Keşməkeşlərdən keçmiş
insan
Tanınmış
araşdırmaçı-yazar, Qarabağ
müharibəsi veteranı Hacı Kərim
Həmdulla
oğlu Dünyamalı 1953-cü ildə
Quba rayonunda ziyalı
ailəsində
anadan olmuşdur.
1981-ci ildə Kiyev Rəssamlıq Məktəbini bitirmiş, Taras Şevçenko adına Kiyev Dövlət universitetinin tarix fakültəsinin dinləyicisi olmuşdur. Ağac üzərində və yağlı boya ilə işlədiyi əsərlərini (1981-1982-ci illərdə) Kiyev şəhərinin "Xalq yaradıcılığı birliyi"ndə nümayiş etdirmişdir. K.Dünyamalı 1981-ci ildə Kiyev şəhərində ilk dəfə olaraq "Azəri" dərnəyini yaradıb, Azərbaycan mədəniyyətinin, incəsənətinin tanınıb - yayılması istiqamətində işlər aparmışdır. Vətənin ağır günlərində Ukrayna Respublikasında IV kursda oxuduğu zaman təhsilini tamamlamadan, fəaliyyətini dayandırıb ölkəyə qayıtmış, 39 yaşında ikən - 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşmüşdür. 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Ordusunun xüsusi - təyinatlı əlahiddə taborunda zabit kimi xidmət etmişdir. O, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Laçın, Ağdərə, Martuni, Tərtər rayonlarının döyüş bölgələrində gedən amansız döyüşlərin və bir çox kəşfiyyat xarakterli əməliyyatların iştirakçısıdır. 1994-cü il mayın 4-də Carabert yaşayış məntəqəsində (3-cü sovxoz) mühasirəyə düşən "N" saylı piyada taborunun bir tağım əsgərini rəhbərliyi ələ alaraq itkisiz xilas etmişdir. Döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə tabor komandanlığının (16.06.1994) və Ali Baş Komandanın (17.03.1995) təşəkkürünü almışdır. Burada, Xidməti xasiyyətnamədən bir neçə cümləni təqdim etmək yerinə düşər: "...Kərim Dünyamalının ideya və mənəvi səviyyəsi yüksəkdir. Əksər döyüş silahlarından istifadə qaydalarını bilir. Şəxsi heyətin etimadını doğrultmağla bərabər, əsgər və zabitlərin də dərin hörmətini qazanmışdır...":: XTƏT komandiri polkovnik Ağayev E.(08.06.1995)
Yazıçı-doyüşcü K. Dünyamalının Qarabağ savaşları, keçdiyi döyüş yolları və yaradıcılığı haqqında "Zaman" (1999, fevral), "Xalq qəzeti" (2001, yanvar), "And" (fevral, 2009),"Türküstan"(yanvar, 2013) və b. mərkəzi və bölgə mətbuatında geniş yazılar dərc olunmuşdur. Yazıçının ölkənin müxtəlif şəhər və rayonlarında görüşləri və kitablarının təqdimatı keçirilmişdir.
Atəşkəsdən sonra, 1995-ci ildə ehtiyata buraxılan Kərim Dünyamalı "Əlillər" qəzetinin bölgə müxbiri, "Azərbaycan XXI əsrdə" qəzetində - elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, "Mərifət" qəzetinin baş redaktoru, Xəyal TV-nin icraçı direktoru vəzifəsində çalışmışdır. O, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2009-cu ildən Dünya Azerbaycanlıları Konqresinin üzvü və müxtəlif janrlarda yazılmış sənədli-tarixi povestlərdən ibarət 10 kitab müəllifidir.
İlk olaraq xüsusi təyinatli taborun döyüş yolunu işıqlandırmış, cəbhədə baş verən uğurlardan və uğursuzluqların səbəblərindən bəhs edən "Qələbəni odlu qəlb əldə edir", "Min gun cəbhədə" sənədli povestlərini nəşr etdirmişdir. 1918-20-ci illərdə Qubada törədilmiş erməni-bolşevik vəhşiliklərini, müqavimətin təşkil olunmasında Əlibəy Zizikskinin rolunu "Qana boyanmış illər" tarixi povestində açıb göstərmişdir. O, dövrünün böyük şəxsiyyəti, övliya kimi tanınan İbrahim Əfəndinin keşməkeşli həyatını "Bir soyun taleyi" kitabında qələmə almış, ardınca "Əsrlərdən gələn səslər, nəsillərdən qalan izlər" adlı məlumatlarla, faktlarla zəngin elmi-publisistik kitabını oxuculara təqdim etmisdir. "Şeytan mərhəməti"povestində isə cəmiyyətdə baş verən neqativ hallar, onların səbəbləri və çıxış yollarının bədii təqdimatı sənətkarlıqla əksini tapmişdır. "Yaddaşlarda qorunan tarix: Arxivlərin lal sukutu..." tədqiqat əsəri Quba tarixində Zizik kəndinin tutduğu yerin əhəmiyyətindən bəhs edir. Azərbaycanın Milli Qəhrəmanı Albert Agarunovun həyat və döyüş yolunu əks etdirən "Vətən elin evidir" bioqrafik əsəri vətən anlayışının millət məfhumundan irəlidə gəldiyini sübut edir. "İslam dini həyat nizamıdır" kitabı isə adından bilindiyi kimi islam dininin cəmiyyətdəki rolundan və iştirakçısı olduğu həcc ziyarətindən bəhs edir. O, dedektiv janrında yazdığı, çekist İldırım Poladovun "ASALA" erməni terror təşkilatının üzvləri və quldurlarla apardığı mübarizəyə, dərd-əzab yüklü həyatına həsr olunmuş "Ölməzlər: kod adı 598" povestlərinin də müəllifidir. Habelə, dövri mətbuatda bir çox mövzuları əhatə edən 100-ə yaxın məqaləsi də dərc olunmuşdur.
Birnəfəsə oxunan bu əsərlər müdrik kəlamlarla, tarixi faktlarla zəngin olmağla yanaşı gənclərdə milli-mənəvi dəyərlərə sayğı və yurdsevərlik-vətəndaşlıq duyğularının aşılanmasında özünəməxsus ədəbi-publisistik keyfiyyətlərə malikdir.
Onun yaradıcılığı haqqında alimlərdən, filologiya elmləri doktoru, professor N.Ələkbərli, tarix elmləri doktoru, professor Ş.F.Fərzəlibəyli, Q.Qeybullayev və Z.Babayev; yazarlardan O. Rza, İ. Türkay, A.Tağıyev, və R. Qusarçaylı xoş sözlər söyləmiş, ədəbi, ictimai, araşdırmaçı fəalliyyətini yüksək qiymətləndirmişlər. Bunlardan ikisini seçib təqdim etməklə kifayətlənirik: Professor Nazif Ələkbərlinin xatirə yazısından (Quba, mart, 2004): "Qana boyanmış illər", "Bir soyun taleyi", "Min gün cəbhədə" sənədli povestlərini oxudum. Ruhum heyrət və həyəcan talatümündə silkələndi. Sənin və yaradıcılığın haqda kitab yazmaq fikri beynimə doldu. Diyarımın elsevər oğlu, Tanrı bədxah insanlardan səni qorusun!". Yazıçı-publisist Aydın Tağıyev K.Dünyamalının kitabına yazdığı ön sözdə - "Xain erməni qonşularımız torpaqlarımıza yağı kimi göz dikdikləri, təcavüz etdikləri o günlərdə söz pəhləvanları dillərinə güc verdilər. Kərim Dünyamalı isə səssiz-səmirsiz, haysız-küysüz əlinə silah alıb doğma torpağın müdafiəsinə qalxdığını məxsusi vurğulayaraq qeyd etmişdir". ("Mütərcim" nəşriyyatı - 2000)
Yazıçı - publisist
Hacı Kərim
Dünyamalı daha 2 kitabını oxuculara təqdim
etmək üçün hazırlamaqdadır. Son olaraq biz
də ona Azərbaycanın
bütövlüyünü,
Qarabağın azadlığını görməyi və bu
yolda can
sağlığı, iman, kamilliyi, mübarizə
əzmi və yaradıcılq
uğurları arzulayırıq.
Cabir Albantürk,
Ramin Mahmudov
Ədalət.-2014.-29
yanvar.-S.6.