YARDIMLININ ÖZƏL NÖVRAĞI

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"...Bütün bu əsas layihələr insanların rahat yaşaması üçün icra edilir. Bu təşəbbüslər əminəm ki, xalq tərəfindən də yüksək qiymətləndirilir. Çünki rayon qarşısında duran əsas infrastruktur məsələləri qısa müddət ərzində öz həllini tapır. Əlbəttə ki, gələcəkdə görüləsi işlər çoxdur".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən sayımızda)

 

Öncədən də qeyd etdiyimiz kimi, dağlar qoynunda yerləşən Yardımlıda ötən ilin iqtisadi-sosial uğurlarını bir-bir xatırladanda onda maraqlı bir mənzərə yaranır. Məlum olur ki, 2014-cü ildə Yardımlı şəhərinin daxilində 45 km yol bütünlüklə asfaltlaşdırılmışdı. Bununla yanaşı, küçələrin, səkilərin yenidən qurulması, onların sel sularına davamlılığın artırılması, eləcə də mövcud körpülərin bərpası və yenilərinin tikilməsi də müvəffəqiyyətlə icra olunmuşdu.

Rayon icra hakimiyyəti başçısının hesabatından məlum olur ki, ötən il Yardımlı şəhərinin, eləcə də rayonun kəndlərinə su xətlərinin çəkilişləri, kanalizasiya sisteminin yenidən qurulması da diqqət mərkəzində olmuş və nəticədə əhalinin böyük əksəriyyətinin təminatı məsələsi uğurla gerçəkləşdirilmişdi. Həmçinin şəhərin mərkəzi küçəsi olanUlu Öndərin adını daşıyan Heydər Əliyev küçəsində həm asfalt örtüyünün dəyişdirilməsi, həm üzlük daşlarının və boya işlərinin görülməsi, divarların bərkidilməsi və hörulməsi məsələləri də icra hakimiyyətinin və əlaqədar qurumların diqqət mərkəzində olmuşdu. Nəticədə bu məsələ də uğurla başa çatdırılmış, bununla paralel olaraq rayonun 20 Yanvar, M.Ə.Rəsulzadə və Z.Tağıyev küçələrində də təmir-bərpa işləri yüksək səviyyədə başa çatdırılmışdı.

Ölkəmizin digər bölgələrindən fərqli olaraq Yardımlıda insanların istirahəti üçün maraqlı bir layihə gerçəkləşdirilmişdi. Həmin layihəyə əsasən şəhərin Gənclər parkında Açıq Hava Teatrı tikilmişdi, bu istirahət guşəsində rayon sakinləri bir-birindən maraqlı tamaşaların, konsertlərin onlara bağışladığı xoş ovqatı yaşamışdılar və həmin ovqat bu gündavam etməkdədi.

Yardımlı rayonunda tikinti-quruculuğa xüsusi diqqət yetirən rayon rəhbərliyi həm yerli imkanların, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil, səhiyyə müəssisələrinin yenidən qurulması, bərpası, tikilməsi istiqamətində xeyli işlər görülüb. Onların arasında 55 yerlik körpələr evi, uşaq bağçası xüsusi ilə diqqəti çəkir. Həmçinin şəhərin mərkəzində, yəni Heydər Əliyev küçəsində "Kiləğori" adlanan sahədə icra hakimiyyəti üçün yeni müasir, bütün tələblərə cavab verəcək binanın inşası da sürətlə yekunlaşmaq üzrədir. Onu da xatırladaq ki, bu bina üçmərtəbəli olacaq və həmin bina üçün də ayrılmış ərazi 3268 kv.metr nəzərdə tutulubdu. Rayonda aparılan işlər arasında polis şöbəsi üçün tikilib istifadəyə verilmiş yeni binanın, yenilən qurulmuş soyqırım abidəsinin özəlliklərini xüsusilə qeyd etmək lazımdır. Onu da xatırlatmaq yerinə düşər ki, ölkəmizdə keçiriləcək Avropa Olimpiya oyunları ilə bağlı ölkəmizə gələcək turistləri qarşılamaq, onların istirahətini təşkil etmək üçün də bölgədə xeyli işlər görülür. Bu işlər arasında Yardımlıda tikilən və ölkə prezidentinin daim diqqət mərkəzində olan idman kompleksini xüsusilə qeyd etmək lazımdı. Bu kompleksdə idmanın əksər növləri üzrə təlim məşqlərin, yarışların keçirilməsi mümkün olacaqdır. 300 yerlik böyük zalı olan bu kompleksin həmçinin ikimərtəbəli 62 yerlik otel binası da nəzərdə tutulubdu. Bax, bütün bunlar göstərir ki, ölkənin dağlıq rayonlarında da idmanın inkişafına xüsusi diqqət yetirilir. Təbii ki, bu da həm gənclərin məşğulluğu, həm də sağlamlığı baxımından çox önəmlidi.

Yardımlı rayonunda həm rayonlararası, həm də yerli əhəmiyyətli yolların tikilib qurulması, bərpası istiqamətində görülən işlər arasında Yardımlı-Hamarkənd-Abbasabad yolu, həmçinin Yardımlı-Bozayran-Vərgədüz-Sırıq avtomobil yolunun hazırkı durumu məhz görülən böyük işlərin real nümunəsidi. Ümumiyyətlə son 2 ildə Yardımlıda körpü tikintisinə də xüsusi diqqət yetirilib, nəticə artıq rayonun ərazisində 6 körpünün tikintisi başa çatdırılmışdı. Bu da rayon mərkəzi ilə kəndlər arasında, eləcə də digər yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsi baxımından çox önəmlidi.

Hal-hazırda Yardımlı rayonunda 5 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 15 km-dən artıq olan Yardımlı-Bozayran-Osmağaran-Bürzümbül-Vərgədüz-Sırıq yolunun yenidən qurulması üçün müvafiq işlər görülmüşdür. Və artıq demək olar ki, bu istiqamətdə müəyyən işlərin görülməsinə də start verilmişdi. Birmənalı şəkildə demək olar ki, bütün dağlıq ərazilərdə olduğu kimi, Yardımlıda da təbiət həmişə şıltaqlıq edirona görə də yol, körpü məsələləri həmişə özünə xüsusi diqqət tələb edir. Ona görə də barəsində bəhs etdiyimiz Yardımlı rayonunda həm icra hakimiyyətinin başçısı, həm onun aparatı, həm də əlaqədar qurumlar bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşırlar. Bu bölgənin təbiətlə bağlı bir problemielektrik və rabitə ilə bağlıdır. Ona görə də tez-tez təbii səbəblər üzündən elektrik enerjisindən, rabitədən əziyyət çəkən yerli sakinlərin problemini köklü həll etmək üçün daha müasir texniki avadanlıqlardan istifadə etməklə planlı və davamlı işlərin aparılması bir zərurət kimi gündəlikdə durur. Rayon rəhbərliyi də bu məsələni diqqətdə saxlamaqla problemin həlli üçün gərəkli addımlar atır. Elə bunun nəticəsidir ki, rayonda yeni elektrik xətlərinin çəkilməsi, rabitə sisteminin yenidən qurulması, ötürücülərin, transformatorların və digər zəruri məsələlərin çözülməsi ən yüksək səviyyədə həllini tapmaqdadır. Əgər fikirlərimizi konkretləşdirsək, onda deyə bilərik ki, ötən il Yardımlıda 10, 63 və 100 KVA-lıq transformatorların quraşdırılması uğurla həyata keçirilmiş, üst-üstə 10 km əhatə edən məsafələrdə yeni faza xətləri çəkilmişdir. Bununla paralel olaraq ATS-lərin yenilənməsi, rabitə sisteminin müasirləşdirilməsi də gündəmdə saxlanılmışdır ki, bu da öz nəticəsini yüksək xidmətdə göstərmişdir.

Yardımlıda təhsilin səviyyəsi rəqəmlərlə ifadə edilsə, onda görərik ki, ötən dərs ilinin yekunlarına görə, bu rayonun 5 məzunu 600-dən, 11 məzunu isə 500-dən yuxarı bal toplayaraq ölkənin müxtəlif ali məktəblərinə daxil olmuşdular. Rayonda əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, yeni xəstəxana binasının tikintisi və bərpası sürətlə davam etdirilmişdi.

Ümumiyyətlə, Yardımlı rayonundakı bugünkü durum onun özünəməxsus növrağından xəbər verir. İnanırıq ki, dağlar qoynunda günbəgün gözəlləşən bu bölgəmiz daha uğurlu, daha gözəl növrağlara qovuşacaqdır.

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2015.-2 aprel.-S.7.