərgahında elə bir ali mərtəbədir ki...

... Bevaris...

Alnının ortasından bir ağrı yapışdı. Boynunun dalına qədər uzanıb getdi...

... Şəhid olanın... Şəhid olanın... Varis...

... Kimsə yüngülcə qoluna toxundu:

- Dayı, sən adını yazdırmayacaqsan?

Başını qaldırıb təəccüblə baxdı böyründə oturmuş yekəpər oğlanın üzünə. Bir şey anlamadı. Oğlanın əlindəki qələmi, stolun üstündəki dəftəri görəndə süstləşdi. Pul yazdırmaq lazımdır. Oğlan dəftərdə adının qabağına 50.000 yazıb qələmi dəftərin üstünə qoydu, azca arxaya meyillənib cibindən bir topa pul çıxartdı... İstədi adını deyə, birdən yadına düşdü ki, cibində cəmi-cümlətan on min manat var. Nə fikirləşdisə, ani olaraq əlini uzatdı dəftərə sarı:

- Ver, bala, dəftəri, özüm yazaram...

Oğlan laqeyd halda dəftəri və qələmi onun əlinə tərəf itələdi. Qələmi götürüb dəftəri açdı. Ötəri siyahıya göz gəzdirdi. Otuz mindən aşağı rəqəmə rast gəlmədi. Dəftərin üzünü örtük kimi qaldırıb adının qabağına 10.000 yazdı və pencəyin yan cibindən pulu götürüb cəld dəftərin arasına soxdu... Gözünün biriynən yanakı, bayaqkı oğlana tərəf baxdı. Oğlan uzun, nazik siqareti acgözlüklə sümürürdü. Heç ona əhəmiyyət də vermirdi. Öz-özünə şükür elədi. Görən olmadı...

... Evdən çıxanda pulu arvadından almışdı. Arvad pulu gətirənə qədər yüz sözün canını üzmüşdü içəridə. Pulu uzadanda dedi ki, tay yoxdu. Özü də bilirdi ki, axırıncıdı. Onsuz da evdəki pulun miqdarını qəpiyinəcən bilirdi...

Qızları yadına düşdü. Üç qız, üç quş... Bevaris...

... Maşın dayanmışdı qəsəbənin orta yolunda. Bir papiros yandırıb gəldi çəpərin başına. Əl evindən arvadı çıxdı. Qucağında iki-üç düyü torbası. Ağızucu soruşdu:

- Xeyirdimi, aaz?

- Mən də ağac alacam. Görmürsən, hamı alır?..

Papirosu yarımçıq yerə atıb hikkə ilə ayaqladı və köksünü ötürüb qayıtdı həyətə. Bel dolayı düşmüşdü cığıra. Əyilib götürdü. Arvad beş-on körpə ağac qucağında qayıtdı. Kişi dinməz-söyləməz başladı çala qazmağa. Arvad həvəslə, işgüzarcasına izahat verirdi:

- Bax, bu yay almasıdı, bu da gilənar...

Beli sürüyə-sürüyə yendi çəpərin ayağına. Arvad əlindəki saçaqlı kökləri yellənən şiv ağacı onun gözlərinin önündə fırlatdı:

- Bu qoz ağacıdı. Çəpərin dibində əkək. Qol-budaq atanda o biri ağacları qurutmasın...

... Qoz ağacı. Yeddi ilə bar verəcək. Yeddi il nədənsə ona çox uzaq və əlçatmaz göründü. Dərhal yaşının üstünə yeddi gəldi. Ağlı bir şey kəsmədi... Qeyri-ixtiyarı arvadının üzünə baxdı. Arvad əyilmişdi aşağı. Əlləriynən torpağı darayırdı ağacın dibinə. Üzünün qulağına yaxın yerləri görünürdü. Qırışmış dəri, seyrəlmiş ağlı-qaralı saçlar.

Qanı bir az da qaraldı...

... Qızların üçü də pəncərədən başlarını çıxartmışdılar...

... Qoz ağacı, qoz ağacı... Qız ağacı...

... Hər gələn bir selbə atar...

Beli hərlədi. Sapın ucundakı tiyə havada parıldayıb düşdü qonşu həyətə...

Arvad dikəldi, alaqapıdan keçib evə tərəf gedən ərinə təəccüblə baxdı. Dillənmədi...

... Üç qız, üç quş. Nə vaxtsa uçub gedəcəklər...

... İçəridə, sinəsinin altında elə bil ocaq qalamışdılar. Sinəsi od tutub yanırdı. Nəfəs aldıqca boğazı xırıldayırdı. Dili ağzında dönmüşdü kötüyə. Gözlərini açdı. Qulağına xorultu səsləri gəldi. Yan-yörəsinə key-key boylandı. Dostları göy otların üstündə yorğan-döşəkdəki kimi yatmışdılar...

Bulaqdan həzin, qulaq dincliyi gətirən şırıltı eşidilirdi. Xarıtladığı və xatırlamaq istədiyi nə varsa dərhal yox oldu. Yavaş-yavaş anladı ki, bulağın başında, çayın qırağındadı...

Əllərini yerə dayayıb ağır-ağır qalxdı. Çay yuxarı baxdı. Çayın dərəsi uzununa kol-kos qalxıb keçilməz meşə əmələ gətirmişdi. Uşaqlıq illəri bu çayın yatağında keçmişdi. Qəribə idi ki, indi bu yerlər ona yad, ilk dəfə gördüyü təsiri bağışlayırdı. Bu on illik ayrılıq doğma hissləri korşaldıb ögeyləşdirmişdi... Gözlərini hərləyib daş dirvarları ağaran kəndə baxdı. Bu kənd də onun kəndiydi... Kənd onu çəkirdi. Amma doğma, tanış, mehriban kənd kimi yox, elə-belə... Çəkirdi, vəssalam...

... Bevaris... Yurdsuz-yuvasız...

... Şəhidlər varissiz sayılmırlar... Üç qız, üç quş... Ha çalışırdı bu iki-üç kəlmə sözü başdan çıxara bilmirdi...

Dizlərini bükdü. Şalvarının balaqlarının islanmasına əhəmiyyət vermədi. Ağzını söykədi bulağın gözünə...

... Dostlarının bir-bir başlarının üstündə dayanıb bir xeyli tamaşa elədi. Yemək-içməkdən dolmuş qarınları yenib-qalxmasaydı elə bilərdin ki, ölüblər... Hamısının oğlu, yurd daşı var. Bu gün sabah gəlin gətirəcəklər. Bəxtəvərlər... Əsəbiləşdi...

... Kol-kosa dolaşa-dolaşa çıxıb gedirdi. Şalvarı cırıq-cırıq olub dizdən aşağı yellənirdi. Düz gedirdi qabaqdakı təpənin üstünə. Heç nə düşünmürdü, heç nə hiss etmirdi. Təpənin o üzündə idi kənd. Təpənin döşündə sarı torpaq qalaqlanmışdı. Səngərə oxşayırdı... Arxadan kimsə qışqırdı:

- Ay dayı, ay dayı hara gedirsən? Qabaqda ermənilərdi...

Addımlarını bir az da yeyinlətdi. Cavab vermədi. Tələsik getdiyindəndi, yoxsa həyəcandandı, bilmədi. Kürəyinin arası ilə tər çay kimi axıb gedirdi...

... Üstü örtüksüz evlərin divarlarının artıq ala-bula suvaqları da seçilməkdə idi...

Yad dildə danışıqlar çatdı qulağına. Elə indicə harda olduğunu dərk etdi. Qorxdu. Elə bil papağı başından aralandı. Dönmək istədi. Gec idi...

Sarı torpaq tayasının üstündə tüfəng lüləsi peyda oldu. Lülə azca yuxarı qalxdı, sağa meylləndi. Kişi dayandı. Sinəsini açdı. Dərindən nəfəs aldı. Gözlərini yumdu...

... Həmin cavan molla idi. Əyləşmişdi məclisin yuxarı başında. Üzünü çevirdi camaata və dedi:

- Ay camaat! Mərhumun üç qız övladı qaldı bu yalançı dünyada. Amma bilin və agah olun ki, şəhid olanlar, doğulduğu torpaqda şəhadətə yetənlər bevaris hesab olunmurlar. Müqəddəslərimiz buyurublar ki...

... Bütün bədəninə bir sakitlik, bir rahatlıq gəldi. Bütün düz-dünya işığa qərq oldu...

... Kişinin dizləri yavaş-yavaş qatlandı. Üzü üstə düşdü. Əllərini irəli uzatdı. İrəlidə kənd idi.

Doğulduğu kənd... Hardasa, lap uzaqda qızları ağlaşırdı...

 

(Ardı var)

Vahid ƏLİFOĞLU

Ədalət.-2014.-25 yanvar.-S.18.