Bir ömrün akkordları

 

Neçə gündür əllərimi bir gəncin yandırdığı ocağın istisinə uzatmışam.

Misra-misra, sətir-sətir, bənd-bənd alışıb yanan bir ürəyin istisinə. Neçə gündür gözlərimdə Laçın dərdi çəkən gənc bir şairin - doktor Şərahilin uzaqlara dikilmiş intizar baxışları, qulaqlarımda oxuduğu muğamın insan qəlbini ovsunlayan, onu riqqətə gətirən, sanki, dünyanı haqqın, ədalətin, insafın köməyinə çağıran mehriban çöhrəsi, qulaqlarımda zərif, bir qədər də kövrək səsi, hafizəmin lent yaddaşında neçə - neçə nəğməsini onun şeirlərində

axtarıram. Yenə də Şərahil Laçın sevgidən yazır, bu sevginin ülviliyindən söz açır, ayrılıq, hicranbu məşəqqətdən doğan hissləri şeirə çevirir. Yenə də şair yaşadığı dövrün onda doğurduğu ağri-acılardan, dünyanın gedişinin, fələyin çərxinin dəyişməsindən narahat olduğunu bildirir.

 

Calasam zövqünü arşına gəlməz,

Qandım ya qanmadım işinə gəlməz.

Başıma gələnlər başına gəlməz,

Dayan danışarıq, dayan a dünya.

 

Bu misralar içində qəm yaşadan bir şairin təkcə fərdi, şəxsi məhrəm duyğularla deyil, həm də elin, obanın, xalqın, vətənin qəhrin çəkən bir yurddaşımızın ürəyindən keçən duyğulardır. Nəinki ürəyindən keçir, həm də bu duyğular onun taleyinin yaşantılarıdır. Bütün bunlar bu gün şairin yaşadığı torpaqla, həyatla, zamanla, dünya ilə sıx bağlıdır. Onun poeziyasına əsrimizin havası, gözəlliyi, çəni-dumanı, aydınlığı, qaranlığı, şəfəqi hopmuşdur. O, dünyada gedən ictimai - siyasi hadisələrdən uzaqda qalmır. Səsini ucaldır.

Şərahil Laçının şair dünyası həzinlik, kövrəklik və incəlik üstündə köklənib. Onun şeirlərində ağlar bir ürəyin sızıltıları göyüm - göyümdür. Göz yaşlarında zamanın dərdi, kədəri yuva salıb.

 

Elli günlər nə əlçatmaz günüdü,

Təbriz, Göyçə, Qarabağ - dərd günüdü,

Sənə baxıb Araz dərdin unudur,

Ay həkərim, kiri məni bağışla.

 

90-cı illərin qara Yanvarında rus istilası canavarlarının qırdığı, erməni faşistlərinin hücumlarına qarşı döyüşlərdə şəhid olan oğlanlarımız, dağlarda donan, çadırlarda doğulanların, ölənlərin faciəsi şairi bir azəri türkü kimi elə sarsıtmışdır ki, bu mövzulara həsr etdiyi şeirlər millət anasının dediyi ağılardır, ata naləsidir.

 

Doğulan körpələrin incə səsi də sizlər,

Bətinlərdə boy atan o susan qəlbinizdir

Qəhrəmanlar Vətəndən bir can əsirgəməzlər,

Şəhidlər xiyabanı qeyrət heykəlinizdir.

 

Gənc şair əlinə qələm götürüb ürəyindən süzülən fikirləri vərəqə köçürəndə , illər başa çatanda ötən ömründən hesabat istəyib. Hər dəfə bu etirafın sonu işıqlı bir ümidə bürünüb. Oxucusu hiss edib ki, hələ bu işığın ziyasında qədər misra göyərəcək. O, bədbin deyil nikbinliyi bədbinliyə güc gəlir. Bilir ki, yaşanmış dünyanın etirafı qazandığı ömür üçün yük deyil, bəlkə əksinə dayaq nöqtəsidir. Çünki, ümidsizlik ? arzuları tədricən iflic edən azardır. Onu yaxına qoymaq olmaz.

"Mövzu sadiqliyi" heç vaxt darıxdırmır onu. Şərahil Laçın yaradıcılığının məhsuldar, çiçəklənən dövrünü yaşıyır. O, əlinə qələm alandan ta indiyə kimi gözəllik mövzusu onun yaradıcılığından qırmızı xətlə keçir. Belə şairlər həmişə nikbin güclü olurlar. Axı həyatın gözəlliyi öz sükut dili ilə insana sevinc gətirir, kədər , gülüş , göz yaşı da. Onun qəlbində min bir sevinc oyadan alaköynək bənövşə, qırmızıyanaq, qaraxal lalə, durnaboğaz zambaq, zərif ləçək qərənfil, ən gözəl sözlərə layiqdir. Onlarsız bu torpağın gözəlliyi... Bu gözəlliyə heyrətdən isə şeir, poeziya yaranır. Təki dünyanın başı üzərində həmişə günəş parlasın, bülbüllərin nəğməsi uşaqların şən gülüşlərinə qovuşsun, güllər sevənlərin əlində görüşə tələssin. Şeirləri istedadlı rəssam fırçasından çıxmış tablonu xatırladır Şərahil Laçının. Bircə fərq var. Bu tablonun rəngləri söz, çaları məna, məzmunu bəzən bütün dünyanın kədər yükü

 

Arxacdı,

Könlüm dərdə arxacdı.

Hey axdı gözüm yaşı

Yanağımda arx açdı.

ya

Yaxşı dağlar,

Yaş tökmə, yaxşı, dağlar

Qəmnən hovlu könlümü,

Təkcə yar yaxşı dağlar

 

Şairin ürəyindəki dərd qocalmır, harda bir hərb ocağı alovlanırsa, körpə naləsi göylərə ucalırsa, haqqın, ədalətin ağzı qapanırsa, vicdan susursa bu ağrı bir az da artır. Şeirlərinin ünvanı təkcə Azərbaycanla, onun bölgələri ilə məhdudlaşmır. Şeir, sənət xəritəsindəki ölkələrin sərhəddini zolaqlı dirəklərlə nişanlamaq, irili-xırdalı xətlərlə ayırmaq olmaz.

Gənc şairi şöhrət zirvəsinə aparan yolun dayanacaqları, onun ilk cığırları, xəritəsi belədir:

Laçında dünyaya göz açıb. Azərbaycan Tibb Universitetinin müalicə fakultəsini bitirib. Sumqayıt təcili yardım xəstəxanasında, Dəmir yolu xəstəxanasında, Azərbaycan Kurortlar Birliyində həkim, şöbə müdiri, "Xudu Məmmədov" xeyriyyə cəmiyyətində sədr müavini, "Azərbaycan Demokratik Gənclər birliyi"ndə sədr müavini kimi çalışmışdır. Topaqlarımızın işğalı başlayanda könüllü olaraq özünü müdafiə batalyonlarında həkim kimi fəaliyyət göstərmişdir. Hazırda qardaş Türkiyənin rayonlarından birinin baş həkimidir. Böyük hörmət sahibidir. "Ömrümüz bilməcə qaldı" ilk şeir kitabına həmişəyaşar şairimiz Məmməd Araz, Məmməd Aslan Türkiyənin xalq şairi Yavuz Bülent Bakiler ön söz yazıb gənc şairə geniş yaradıcılıq uğurları arzulayıblar. Istedad onun xilqətindədir. Xəyalı qartal qanadlıdır. Qartal həmişə zirvədə qanad çalır. Insanın gücü isə çatdığı zirvəni qoruyub saxlamağındadır. O, bu zirvəni şərəflə qoruya bilir, ləyaqətlə, qürurla, mərdliklə, mənəviyyatı ilə, cəsarəti ilə. Şeirinin hərəsi ömrünün bir anının yadigarı, ovqatının müəyyən bir dönəminin təsəllisidir.

bölümlər,nə qayçılar,

Xalqı paylayan payçılar

Tarix yazan qalayçılar,

Çıxdı paxırı dünyanın...

 

Şair yaşadığı illərdə dünyanın hər üzünü görüb. Ona görə istəmir ki, yaşadığı dünya yetim, kimsəsiz planetə çevrilsin. İnsan gözəllik yaratmaq üçün doğulur. Amma görəndə ki, dünya qan gölündə çalxanır, baş kəsilir, insanlar diri-diri yandırılır, körpələr məhv olur, şəhərlər xarabalığa çevrilir, insanlar Allahı tanımır, onda damarlarında qan donur.

Şair ömrünü bəzən şaxtalı qışın qarına, bəzən çiçəyə bənzədirlər. Qəribə təzadlardı. Biri qışın nübarı, biri yazın baharı. Neynəməli, insan bu təzadların hər ikisini yaşamalıdır.

 

Hər axşam dərdlərim dönər içimə,

Arılar yuvaya doluşan kimi,

Mən elə mən boyda dərd pətəyiyəm,

Hücrəm qəm balıyla dolu şan kimi.

 

Aydınlıq kamillik ümumiyyətlə, Şərahil Laçının yazı tərzinə vətəndaş mövqeyinə xas başlıca xüsusiyyət kimi onun qazandığı oxucu məhəbbətinin qaynaqlarından sayılmalıdır. Şeirlərində duyğu körpüləri salan güclü fantaziya olsa da bunun ifadəsi həmişə barmaqla toxunulacaq, ürəklə sıxılacaq qədər realdır, keçmişə, xalqın poetik ənənələrinin yaşarı cəhətlərinə bağlıdır. Şairin yaradıcılığındakı təravətin bir səbəbini poetik leksikonun yeniliyində yox, məhz ənənəvi leksikonu yeni baxışla qiymətləndirməsində, sözlərin yeni məna çalarlarını üzə çıxarmasında axtarmaq lazımdır. Onun şeirlərində söz düzümü, çalın-çarpaz, təzadlı kəlimə hörgüləri - dilimizin zərif, sonsuz assosiativ imkanlar açan büllur qaynaqlarına, dərin poetik qatlarına bağlanması ilə gözəldir.

Ata - ana, bacı - qardaş, övlad istəyi, məhəbbəti poeziyasız da dünyanın sübut olunmuş istəyi, məhəbbətidir. Ocaq isə ilk növbədə ananındır. Şair bu təbii məhəbbəti ay işığına bənzər qəmli, qüssəli bir işıqla dilə gətirir.

 

Təki ürəyində qoru görməyim

Təki gözlərində toru görməyim

Təki saçlarında qarı görməyim,

Ha olsun ömrümdə xəzanım, ana.

yaxud qardaşına nəsihətlə dediyi

Qalar yaxşıların izi dünyada

Uca tut nəğməni, sözü dünyada

Düz yollar çoxdur düzü dünyada,

Salma köhlənini dumana, qardaş.

 

Bədii sözün böyüklüyü, ülviliyi ondadır ki, şairin kədərini, dərdini sən öz kədərin, dərdin bilirsən o duyğuları şairlə birgə yaşayırsan. Şərahil Laçının şeirlərində Natəvanın Qarabağ ətirli nəfəsi duyulur. Bu nəfəs "Məni bağışla", "Dünyanın", "Vəfalıdır", "İncimə", "Bu qızlar", "Vətən" misralarından oxucu ürəyinə axır, axıb getdiyi yerlərdə gözəllik, inam, saflıq, səmimiyyət aparır.

Istər kişi poeziyası olsun, istərsə qadın. Əsl poeziya ürək poeziyası, könül səsidir.

 

Bir ata qəlbidir arxandakı dağ

Qızıl baxtın olsun, nədir qızıl taxt

Abır, ismətinə, həyasına bax

Sən boynu bükülü söyüdün qızım

 

Şeirlərindən çıxarılan fəlsəfi nəticə şairin təntənəsidir, fikir, duyğu təntənəsi. Həyatda gördüyü yamanlardan, acılardan çıxardığı nəticə.

 

Dünya sirrin kimə açdı

Bu sirr sirli ehtiyacdı

Hər tabut ölən ağacdı

Ölən, ölənin içində

 

Şair eyni zamanda öz şeir qalasını qeyri - adi bir yanğı ilə, odla, alovla hörüb ucaldır. Bu yanğını onun bütün şeirlərində duymaq olar. Fikir, inam, əqidə, məslək, vətən eşqi, ucalıq, həyat ehtirası, məhəbbət - bu yanğının əsas mənbəyidir. Elə bu yanğı, müasirlik duyğusu, dünya, insan, zaman haqqındakı mühakimələr - onun şeirlərinə fəlsəfi məzmun və dərinlik gətirir. Bu mənada insan mənəviyyatı ilə əlaqədar şeirlərində nə qədər maraqlı, dərin fikir və mülahizələr var.

Şair həmişə, hər yerdə insanı, vaxtı görür, mövzusundan asılı olmayaraq nədən yazırsa yazsın, bu motivlər onun poeziyasının motivindəndir.

Əziz oxucu! Bu gənc şairi yaxından tanıdığım, yaradıcılığına bələd olduğum üçün bir oxucu kimi fikrimdən süzülüb gələnləri 2-3 dəqiqəyə oxunası cümlələrlə vərəqə köçürüb, sizə təqdim etməyi özümə mənəvi borc bildim. O, təkcə həkim, şair deyil. İlahi bu ailədən sanki heç şeyi əsirgəməyib. Babasından üzü bəri atası, qardaşı, özü xanəndədirlər. Gözəl gitara çalır. Oxuduğu segah sanki yetim bir uşağın naləsidir.

Şərahil Laçın haqqında fikirlərimi unudulmaz şairimiz Məmməd Arazın onun haqqında söylədiyi sözlərlə yekunlaşdırıram.

... Doğrusu bu şairin şeirləri məni elə tutub ki, heç bilmirəm hardan başlayım. Onu sizlərə necə təqdim edim. Bütövlükdə bu şair böyük folklor bulağından, zəngin formalı poeziyamızdan qidalanır. Mənim qəti rəyim budur ki, belə istedadlı gəncləri görüb yer vermək, çap etmək, təbliğ etmək savab işdir ...

Ədalət.-2015.-2 aprel.-s.7.