Ömər Qoçulu

Yerin cənnətlik olsun, Akif Səməd. Sənin tanış etdiyin bütün insanların demək olar ki, hamısı ürək, könül dostlarıma çevrildilər, məslək yoldaşlarım oldular. Elə Ömər bəy Qoçulu kimi.

Onu mənimlə sən yox, sənin ruhun tanış etdi, özü də sənin ayaq izlərinin hələ soyumadığı Az.TV-nin həyətində. Bir-birimizdən xəbərsiz sənin haqda verilişə dəvət almışdıq və elə səninlə bağlı xatirələrimizi söyləyə-söyləyə sənə qovuşduq, sən isə Öməri mənə, məni Ömərə tapşırdın...

Ömər Qoçulu, adı və təxəllüsü ilə kim olduğunu bəyan edir. Qədim-qayım Borçalı elinin suyundan, havasından, sazından, sözündən mayalanmış bu Türk kişisi haqda qələmə alacağım bu mənzərəni yazmağa çoxdan qərar vermişdim. Görünür bir az gecikməyim də Allahtərəfi olub.

Bir neçə gen öncə çoxdandı səsi üçün darıxdığım Rövşən Nəsiboğlu zəng edib, Ömər Qoçulu ilə bir yerdə olduğunu, mənimlə görüşüb hal-əhvallaşmaq istəklərini bildirdi.

Rövşən Nəsiboğlunu da tək mənimlə yox, bütün İncə dərəsi ilə mərhum şairimiz Ağamalı Sadiqin ruhu tanış etmişdi. Ağamalı Sadiqin itkisi dost itkilərimizin başlanğıcı olduğu üçün hamını yandırıb-yaxmış, dost könüllərini viran etmişdi. İncə Dərəsi belə yas mərasimi görməmişdi. Qəbiristanlığın başında, yol kənarında dəfn olunmuş Ağamalı sadiqin 40 mərasiminə hər tərəfdən insan seli axıb gəlmişdi. Hər kəs göz yaşları içində çıxış edir, xatirələr söyləyir, nakam şairin ruhuna rəhmətlər diləyirdilər.

Çıxışlar arası bütün İncəliləri heyrətə salan bir səs hələ də qulaqlarımda səslənməkdədir. Kədər və yanğı dolu, gur, bariton ahəngli bu səs bir az göy gurultusunu da xatırladırdı. Çəliyinə söykənib Ağamalı Sadiqə həsr etdiyi şeirini oxuyan bu insan ağır qəza keçirmiş, Ağamalı Sadiq itkisindən sonra da daha da sarsılmış, çəliyinə dirsəklənərək Dərviş Osmana qoşularaq Ulu Borçalının Kəpənəkçi elindən gəlmiş Rövşən Nəsiboğlu idi...

Telefonda səsini eşidib yenə həmin günü, həmin çıxışı, nəmin şeiri xatırladım:

- Ayə, can qardaş, haralardasan? Mən Ömər Qoçulu ilə bir yerdəyəm. Yaman könlümüzə düşmüsən, səninlə görüşmək, xudmani bir məclis qurmaq istəyirik, boşsanmı?

Çoxdandı özümə qapılmışdım, yazı-pozumla, rəsm işlərimlə məşğul olduğumdan heç kimlə görüşmürdüm və açıq deyim, bu təklif ürəyimcə oldu.

- Qardaş, mən hazır, evdəcə oturub sizi gözləyirəm, - dedim və hazırlaşıb yola çıxdım...

Xeyli vaxt idi yenə qayğılar başımızı qatmış, Ömər bəy Qoçulu, Rövşən Nəsiboğlu ilə görüşmürdük. Bu səbəbdən həsrətlilər kimi görüşüb səfəri müəyyənləşdirdik və Ömər müəllimin Novxanıdakı bağ evinə yollandıq.

Xüsusi memarlıq abidəsi sayılan bağ evi memar Ömər Qoçulunun sənət əsərlərindən biri sayıla bilər. O, əvvəlcə bizi 11 simli tavar sazı ilə tanış etdi, sonra bişiriləcək xörəyimizi ocaq ütünə asıb, məni iqamətgahı ilə tanış etdi. Yüksək zövqlə tikilib bəzənmiş evin hər mənzili özünə məxsusluğu ilə adamı valeh edirdi. Məni ən çox onun kitabxanası cəlb etdi və heyranlıqla onun zəngin kitabxanasına, divarlardan asılmış qədim əşyalara, saralıb-solmuş fotolara tamaşa edib, heyranlığımı gizləyə bilmədim.

İxtisasca memar olan Ömər bəy, Respublikanın Əməkdar memarı adını qazanmış, Memarlıq Namizədi olmaqla bərabər, Respublikanın bir çox rayonlarında, Bakı şəhərinin özündə bir neçə memarlıq abidələrinin müəllifidir. Bakımızın qiyafəsini dəyişən yeni körpülərin də bir neçəsi onun layihəsi əsasında inşa olunmaqdadır.

Bir insan ömrünün bəs etmədiyi bu işlərlə yanaşı, gəlin görün bu böyük istedad sahibi daha nələrə qadirdi. Mən bir bələdçiniz olaraq sizləri onun ömür yollarının bəzi məqamlarıyla tanış etmək niyyətindəyəm.

İstəyirəm bu böyük istedad sahibi ilə tanış olasınız, həənd ki, o artıq televiziya, mətbuat və digər vasitələrlə tək Azərbaycanda deyil, Türk dünyasının çox yerində sevilməkdə və tanınmaqdadır.

Söz hər şeydən əvvəl yaranıb deyirlər. Elə görünür bu səbəbdəndir ki, Memarlıq haqda yazılacaq kitabdan öncə, dörd kitabəllifi olan Ömər Qoçulunun ilk kitabı şerlər toplusu - " Taleyimdən yox gileyim" olub.

"Taleyimdən yox gileyim" adlı ilk kitabı bənövşə qoxulu yaradıcılığına açılan pəncərə, könüllərə uzanan yoldu desək yanılmarıq.

Kitabı "Şair xeyir-duası" başlıqlı ön sözü ilə xalqımızın böyük şairi Zəlimxan Yaqub açır . Allahın şahidliyi ilə ,xahiş edilmədən hələ heç kimin qabağına gedib kitabını bağışlamağa cəhd etmədiyini bəyan edən şair etiraflar edərək yazır:

"...Amma neçə il bundan qabaq bir dəfə o böyük olan Allah mənə əmr etdi ki, xətrini dünyalar qədər istədiyim, sənətkarlığını yüksək qiymətləndirdiyim bir bəndənin - Ömər Qoçulunun yanına gedib ona yeni çapdan çıxmış şeirlər kitabımı bağışlayım.

"Ziyarətin qəbul olsun" adlı o kitabın üstündə bu sözləri yazdım: Torpağımın istəkli oğlu, şair qəlbli, saz könüllü memar qardaşım Ömər Qoçuluya Zəlimxan Yaqubdan ürək sovqatı, dost hədiyyəsi." Deyən şair "Şair xeyir-duası adlı ön sözünü şair Ömər Qoçuluya uğurlar diləyərək belə tamamlayır: "...Böyük və geniş mənada EŞQ-ə malik olan memara mənim nə arzum olar? Ona həsr olunmuş "Çıraqqala" şeirində söylədiyim:

 

Odundan, alovundan açılıb lala kimi,

Zaman bağrına basıb istəkli ana kimi.

Hər insanın ömründən bu məğrur qala kimi,

Tarixlərdə yadigar səs qala, soraq qala"

 

arzumu yetirirəm. Bir də ona özünün bir şeirində yazdığı kimi, "...Sazın kökdən düşməsin heç!" - tapşırıram, "beçə pərdə"dən,"baş pərdə"yə qədər, zildə, bəmdə dil-dil ötən sazın, sözün də ulu sənətinin nümunələri kimi yaşarlı olsun deyirəm."

Şair xeyir duasıyla daxil oluruq Ömər bəyin şeir odasına, ruh dünyasına.

Beləliklə, ilk olaraq "Duam" adlı şeiri ilə üzü Allaha pıçıldayaraq, özünü dərkin etirafları olaraq kimliyini bəyan edib, ömür səhifələrini vərəqləyir, yolunu-ərkanını bəyan edir və Uca Gözəgörünməzdən diləklər diləyir:

 

...Dünyaya göz açalı,

Babam Molla Mahmudun

Quranından ayələr

Süzülüb qulağıma.

Dilim kəlmə tutalı

"Allahu-əkbər!" sözü

Həkk olub dodaqlarıma!...

Ömrüm boyu, hər zaman

niyyətim saf, gözüm tox

Dolanmışam "şükür" lə,

Bir insana toxunan,

bir ürəyə dəyəsi

əməlim yox, sözüm yox!...

 

kəlamlarıyla Allahla kəlmələşib, Uca Yaradana ona bə etdiyi ailəsinə, övladlarına, nəvələrinə görə şükranlıqlar edib, yenə diləklər diləyir o Gözəgörünməzdən:

 

Övladlarım-Vüqarın,

Ülviyyənin, Türkanın,

Nəvələrim-Aylinin,

Şəfiqənin, Orxanın,

Ömər bəyin üzünə,

Düyünlənmiş bəxtimi

, ey Gözəgörünməz!

Qəbul eylə duamı,

dikəlt çökmüş təxtimi!

Xoşbəxtliyi, neməti,

Bir ovuc səadəti,

Günəş şöləsi kimi

Üzərimə səpələ,

Saç, ey Gözəgörünməz!...

 

İçi qədər duru, diri şeir sərgiləriylə tanış oluruq, qulağımıza gah Qaracoğlanın səsi gəlir, Gah Şair Nəbinin nəfəsi duyulur, dil açan sevgi nəğmələri bahar bülbüllərinin cəh-cəhini xatırladır:

 

Saqiyə, dayanma, doldur qədəhi,

Bir də belə dövran, an ələ düşməz.

Dostumun söhbəti şirindi baldan,

Dost ilə kəsilən nan ələ düşməz...

 

Allahından razı olub, şükranlıqları dilindən əsgik olmayan şair, könül qardaşım sazı sinəsində olanda həmişə bu şeiri söyləyir:

 

Yarım küsüb ilqar pozsa,

Günah mənim günahımdı.

Bir günümü ömrə yazsa,

Sabah mənim sabahımdı.

 

Eşqim yanar köz sinəmdə,

Daim qaynar söz sinəmdə.

Telli, tavar saz sinəmdə-

Dəsgah mənim dəsgahımdı.

 

Qoçuludu köküm, ulum,

Haqqa doğru yönüm, yolum.

Allahıma qurban olum,

Allah mənim Allahımdı.

 

Biz onun çoxçalarlı yaradıcılığından lakonik danışmasaq yazımızın həcmi çox genişlənəcək deyib bir-ki örnəklə kifayətlənmək məcburiyyətində qalırıq.

Kitabın rəssamı Türkan balasının illüstrasiyaları bir rəssam kimi məni heyrətləndirdi və bu ulu kökün uzaqlardan gəlib, uzaqlara getdiyindən xəbər verdi.

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2014.-25 yanvar.-S.10.