OXŞARIN GÖRMƏYƏN
ŞAİR
Bir neçə il öncə dostlar soruşdular: - Dərvişi tanıyırsan, naxçıvanlı şair? Dedim: - Yox. Zəng etdilər, gəldi. Gəlişi ilə ortama bir dəyişiklik qatdı. Fərqli hərəkətləri, danışığı, fikirləri adamı özünə cəlb edirdi. Aləmi qatırdı bir-birinə, bəzən fikirlərini, bəzənsə mövqeyini tutmaq olmurdu. Baş açmırdım şairdən. Çox istəməyə başlamışdım onu, görüşlərimiz tez-tez olurdu, tez-tez çay içirdik.
Məmməd Arazın şeirlərini o qədər gözəl deyirdi ki, o qədər gözəl şərh edirdi ki, oxuduğumuz, amma tam dərk etmədiyimiz böyük Məmməd Arazı bizə daha fərqli, daha dərin, daha doğru anladırdı.
...
Qurban olum torpağına-daşına,
Qaldır məni Əlincənin başına
Qoy dolanım Vətən sənin başına
Deməsinlər pərvanəsi
çatışmır.
Neçə illər işğala
qarşı duran Əlincə, neçə-neçə qəhrəmanın qəhrəmanlığını əlindən alan Əlincə, neçə-neçə Vətən oğlunu
ucalığa qaldıran, qəhrəman edən Əlincə, qürur yerimiz, məğlubedilməz yerimiz Əlincə, işğalda olan Vətənimizin ümidi,
azadlıqda olan Vətənimizin rəmzi Əlincə.
...
Dəli
Oyna deyirdilər dəliyə, oyna!
Oyna,
deyirdilər havalı başla...
Əgər oynamasan,
Başını
əzərik yoxsa bu daşla...
Dəli də əlinə daş
yığa-yığa,
qaçırdı torpaq yollara...
bəlkə torpaq yolda
onu
daşlamağa daş tapmadılar.
Şeytan
daşlamağa Allah evində
daş
tapılırsa,
bir yetim
başını əzməyə
quru səhrada da kəsək tapılar...
...
Dəli insan görəndə niyə qaçır? İnsanlar dəlini
görəndə niyə daşlayırlar?!
Məni
düşündürən,
dəli edən əsas məsələ budur. İnsanlar
dəlini ona görə daşlayırlar
ki, dəli insanlara dəli kimi baxır.
Dəli -
insanların kimliyinin, necəliyinin dəlilidir! Bu dəlilləri qəbul etmədiklərindən insanlar dəlini
daşlayırlar.
Başqalarına yüz daş atırsan dəymir. Dəliyə
yüz daş atırsan biri boşa çıxmır. Niyə
atılan daşların hamısı dəliyə dəyir?! Bilirsiniz,
niyə? Dəli
daşdan qaçmır, yayınmır. Onu
atılan daşlar dəli
edib. Dəli elə daşın dəlisidi də! Dəliyə hər daş atan günah qazanır, hər dəyən daş dəlinin
günahını azaldır.
Dəli göyə baxa-baxa qaçır,
daş atanlar yerə baxa-baxa! Dəli göydə Allahı axtarır, daş atanlar yerdə daş! Dəli Allaha inanır, daş
atanlar daşa! ("Dəli" hekayəsindən)
...
Elə bil yuxu görürəm
Bu sənsənmi, yoxsa mələk,
Elə bil yuxu görürəm.
Yayını
gizlətmə fələk,
Atdığın oxu görürəm.
Külək vurur, qar oynuyur,
Başındakı şal oynuyur.
Budağında nar oynuyur.
Sinəndə ahı görürəm
Gizlətmə məndən üzünü,
Dumannan, çənnən üzünü.
Onsuz da
gendən
üzünü
Görürəm yahu görürəm.
...
Qarşıda döyüş var, yaşamaq uğrunda,
uduzmuş bir nəslin başındasan, hamı sənə güvənir, sən də tək başına heç nə edə bilməyəcəyini bilirsən, amma
qırılmışları bir daha qırmaq istəmirsən. Döyüşə atılırsan,
hamı qaçır, eyninə
də almırsan,
döyüşə
biləcəyin qədər döyüşürsən, sonra suyun
süzülə-süzülə qayıdırsan kəndinə və bir daha kəndindən
çıxmayacağına söz verirsən.
Ac olsan da
özünü tox tutursan, sözlər çəkili, ağır doğulur,
gecə
bütün evlərin işıqları yananda sənin evində işıq yanmır, səhər işıq pulu
yığan birinci sənin qapını döyür: - İşıq pulunu ver.
"Mən işıq yandırmıram", - deyirsən. İşıq
pulu yığan inanmır, evə
keçib kabel, lampa axtarır. Axı gecə mən burdan keçəndə
sizin evdən
işıq gəlirdi?!
Sonra yanan şamları görür, Başını
bulaya-bulaya, arxasına baxmadan həyəti tərk edir, səndə arxasınca
qışqırırsan: - Ey, işıq pulu yığan, mən işığın pulunu
yox, bədəlini ödəyirəm.
Dərvişin neçə illər evində işıq yanmasa da, içindəki işıq həmişə yandı, gözlərindəki işıq sönmədi, çoxlarının
görmədiyini içindəki işıqla, gözündəki nurla gördü, göstərdi.
Milyon yarım qiyməti olan torpağın üstündə özünə ala-yarımçıq daxma
tikdi. Torpağı verənin
xətrinə torpağı sata
bilmir, ürəyi gəlmir çox
sıxılsa da, sıxıntıları çox olsa da.
Bütün dövrlərdə şairinə, yazıçısına,
rejissoruna, bir sözlə millətini ifadə edən yaradıcısına cəmiyyət yiyə durmalıdır. Bizdə isə tərsinədir,
dövlətin borcu
olmasa da, dövlət
gücü çatdığı qədər yaradıcı
insanlara kömək
edir. Cəmiyyət isə
yaradıcıların yararlı işlə məşğul
olmadığına inanır, yaradıcı insanlara
tüfeyli kimi baxırlar, onlara görə
pul gətirməyən işlə
məşğul
olmaq ağılsızlıqdır, əbləhlikdir. Onlar böyük vəzifəyə, pul gətirən işə hörmət edirlər. Əslində isə, ən azı, siqaretə verdikləri pula kitab ala bilərlər, yazıçılara, şairlərə azda olsa maddi yardım
etmiş olarlar. Yaxşı ki, bəzi
məmurlarımız
sözü, yaradıcı insanları qiymətləndirə bilirlər. Dərvişə də belə
sahib çıxan məmur
var və
yaxşı ki, var, yoxsa onu çoxdan itirmişdik və bu günahda
yazılacaqdı taleyimizə.
...
Ayrıla
bilmirəm
Ayrıla bilmirəm... nədəndi görən?
Mən ki, bu ocaqdan perikən, quşam.
Bu ay işığında qoşa yol gedən.
Ay Allah,
elə bil mən olmamışam.
Alnımda
taleyin imzası solğun,
Məni qınayırlar, a yazı yazan.
Bu bəxt yiyəsinə Allahdan oğrun
Yazan nə yazmışdı, yozan nə yoza.
Torpağın,
göylərin, odun-ocağın,
Məndə nəyi qaldı bir yanar şamı
O da qismət olsa
oğul-uşağın
Titrək əllərində yanan axşamı.
...
Göydən söz dərənlərdəndir, sözü tutdu buraxmaz, söz havasına göynən çox gedir, bəzən sözü dərməmiş yıxılır,
zövq alır yıxılıb yıxılan sözü
qaldırmaqdan.
Sözün qurbanı olduğu ilə təskinlik tapdı. Sözün dəlisi oldu. Həyatı
ilə oynasa da,
sözlə
oynamadı, sözə
xəyanət etmədi. O şair
olmaq istəmədi, şair doğuldu.
Güzgü
Elə bil məni heç ana
doğmayıb,
Elə bil mən dağdan-daşdan olmuşam.
Kim deyir
ki, Allah məndən almayıb,
Kim deyir mən şair doğulmamışam.
...
Son zamanlar ürəyi ağrıyır, deyə bilmədiyi sözlər onun da ürəyinə yük olub.
Bəzən havası çatmır, sözün havasına
havalanır.
Yazanda da ürəyi ağrıyır, yazmayanda da. Şairin ürəyi boşalanda da
ağrıyır, dolu olanda da. Ürəyə ən
çox yükü deyilməyən sözlər salır, ürək bu yükü
çəkə bilmir. çəkilməz olur.
Həyat belədir - çox vaxtı yaxın olduğun insanın
"kölgəsi" sənə düşmür, necə ki, günəşə yaxın olan uca
dağların zirvəsi qar və soyuqdur.
Həyat belədir - düşmənlərin zəifini uzaqda, güclüsünü isə çox vaxt yaxında
tutmağa məcbursan - əlinin içində, əlin üstündə.
Şair qəbul etməz bu qanunu, amma dəyişə də bilməz. Şair həyatı
dəyişə bilməyən qanunlarla mübarizədə keçər.
Şair insanlarla mübarizə aparmaz, qanunlarla aparar - insanları
yox, qanunları dəyişmək istəyər.
Şair dərdini başqalarına danışmağın mənasız olduğunu
anlayınca, şam yandırıb dərdini şamın
işığına danışar, sonra şamın
yanmağını da, əriməyini də dərd edər özünə.
Tənhalıq
Mən bir tənha yolçuyam, mən bir qoca dərvişəm
Gözüm-könlüm
həmişə olubdu tox dünyada,
Allah, bir
səndən başqa bir kimsəm yox dünyada,
Sənin tənhalığına səndən çox öyrəşmişəm.
Məni ki, yaratmışdın barı cüt yaradaydın,
Güzgüdə də özümün oxşarımı görmədim.
Təkcə sənin yanında sevib də suçlu qaldım,
Yaratdığın bədəni sənin qədər sevmədim.
Sevmədim, tənha qaldım... dönüb
Şah Abbas oldum,
Mənə xeyir-dua ver, tövbə evimi tikim...
Kərəm eylə quluna, təğyiri-libas oldum,
Səndən gələn bəlanı boynumda kəfən çəkim.
...
Durduğum yer də yalandı, özümü aldatmağa daha yerim yox.
Ölümlə üz-üzə gələnə qədər özünü aldadırsan, inanmaq istəmirsən. Ölüm isə hər bir insanın sonunu göstərən faktdır. Hər şeyin dəyişdiyi anda sabaha
inam qoymayır dəyişə insan.
Ana, ta mənim ki, tövbədən keçib.
Təpədən dırnağa, günaham
şərəm,
Ruhum
göy üzündə köynəkdən keçib,
Birdə bu torpağa yaxın düşmərəm.
Şair əlini yerdən üzüb, üzünü tutub göyə, ümidlərinin doğulacağı yeri
göy bilib. Yer üzündə
baş verənlərə görə
şair özünü günahkar bilib, düşünür
ki, tövbəyə də yer qalmayıb.
Bədəni günahlardan qorumaq olmur, ruhunu isə günahlara batırmaq istəmir, ruhunu göy üzündə köynəkdən keçirir, qorxur bir daha
torpağa yaxın düşməkdən, torpağın qiymətinin baha olan vaxtında.
...
Ürəkdən gələni əlim yazmadı
Əlindən nə gəlir elə sən mənə
Mənə neyləyəsən ay ürək azdır
Halal haqqın olsun nə etsən mənə.
Şairin ürəyin bilmək olmaz, ürəyini buraxaq özünə, ürəyindən yaza bilməsə də, ürəyindəkilərdən ürəklə yazar.
Məndə bu yazını ürəklə yazdım, amma şairin ürəyindən yaza bilmədim, istədim şairin ürəyin alım, bundan başqa əlimdən nə gəlir ki.
Dədən ölür, yerdə qalır, yerdən götürməyə nə adam, nə də dəfn etməyə yer tapırsan.
...
Bu kəndin qəribəliyinin biri də budur ki, sən dədəni yada salmasan, heç kim yada salmaz. Sən də
necə yada sala bilərsən?! Mütləq tayfa
başçısı (ya vəzifən, ya da pulun
olmalıdır) olmalısan. Bu günə qədər
dədə yada salmayanların
dədənlə bağlı xatirələri başlayır - öləndə dəfnə gəlməyənlərin heç demə, ürəkləri gəlməyib gələlər, heç demə dədəm bunlara görə ölməyib, yaşayır.
Bunlara görə dədən ölməməli imiş, dədən ölməli kişi deyilmiş... ("Lal
Peyğəmbər" hekayəsindən)
Hər uzadılan ələ (köməyə) sözü bölə bilməyənlər yardımı da bölə bilmirlər. Cənab Prezidentin imkansız istedadlı
insanlara ayırdığı yardımı dədələrinin malı
kimi bölənlər var. Yardımı xəbər gətirib, xəbər aparan xəbərçilərə verirlər. Bu gün
abırına qısılıb Allahın ümidinə yaşayan
istedadlı insanlarımız var. Nə
ad üçün, nə
də yardım
üçün qapıları döymürlər, qapı
ağzında dayanmırlar.
Şair "əliuzunluq" edəndə "əli" onun başına çox oyunlar açar, bu oyunlardan şair zövq alar, şair ürəyindən yanıqlıdır, şairin ürəyi bütün yarlara açıqdır.
Şairlər ziddiyyətli, mürəkkəb insanlar olurlar. Elə istedadları bu ziddiyyətdən doğur. Çox vaxtı həyat tərzləri ilə yazdıqları üst-üstə düşmür.
Şairin ürəyini düz tutub görmək olmaz, gərək şairin ürəyini tərsinə tutasan, çünki şairlər tərs olur, çünki şairlər tərs sözü də düz yozur.
Şeiri ürəklə yazıram,
Ürək,
səndən yazammıram.
P.S.
Şair 60 ili bitirdi, bir 60-da bitirməsini də arzu edirik.
Rza Rzayev
Ədalət.-2014.-25
yanvar.-S.16.