BU, ASİM YADİGARDIR...

("Bölgələrdə ədəbiyyat" silsiləsindən)

Bu yanvar ayında onun 60 yaşı tamam oldu. Qəzetlərdə qələm dostları təbrik etdilər onu. Çox güman ki, yaşadığı Naxçıvanda da bunu təntənəli şəkildə qeyd edəcəklər.

O, Naxçıvan Yazıçılar Birliyinin sədridir. Həyatı, ömür-gün yolları, bütün uğurları, sevinc dolu illəri Naxçıvanda keçib. Amma təbii ki, "Naxçıvan şairi" ifadəsi yoxdur, o, Azərbaycan şairidir. Onu tanıyırlar, şeir kitablarını oxuyurlar, ona minnətdarlıq dolu məktublar göndərirlər.

Asim Yadigar İliç rayonunun (indi Şərur) Püsyan kəndində dünyaya gəlib, 1975-ci ildə Naxçıvanda Pedoqoji institutun dil-ədəbiyyat fakültəsini bitirib, 1982-ci ilə qədər Qıvraq kənd orta məktəbində ixtisası üzrəəllim işləyib. Həmin ildən isə bir iş yeri olub: Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan filialı. Xeyli müddət orada məsləhətçi işləyib, bir neçə il öncə bu filial müstəqil Yazıçılar Birliyi statusu qazandı və onun ilk sədri Asim Yadigar oldu. Etiraf olunmalıdır ki, indi Naxçıvanda - bu qədim odlar diyarında ədəbi mühitin qaynar keçməsində, ədəbiyyata, sənətə marağın daha da artmasında Asim Yadigarın fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır. O, həm də Muxtar Respublikada ictimaiyyətçi bir ziyalı kimi də tanınır. Naxçıvanın Əməkdar Mədəniyyət işçisidir, Ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə "Heydər Əliyev" qızıl medalı ilə təltif olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Asimi səksəninci illərdən tanısam da, onun şeirləri ilə bir az gec - doxsanıncı illərdə tanış olmuşam. O, bir neçə şeirini Təbrizə həsr etmişdi, həmin şeirlərdə Asim ikiyə bölünmüş Azərbaycanın dərdlərindən söz açır, onun ən qədim şəhərlərindən olan Təbrizi görmək arzusundan söz açırdı.

Bu mövzuda onlarla, yüzlərlə şeirlər oxumuşdum, amma Asimin şeirləri təkrar deyildi, təzə idi, duyğularının, hisslərinin təbiiliyilə diqqəti cəlb edirdi:

 

Bu yol Təbrizin yoludu,

Əsrin ən uzun yoludu,

Aparırım qəlbdə odu,

Közü Təbrizə, Təbrizə.

 

Söz şəkərdi, baldı deyin,

Ürək susub, laldı deyin,

Saxlamışam şirin-şirin,

Sözü Təbrizə, Təbrizə.

Yer-göy həsrət ahı çəkir,

Neçə arzu, duyğu çəkir,

Xətainin ruhu çəkir,

Bizi Təbrizə, Təbrizə.

 

İllər keçdi və Asim Yadigar da bir çox soydaşları kimi Təbriz həsrətinə son qoydu, bizim gözəl şəhərimizə səyahət etdi, bir sözlə, arzularına qovuşdu. Və Təbrizdə o, Şuşanı xatırladı:

 

Səni gördüm, yenə könlüm açıldı,

Düşdü burda yada Şuşam. Təbrizim.

Elə bil ki, yaralandım sinəmdən,

Sənə neçə nəğmə qoşam, Təbrizim.

 

Bir zamanlar Təbriz deyib ağlardım,

Öz ahımla neçə sinə dağlardım,

Bir bulaq tək bu dərd ilə çağlardım,

Bilməm indi necə coşam, Təbrizim!

 

Tarixdə çox sərtləşməyin olubdu,

Sərtləşməyin, mərdləşməyin olubdu,

Heç Şuşamla dərdləşməyin olubdu?

Düşürmü heç yada Şuşam, Təbrizim?!

 

Asimin şeirlərini bir sözlə ümumiləşdirsək, onda belə bir kəlməni seçmiş olardıq: "Azərbaycançılıq". Doğrudan da onun şeirlərində əsas qəhrəman, əsas məkan, əsas fel, isim və məsdər - Azərbaycandır. Azərbaycana, öz doğma məmləkətinin tarixi keçmişinə, onun dahilərinə, qəhrəmanlarına, XX əsrdə başına gələn faciələrinə aid onlarla şeirləri, poemaları var. "Hər şeyin sonu var" şeirlər-poemalar kitabına da o, bu misraları epiqraf seçib:

 

Yollarında min tufan,

yüz külək əssə belə,

Yağılar yolu üstə

min silah düzsə belə,

Şərin qara əlləri

yolunu kəssə belə,

Onu tanrı qoruyur,

o, zülməti boğacaq,

Azərbaycan dünyaya

günəş kimi doğacaq!

 

Heç şübhəsiz, Asimin ədəbiyyata sevgisini alovlandıran ustad şairlər, ona bu yolda uğur diləyən söz sərrafları olubdur. Mən Asimin şeirlərində ustad bir şairin-Məmməd Arazın nəfəsini hiss edirəm. Asim onun bircə misrasından belə istifadə etməyib, heç onu təqlid etmək barədə də düşünməyib, amma Məmməd Araz bir səhər yeli kimi əsib onun şeirlərində. Məmməd Arazdan o, yurdu sevməyi, "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" idealına sadiq qalmağı, təbiətlə, cəmiyyətlə, insanlarla dərin ünsiyyət bağlamağı, Azərbaycançılığı öyrənib. Ən çətin anlarında üzünü Məmməd Araza tutub Asim Yadigar:

 

Ürəyimi göynədir həsrət yenə, dərd yenə,

Zamanın sillələri dəydi yaman sərt mənə,

Qayalaşıb, daşlaşıb yaşamaq öyrət mənə,

Dərdimi dənə döndər, üyüt, a Məmməd Araz.

 

Hayqırıram-səsimə səs verənlər görünmür,

Millətin dar günündə dərs verənlər görünmür,

Rəhmətlik Sabir demiş, söz verənlər görünmür,

Sınır qocaman çinar, palıd, a Məmməd Araz.

 

Şeirini güllə kimi tuşla yağılarına,

Sözünü məlhəm eylə yurdun ağrılarına,

İçini dərd qovurur, su səp yanğılarına.

Ovundur bu milləti, kirit, a Məmməd Araz.

 

Asim Yadigarın mövzuları rəngarəngdir. Amma çalışır ki, hər mövzuda yazdığı şeirlərdə təzə söz deyə bilsin. O, "Bələk" şeirində Bələk obrazı vasitəsilə insan duyğularına sədd olan qadağalara, maneələrə qarşı çıxır: "Azadlığım yoxdur, dincliyim yoxdur, Çıxmasa canımdan bələk qorxusu".

Bir sahibsiz evin qarşısında narahat hisslərini, duyğularını gizlədə bilmir: "Atasız, anasız uşaqsayağı, O evin kərpici, daşı ağlayır. O, elə sükuta dalıb ki, onu Quşlar da yuxudan oyatmayıbdır. O ev də insantək yollara baxır, Sahibi davadan qayıtmayıbdır".

Asim Yadigar şeirlərini əsasən hecada, onun müxtəlif ölçülərində, qoşmada, gəraylıda qələmə alır.

Onun qoşmaları həm məzmunca, həm də formaca bu şeir şəklinin gözəlliyini özündə əks etdirə bilirlər. Naxçıvanın bənzərsiz gözəlliyinə həsr olunan qoşmalarda biz bunun əyani şahidi oluruq. Hətta deyə bilərəm ki, onun ən gözəl şeirləri elə Naxçıvana, onun gözəlliklərinə həsr etdiyi şeirlərdir. Gözəl şairimiz İslam Səfərlinin "Gəlmişəm" rədifli şeirinə nəzirə olaraq yazdığı "Batabat dağları" qoşmasına diqqət yetirin:

 

A dağ çayı, coşqun bulaq, şəlalə,

Nə çağlayır, coşursunuz gur belə?

Bir yaralı, bir nəğməli könüllə

Bu gün sizi oxutmağa gəlmişəm.

 

Ağ buludlar, a dağlarım, şalınmı?

Zümrüd meşə yanağında xalınmı?

Güllü tala gül butalı xalınmı?

Tamaşana baxa-baxa gəlmişəm.

 

Al Günəşin saçaqlanan telləri,

Gəlin kimi bəzəyibdir çölləri.

Nəfəsimlə çiçəkləri, gülləri,

Öpə-öpə oyatmağa gəlmişəm.

Qoy ilhamım açsın səndə qol-qanad,

Çiçəklənsin gözlərimdə kainat.

Qəm üyüdən dəyirmansan, Batabat,

Dərd-qəmimi üyütməyə gəlmişəm.

 

Şeir başa çatır və o, nəzirə kimi yazılsa da, özünəməxsusluğu ilə seçilir qənaətinə gəlirsən.

Asim Yadigarın bir neçə poeması ilə də tanış oldum. "Kədərli heykəl", "Talesizlər", "Qisas qiyamətə qalmaz", "Mənə söz verin", "Oğul dağı", "Mən Günəşi görürəm", "Əgrək və Səgrək", "Daş qız", "İpar Sultan" - bu poemalar əsasən epik-lirik səciyyəlidir, yəni bunların hər birindəəyyən hadisə, insan taleləri təsvir olunur, müəllifin hissləri-duyğuları, lirik haşiyələri də qabarıq nəzərə çarpır. "Kədərə heykəl"də İkinci Dünya müharibəsi illərində gözləri yol çəkən bir ananın intizarı əsas yer tutur. O, ölənə qədər cəbhəyə yola saldığı iki oğlunu gözləyir. Amma soraq yoxdur. O, dünyadan köçür, yaşadığı ev isə bir kədərli heykəl kimi hamının diqqətini cəlb edir:

Doğma kəndimizdə yetim bir ev var

Yandırır hər qəlbi o evin qəmi.

O həsrət yuvası, dərd ocağıdır,

Ucalır kədərin heykəli kimi.

Davadan dönməyən mərd oğullara,

Heykəl ucalmayıb bu kənddə, nə qəm.

Qapısı əbədi bağlanan evi,

Kədərdən yoğrulan heykəl bilmirəm.

"Talesizlər" poemasının qəhrəmanı isə anası tərəfindən atılan bir qız uşağıdır ki, sonralar, yaşa dolduqca onun taleyində qara-qara səhifələr yazılır. O, həyatın çətinliklərinə sinə gərir, instituta girir, zavodda işə düzəlir, Arif adlı bir oğlana ərə gedir, amma iki uşağı varkən xəyanətə tuş gəlir. "Mənə söz verin" poeması isə Azərbaycanın birliyi ideyasını təbliğ edir. Ustad Şəhriyarın anadan olmasının 100 illiyi münasibətilə Tehranda və Təbrizdə keçirilən beynəlxalq konfransda söz ala bilməyən azərbaycanlı şairlər (Elman Həbib, Asim Yadigar, Vaqif Məmmədov) belə bir hadisənin şahidi olurlar: "Mənim sözüm var" deyə 30-35 yaşlı bir qadın kürsüyə yaxınlaşır, "Ağayi Şeirdust, niyə Təbrizin şair qadınlarına söz vermədiniz? Məgər Şəhriyarı təbrizli qadın doğmayıbmı?" Qadın sözünü deyib qayıtdı, zalı alqış səsləri bürüdü. Asim Yadigar bu hadisədən təsirlənib MİLLİ BİRLİK ideyası ilə oxucuya üz tutur:

Qalx bacım, qalx qardaşım,

Qoy doğma Azərbaycan

Birləşsin, bütöv olsun!

Onda mənim səsimi

Boğanlar olmayacaq!

Üstümüzdə çovğunlar

Boranlar olmayacaq!

Asimin "Oğul dağı" poeması Sədərək uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Minsk Aviasiya İnstitutunun tələbəsi Sədi Əsgərovun əziz xatirəsinə həsr edilib. Şeirlərində Qarabağı dönə-dönə yad edən şair, bu poemada istiqlalımız uğrunda canından keçən bir yurddaşımızın obrazını yaratmışdır.

Təfərrüata varmadan deyə bilərəm ki, Asim sevgi şeirlərində də öz təbiiliyinə sadiq qalır, yalandan bir sevgi nağılı, rəvayəti uydurmur, yaşanılan hissləri, duyğuları, həyəcanları şeirə çevirir. Deyir ki: "Bir damla yaş kimi düşdüm gözündən, bir də gözlərində yaş olmaq çətin". Deyir ki: "Susdu telefonun bu səhər yenə, Elə bil üstümə yeridi dağlar. Sandım ki, qayalar ağır dərd kimi, İndicə üstümə yıxılacaqlar". Deyir ki: "Ağappaq əllərin göyərçin kimi, Çırpınsın, əlimdən çıxa bilməsin. Deyə bilmədiyim çox sözlərimi, Nə olar, bir yol da əllərim desin".

Asim Yadigara - Naxçıvanda yaşayıb-yaradan, bu istedadlı şairimizə uzun ömür, könül xoşluğu, yeni yaradıcılıq uğurları arzulayırıq. Onun bu misraları ilə sözümüzü bitirək:

 

Doldun yenə bulud kimi

Gözümüzü sıxaq gedək.

Ömür nədir? - Göz qırpımı,

Şimşək ömrü - çaxaq gedək.

 

Vaxt dəyirman, batıb ünüm,

Üyüdülür ömrüm, günüm.

Haçan doysan, dəli könlüm,

De, dünyadan çıxaq gedək.

 

Vaqif YUSİFLİ

Ədalət.-2014.-25 yanvar.-S.13.