SÖZÜN ÇİÇƏK QOXUSU

Gənc həmkarım Zəka Vilayətoğlunun kitabı barəsində düşüncələrim

Ötən ilin son günləri idi. Dəyərli ziyalımız, yazıçı-publisist və həm də ağsaqqal dostumuz olan Əlövsət Bəşirli bizi bir süfrə arxasına toplamışdı. Bu məclisdə qarşıdan gələn ili qeyd etməklə yanaşı, həm də Əlövsət əllim mənim doğum günümü də dostlarla qeyd etməyi uyğun bilmişdi və təbii ki, bu şərəf özü-özlüyündə həm də bir daxili qürur idi mənim üçün. Yəni ağsaqqal bir dostun mənə dəyər verməsi, həm barəmdə mükəmməl bir sənət əsəri yazıb-yaratması, həm də ziyafət təşkil etməsi özü-özlüyündə bu gün həsrətini çəkdiyimiz diqqətin, qayğının hələ yaşadığını, var olduğunu göstərirdi...

Məclisdəkilərin hamısını tanıyırdım. Adlarını da bilirdim, dövlət, xalq qarşısındakı xidmətlərini də. Bu məclisdə mənim dəyərli dostum Elçin Hüseynbəyli də iştirak edirdi. "Ulduz" jurnalının baş redaktoru onunla birlikdə məclisə dəvət almış cavan bir oğlanı mənə təqdim etdi. Düzünü deyim ki, mən onu ekrandan tanıyırdım. Üstəlik də "Ulduz" juranlında hekayəsini oxumuşdum. Lakin ilk dəfə idi ki, qarşılaşırdıq. Elçin Hüseynbəyli:

- Əbülfət, tanış ol, bu cavan oğlan Zəka Vilayətoğludu!

Bir-birimizin əlini sıxdıq. Təbəssüm dolu gözləri və çöhrəsi bir növu mənim ona qanımı qaynatdı. Hiss etdim ki, adını təsadüfi qoymayıblar. Çünki davranışından, söhbətlərindən hiss olunurdu ki, o, adının təsdiqidir. Bu məclisdə yaranmış şəxsi tanışlığımızın sonunda Zəka Vilayətoğlu mənə özünün kitabını bağışladı. Kitabın da adı qəribə idi - "Milena".

Mən kitabın adının qəribəliyini təsadüfdən vurğulamadım. Elə əllifin yanında da vərəqlədiyim bu kitabın adı dərhal yaddaşıma ilişdi. Ona görə də otağıma qayıdanda kitabı masanın üzərinə qoydum və başladım günün işləri ilə məşğul olmağa. Amma səmimi deyim ki, həmin o ad diqqətimi bir an da olsun sərbəst buraxmır, necə deyərlər, nəfəs almasına imkan vermirdi. Ona görə də tez-tez kitabı götürüb adda-budda olsa da oxuyurdum. Yazı üslubu, xüsusilə cümlələrin sadəliyi məni daha çox öz əhatəsində saxlayırdı. Odur ki, bütün işləri bir kənara atıb öncə kitabdakı hekayələri oxumağa başladım...

Bəribaşdan deyim ki, istər hekayələrdə, istərsə də kitabdakı hər iki povestdə mövzu yaxınlığı və bu oxşar mövzuların ərisindəki bizə tanış olan mənzərələr çox sadə bir təqdimatla oxucuya çatdırılır. Yəni istər erməni xəyanətləri və ikiüzlülüyü, istər bir parça çörək dalınca uzaq ellərə, daha çox isə Rusiyaya üz tutan həmyerlilərimizin yaşadıqları elə bir şəkildə təqdim olunub ki, onları sanki oxumursan, kiminsə dilindən söhbət şəklində eşidirsən.

Kitabın redaktoru çox dəyərli yazarımız Nəriman Əbdülrəhmanlı bu gənc istedadın kitabının oxucuya təqdim olunmasında yəqin ki, qərarlı olub. Çünki Nəriman bəy ərisində işıq görmədiyi, ruhunu qəbul etmədiyi yazılara - istər poeziya olsun, istər nəsr, adətən yaxın durmur. Elə Zəka Vilayətoğlunun kitabının redaktəsi də göstərir ki, əlliflə redaktor bu əsəri oxucuya təqdim etməmişdən öncə kifayət qədər hər cümlənin, hər hekayənin, hər povestin üzərində fikir mübadiləsi aparır və əsərin, bütövlükdə isə kitabın samballı alınmasına əmək sərf ediblər. Ona görə də "Külqabı" hekayəsindəki həyat da, onun təqdimatı da, həmçinin "Bağışlayın, cənab..." povestindəki real durum da oxucuya, yəni mənə çox səmimi bir təsir bağışladı. Burda söhbət yazıçı qələminin təqdim etdiyi gerçəkliyin səmimiyyətindən gedir. Yəni öz istəyinə çatmaq istəyən Stepan özü öz millətindən olan ermənini, yəni Şageni öldürməklə yanaşı, həm də rus millətindən olan Dimanın bədənində siqareti söndürməklə öz faşistliyini, əzazilliyini göstərməklə qarşısına qoyduğu bir məqsədi bəyan edir. Bu məqsədlə törətdiyi hər iki cinayəti türkün - azərbaycanlının ayağına yazmaq istəyirdir. Yəni o, törətdiyi hər cinayətdə cibində daşıdığı Azərbaycan vətəndaşı Sübhanın adına olan şəxsiyyət vəsiqəsini bir növu gözə soxur, onun arxasında dayanır. Amma yazıçının təqdim etdiyi bu dramatik mövzunun sonunda yenə həqiqət ortaya çıxır, ədalət qalib gəlir. Rus Dima ona zülm edən erməni Stepanı öz evindəcə baltalayıb öldürür. Bizə qarşı nifrət yaratmağa çalışdığı rus gəlib onun ailəsinə daxil olmuş və hər cür şərəfsizliyə imza atan ermənini cəzalandırır.

Təbii ki, bu sonluq gözlənilən idi. Çünki istənilən cinayətin sonunda mütləq cəza dayanır. Onu hansı səmtə yönəltsən də, öz qazdığın quyuya gec-tez düşürsən. Bu mənada "Bağışlayın, cənab..." povestində də uzaq Rusiya çöllərində, daha doğrusu, Tayqa meşələrində çörəkpulu qazanan həmyerlilərimizin bir-birinə dayaq durması ilə yanaşı, bəzilərinin bir-birinə xəyanət etməsi, pul-para üçün hətta öldürməsi kimi hallar bizə təbii ki, tanış mənzərədir.əllif həmin mənzərəni qürbətdə yaşayanların Azərbaycan sevgisi ilə cilalaya bilib. Azərbaycan musiqisinə olan vurğunluğu qəhrəmanların dili ilə oxucuya bir daha xatırladır.

Açığını deyim ki, mən bu povestdə nədənsə daha çoxəllifin özünü gördüm. Mənə elə gəldi ki, povestdə baş verən hadisələrin iştirakçıları və şahidi məhz Zəka Vilayətoğuludur. Ola bilsin ki, bu mənim təxminimdir. Amma burda yalnışlıq etmiş olsam da, düşünürəm ki, müəllif özünü yazıb, özünü oxucuya ədəbi qəhrəman kimi sevdirməyi bacarırsa, bu da onun bir uğurudur.

Bütövlükdə gənc həmkarımın "Milena" kitabı məndə xoş təəssürat yaratdı. Zənnimcə, bu kitabı oxuyanlar vaxtlarını səmərəsiz keçirtdiklərinə təəssüflənməyəcəklər, əksinə, səmimi bir söhbətin dinləyicisi, iştirakçısı olacaqlar. Mən də bu səmimi yaradıcılığın müəllifinə, yəni Zəka Vilayətoğluna yeni-yeni uğurlar diləyirəm!

Əbülfət MƏDƏTOĞLU

ədalət.-2014.-28 yanvar.-S.6.