"TƏKLİYƏ DÜZƏLİŞ"

Aysel Əlizadənin kitabı

Çoxdandır yazı stolumun üzərində bir kitab var. Gözəl tərtibatı, həm də sadə dizaynı ilə adamın diqqətini özünə çəkir. Mən bunu ona görə xüsusi vurğulayıram ki, bu kitabın üz qabığında əlini çənəsinə söykəmiş, barmaqlarının arasında qələm tutmuşəllif şəkili yoxdu. Sadə, olduğu qədər də maraq çəkən bu tərtibatın özəlliyi ondadır ki, kitabın üz qabığında bircə dənə qızılgül şəkli var.

Mən müəllifin hədiyyə etdiyi bu kitabın üz qabığındakı həmin o tək qızılgülə hər dəfə baxanda ağlımdan bir fikir gəlib keçir. Düşünürəm ki, elə həmin o tək qızılgül həm də düzəlişə ehtiyacı olan təkliyin göstəricisi, işartısıdı...

Ola bilsin ki, yanılıram. Çünki şairlər daha çox təkliyin, özünəçəkilmənin vəəyyən qədər də tərki-dünya olmaq missiyasının daşıyıcılarıdır. Söz adamları təkliyi müəyyən mənada özlərinin sığınacaq yeri, ümid yeri kimi də təbliğ və təqdim edirlər. Məhz bu mənada mən kitabın üz qabığındakı qızılgüllə bağlı dediyim, daha doğrusu, içimdən hər dəfə keçən fikri hökm şəklində bəyan etmirəm. O ki, qaldı təkliyə düzəlişə...

Bəli, Aysel Əlizadənin imzası Azərbaycan oxucusuna kifayət qədər bəllidi. Buəllif özünün orijinal deyimləri və bəzən də həddən artıq çılğın və çılpaq şəkildə fikirlərini ifadə etməsi ilə təbii ki, hər kəs tərəfindən birmənalı qarşılanmır. Lakin mən onun istər publisist yazılarında, istər poeziyasında çox tutumlu bir işığın həmişə şahidi olmuşam. Bu işıq da həm Ayselin böyüdüyü mühitdən, həm daim təmasda olduğu dəyərli bir şairəmizin, yəni Kəmalə Abıyevanın söz dünyasından və Kamran Nəzirlinin yaradıcılıq üfüqlərindən qidalanıb. Yenə də deyirəm, mən Aysel Əlizadənin hər yeni bir yazısını oxuyanda özümdən asılı olmadan məhz Kəmalə xanımla, Kamran bəyin fikirlərinin bir az çılpaq, bir az sərt və hətta onları kökündən doğrayan qələmini görürəm. Həmin qələm Aysel Əlizadənin bir yazar xanım - bir fərd olaraq oxucu ilə, indiki məqamda isə mənimlə qarşı-qarşıya qoyur.

Adətən yaşlı və orta nəslə aid olan söz adamları yuxarıda söylədiyim fikirləri tam rahatlığı ilə həzm etmirlər. Amma etiraf etmək lazımıdr ki, bəzən sərt deyim həzin pıçıltının fəryadından daha tez çatır, daha təsirli olur. Bunun da səbəbi həm qulaqlardakı pambıqdır, həm də biganəliyə, astagəlliyə olan milli meylimiz.

Bax, elə bu məqamda Ayselin kitabındakı şeirlərdən birini diqqətinizə çatdırıram:

O vaxt qarşıdan gəlirdi sənsizlik

indi hər gün geridə qalır,

ancaq azalmır bu,

azalmır...

 

Şeirdən gətirdiyim bu bir bəndlik nümunə ilk baxışdan adamda publisistikanın yaratdığı təsiri büruzə verir. Amma misraların dərinliyinə diqqət yetirəndə onda ən böyük duyğu olan həsrət və vüsalın necə orijinal ifadə edildiyini anlamaq olur. Axı insan həmişə gözləyir - özü də xüsusi olaraq sevdiyini, xoşbəxtliyini. O sevgi, o xoşbəxtlik gəlib yanından gəlib ötüb keçəndən sonra elə bilirsən ki, artıq hər şey oldu, qurtardı. Amma xatirələr onu sənə o qədər doğmalaşdırır ki, o sanki hər gün şaxələnir, boy artımı verir və azalmaqla heç işi olmur.

Ayselin şeirindəki bu gerçəkliyi anlamaq üçün məncə bu misraların alt qatına enmək kifayət edər. Aysel yazır:

Sənin hər sözündə doğulduğun yer var,

tanıdığın adamlar,

arzuların,

böyüdüyün ilə,

atan anan,

sənin kimliyin hər şeyin izi var.

Bu misralar da artıq izaha ehtiyac yeri qoymur. Çünki bəlli bir deyim var: "danış, kim olduğunu deyim!" Bax, elə bu bəlli gerçək də həmin o misraların fikir yüküdü. Aysel Əlizadə sözün olduğu yerdə hər şeyin olduğunu, yəni söz sahibinin, özünün, ətrafının, duyğularının və bütövlükdə kimliyinin olduğunu poetikləşdiribdi.

Mən Aysel Əlizadənin şeirlərinin birində qarşılaşdığım çox qəribə bir fikri necə deyərlər, bir az obrazlı görünsə də birnəfəsə qəbul etdim. Yəni həmin fikir mənim üçün o qədər maraqlı və təzə idi ki, ondan yan keçə bilmədim.

ehh...

bir gün intihar etsəm

deyərsiz ki,

o,

həyatı sevirdi!

Bəli, bu gün məmləkətdə intiharların artdığı bir vaxtda bu misraları mütləq diqqətə çatdırmalıydım. Çünki insanlar təkcə maddi durumdan, psixoz vəziyyətdən yox, həm də sevgidən intihar edirlər. Ayselin yazdığı kimi.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-31 yanvar.-S.7.