Xalq artisti Şamil Süleymanlının:”Aktyora bir milyon manat da versən, çatmayacaq”
Adalet.az həmin müsahibəni təqdim edir:
- Şamil müəllim, son vaxtlar yaman
qaç-qovdasınız, nə vaxt zəng vururam, tez-tələsik
sağollaşırsınız ki, başqa vaxt
danışarıq. Hara tələsirsiniz belə?
- İndi qoy mən sual verim: niyə məhz mən? Az qala həftədə üç dəfə zəng edirsən.
- Son illər çəkilən az qala
bütün filmlərdə rol almısınız. Yəni hesabat verməyin vaxtıdır...
- Bilirsən, son vaxtlar mənə qəribə sual verirlər: Şamil müəllim, haradasınız,
çoxdandır görünmürsünüz? İş də
orasındadır ki, son illər
mənim aktyor
karyeramın, belə
deyək, məhsuldar
dövrüdür və
bu illərdən çox
razıyam. Cavan rejissorlar filmlərə dəvət edirlər, mənimlə işləmək istəyirlər və buna görə çox sevinirəm. Əsas olan cavanların sıralarında olmaqdır. Bundan
böyük xoşbəxtlik yoxdur. Son çəkildiyim serialda mən Lal Şamil rolunda
oynayıram. Aktyorlar mənə
əmi deməyə başlayıblar və bu, məni çox sevindirir.
Hətta
bəziləri məni dədə çağırır. Demək
istəyirəm, əmi və dədə
olmaq yaxşı hissdir.
- Amma fikir vermisinizmi, vaxtilə məşhur olan, filmlərdə çəkilən aktyorlar son illər diqqətsizlikdən gileylənirlər, filmlərə dəvət almadıqlarına görə narazıdırlar. Amma
cavanlar istəyirlər ki, Şamil Süleymanlı onların yanında olsun. Niyə?
- Həyatda nəsənsə, ekranda da həmin adamsan. Anarın
sözü ilə
desəm,
yaşımız bizim sərhədimizdir. Öz
yaşımızın sərhədini keçə bilərik, amma adımız bir olacaq: abırsız! Ona görə
yaş sərhədinin keşiyində gərək
insan özü dursun. Əslində mənim cavanlarla, dostlarla, ətrafdakı insanlarla tez dil
tapmağımda bir sirr var, onu demək istəmirəm.
- Azərbaycan
tamaşaçısı sizin də rol aldığınız
filmlər daxil olmaqla, niyə son illərdə çəkilən filmlərə "ürək qızdıra” bilmir?
- Həmişə tamaşaçıya elə gəlir ki, filmdə rol alan
aktyor əsas simadır. Xeyr! Tamaşaçının
özü də əsas simadır. Filmi anlamağın özü ən böyük iştirakdır.
Tamaşaçı hərdən elə şeylərə ürəyi
gedənə qədər
əl çalır
ki, çaşıb qalıram. Məsələ
orasındadır ki, tamaşaçı çox vaxt klip və seriallarla "Azərbaycanfilim”in çəkdiyi filmləri
qarışdırır. Bu, tamam başqa mədəniyyət,
tamam başqa məktəbdir. Mən
serialları pisləmək fikrində deyiləm, bu sahə yeni başlayıb
və get-gedə inkişaf edəcək. Sadəcə, adam var
seriala baxa bilir, adam var baxa bilmir. Mən baxa bilməyənlərdənəm. Adam 80 seriaya
necə baxa bilər? Yaxud bir hekayə
60 seriya necə
çəkilə bilər? Maraqlısı budur ki, serialları yeni studiyalar və cavanlar çəkir. Mən
onlara uğur arzu edirəm.
Kim seriala dəvət etsə, gedib iştirak edəcəm. Amma təkrar edirəm: bu, "Azərbaycanfilm” deyil! Kinostudiya məktəbdir. Ən maraqlısı bilirsiniz nədir? Bir də görürsən, iki nəfər cavan uşaq əlində kamera, mikrofon gəlib kinostudiyanın
qabağına, onları içəri
buraxmayanda, əsəbiləşirlər ki, biz filan şirkətik, hər yerdə bizə qırmızı
işıqdır, siz niyə
buraxmırsınız? Onda mən gülümsəyirəm: necə olur, ağsaqqal Şamil əminiz sizin iş yerinizə gələndə, onu qapıda gözlədirsiniz, buraxılış
kağızı tələb edirsiniz, indi 90 yaşında ağsaqqal kinostudiyanın
qapısından mən də belə keçim, siz də?(Gülür)
- O "ağsaqqal” bugünkü
halından, taleyindən razıdırmı?
- Allah deyən olsun, tezliklə hər şey qaydasına
düşəcək. Bilirsiniz, bu üç-beş mərtəbəli
bina deyil, hər
şeyi dağıdıb yenidən
tikmək olmaz.
O binada korifeylərin nəfəsi var, əşyaları var. Kinostudiyanın təmiri "bu gün
başlayaq, sabah qurtaraq” söhbəti deyil. Kinostudiyanın
çəkdiyi filmlər beynəlxalq müsabiqələrdə
qalib olur. Demirəm
ki, hamısı yaxşıdır, amma biz yavaş-yavaş
dirçəlirik.
Jurnalistlər
də bu işdə bizə kömək etməlidirlər. Bir də
görürsən,
bir səhnəyə görə
o qədər hay-küy
salırlar ki. Nə
olub, o səhnələr də
sənətdir axı.
- Sizi qarşılayanda dediniz ki, mən böyük aktyor-filan deyiləm. Hətta əlavə etdiniz ki, necə aktyor olduğumu bilmirəm. Onda bir naqolay sualıma
cavab verin: sizin nəsildən olan aktyorlardan böyük hesab etdiyiniz kimlərdir?
-
Hamısı! Fəxrəddin Manafov, Fərhad İsrafilov və başqaları. Kiminlə çəkilmişəmsə, hamısını sevirəm. Bu, çox
çətin və yenə çətin sənətdir! Söhbət
ağız-burun əyənlərdən
yox, aktyordan gedirsə,
mən
hamısını sevirəm.
- Fuad
Poladov...
- Fuad Poladovu tərifləməyəcəyəm. Fuadın mənim
tərifimə ehtiyacı yoxdur,
çünki o, mənim
ustadım və
qardaşımdır. Bir dəfə onun vəzirini
oynayırdım. Fuad rolunu necə oynadısa,
tamaşaçıya çevrilib özümü itirdim,
sözümü yadımdan çıxardım. Qaldım odla suyun arasında ki, axı mən də bir kişiyəm?!(Gülür)Mən Fuad
Poladovu yeddinci sinifdən
izləyirəm. Yadıma gəlir
ki, "Məhv
olmuş gündəliklər”dəki Savalan roluna
görə mən Fuadın pencəyindən
almışdım. Hətta bu yaxınlarda ona göstərdim ki, sən cavan vaxtı necə yeriyirdin, siqareti necə çəkirdin.
- "Mahmud və Məryəm”də siz də rol alıbsınız. Aktyor yox, tamaşaçı kimi fikrinizi bilmək istərdim: filmdən razı qaldınız?
-
Elçin böyük yazıçıdır. Bilmirəm,
"Mahmud və Məryəm”i oxumusunuz, ya yox, Elçinin
böyük ürəyi
var.
-
Oxumuşam...
- O
romanı dəfələrlə oxumuşam. Elçinin əsərlərindən kino alınanda da təqdirəlayiqdir, xoşa
gəlməyəndə də!
- Xoşa gəlməyəndə nəyə görə təqdir olunmalıdır?
-
Çünki onun qaldırdığı məsələlər haqqında danışmaq,
bu mövzudan yazmaq hər kişinin işi deyil. Elçinin nəsr dili yalnız onun
özünə məxsusdur və olduğu kimi kinoya
çəkmək mümkün deyil.
Mən
bilirəm siz nələri nəzərdə tutursunuz. Ona
görə ancaq
öz rolumdan danışa bilərəm.
- Nələri nəzərdə tuturam?
- Bilirsən, oğlum, Elçinin dili az qala layladır, nəğmədir. Ona görə yazıq
rejissorların gərək səkkizi birdən işləsin ki, nəyəsə
yaxınlaşa bilsinlər.
"Mahmud və
Məryəm” haqqında ancaq
yaxşı şeylərdən danışa bilərəm. Kimsə pafos məsələsini
vurğulamaq istəyirsə, pafos yerində olanda pis şey
deyil. Mən
yaşa çatanda biləcəksiniz ki, pafosa ehtiyac
var. Günün, anın pafosunu tapmaqdan dünyada gözəl şey yoxdur.
Əlbəttə, 30-cu illərin pafosu ilə övladıma desəm ki, mənə bir stəkan çay gətir, o qayıdacaq ki, ata, dəli olmayıbsan? Oğul o
rejissora deyərəm ki, Cəfər Cabbarlının əsərlərini
ekranlaşdırıb, bu günün pafosunu tapsın.
İndi hansı müdirə demək olar ki, sənə salam vermədim, bəli, "əyilməz vicdanın böyük heykəli”?!(Gülür)
- Hiss elədim ki, kino haqqında tənqidi fikirlər deməkdən ehtiyat edirsiniz. Elə bil, kiminsə qəlbinə dəyməkdən qorxursunuz...
- Mən Azərbaycan kinosunu və kinostudiyanı çox istəyirəm. Onun pisi də mənimdir, yaxşısı da. Ağzını Allah yolunda qoyub kinostudiyanı pisləyənlər
unudurlar ki, bura mənim
səngərimdir və ora heç kimi
yaxın buraxmıram. Mən ancaq müvəffəqiyyətlərdən
danışa bilərəm.
- Uğursuz filmlər haqqında siz
danışmasanız, kim danışacaq?
-
Uğursuz siz nəyə deyirsiniz? Bu yaxınlardan "Dolu” filmi
çəkildi.
Pis film idi? Həmin
filmdə mən müəllimi
oynamışam. Kim nə deyir, desin, tənqidçilər yazsın ki, Şamil pis
oynayıb, vacib olan başqa şeydir: bir neçə müəllim zəng vurdu ki, Şamil müəllim, siz məni oynamısınız. Bəzən üzümə də deyirlər: müəllim o vaxt belə deyildi, nə bilim, az
yer verilib-filan. Siz pis nəyə deyirsiniz?
İndi pisləyin, mən qulaq asım...
-
Şamil müəllim, mənim pisləmək fikrim yoxdur, sadəcə...
- Çəkilən üç filmdən biri yaxşı
alınıbsa, deməli, bu uğurdur. Nazirlik "Bu meydan, bu
ekran” adlı layihə
həyata
keçirir. Cavanlar ildə beş film
çəkirlər. Vaxtilə
biz belə şeyi
arzulaya da bilməzdik.
Ağlımıza da gəlməzdi ki, İncəsənət
İnstitutunu bitirməmiş
serialda çəkiləsən, əsas
rol alasan. Mən
idim ki, xoşbəxtlik
quşu başıma qonmuşdu, "Baladadaşın ilk məhəbbəti”ndə rol aldım.
- Belə başa düşdüm ki,
Azərbaycanda
gənc aktyor
və rejissor
nəslinin
özünü reallaşdırması üçün
bütün şərait var...
- Bəli! Hətta film bitməmiş rejissor
müsahibə də verir.
- Filmin yaxşı alınması
üçün doğrudanmı hər şey maliyyədən asılıdır?
- Bəli! Maliyyə məsələsindən geniş
danışmayacağam. Kinoya maliyyə ayrılır, hər şey var. Bəzən aktyorlar gileylənəndə bu mənim
acığıma gəlir.
Bilirsiniz niyə?
Uzun illər
sovet filmlərində çəkilmişəm və heç vaxt deməyiblər ki, naharda nə yeyəcəksən?!
İndi isə
nahar çəkiliş
meydançasına gətirilir.
Aktyor da deyir, toyuq yeməkdən bezmişəm, mənə çəkilmiş
ətlə filan yeməyi verin. Yaxud mən
"Cola” istəmirəm, mənə limonad gətirin.
Çay çəkiliş meydançasına gətirilir, maşınlar təzə və rahat olur,
qaldığımız hotellər az qala istirahət evlərini xatırladır. Vaxtilə
biz belə şeyi
ancaq arzulaya bilərdik.
Çəkilişin
şirin yerində
nazirimiz gəlir
meydançaya. Qorxulu vəzifədə olan nazir gəlib hamı ilə əl tutur, gülür. Özü də
ən
maraqlısı budur ki, nazirin gəlməsi mənim üçün
tamam maraqsızdır. Qabaqlar yaşlı bir kişi gələrdi, indi isə əksinə, tay-tuşum gəlib əl görüşür ki, Şamil, necəsən, hər şey yaxşıdır? Nazirdən
qorxmağa utanıram. Sağ olsun, Əbülfəs müəllimdən çox razıyam. Kim görmüşdü ki, meydançaya nəinki nazir, idarə rəisi gəlib
kresloda otursun ki, bu niyə
belədir, filan
şey niyə
yoxdur? Özü də
Bakıda yox, rayonlarda.
- Kinostudiyanın rəhbərliyindən nə gözləyirsiniz?
- Onu
çəkiliş pavilyonunda, kinostudiyanın həyətində gedən qızğın işlərin ortasında görürəm. Bu, mənim xoşuma gəlir. Məncə, Müşfiq Hətəmovla işləmək yaxşı olacaq.
- Aktyora
hansı rol təklif olunsa, çəkilməlidir?
- Mənə nə veriblər, çəkilmişəm. Hətta bu yaxınlarda
kütləvi səhnələrdə də çəkilmişəm.
- Rejissorun kütləvi səhnədə çəkilmək təklifi sizin şəstinizə toxunmur?
- Bilirsiniz, niyə şəstimə toxunmalıdır? Lazımdırsa, get çəkil də. Mozalanda o qədər kütləvi səhnələrdə çəkilmişəm ki...
- Çəkildiyiniz
filmlərin
maliyyə
tərəfi
haqqında danışmaq niyə xoşunuza gəlmir?
- Bəli,
sənət adamının
siyasətdən
danışmağından və
qonorardan şikayətlənməyindən
xoşum gəlmir. Ancaq onu deyə bilərəm ki, aktyora bir milyon manat da
versən,
çatmayacaq, bir manat da. Bu, artist
tayfasının xislətindədir. Mənim
kimi aktyorların qazancı ancaq kinodandır və bu çox çətindir. Bilirsən,
mənim pulum
olmayanda ya soyuducumuzun motoru xarab olacaq, ya işıqpulu
çox gələcək, pulum olanda da qohum-əqrəba bir-birinə
xəbər edib dalbadal toy edəcəklər.
Allaha şükür! Şikayətlənmək
mənə yaraşmaz.
-
"Mahmud və Məryəm”dən aldığınız qonorarı soruşsam...
- Qurban
olum sənə, istəmirəm. Orda elə
bir gülməli
hadisə oldu ki,
danışmaq istəmirəm. Mənə yaraşmaz.
- İstədiyinizi aldınız?
- Adama deyərlər, qol çəkib götürübsənsə, niyə gedib orda-burda
danışırsan? Aktyora həmişə
elə gəlir ki, ona yüksək qonorar verməliydilər, vəssalam. Aktyor aldığı qonorarla, əlbəttə, on səkkiz mərtəbəli
bina tikə bilməz. Aktyorun aktyor, alimin alim, rejissorun rejissor qazancı var.
ədalət.-2014.-31
yanvar.-S.7.